Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-128/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-341/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2012-ci il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdə işləmişdir. ЖB 028951 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1975-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 114 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bərdə rayon Mehdili bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, İddiaçı Mehdili bələdiyyəsinin əmrlər kitabına əsasən 02 yanvar 2001-ci ildə Mehdili bələdiyyəsində "məsləhətçi" vəzifəsinə qəbul edilmiş, 02 yanvar 2003-cü ildən 14 №-li əmrə əsasən məsləhətçi vəzifəsindən azad edilərək, vergi müfəttişi vəzifəsinə təyin edilmiş, 21 №-li əmrə əsasən isə 02 yanvar 2005-ci ildə həmin tarixdən vergi müfəttişi vəzifəsindən azad edilmişdir. Bərdə şəhər X3 Birliyinin xx.xx.2018-ci il tarixli, 6 nömrəli arayışında İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2006-ci il tarixə kimi Bərdə şəhər 11MB-nin 53 saylı yeməkxanasında bufetçi vəzifəsində işləməsi və həmin müddətlər üzrə əmək haqqı alması qeyd olunmuşdur. Bərdə Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı işlədiyi dövr ərzində 1995-ci ilin iyul ayınadək əmək haqqı almışdır. Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 189 nömrəli məktubundan görünür ki, Bərdə Rayon Kooperativ Cəmiyyətinin şəxsi heyətə aid əmr və əmək haqqı kitabları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Bərdə Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışında bildirilir ki, cəmiyyətdə 1994-cü ildən kommersiya mağazalarından başqa (dövriyyə etdikləri üçün) mağaza işçilərinə dövriyyə etmədikləri üçün əmək haqqı yazılmamışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus İT-İN ******* saylı əmək kitabçasında qeyd edilmiş iş illərinin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə anadan olmuşdur, pensiya yaşına çatdığı üçün sənədlərini cavabdehə təqdim etmişdir. xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış, hərbi xidmət keçmiş, 2005-ci ilə kimi işləmişdir. Lakin fond tərəfindən ona bildirilmişdir ki, onun ümumilikdə 18 il 7 ay 25 gün iş stajı vardır. Halbuki onun ümumilikdə 36 il iş stajı var. Buna baxmayaraq fond tərəfindən onun işlədiyi illərdə idarə tərfindən sosial sığorta stajı ödənilmədiyi qeyd edilərək ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-341/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı hərbi xidmət dövrü də daxil olmaqla 18 il 7 ay 25 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı isə xx.xx.1994-xx.xx.2006-cı illər, xx.xx.2001-xx.xx.2005-ci illər, xx.xx.1996-xx.xx.2012-ci illər olan dövrdür. Mübahisələndirilən xx.xx.2001-xx.xx.2005-ci illər üzrə olan dövrlərə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan müddətdə Bərdə rayon Mehdili bələdiyyəsində işləməsi həm əmək kitabçası, həm də arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə iddiaçının 1994-2006-cı illərdə əmək haqqı alması barədə X6 Müəssisəsinin xx.xx.2018-ci il tarixli arayışını mötəbər hesab etmir, çünki həmin müəssisənin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışında iddiaçıya 1994-cü ildən əmək haqqı hesablanmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bu səbəbdən də onun əmək haqqı almadığı dövlər, yəni 1994-2012-ci illər üzrə müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən hesablanan 18 il 7 ay 25 gün sığorta stajı və məhkəmə tərəfindən nəzərə alınan sığorta stajı- 4 il (xx.xx.2001- xx.xx.2005-ci illər) nəzərə alındıqda onun ümumilikdə 22 il 7 ay 25 gün sığorta stajının olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrlərdən bir hissəsi - xx.xx.2001-xx.xx.2005-ci illər onun sosial sığorta stajı kimi nəzərə alınsa belə, onun ümumilikdə 22 il 7 ay 25 gün sığorta stajı yaranmış olur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-341/2023 saylı qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən onun ləğv edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının 36 il iş stajı vardır. 2006-cı ildən, 2018-ci ilə kimi işlədiyi dövrlər üçün dövlət vergilərini tam ödəmişdir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən işlədiyi illər tam nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə tərifindən işin halları tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi sözügedən nəticəyə gələrkən mübahisəyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 75-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən "Normativ hüquqi aktlar" hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə Gəncə İnzibati Məhkəməsinin qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Cavabdeh apellyasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq: 2) azı 25 il sığorta stajı olduqda. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Lakin iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə, hərbi xidmət haqqında arayışa və digər sənədlərə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 18 il 7 ay 25 gün təşkil edir. Qanunun 22.2-ci maddəsinin tələblərinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirir ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan iddiaçının təhsil aldığı dövrlər onun əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün əmək fəaliyyəti sığorta stajına daxil edilmişdir. Əlavə olaraq bildirir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.1994cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2012- ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının müvafiq aktına əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək əmək kitabçasının surətində qeyd olunmuş "Xanagah" kənd mağazasına xx.xx.1979-cu il tarixli 235 N№-li əmrlə işə qəbul edilməyi, Bərdə "xxxx"nin xx.xx.1994-cü il tarixli 261 №-li sərəncamına əsasən "xxxx"yə keçirilməyi, Bərdə "xxxx"nin xx.xx.2012-ci il tarixli 40 №-li sərəncamına əsasən tutduğu vəzifədən azad olunmağı aşkar edilmişdir. Eyni zamanda xx.xx.1994-cü il tarixli 60 №-li əmrlə Bərdə rayon "xxxx"nin X3 Birliyinə 53 №-li yeməkxanaya işə qəbul edilməyi, xx.xx.2006-cı il tarixli 7 №-li əmrlə işdən azad edilməyi aşkar edilmişdir. 1979- 1995-ci illərə dair əməkhaqqı cədvəllərinə baxış zamanı adı aşkar edilmiş və qeyd olunan dövrlər sığorta stajına daxil edilmişdir. 1996-2012-ci illər üzrə "xxxx"də əmək fəaliyyəti zamanı İddiaçıya əməkhaqqı hesablanmadığı müəyyən edilmiş və həmin dövrlər (1996- 2012) sığorta stajına daxil edilməmişdir. Həmçinin bildirir ki, elektron "Sığortaolunan Alt Sistemində onun 2006-cı il tarixdən sonrakı dövrlərə dair məcburi dövlət sığorta haqlarını ödəməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Fondun Qarabağ regional filialının müvafiq aktına əsasən, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bərdə rayon Mehdili Bələdiyyəsində xx.xx.2001-ci il tarixli 11 №-li əmrlə işə qəbul edilməyi, xx.xx.2003cü il tarixli 14 N№-li əmrlə başqa vəzifəyə keçirilməyi, xx.xx.2005-ci il tarixli 21 N№-li əmrlə işdən azad edilməyi aşkar edilmişdir. Mehdili Bələdiyyəsinə dair əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından həmin dövrlər üzrə əməkhaqqı almağının müəyyənləşdirilməsi mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçalarında göstərilən müvafiq dövrlər (xx.xx.1994-xx.xx.2006-cı illər, xx.xx.2001-xx.xx.2005-ci illər, xx.xx.1996-xx.xx.2012-ci illər) əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus əmək kitabçasında İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2012-ci il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdə işləməsi qeyd olunmuşdur. İddiaçının mübahisələndirilən ümumi iş stajı xx.xx.1994-xx.xx.2006-cı illər, xx.xx.2001-xx.xx.2005-ci illər, xx.xx.1996-xx.xx.2012-ci illər olan dövrdür. Bərdə rayon Mehdili bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, İddiaçı Mehdili bələdiyyəsinin əmrlər kitabına əsasən 02 yanvar 2001-ci ildə Mehdili bələdiyyəsində "məsləhətçi" vəzifəsinə qəbul edilmiş, 02 yanvar 2003-cü ildən 14 №-li əmrə əsasən məsləhətçi vəzifəsindən azad edilərək, vergi müfəttişi vəzifəsinə təyin edilmiş, 21 №-li əmrə əsasən isə 02 yanvar 2005-ci ildə həmin tarixdən vergi müfəttişi vəzifəsindən azad edilmişdir. DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı xx.xx.2009-cu il tarixində sığortaedən kimi uçota alınmış və ona dair hesabat və ödəniş məlumatı əks olunmamışdır. Əlavə olaraq qeyd edir ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində Bərdə rayon Kooperativ Cəmiyyəti tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumat aşkar edilməmişdir. Filial tərəfindən Bərdə rayon Kooperativ Cəmiyyətinin iş qovluğunda olan hesabat məlumatlarının (2003-2013-cü illər üzrə) təsdiq edilmiş surətləri təqdim edilmiş, İddiaçı aid hesabat məlumatlarının onlara təhvil verilmədiyi bildirilmişdir. DSMF-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, sığortaedən "Bərdə Rayon Kooperativ Cəmiyyəti" (VÖEN: **********; SUN: **********2) (bundan sonra sığortaedən) tərəfindən təqdim edilmiş 2006-2012-ci illər üzrə illik məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatlarda (bundan sonra illik məlumat) İddiaçı (FİN: xxxxxxx; SSN: **********658) adı sığortaolunan kimi qeyd olunmamışdır. Eyni zamanda bildirir ki, Nazirliyin elektron infromasiya ehtiyatlarında fərdi sahibkar (sığortaedən) kimi İddiaçı (VÖEN: **********; SUN: **********2) tərəfindən 2006-2012-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi aşkar olunmamışdır. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, təqdim olunan məlumatlara əsasən İddiaçı adına bank hesabı aşkar olunmamışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, Fondun Qarabağ regional filialının müvafiq aktına əsasən, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bərdə rayon Mehdili Bələdiyyəsində xx.xx.2001-ci il tarixli 11 №-li əmrlə işə qəbul edilməyi, xx.xx.2003-cü il tarixli 14 №-li əmrlə başqa vəzifəyə keçirilməyi, xx.xx.2005-ci il tarixli 21 №-li əmrlə işdən azad edilməyi aşkar edilmişdir. Mehdili Bələdiyyəsinə dair əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından həmin dövrlər üzrə əməkhaqqı almağının müəyyənləşdirilməsi mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Məhkəmə Kollegiyası xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bərdə rayon Mehdili Bələdiyyəsində işlədiyi dövrlərə münasibətdə qeyd edir ki, Mehdili Bələdiyyəsinə dair əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından həmin dövrlər üzrə əməkhaqqı almağının müəyyənləşdirilməsinin mümkün olmaması iddiaçının təqsiri kimi hesab edilə bilməz və bu hal iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı iddiaçının stajı hesablanmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda istinad olunan qanunun normasından görünür ki, qanunverici müvafiq iş və digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi ilə şərtləndirir. Burdan belə nəticəyə gəlinir ki, iddiaçının əmək haqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə iş materiallarından görünür ki, hazırda iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla cavabdeh tərəfindən mübahisələndirilməyən 18 il 7 ay 25 gün sığorta stajı və mübahisəli hissəyə münasibətdə məhkəmə tərəfindən müəyyən edilən 4 il (xx.xx.2001xx.xx.2005-ci illər) sığorta stajı, ümumilikdə 22 il 7 ay 25 gün sığorta stajı mövcuddur. Beləliklə iddiaçının xx.xx.1994-xx.xx.2006-cı illər, xx.xx.1996-xx.xx.2012-ci illərdə ümumiyyətlə əmək haqqı alması müəyyən olunmamışdır. Beləliklə, iddiaçının xx.xx.1994cü ildən xx.xx.2012-ci il tarixə iş materiallarıyla müəyyən edilmiş 4 il sığorta stajı istisna olmaqla əmək haqqı alması müəyyən edilməməklə yanaşı fərdi hesabın sığorta hisəsində pensiya kapitalının da qeydə alınmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı aparılmış araşdırmaların nəticələrini təkzib edən və ya onun yuxarıda göstərilən müddətlərdə əmək haqqı almasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində də iddiaçı bununla bağlı hər hansı dəlilə istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 4 il sığorta stajı istisna olmaqla 1994-2012-ci illərdə əmək haqqı alması faktı iş materialları ilə təsdiq olunmadığı və bu hallar iddiaçı tərəfindən mötəbər dəlillərlə sübuta yetirilmədiyi üçün həmin dövrün onun əmək stajına daxil edilməməsi barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı sayılmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, istinad olunan qanunun tələbindən görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki əsas eyni zamanda mövcud olmalıdır. Birinci əsas kimi yaş həddi tələbi nəzərdə tutulmuşdur ki, iddiaçının xx.xx.1957-ci ildə anadan olduğunu nəzərə alsaq xx.xx.2022-ci ildən əmək pensiyası almaq üçün nəzərdə tutulan yaş həddinə çatmışdır. İkinci əsas kimi nəzərdə tutulan müvafiq sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş materialları ilə təsdiq edilən ümumilikdə 22 il 7 ay 25 gün sığorta stajı mövcuddur, bu isə şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. Məhkəmə kollegiyası birinci instansiyanın əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmə həmin dəlillərə əsaslı cavab vermişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-341/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.