Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-138/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Sayad oğlunun və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1800/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sayad oğlu xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə mürəciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1800/2022 saylı qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmiş, İddiaçı Sayad oğluna pensiya təyin edildikdən sonra xx.xx.2012-ci il tarixədək işlədiyi dövr üzrə topladığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi qeyd olunan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixə kimi "Azneft " Birliyi Boru- İnstrumental bazada kontorun ştatına boru sexinin yükləyici kimi qəbul edilmiş, xx.xx.1973-cü il tarixdən əvvəlki iş yerinə boru sexinə 2-ci dərəcəli fəhlə kimi bərpa edilmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər kontorun statına boru sexinin yükləyicisi kimi qəbul edilmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər Gorandan 2-ci dərəcəli yol montyoru kimi qəbul edilmiş, xx.xx.1986-cı il tarixdən 3-cü dərəcəli yol montyoru təyin edilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər 4-cü dərəcəli yol montyoru təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə ADDY X2 Goran məntəqəsinə 4-cü dərəcəli yol montyoru vəzifəsinə qəbul olunmuş və xx.xx.2012-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı hesab edir ki, pensiya məbləği iş stajına uyğun olaraq az hesablanmışdır. Bu barədə cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. İddiaçıya 298,41 manat pensiya təyin edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və pensiya məbləği stajına görə az hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçası, xx.xx.2022-ci il tarixli, **********6 saylı cavabdeh tərəfindən iddiaçıya göndərilmiş imtina məktubu, iddiaçının pensiya işinin təsdiq edilmiş surəti təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə təyin olunan əmək pensiyanın yenidən hesablanması üçün xx.xx.2022-ci il tarixdə ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, iddiaçının əmək pensiyası ona pensiya təyin edildikdən sonra qazandığı müvafiq sığorta kapitalına uyğun olaraq yenidən hesablanıb artırılmışdır. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddiası təmin olunmamalıdır. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2011ci il tarixində (57 yaşdan) Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə iddiaçının işdən azad olması ilə əlaqədar iddiaçının əmək pensiyası ona pensiya təyin edildikdən sonra qazandığı 198.68 manat sığorta kapitalına görə "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya müddətinin aylarının sayına 132 aya (144 ay- 12 ay (pensiyaçı kimi işlənilən ayların sayı)) bölünməklə (196,68/132=1,49 manat) qanuni əmək pensiyasının (160,20 manat) üzərinə əlavə edilərək 161,69 manat yenidən hesablanaraq artırılmışdır. Müvafiq Qanunun maddasinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğu olaraq müvafiq icra hakimiyyət orqanının qərarına əsasən identikləşdirilməsi ilə əlaqəli olaraq iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixdən etibarən 298.41 manat təşkil etmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini müdafiə etdi və qərarın ləğv edilməklə iddianın rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilsə də, o, xx.xx.2012-ci il tarixədək (12 ay) əmək fəaliyyəti ilə məşğul olmuş və pensiya təyin edildikdən sonra 198,68 manat məbləğində pensiya kapitalı toplamışdır. Cavabdeh qurum iddiaçının müraciətindən sonra 196,68 manat sığorta kapitalına görə "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 132 (144 ay -12 ay (pensiyaçı kimi işlədiyiniz ayların miqdarı) aya bölünməklə (196,68/132=1,49 manat) qanuni əmək pensiyasının (160,20 manat) üzərinə əlavə edilərək 161,69 (160,20+1,49) manat yenidən hesablayaraq artırmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən pensiya məbləği düzgün hesablanmamışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququvardır. Qeyd. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi iləmüəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır). Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Sadalanan normaların mübahisəyə tətbiqi göstərir ki, xx.xx.1954-cü il tarixdə anadan olmuş iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının onun arzuladığı kimi yenidən hesablanmasını tələb etdiyi xx.xx.2022-ci il tarixə 68 yaşında olmuşdur. Bu baxımdan, 68 yaşlı iddiaçının pensiya ödənişi müddəti -36 ay (cavabdehə müraciət etdiyi tarixdə kişilərin pensiya yaşı 65 - 68 = - 3 ilx12 ay= -36) artırılaraq 108 ay ( -36 ay + gözlənilən pensiya ödənişi müddəti 144 ay) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 12 ay azaldılaraq 96 ay (108 ay - 12 ay) müəyyənləşdirilir. İddiaçının pensiyası (cavabdehə müraciət etdiyi tarixə pensiyasının, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 196,68:96 ay) məbləğdə yenidən hesablanaraq artırılmalı, yəni pensiya kapitalı cavabdehin qeyd etdiyi kimi 132-yə deyil, 96-a bölünməli idi. Göründüyü kimi, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə də, iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra yenidən hesablandığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə istinadən aparılan bu hesablama sözügedən maddədə təsbit olunan şərtlərlə, amma bu dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma qismində çıxış edən «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilməli idi. Sadalanan hüquq normalarını işin faktik halları əsasında qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya yuxarıda qeyd olunan əsas ilə imtina etməsi əsassız olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1800/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-138/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-138/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver