Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-133/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin səbəbinin dəyişdirilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2361/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. TSEK müayinə nəticələrinə dair qiymətləndirmə məlumatından görünür ki, 21 iyun 2012-ci il tarixdə İddiaçı 1 il müddətinə 2.2.7. həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə ikinci dərəcə əlillik təyin edilmiş, səbəb kimi “hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 600 nömrəli qərarının surətindən görünür ki, İddiaçı aldığı travma “Hərbi travmadır, Hərbi xidmət vəzifələri (xidməti vəzifələri) X4” diaqnozu qoyulmuşdur.
3. TSEK müayinə nəticələrinə dair qiymətləndirmə məlumatından görünür ki, 30 oktyabr 2014-cü il tarixdə İddiaçı 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, səbəb kimi «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar» qeyd edilmişdir.
4. TSEK müayinə nəticələrinə dair qiymətləndirmə məlumatından görünür ki, 26 noyabr 2015-ci il tarixdə İddiaçı 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, səbəb kimi «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar»qeyd edilmişdir.
5. xx.xx.2016-cı il tarixli müayinə barədə məlumatdan görünür ki, iddiaçıya “mədə altı vəzin quyruğunun neyroendokrin karsinomasına görə edilmiş mədə altı vəzin quyruğunun rezeksiyası əməliyyatından sonrakı vəziyyət, iki tərəfli gövdə vaqotomiyası. Limfa düyünlərinin ikincili və dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Limfa düyünlərində reaktiv hiperplaziya” diaqnozu ilə «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar» səbəbli beş il İİ dərəcəli əlillik təyin edilmişdir.
6. TSEK müayinə nəticələrinə dair qiymətləndirmə məlumatından görünür ki, 28 noyabr 2016-cı il tarixdə İddiaçı 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, səbəb kimi «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar» qeyd edilmişdir.
7. TSEK müayinə nəticələrinə dair qiymətləndirmə məlumatlarından görünür ki, 09 dekabr 2021-ci il, 16 may 2022-ci il, 13 iyun 2022-ci il və 09 oktyabr 2022-ci il tarixlərdə İddiaçı əlilliyi qiymətləndirərək diaqnoz əlillik əlaməti təyin edilməməsi səbəbindən əlillik təyin edilməmişdir.
8. xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən «mədənin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, Mədənin distal hissəsinin adenokarsinoması. Hər iki ağciyərə, qaraciyərə, portokaval limfa düyünlərinə metastaz, PKT-dan sonrakı vəziyyət, İV mərhəkə G3 cTxNxM1. Mədəaltı vəzi quyruğunun, Mədəaltı vəzi quyruq hissəsinin yüksək differensasiyalı neyroendokrin karsinoması cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət (xx.xx.2012). pT2N0M0 mərhələ İB» diaqnozu ilə «hərbi xidmət dövrü ilə əlaqədar» səbəbli müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərardan görünür ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100% pozulması barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən təyin edilmiş İ dərəcə əlilliyin səbəbinin “hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz” ifadəsinin dəyişdirilərək İ dərəcə əlilliyinin səbəbinin “hərbi xidmət vəzifələrinin (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz” ifadəsi ilə əvəz olunması və xx.xx.2022-ci il tarixdən “hərbi xidmət vəzifələrinin (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz” əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan müxtəlif vəzifələrdə xidmət etmiş, xidmətinin çox hissəsini düşmənlə təmas şəraitdə yerləşən döyüş bölgələrində keçirmiş, 2012-ci ilin iyun ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, 2-ci dərəcə hərbi əlil, prezident təqaüdçüsü, ehtiyatda olan gizirdir. 2012-ci ildə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəlik haqqında qərar verilmiş və diaqnoz “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır” səbəb əlaqəsi təyin edilmişdir. Sonradan ona Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilən qərarın dəyişdirilməsi barədə 2015-ci ildə yenidən Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət etmiş və onun xəstəlik haqqında olan qərarına düzəliş edərək “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini X4” qərarı verilmişdir. xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilə kimi 2ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar əlildir. Ağır onkoloji xəstədir, Respublika Onkoloji Mərkəzdə qeydiyyatdadır. Cavabdeh ona xx.xx.2022-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2014-cü il tarixdə verilmiş qərarını nəzərə almaqla birinci dərəcə “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik təyin edilməlidir. Hansı ki, ona təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. Cavabdehə tibbi sənədlərilə birlikdə dəfələrlə yazılı şəkildə müraciət etsə də, bu günə kimi müraciətinə cavab verilməmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2361/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar əlaqədar 1-ci dərəcə əlillik təyin edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qazax rayon sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) dair tibb müəsisəsinin 0236003AALF4 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona diaqnoz əlillik istiqamətini təyin etmir qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin T00025032PVC nömrəli göndərişi DTSERA əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və barəsində yenidən diaqnoz əlillik istiqamətini təyin etmir qərarı verilmişdir (ESDAS **********6). Daha sonra əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, israr verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli, 600 nömrəli Qərar verilmişdir.Həmin qərarda “Avtomobil qəzası (01.06.10). Soltərəfli qabırğaların çoxsaylı sınığı. ağciyər və diafraqmanın zədələnməsi, total hematoraksa görə aparılmış torakotomiva. zədələnən plevra boşluqunun drenə olunması əməliyyatından sonrakı vəziyyət. Avtoqəza travması nəticəsində döş qəfəsinin sol yarısının küt travması. Soltərəfli hemotoraks. Sol azciyərin əzilməsi, diafraqmanın sol kümbəzinin zədələnməsi, solda İV-V- Vİ-Vİİ zabırğaların qəlpəli yerdəyişən sınıqlarına görə aparılmış soltərəfli torakotomiva, sol azciyərin aşağı payının, diafraqmanın sol kümbəzinin tikilməsi, plevra boşluqunun zsnasivası və drenaj olunması əməliyyatından (07.06.10) sonrakı vəziyyət. Sol ağciyərin asaqı payının posttravmatik pulmonitr diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X4” xəstəliyi, kəskin mədə bağırsaq qanaxması. Qanaxma ilə fəsadlaşmış on iki barmaq bağırsağın xorasına görə aparılmış laparotomiya. xoranın tikilməsi, qanaxmanın dayandırılması əməliyyatından sonrakı vəziyyət. Onikibarmaq bağırsağın profuz qanaxma ilə fəsadlaşmış xorasına görə mədənin 2/3 hissəsinin Vitebks üsulu ilə distal azeksiyası (13.10.11) cərrahi əməliyyatından sonrakı vəziyyət’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin xx.xx.2022-ci il tarixdə obyektiv vəziyyətinin müayinəsi zamanı tənginəfəslikdən, boğulmalardan şikayətlənmiş, sol tərəfli torakotomiya və qarnının səthində total laporatomik cərrahi əməliyyatlara uyğun köhnə çapıqlar, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs, tənəffüs keçiriciliyi hər iki ağciyər payları üzərində simmetrik, Sp02-96%, tənəffüs sayı 20, nəbzi 125 vurğu müəyyən olunmuşdur. Təqdim etdiyi TƏBİB X1 İnstitutunun xx.xx.2022-ci tarixli 4530 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli əntilyasiya pozğunluğu qeyd olunur. FVC 36%, FEV 1 39%” kimi və 4 X5 Dispanserin xx.xx.2022-xx.xx.2022-ci il tarixli 441 nömrəli X2 diaqnoz "Döş qəfəsinin küt travması. Sol tərəfli hemipnevmotoraksına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol plevra boşluqunun empieması. xroniki bronxit remissiya dövrü. Tənəffüs çatışmazlığı’’ kimi qeyd edilsə də, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Vətəndaş xx.xx.2011-ci il tarixli cərrahi əməliyyatdan sonra həmin nahiyyədə onkoloji xəstəliyin inkişaf etdiyini, çox saylı müayinə və kimyəvi terapiya kursu aldığını bildirmiş, lakin müayinəyə Milli Onkologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli “Mədəaltı,vəzi quyruqunun bədxassəli yeni törəməsi Pİ2N0M0 mərhələ İ B. Mədəaltı vəzin neyroendokrin karsinomast. Cərrahi əməliyyatdan sonrakı vəziyyət (2012)” diaqnozlu -210052238 nömrəli Çıxarışı təqdim edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq törəmənin götürülməsindən beş ildən artıq müddət keçdiyindən əlillik təyinatına əsas verməmiş, barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin xx.xx.2022-ci il tarixli əyani müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamışdır.Təqdim olunmuş AR SN Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Üst qarın boşluğunun peroral və İV.kontaraslı KT müayinə nəticəsi “Müayinə sahəsinə girən hər iki ağciyər aşağı payda 9mm qədər mts-lər izlənilir. Qaraciyər parenximində diffuz reatoz fonunda -1,3x1,6 sm ölçülü hipodens strukturalı mts təyin olunur. Mədənin distal azeksiyasından sonrakı vəziyyətdədir. Mədənin distal hissəsi, anastomos və başlanğıc nazik bağırsaq ilgəkləri divarında ən qalın verində 3,0 sm ölçü göstərən diffuz patoloji qalınlaşma qeyd edilir. Patoloji qalınlaşmış başlanğıc nazik bağırsaq ilgəkləri pankreas vəzi cisminə və patoloji qalınmış mədə divarı qaraciyərin sol payında kip söykənir. ortokavai, parakaval və nazik bağırsaq ilgəklər arası 2,9x4,3 sm ölçüyə qədər patoloji döyülmüş limfa düyünləri aşkar edilir” kimi qeyd olunmuşdur. Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Qastroskopiya müayinəsinin nəticəsi “Mədənin distal rezeksiyasından sonrakı vəziyyət. nazik bağırsağın karsinomasının residivi. Stenoz” kimi müəyyənləşdirilmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2022xx.xx.2022-ci il tarixli _0009170/Y220026630 nömrəli Gündüz stasionarının X2 ziaqnoz “Müstəqil, (birincili) çox lokalizasiyalı bədxassəli yeni törəmə. lokalizasiyalar- 397, C16.8- Mədənin yuxarıda göstərilən bir və va bir neçə lokalizasivasından kənara çıxmaqla zədələnəsi cTxNxMİ mərhələ İV. Mədənin distal hissəsinin xərçəngi, hər iki ağciyərə, qaraciyərə, portokoval limfa düyünlərinə metastas. Mədəaltı vəzi quyruğunun bədxassəli yeni törəməsi pT2N0M0, mərhələ İ B. Mədəaltı vəzin neyroendokrin arsinomaslı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət (2012)” kimi müəyyənləşdirilmişdir. Təqdim olunmuş, sənədlərə əsasən əlillik təyinatına əsas verən onkoloji xəstəlik hərbi xidmət dövründə qazanılmış xəstəliklə əlaqələndirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100% yüz faiz) pozulması barədə qərar qəbul edilmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19.“Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
21. 23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın: 2.4-cü bəndinə görə "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.4.1. 2.2-ci bənddə göstərilənlər istisna olmaqla, xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa; 2.4.2. şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-İİ qrup patogenikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; 2.4.3. şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; 2.4.4. tibbi heyətdən olan şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; 2.4.5. şəxs xəsarəti, xəstəliyi hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; 2.4.6. şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinin c) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X4» qərarı çıxarır. «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) X4 qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
26. İşin hallarından məlum olur ki, İddiaçı 21 iyun 2012-ci il tarixdən fasiləsiz olaraq əlilliyi qiymətləndirilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 600 nömrəli qərarına əsasən İddiaçı aldığı travma “Hərbi travmadır, Hərbi xidmət vəzifələri (xidməti vəzifələri) X4” diaqnozu qoyulmuş, bundan sonra ona hərbi xidmət dövrü ilə əlaqədar 1-ci dərəcə əlillik təyin edilmişdir.
27. xx.xx.2016-cı il tarixli müayinə barədə məlumatdan görünür ki, iddiaçıya “mədə altı vəzin quyruğunun neyroendokrin karsinomasına görə edilmiş mədə altı vəzin quyruğunun rezeksiyası əməliyyatından sonrakı vəziyyət, iki tərəfli gövdə vaqotomiyası. Limfa düyünlərinin ikincili və dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi. Limfa düyünlərində reaktiv hiperplaziya” diaqnozu ilə «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar» səbəbli beş il İİ dərəcəli əlillik təyin edilmişdir.
28. Bundan sonra, xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən «mədənin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, Mədənin distal hissəsinin adenokarsinoması. Hər iki ağciyərə, qaraciyərə, portokaval limfa düyünlərinə metastaz, PKT-dan sonrakı vəziyyət, İV mərhəkə G3 cTxNxM1. Mədəaltı vəzi quyruğunun, Mədəaltı vəzi quyruq hissəsinin yüksək differensasiyalı neyroendokrin karsinoması cərrahi əməliyyatdan və KDM-dən sonrakı vəziyyət (xx.xx.2012). pT2N0M0 mərhələ İB» diaqnozu ilə «hərbi xidmət dövrü ilə əlaqədar» səbəbli müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir.
29. Əlilliyin qiymətləndirilməsinə əsas kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 600 nömrəli qərarı ilə “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” kimi müəyyən edilmişdir.
30. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
31. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Həmin qaydaların 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.
32. Hazırki halda iddiaçıya əlilliyin təyini və səbəbinin əsası dəyiməməmiş, diaqnoz eyni olmuşdur.
33. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi şəxsin müayinəsinin onun diskresion səlahiyyətlərində olması ilə əsaslandırmış, məhkəmə qərarının müdaxilə kimi qiymətləndirmişdir.
34. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
35. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
36. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
37. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
38. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan ləğv edilmədən qüvvədə saxlanmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2361/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov