Məhkəmə qərarları › İş №2-1(104)-137/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-137/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-137/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-311/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli, 445 nömrəli arxiv çıxarışından görünür ki, Xanlar rayon XDS RH-nin xx.xx.1992-ci il tarixli 10 saylı protokolu ilə Xanlar rayon S.Vurğun adına kolxozun örüş sahəsindən 0.30 hektar ayrılıb "xxxx" Kiçik Müəssisəsinə yeməkxana tikintisi ilə əlaqədar verilmişdir.

2. Xanlar rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarından görünür ki, "xxxx" X5 rayonu Qırıqlı bələdiyyəsinin ərazisindəki kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,30 hektar ayrılıb ictimai iaşə obyektinin tikintisi üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır.

3. X7 kitabında xx.xx.2007-ci il tarixdə 177 nömrə ilə uçota alınan A 018367 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»ndən görünür ki, bu sənəd Xanlar rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 3000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 saylı imtina məktubunda qeyd edilir ki, aparılan araşdırılma zamanı torpaq sahəsinə dair təqdim edilmiş torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin Ərazi İdarəsinin elektron xəritə (DWJ) məlumatlarında öz əksini tapmadığı və faktiki torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş ərazisində, yuksək gərginlikli (mühafizə zonası 10 metr olan) elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin faktiki torpaq sahəsi Ərazi İdarəsinin elektron xəritə (DWJ) məlumatlarına əsasən digər şəxsə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 03 sentyabr 2024-cü il tarixli 3-21-2-18/2- 13343/2024 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) hüquqi varisi deyildir. Cəmiyyət onun təsisçisi olan X3 xx.xx.2007-ci il tarixli 01 nömrəli qərarına əsasən təsis edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə 0307-X4-581 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********) isə hazırda mövcuddur və fəaliyyəti aktiv vəziyyətdədir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Qırıqlı kəndində yerləşən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Qırıqlı bələdiyyəsinin 28 avqust 2007-ci il tarixli, 06 saylı qərarı ilə Göygöl bələdiyyəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0.30 ha torpaq sahəsi ayrılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC-yə satılmışdır. Hazırki torpaq sahəsi Xanlar Rayon XDSnin xx.xx.1992-ci il tarixli qərarına əsasən o zamankı S.Vurğun adına kolxozun torpaq sahəsindən ayrılaraq "xxxx" MMC-yə verilmişdir və həmin vaxtdan da sonuncunun mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur.

8. Cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********75 nömrəli iddia tələbinə dair etirazın məzmunu xx.xx.2022-ci il tarixli, **********82 nömrəli imtina məktubu ilə eynilik təşkil etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-311/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya verildiyi zamana (1992-ci il) münasibətdə hazırki normalar tətbiq edilə bilməz. Yalnız hazırda qüvvədə olan qanunvericilik normaları kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin satılmasını qadağan edir. İddiaçıya isə sahə 1992-ci ildə səlahiyyətli qurum tərəfindən verilmişdir. Sahənin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı qeyd olunur ki, X4 verdiyi məlumata görə həmin sahədən keçən xətt 10 KV-luq-dur və iddiaçının özünə məxsus transformatoru qidalandırır. Azərbaycan Respublikası Nazirlər Nabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 7-ci bəndinə görə gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Göründüyü kimi, sözügedən qaydalara əsasən torpaq istifadəçisi və ya mülkiyyətçisi bu qaydalara riayət etməklə elektrik xətti keçən sahədən istifadə edə bilər. Həmçinin, iş üzrə verilmiş müvafiq mütəxəssis rəyi ilə də müəyyən olunur ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən iddiaçıya məxsus torpaq sahəsi ilə bağlı üst-üstə düşmə halı mövcud deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-311/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu cavabdehin imtina məktubu və iddia ərizəsinə etiraz ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, üçüncü şəxslərin torpaq sahəsi başqa yerdədir və mübahisəli sahə ilə üst-üstə düşmür. Belə ki, o, "xxxx" Kiçik Müəssisəsini almış və "xxxx" MMC-ni təsis etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

22. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

23. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

24. İş materiallarından göründüyü kimi, iddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixli, **********82 nömrəli imtina məktubu təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı Göygöl rayonu, Qırıqlı kəndində yerləşən 0.30 ha torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi İdarəsinin elektron xəritə (DWJ) məlumatlarında öz əksini tapmamış və faktiki torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş ərazisində, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuş, həmçinin Ərazi İdarəsinin elektron xəritə (DWJ) məlumatlarına əsasən, faktiki torpaq sahəsinin xx.xx.2016-cı il tarixli, **********95 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına çıxarış verilmiş X1 məxsus torpaq sahəsi ilə üst üstə düşdüyü müəyyən edilmişdir.

25. İddiaçı məhkəməyə müraciət edərək Göygöl rayonu Qırıqlı kəndində yerləşən 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin olunmuşdur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəmə tərəfindən inzibati prosessual qanununvericiliyin normalarına düzgün riayət edilməmiş, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olması kifayət qədər araşdırılmamışdır.

27. Belə ki, iş materiallarında olan Göygöl rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli, 445 nömrəli arxiv çıxarışından görünür ki, Xanlar rayon XDS RH-nin xx.xx.1992-ci il tarixli 10 saylı protokolu ilə Xanlar rayon S.Vurğun adına kolxozun örüş sahəsindən 0.30 hektar ayrılıb "xxxx" Kiçik Müəssisəsinə yeməkxana tikintisi ilə əlaqədar verilmişdir.

28. Xanlar rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarından görünür ki, "xxxx" X5 rayonu Qırıqlı bələdiyyəsinin ərazisindəki kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,30 hektar ayrılıb ictimai iaşə obyektinin tikintisi üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır.

29. xx.xx.2007-ci il tarixli, 1191 Torpaqların alqı-satqısına dair aktdan görünür ki, "xxxx" X5 rayonu Qırıqlı bələdiyyəsinin ərazisindəki kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,30 hektar ayrılıb ictimai iaşə obyektinin tikintisi üçün alqı-satqı yolu ilə satılmışdır.

30. Göründüyü kimi mübahisəli torpaq sahəsi hüquqların qeydə alınması üçün əsas hesab edilən bələdiyyənin qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə satılmış, alqı-satqı aktıda sonuncu ilə bağlanmışdır.

31. Məhkəmə kollegiyası "xxxx" MMC-nin "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisi olub-olmaması və "xxxx" Kiçik Müəssisəsinin hazırda mövcud olub-olmamasının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu təqdim etmiş, sonuncu tərəfindən 03 sentyabr 2024-cü il tarixli 3-21-2-18/2-13343/2024 nömrəli məktubla bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) hüquqi varisi deyildir. Cəmiyyət onun təsisçisi olan X3 xx.xx.2007-ci il tarixli 01 nömrəli qərarına əsasən təsis edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə 0307-X4-581 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********) isə hazırda mövcuddur və fəaliyyəti aktiv vəziyyətdədir.

32. Göründüyü kimi "xxxx" MMC və "xxxx" Kiçik Müəssisəsi ayrı-ayrı hüquqi şəxslərdir və hazırda mübahisələndirilən 0.30 ha torpaq sahəsi bələdiyyə qərarı ilə məhz "xxxx" Kiçik Müəssisəsinə satılmışdır.

33. Belə olan halda isə iddiaçı "xxxx" MMC-nin həmin torpaq sahəsi üzərində subyektiv hüquqları istisna olunur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan X7 kitabında xx.xx.2007-ci il tarixdə 177 nömrə ilə uçota alınan A 018367 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» Xanlar rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 nömrəli qərarı ilə "xxxx" MMC-nə verilmiş 3000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Adıçəkilən sənəd hüquqların qeydə alınması üçün əsas hesab edilmir və yalnız torpaq sahəsinin yerləşmə yerini, koordinatını təsdiq edən sənəddir. Bu əsasla həmin sənədə istinadən hüquqların qeydə alınması mümkün deyildir.

35. Beləliklə hazırki iş üzrə hüquqi şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, onun hüquqlarını pozma ehtimalı mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Nəticəvi hissə:

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-311/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar