Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-134/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, «ünvanlı dövlət sosial yardımın təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4534/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. 12 yanvar 2024-cü il tarixli, 3M-17 reyestr nömrəli nömrəli kirayə müqaviləsinə əsasən, kirayəyə verən X2 ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ona verilmiş, **********21-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus, ümumi sahəsi 58.2 kv.m olan, ünvan 1 ünvanında yerləşən mənzil kirayəçi İddiaçı aylıq 210 manat müqabilində kirayəyə verilmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 361,09 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvanlı dövlət sosial yardımın təyin edilməsinə köməklik göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə **********19901 nömrəli müraciətlə ünvanlı sosial yardım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciat etmiş və xx.xx.2024-cü tarixdə təyinat almışdır. Müraciətində kirayə müqaviləsi qeyd etmişdir (210 AZN aylıq ödəniş). Ona xx.xx.2024-cü ildən etibarən 361.09 azn ünvanlı sosial yardım təyin edilib. Kirayədə qalır və kirayə müqaviləsi var. Kirayə pulunun ödənilməsi ilə bağlı DSMF-yə müraciət etmiş, lakin ona kirayə pulu ödənilməmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4534/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddia ərizəsində iddia tələbi qeyri-müəyyəndir, yəni iddiaçının cavabdeh orqana müraciəti və məhkəmədən tələbi ərizədə aydın ifadə edilməmişdir. Eyni zamanda hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin elməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı materiallarda isə belə bir müraciət və imtina mövcud deyildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, qeyd olunan hallar onun nəzərinə çatdırılmış və sadalanan xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4534/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfin apellyasiya şikayətinə dair təqdim etdiyi 28 dekabr 2024-cü il tarixli, 3-17-1/2-322514/2024 nömrəli etirazda şikayətin təmin olunmaması xahiş edilmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci ilədək olan dövr ərzində təyin edilmiş ünvanlı dövlət sosial yardımı ona ödənilsə də, kirayə pulu ödənilməmişdir. Bundan başqa hazırki tələblə məhkəməyə müraciət etmədən öncə cavabdehə rəsmi müraciət etmiş, ona rəsmi cavab verilmişdir. Məhkəmənin ondan məhz hansı sənədi tələb etməsini anlamamış, bu səbəbdən təqdim etməmişdir.
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci ilədək olan dövr ərzində təyin edilmiş ünvanlı dövlət sosial yardımı iddiaçıya ödənilmişdir. İddiaçının hazırki tələblə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə xx.xx.2024-cü il tarixli məktubla rəsmi cavab verilmişdir. İddiaçı tərəfindən yenidən müraciət olunduğu təqdirdə yenidən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məsələsinə baxılacaqdır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
15. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
16. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması, iddianın düzgün cavabdehə qarşı qaldırılması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
17. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
18. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 361,09 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuş və ödənilmiş, lakin iddiaçı cavabdeh tərəfindən ona kirayə pulunun ödənilmədiyini qeyd edərək xx.xx.2024-cü il tarixli elektron ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan isə cavab məktubunda bildirmişdir ki, ona 361,09 manat məbləğində ünvanlı sosial yardım təyin edilmiş və bu barədə müraciətdə qeyd olunan əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir.
19. Bundan sonra iddiaçı eyni tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, sonuncu tərəfindən iddia mümkün sayılmamış və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək cavabdeh orqana müraciəti və ya imtina məktubunun məhkəməyə təqdim olunması təklif olunsa da, iddiaçı tərəfindən sözügedən çatışmazlıq aradan qaldırılmamışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır. Belə ki, həm iş materialları ilə, həm də məhkəmə iclasında tərəflərin verdikləri izahatlarla müəyyən olunur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən əvvəl- xx.xx.2024-cü il tarixdə cavabdehə elektron ərizə ilə müraciət etmiş, həmçinin cavabdeh müraciətin müsbət icrasından imtina etmişdir.
21. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli sərəncamla iddiaçıya həm tələbinin ərizədə aydın qeyd olunmaması, həm də cavabdeh orqana müraciəti ilə bağlı çatışmazlıqların aradan qaldırılması təklif olunmuş, bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə elektron formada tələbinin dəqiq göstərildiyi ərizə təqdim etmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçı həqiqətən də birinci instansiya məhkəməsinin sərəncamına riayət etmək niyyətində olmuş, lakin məzmunu ona tam aydın olmadığından sərəncama digər hissələrdə riayət edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu əsasdan çıxış edən birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlməklə yanlışlığa yol vermişdir.
22. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
23. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarı 3.1, 3.2, 3.3, 3.5. bəndləri)
24. Məhkəmə tərkibi onu da qeyd edir ki, işə yenidən baxılan zaman iddiaçıya hüquqi yardım göstərilməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsinə dair məhkəməyə ərizə təqdim etməsi təklif olunmalıdır.
25. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə:
26. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4534/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov