Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-131/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz təyin edilməs tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2362/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Bel fəqərələrinin osteoxondrozu L4-L5 fəqərəarası diskin sağtərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozuna əsasən xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il “Bel fəqərələrinin osteoxondrozu L4-L5 fəqərəarası diskin sağtərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, “Onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət. Aşağı ətrafın monoplegiyası. Hərəkətin vəyerişin pozulmaları. Dispepsiya, həzm funksiyasının pozulması. Onikibarmaq bağırsağın xorası. Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya diaqnozuna əsasən xx.xx.2015-ci tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, “Onurğanın osteoxondrozu. Bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət…və.s” diaqnozuna əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Keçirilmiş onurğanın L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatla xaric edilməsindən sonrakı vəziyyət. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bud və baldırın odlu silah yaralanmasından sonrakı çapıqları” diaqnozu qoyulmasına baxmayaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 01 yanvar 2022-ci il tarixdən müddətsiz olaraq 2 dərəcə əlillik verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətə görə xx.xx.1994-cü il tarixli 152 nömrəli arayışına, MN-nın həkim mütəxəssis cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə 2-ci dərəcəli əlillik almışdır. Onun xəstəliyinin nə qədər ağır olması iddia ərizəsinə əlavə etdiyi çoxsaylı tibbi müayinələrlə bağlı xəstəlik tarixləri ilə tam təsdiq olunur. İddiaçının 2 dərəcəli əlilliyinin səbəbi onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu, L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası. Hərəkətin və yerişin pozulmaları. Dispensiya, həzm funksiyasının pozulması. On iki barmaq bağırsağın xorası. Qan itirmə nəticəsində yaranan ikincilik dəmir defisitli anemiya olmuşdur. Axırıncı müayinə ilə bağlı ona verilmiş xx.xx.2023-cü il tarixli məktubla bildirilir ki, ona əlillik verilməsindən imtina edilməsi göstərilmiş və qeyd edilmişdir ki, "Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir." İddiaçı bildiririr ki, onun əlilliyinin verilməsindən imtina edilməsi heç bir elmi dəlillərə istinad edilmir. Onun xəsarətlərinin bərpa edilməsi mümkün deyildir. Xəstəliyi daima həkim nəzarətində olmaqla mütəmadi müalicə olmalıdır. Belə bir vəziyyətdə əlilliyinin verilməsindən imtina edilməsi əsaslandırılmamışdır. Bu isə əlilliyinin ləğv edilməsinin əsassız olduğunu deməyə əsas verir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2362/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaya dair cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynidir. Həmçinin müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixədək artıq 10 ildən artıq müddətə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona müddətsiz (ömürlük) təyin edilməli idi. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaya dair cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynidir. Həmçinin müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixədək artıq 10 ildən artıq müddətə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona müddətsiz (ömürlük) təyin edilməli idi. Qeyd edilir ki, iddiaçıya 2022-ci ilədək 10 il müddətinə fasiləsiz əlillik dərəcəsi təyin edilməmişdir. 2013-2014-cü və 2021-2022-ci illər aralığında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı əlillik altsistemində və iddiaçı tərəfindən təqdim edilmiş hər hansı inzibati akt mövcud deyildir. Göründüyü kimi məhkəmə tərəfindən sübut olmadan həmin illərdə şəxsə müddətsiz əlillik dərəcəsini təyin edilməsi ilə bağlı gəldiyi nəticə qanunsuzdur. Eyni zamanda iddiaçıya verilmiş imtinaların elektron yoxlamanın nəticəsində verildiyi halda məhkəmə cari dövrdə diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ya məhkəmə tibbi ekspertizası təyin etməmişdir. Göndərişdə qeydolunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasıı Qanununun tələblərinin pozulmamasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmin etməkdə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. - 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. - 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Bel fəqərələrinin osteoxondrozu L4-L5 fəqərəarası diskin sağtərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozuna əsasən xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2014-cü il “Bel fəqərələrinin osteoxondrozu L4-L5 fəqərəarası diskin sağtərəfli yırtığı cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, “Onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət. Aşağı ətrafın monoplegiyası. Hərəkətin vəyerişin pozulmaları. Dispepsiya, həzm funksiyasının pozulması. Onikibarmaq bağırsağın xorası. Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya diaqnozuna əsasən xx.xx.2015-ci tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, “Onurğanın osteoxondrozu. Bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatından sonrakı vəziyyət…və.s” diaqnozuna əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Keçirilmiş onurğanın L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatla xaric edilməsindən sonrakı vəziyyət. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol bud və baldırın odlu silah yaralanmasından sonrakı çapıqları” diaqnozu qoyulmasına baxmayaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd edilmiş hallardan da göründüyü kimi iddiaçıya əvvəllər əlillik dərəcəsi təyin edilən zamankı diaqnozlarla ona əlillik dərəcəsinin təmin edilməsindən imtina edilən zamankı diaqnoz eynilik təşkil edir və bu hal iş materialları ilə də öz təsdiqini tapır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin kodlar və X2 qeyd olunan M40-M54 – Dorsopatiyalar eynilik təşkil etmişdir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunur ki, iddiaçıya 2022-ci ilədək 10 il müddətinə fasiləsiz əlillik dərəcəsi təyin edilməmişdir.2013-2014-cü və 2021-2022-ci illər aralığında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı əlillik altsistemində və iddiaçı tərəfindən təqdim edilmiş hər hansı inzibati akt mövcud deyildir. Göründüyü kimi məhkəmə tərəfindən sübut olmadan həmin illərdə şəxsə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı gəldiyi nəticə qanunsuzdur. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən ikinci qrup əlillik və həmin tarixdən ona müvafiq pensiya təyin edilmişdir. Belə ki, iddiaçının pensiya işinə əlavə edilmiş “ilkin müayinədən keçən əlillər üçün (pensiya təyinatı aparan orqana göndərilir) – TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixindən bir il müddətinə ikinci qrup əlillik dərəcəsi təyin edilmiş, “təkrar müayinədən keçən əlillər üçün (pensiya təyinatı aparan orqana göndərilir) – TSEK-də müayinə aktından çıxarışlardan görünür ki, iddiaçıya 2009-cu il tarixdən – 2013-cü il tarixədək fasiləsiz olaraq ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmçinin iddiaçının pensiya işində olan “pensiyanın uçot vərəqi”ndən görünür ki, iddiaçıya İİ qrup əlilliyinə görə xx.xx.2008-ci il tarixdən – xx.xx.2020-ci il tarixə kimi pensiya ödənişləri həyata keçirilmişdir. Bundan başqa məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Biriliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Biriliyi” X3 tərəfindən məhkəmə təqdim edilmiş T99/2024 saylı rəydən görünür ki, İddiaçı adına Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-cı il tarixli 0346003AAU2J saylı Forma 088 göndərişində qeyd edilmiş “M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, keçirilmiş onurğanın L4-L5 fəqərəarası disk yırtığının cərrahi əməliyyatla xaric edilməsindən sonrakı vəziyyət. D50.0-Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya. Qan itirmə nəticəsində yaranan İİ-li dəmir defisiti anemiya. G82.2- Dəqiqləşdirilməmiş paraplegiya. Aşağı ətrafların hiperhidrozu. R26-Hərəkətin və yerişin pozulması. G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya İİ dərəcə. G40.9- Dəqiqləşdirilməmiş epilepsiya. Tez-tez baş verən qıc olma tutmaları (ayda 9-10 dəfə). " diaqnozdakı əsas xəstəlik və ağırlaşmaları nəzərə 66 alınmaqla əyani müayinədə aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Həmin xəstəliklərlə əlaqədar hazırda onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Həmin rəylərə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixli 0346003AAU2J saylı Forma 088 göndərişində qeyd olunanları rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Beləliklə də, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətsiz təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2362/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-131/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-131/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver