Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-135/2025 25.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “əmlakın dövlət reyestrində qeydə alınmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “əmlakın dövlət reyestrində qeydə alınmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2180/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan SSR X7 Sovetinin verdiyi 04 mart 1989-cu il tarixli sərəncama əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi X13 ilə dəyişdirilərək X2 adına qeydiyyata alınmasına razılıq verilmiş və bu barədə 04 mart 1989-cu il tarixli, 300 nömrəli dəyişmə orderi tərtib edilmişdir.
2. Ölüm haqqında xx.xx.2009-cu il tarixli AZ-İ 346197 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə ölmüşdür.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.2011-ci il tarixli 661 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 vəfatı ilə əlaqədar olaraq, onun adına olan ünvan 7, mənzil 22-in şəxsi hesabı mərhumun qızı İddiaçı adına dəyişdirilmişdir.
4. Gəncə şəhəri, Hərbi şəhərcik-83, ev 394 ünvanında yerləşən, 22 saylı mənzilin özəlləşdirilməsinə dair müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 1953/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğundan və Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmədiyindən müraciətin müsbət icrasından imtina olunur.
5. X15 Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-A-2398//8/2023 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan SSR X10 İcraiyyə Komitəsinin 04 mart 1989-cu il tarixli 300 nömrəli orderi ilə X5 Ermənistan SSR, Vardenis rayonu, Nərimanlı kəndində 37 kv.m sahədən ibarət 2 otaqlı mənzilini X9 məxsus ünvan 2 ünvanında yerləşən 33.76 kv.m sahədən ibarət 2 otaqlı mənzili ilə dəyişdirmişdir. X2 ailə tərkibinin daxilində İddiaçı adı qeyd edilmişdir.
6. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır.
7. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin 1 nömrəli Mənzil- İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 182 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır.
8. Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 2247 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 6 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil statusuna malikdir.
9. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.2025-ci-ci il tarixli 3-25-114/2-300/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı vəfat etmiş anası X6 əvvəllər yaşadığı ermənistan SSR, Basarkeçər rayonu (Vardenis) Nərimanlı kəndində yerləşən evini Gəncə (Kirovabad) şəhər sovetinin xx.xx.1989-cu il tarixli, 5 nömrəli qərarına əsasən xx.xx.1989-cu il tarixli 300 nömrəli order verilməklə X11 ilə Gəncə şəhəri, 83/38 nömrəli hərbi şəhərcikdə yerləşən bina 394, 22 nömrəli xidməti mənzillə dəyişdirmişdir. Vəfatından sonra Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən verilən xx.xx.2011-ci il tarixli 661 nömrəli məktuba əsasən yuxarıda göstərilən mənzilin şəxsi hesabı övladı vətəndaş İddiaçı adına tərtib olunmuşdur. Hal-hazırda mənzil Gəncə rayon Mənzil-İstismar hissəsinin mənzil fondunun siyahılarında dəyişmə orderi əsasında verilsə də, xüsusi təyinatlı ərazidə yerləşdiyindən xidməti mənzil kimi qeydiyyatdadır.
10. Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin xx.xx.2025-ci-ci il tarixli 3-25-114/2-712/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşadığı Gəncə şəhəri, 38/83 saylı hərbi şəhərcik açıq tipli hərbi şəhərcikdir.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 qəsəbəsi, ev 394, mənzil 22 saylı mənzilə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 1989-ci il tarixində Ermənistan SSR-i Basar-keçər (Vardanes) rayonundan Gəncə şəhərinə köçmək məcburiyyətində qalmışlar. Ona və ailəsinə məxsus xüsusi evi olmuş Nərimanlı kəndi, 2 otaqlı və 37 kv.m. həyatyanı sahəli evini, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 qəsəbəsi, ev 394, mənzil 22 o, daimi yaşayış üçün və mənzilləri dəyişmə (barter) müqaviləsi bağlayaraq Azərbaycan SSR vətəndaşı olmuş erməni zabiti Avanyan Vita ilə razılaşma etmişlər. O və ailəsi Gəncə şəhərində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində sözügedən mənzildə qeydiyyatda olmaları öz əksini tapır. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə şəhər filialı 30 dekabr 2023-cü il tarixində №3-48-DA-4F/2-A2398/8//2023 sayılı arayışında da ailə tərkibi 5 nəfərdən ibarət olmaqla öz əksini tapmış idi. Belə ki, ona məxsus olan sözügedən Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83 qəsəbəsi, ev 394, mənzil 22 saylı mənzil üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü tarixli ərizə ilə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən sözügedən ərizəyə xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-4813/2024 nömrəli etirazının məzmunu xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1953/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2180/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya (yaxud anasına) xidməti yaşayış sahəsi olaraq verilməsə də, bu hal mənzilin təyinatını dəyişdirmir. Mənzil hazırda hərbi şəhərcik daxilində yerləşməklə, Müdafiə Nazirliyinin balansındadır və onun özəlləşdirilməsinə Nazirliyin bu və ya digər formada razılığının olması halı müəyyən edilmir. ünvan 7 ünvanında yerləşən 22 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aid olduğundan və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2180/2024 nömrəli qərarının ləğv olunması və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
19. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, mərhum anası X3 adına olan əmlakın dövlət reyestrində qeydə alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, həmin şəhərcikdə onun qonşuluğunda olan hər kəsin mənzili özəlləşdirilmiş, ona isə keçmişdə evinin dəyişdirildiyi səbəbindən özəlləşdirməyə ehtiyac olmadığı bildirilmişdir.
22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, imtina məktubu və etirazın məzmununa uyğun izahat verdi, şikayətin təmin olunmamasını xahiş etdi, təqdim olunmuş dəqiqləşdirilmə ərizəsinə münasibət bildirərək ilkin imtina dəlillərinin hazırki ərizə üzrə də müdafiə etdiyini bildirdi.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, sözügedən şəhərcik 2019-cu ildən etibarən açıq hərbi şəhərcikdir.
24. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139- 1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
27. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.
8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatmm arayışı (2 nömrəli forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (xx.xx.2009-cu il tarixədək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə - bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
33. İş materialları ilə müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil Azərbaycan SSR X7 Sovetinin verdiyi 04 mart 1989-cü il tarixli 300 nömrəli order əsasında X4 (ailə üzvləri ilə birlikdə) yaşamaq üçün verilmişdir. Belə ki, həmin orderlə X5 Ermənistan SSR, Vardenis rayonu, Nərimanlı kəndində 37 kv.m sahədən ibarət 2 otaqlı mənzilini X9 məxsus ünvan 2 ünvanında yerləşən 33.76 kv.m sahədən ibarət 2 otaqlı mənzili ilə dəyişdirmiş, X2 vəfatından sonra onun adına olan ünvan 7, mənzil 22-in şəxsi hesabı mərhumun qızı İddiaçı adına dəyişdirilmişdir. Həmin tarixdən hal-hazıradək həmin mənzil iddiaçının və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. İddiaçı sözügedən mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan mənzilin Azəbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan xidməti mənzil olması əsası ilə imtina etmişdir.
34. Birinci instansiya məhkəməsi inzibati orqanın imtinasını əsaslı hesab edərək mövqeyini sözügedən mənzilin iddiaçıya (yaxud anasına) xidməti yaşayış sahəsi olaraq verilməsə də, bu halın mənzilin təyinatını dəyişdirməməsi, belə ki, mənzilin hazırda hərbi şəhərcik daxilində yerləşməklə, Müdafiə Nazirliyinin balansında olması və onun özəlləşdirilməsinə sonuncunun bu və ya digər formada razılığının olması halının müəyyən edilməməsi ilə əsaslandırmışdır.
35. İddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, mərhum anası X3 adına olan əmlakın dövlət reyestrində qeydə alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
37. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.
38. Göründüyü kimi, qanunvericilik xidməti mənzilin özəlləşdirilməsinin yolverilməzliyini onun qapalı hərbi şəhərcik daxilində yerləşməsi halı ilə şərtləndirir. Hazırki iş üzrə, sözügedən mənzilin Müdafiə Nazirliyinin balansında olmaqla xidməti mənzil statusuna malik olması iş materialları ilə müəyyən edilsə də, yerləşdiyi şəhərcik açıq tipli hərbi şəhərcikdir.
39. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar hissəsinin xx.xx.2025-ci-ci il tarixli 3-25-114/2-712/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşadığı Gəncə şəhəri, 38/83 saylı hərbi şəhərcik açıq tipli hərbi şəhərcikdir.
40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzilin xidməti mənzil olması halı müəyyən edilsə də, açıq hərbi şəhərcikdə yerləşdiyindən, həmçinin mənzilin verilməsinə dair order qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququnun qeydiyyatına alınmasına əsas olan sənəd kimi çıxış etdiyindən, eləcə də mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmuşdur.
41. Bundan başqa işdə olan Azərbaycan SSR X7 Sovetinin 04 mart 1989-cu il tarixli sərəncamına və orderinə əsasən mübahisəli mənzil dəyişmə əsasında verilmiş, xidməti olmasına dair orderdə hər hansı bir qeydiyyat aparılmamışdır.
42. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, cavabdehin imtina əsaslarının dəlilləri ətraflı aydınlaşdırılmamış, bununla da iş üzrə yalnış nəticəyə gəlinmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
44. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.
45. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin imtina dəlilləri əsaslı hesab edilə bilməz.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2180/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. ünvan 2 üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov