Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-132/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü Gəncə şəhəri Nizami bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-992/2022 saylı qərarından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Xanlar rayon Hacıməlik bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərarından görünür ki, İddiaçı Xanlar rayonu X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən 0.12 hektar ayrılıb fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2005-ci il tarixli aktından görünür ki, Xanlar rayonu X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən 0.12 hektar ayrılıb İddiaçı fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. Torpaqların alğı-satqısına dair xx.xx.2006-cı il tarixli, 602 nömrəli Aktdan görünür ki, Xanlar rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərarına əsasən İddiaçı satılmış 0.12 ha torpaq sahəsinə görə sonuncu tərəfindən müvafiq haqq ödənilmişdir. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin kompleks yerquruluşu xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı vəkili Vəkil cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Kəpəz rayonu Avtomobil zavodunun ətrafında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövrət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 67 saylı qərarı ilə Göygöl rayon X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün ona 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda Gəncə şəhər Kəpəz rayonu ərazisinə daxil olmaqla X2 ətrafinda yerləşir. Torpaq sahəsi 17 ildir fasiləsiz olaraq onun sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri qanunidir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-992/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə bələdiyyə mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, cizgi planda göstərilən sahənin yerləşdiyi ümumi ərazi və naturada təqdim olunan sahənin yerləşdiyi sahə bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, daşlı örüş sahəsidir. Göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu halda bələdiyyə tərəfindən xüsusi mülkiyyətə verilmiş, bununla da qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçının vəkili Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, iddianın təmin edilməməsinə əsas kimi mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması qeyd edilir. İş materiallarından görünür ki, iddiaçı bələdiyyədən alqı-satqı edərək torpaq sahəsini almışdır. Həmin vaxt keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon Şöbəsi tərəfindən arayış və rəy tərtib edilərək bələdiyyəyə təqdim edilmişdir ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi Hacıməlik Bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir, kənd təsərrüfatına yararsızdır və satılması məqsədəmüvafiqdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl rayon Hacıməlik Bələdiyyəsinin və Gəncə şəhər Kəpəz bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə şəhər Nizami bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ...
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. ...
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayon Hacıməlik bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli, 67 nömrəli qərarı ilə İddiaçı Xanlar rayonu X1 kənd ərazisindəki yararsız torpaq sahəsindən 0.12 hektar ayrılıb fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan faktiki torpaq sahəsinin kompleks yerquruluşu xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilməsini əsas gətirərək iddiaçının müraciətinin icrasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassı qanuni və əsaslı olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, naturada təqdim olunan sahənin faktiki ölçüsü 0.12 ha-dır. Faktiki təqdim olunan sahənin naturada yerləşmə vəziyyəti ilə, iş materiallarında mövcud olan, yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üst-üstə düşmür. Qeyd olunan torpaq sahəsi, 2004-cü ildə tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə, 2005-ci ildə tərtib olunmuş, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. 2004-cü ildə tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə, 2005-ci ildə tərtib olunmuş, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə istinadən, qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, daşlı örüş sahəsidir. Bununla yanaşı. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, bələdiyyə xəritələrinin elektron baza materiallarına istinadən, qeyd olunan torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir. Əraziyə baxış keçirilərkən, torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən Çıxarış sənədi qeydə alınmamışdır. Qeyd olunan torpaq sahəsi üzərində hər hansı kommunikasiya qurğusu və qovşağı, eyni zamanda torpaq sahəsinin hava məkanında elektrik xətti müşahidə olunmadı. İstifadəmizdə olan elektron baza materiallarına istinadən torpaq sahəsinin, mühafizə və sürüşmə zonasına düşmə halı aşkarlanmadı. Yuxarıda qeydolunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilə bilməsi istisna olunur. Mütəxəssis rəyilədə müəyyən olunur ki, hazırda mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kəndtəsərrüfatı təyinatlı torpaqlar kategoriyasına adi olmaqla daşlı örüş sahəsidir. Lakin buna baxmayaraq bələdiyyə tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, həmin torpaq sahəsi iddiaçıya verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-992/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.