Məhkəmə qərarları › İş №2-1(104)-135/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-135/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-135/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1276/2022 saylı qərarından üçüncü şəxsin nümayəndəsi vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Xəlil-Həsənli Firması” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1276/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxsin nümayəndəsi vəkili Vəkil2 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2003cü il tarixli 76 saylı qərarı və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsi ilə 50 il müddətinə bələdiyyənin ərazisində yerləşən 0.33 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış və iddiaçıya müvafiq JN-3885 50400002 saylı şəhadətnamə verilmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına çıxarış verilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin çıxarışın ləğv edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş JN-3885 KOD 50400001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən bələdiyyənin ərazisində yerləşən 0.33 ha torpaq sahəsi sahibkarlıq məqsədilə 50 il müddətinə “Həbibli” firmasına verilmişdir. - surəti işə əlavə edilmiş xx.xx.1998-ci il tarixli, 011548 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədən görünür ki, ünvan 1 ünvanda yerləşən Şəmkir rayon Mərkəzi Kolxoz bazarının əmlakı X2 və qeyrilərinə 161.580000 manata satılmışdır. - surəti işə əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsi 122 ünvanda 0.16564 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1548.50 kv.m olan əmlak kompleksi daşınmaz əmlakın Dövlət reyestrində "xxxx" MMC-nin adına qeydə alınmışdır. - surəti işə əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində 1.2954 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1548.50 kv.m olan əmlak kompleksi daşınmaz əmlakın Dövlət reyestrində "xxxx" MMC-nin adına qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilir ki, "xxxx" MMC-yə məxsus əmlak kompleksi kimi müəssisəsinin ********** qeydiyyat nömrəli çıxarışında texniki səhv olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi 1.2954 ha göstərilmişdir, düzgün ölçüsü 0.16564 ha-dır, daşınmaz əmlakın Milli Qeydiyyat Sistemində yaranmış texniki səhv aradan qaldırılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubundan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş JN-3885 nömrəli şəhadətnamə ilə bazada olan çıxarışın üst-üstə düşdüyü məlum olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı qərardan verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan, işdə olan sənədləri tətqiq etmədən, yalnız qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmişdir. Məhkəmə üşüncü şəxsin mülkiyyət hüququnu pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya icarəyə verilmiş torpaq sahəsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan olan torpaq sahəsinin üstüstə düşməsi müəyyən edilməmişdir. Yəni 3-cü şəxs tərəfindən iddiçının icarəsində olan torpaq sahəsinə müdaxilə edilməsi heç bir sübutla məyyən edilmir. Əksinə cavabdehin məktubundan görünür ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsini başqa vətəndaşlar, məhz hüquqi şəxslər deyil vətəndaşlar istifadə edir. Belə olduğu halda həmin vətəndaşların müəyyən edilib iddianın onlara yönəldilməsi əsaslı olduğu halda məhkəmə iddianın qaldırılması üçün heç bir sübyektiv hüququ olmayan bir şəxsin iddiası əsasında çıxarış ləğv etməsi qanunsuzdur. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili Vəkil2 apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Kollegiya qeyd edir ki, iddianı fərdiləşdirən iki element vardır - iddianın predmeti və onun əsası. Göstərilən elementlər iddianı konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Hazırki iddia tələbi ilə bağlı kollegiya göstərir ki, iddiaçının bu tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şəmkir rayon Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən bələdiyyənin ərazisində yerləşən 0.33 ha torpaq sahəsi sahibkarlıq məqsədilə 50 il müddətinə “Həbibli” firmasına verilmiş, bununla bağlı JN-3885 KOD 50400001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə tərtib edilmişdir. Bundan əlavə, xx.xx.1998-ci il tarixli, 011548 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən Şəmkir rayon Mərkəzi Kolxoz bazarının əmlakı X2 və qeyrilərinə satılmışdır. İddiaçı isə üçüncü şəxs Xəlil-Həsənli Firması” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş mübahisələndirilən qeydin aparılmasına əsas olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ünvan 1 ünvanda yerləşən Şəmkir rayon Mərkəzi Kolxoz bazarının əmlakını X2 və qeyrilərinə satmışdır. Qeyd olunan sənədlər toplusunda həmin şəxslərin istifadəsinə, icarəsinə və yaxud mülkiyyətinə torpaq sahəsi verilməsi barədə hüquqmüəyyənedici sənəd mövcud deyil. Buna baxmayaraq əmlak kompleksi "xxxx" MMC-nin adına qeydə alınarkən MMCnin istifadəsində dövlət nülkiyyətində olan 0.16564 ha torpaq sahəsi də qeydə alınmışdır. Qeyd olunan sahəyə dair "xxxx" MMC-nin istifadə hüququnun qeydə alınması əsasları barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlardan əlavə, əmlak kompleksinə dair eyni tarixli və eyni qeydiyyat və reyestr nömrəli 2 çıxarış verilmiş, çıxarışların birində əmlak kompleksinin ünvanı kimi “ünvan 4564 ha”, digər çıxarışda isə ünvan kimi “Şəmkir şəhəri, 20 Yanvar küçəsi”, torpaq sahəsinin həcmi “1.2954 ha” göstərilmişdir. Cavabdeh sahənin həcmi ilə bağlı qismən aydınlıq gətirərək, sahənin ölçüsünün 0.16564 ha olmasını bildirmiş, lakin bunun hüququi əsasını təşkil edən sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmlak kompleksi qeydə alınarkən təhriflərə, qanunsuzluqlara yol verildiyindən qeydin yenidən düzgün işlənməsi məqsədilə üçüncü şəxs "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeyd ləğv edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək aşğıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş 20 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsi 122 ünvanında yerləşən 0.16564 ha torpaq sahəsi ilə "xxxx" MMC-nə icarəyə verilmiş 0.33 ha torpaq sahəsinin üst-üstə düşməsi barədə xx.xx.2023-cü il tarixli məktubunuza "Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri" publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, "X8" MMC-yə məxsus xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir şəhəri, 20 Yanvar küçəsi 122 ünvanında yerləşən 0.16564 ha torpaq sahəsi ilə "xxxx" MMC-nə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarı və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsi əsasında tərtib edilmiş JN-3885 50400002 saylı şəhadətnamə əsasında verilmiş 0.33 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkar edilməmişdir. X5 Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş 06 mart 2023-cü il tarixli məktubdan görünür ki, 01 fevral 2023-cü il tarixli, 2-1(104)- 135/2023 saylı məktubunuza 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. 0.2017 ha torpaq sahəsinin içərisində yer alan əmlaklardan X1 adına ünvan 7 ünvanda yerləşən 0.0457 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə dair 28 oktyabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, Şəmkir şəhərində yerləşən 0.0389 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə dair X1 adına 14 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.0009 ha sahibkarlıq təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 8.0 kv.m olan qeyriyaşayış binasına dair X4 adına 02 iyun 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və ünvan 8 ünvanda yerləşən 0.00324 ha sahibkarlıq təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 27.8 kv.m olan qeyri-yaşayış binasına dair X3 adına 24 oktyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Samux rayonu ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda 0,08 ha torpaq sahəsinin məhz ona bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında işə baxdığından torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin də müəyyən etmək mümkün deyildir. Göründüyü kimi aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "X8" MMC-yə məxsus xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir şəhəri, 20 Yanvar küçəsi 122 ünvanında yerləşən 0.16564 ha torpaq sahəsi ilə "xxxx" MMC-nə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarı və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsi əsasında tərtib edilmiş JN-3885 50400002 saylı şəhadətnamə əsasında verilmiş 0.33 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkar edilməmişdir. Bu hal isə onu ehtiva edir ki, iddiaçının üçüncü şəxs "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli qeydi mübahisələndirməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin qismən edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1276/2022 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar