Məhkəmə qərarları › İş №2-1(104)-138/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-138/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-138/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabineti və digərlərinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “alınan məhdudlaşdırıcı, qanunazidd inzibati qərarların icrasının dayandırılması, bu tədbirlərlə bağlı alınan yazılı olmayan inzibati qərarların yazılı formada təmin edilməsi, inzibati qərarların məhkəmə qaydasında ləğv edilməsi, ya da qanunsuz inzibati qərarları alan inzibati orqanların Konstitusiyaya zidd qərarlarının mahiyyətindəki məhdudiyyətlərin, bərabərsizliklərin aradan qaldırılmaq surətilə müsbət yöndə dəyişdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4850/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı X2, Azəbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Cavabdeh4nə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" tədbiri ilə bağlı alınan məhdudlaşdırıcı, qanunazidd inzibati qərarların icrasının dayandırılması, bu tədbirlərlə bağlı alınan yazılı olmayan inzibati qərarların yazılı formada təmin edilməsi, inzibati qərarların məhkəmə qaydasında ləğv edilməsi, ya da qanunsuz inzibati qərarları alan inzibati orqanların Konstitusiyaya zidd qərarlarının mahiyyətindəki məhdudiyyətlərin, bərabərsizliklərin aradan qaldırılaraq surətiylə müsbət yöndə dəyişdirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" tədbiri ilə bağlı olaraq uzun müddətdir ki, ölkə daxilində inzibati olaraq qərarlar qəbul edilir. Buna uyğun olaraq da, ölkə daxilində insanların həyatına mənfi təsir edəcək addımlar atılır. Atılan bu inzibati addımlar vətəndaşların həyatında müsbət heç bir nəticə vermədiyi kimi, çətinliklər yaradır. Üstəlik dövlətə də əlavə maddi yük olur. Bundan öncəki Avropa Oyunları, İslam Oyunları, Formula 1 kimi tədbirlərdə olduğu kimi, yurddaşlara heç bir yararı olmayan, onların günlük həyatına mənfi təsir edən, dövlətin büdcəsinə isə zərər verən bir tədbirdir. Yəni, həm pul xərclənir, həm də narahatçılıq yaranır. Qarşılığında isə maddi və mənəvi heç bir qazanc olmur. Gedən, itirilən pullarla yanaşı çəkilən əziyyətlərin də geriyə dönüşü olmur. Dövlət vətəndaşlar üçün var və bütün vətəndaşlara müsbət yansıması olmalı, bu sosial rifahın artırılmasına xidmət etməli, həyat şəraitini yaxşılaşdıran qərarlar və addımlar olmalıdır. Bu kimi tədbirlərdə isə görünən odur ki, bu tədbir yalnız xaricilərə, başqa dövlətin vətəndaşlarına və Azərbaycandakı əhalinin 0,1 ilə 1 faizini təşkil edənlər üçün əyləncə, imic, zövq predmeti təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4850/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Həmçinin, iddiaçı "xxxx" tədbiri ilə bağlı cavabdeh orqanların qəbul etdikləri inzibati qərarların icrasının dayandırılması və ləğv edilməsi, yaxud dəyişdirilməsini tələb etsə də, qərar rekvizitləri qeyd edilməmişdir. Yəni, iddiaçı hansı orqan tərəfindən qəbul edilmiş hansı aktı mübahisələndirdiyini, həmin aktın onun hansı hüquqlarına toxunduğunu (məhdudlaşdırdığını) qeyd etməmişdir ki, bununla da tələb qeyri-müəyyən olmuşdur. Normativ hüquqi aktların inzibati məhkəmə icraatı qaydasında ləğvi qanunvericilikdə nəzərdə tutulmadığından, onların məhkəmədə mübahisələndirilməsi yolverilməzdir. Cavabdeh "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin şirkət Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli, 4264 nömrəli Sərəncamı ilə məhz BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP29), X5 Görüşünün 19cu sessiyasının və X7 Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmışdır. Həmin şirkət adıçəkilən Sərəncamın icrasından irəli gələn məsələlərə dair qərarlar qəbul etsə də, şirkət inzibati orqan olmadığından onun qərarları inzibati akt hesab oluna bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.

6. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Cavabdeh Azəbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi apellyasiya şikayətinə dair xx.xx.2025-ci il tarixli, 3-27/2-309/2025 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı “COP-29” tədbiri ilə əlaqədar inzibati orqanların konkret olaraq hansı addımının qanunsuz olduğunu və onun subyektiv hüquqlarını pozduğunu göstərməmiş və əsaslandırmamışdır. Belə ki, “COP-29” çərçivəsində həyata keçirilmiş dəyişikliklərdən biri avtobuslar, velosipedlər və kiçik elektrikli nəqliyyat vasitələri üçün avtomobil yollarında xüsusi zolaqların ayrılmasıdır. Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VİQD nömrəli Qanunu ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə müvafiq dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən avtomobil yollarında eyni zamanda velosiped zolağının və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağın tətbiq oluna bilməsi qanunvericilik səviyyəsində aydın göstərilmişdir. Həmçinin həmin xüsusi zolaqların ayrılmasında məqsəd ictimai nəqliyyatı daha effektiv və dayanıqlı nəqliyyat vasitəsinə çevirməklə şəhərdaxili yollarda mobilliyin təmin edilməsi, eyni zamanda, yaşıl nəqliyyat vasitəsi hesab olunan velosipedlərdən istifadənin təşviq edilməsi ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Yəni bu addımlar qanunvericiliklə tənzimləndiyindən şəxsin subyektiv hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamı ilə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə X4 yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli 2366 nömrəli Fərmanı ilə “X4 haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Sərəncamın 1.1-ci bəndinə görə X4 “X1 yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamına uyğun olaraq ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır. Şuranın vəzifələrinə sərnişinlərin metro nəqliyyatı ilə daşınmasının keyfiyyətinin yüksəldilməsi məqsədilə metro nəqliyyatının inkişaf konsepsiyasının hazırlanmasını təşkil etmək və yeni metropoliten xətlərinin (stansiyalarının) tikintisi və təkmilləşdirilməsi barədə təkliflər vermək, ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaqların müəyyən edilməsi və ləğv olunması barədə əsaslandırılmış qərar qəbul etmək, avtomobil yollarında sürət həddinin müəyyən olunması barədə əsaslandırılmış qərar qəbul etmək, avtomobil yollarında yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi (quraşdırılması və ya çəkilməsi (o cümlədən quraşdırılma və ya çəkilmə yerinin müəyyənləşdirilməsi) barədə əsaslandırılmış qərar qəbul etmək, nəqliyyat sektorunun ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq, yol hərəkəti sahəsində görüləcək tədbirləri əlaqələndirmək kimi səlahiyyətlər daxildir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayətinə dair təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17/2-440/2025 nömrəli etirazın məzmunu birinci instansiya məhkəməsinin qərarının məzmunu ilə eynilik təşkil edir.

9. Apellyasiya şikayətinə qarşı digər cavabdehlərin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.

11. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, nümayəndələrinin iştiraklarını təmin etməmiş və bu barədə məhkəyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 1.0. X6 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

2. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsi ilə müəyyən edilir. 19.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin İ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları əsasında, Azərbaycan Respublikası Konstitusiyasının, referendum aktının, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir. 19.4. Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və bu Konstitusiya Qanununun 19.1-ci maddəsində göstərilən aktların icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir. 20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktına, habelə Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. 76.1. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. 76.2. Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.

14. “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanunu: 2.0.1 inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

17. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

18. Hazırki tələbdə iddiaçının hüquqi marağı və məqsədi cavabdehlər tərəfindən alınan məhdudlaşdırıcı, qanunazidd inzibati qərarların icrasının dayandırılması, bu tədbirlərlə bağlı alınan yazılı olmayan inzibati qərarların yazılı formada təmin edilməsi, inzibati qərarların məhkəmə qaydasında ləğv edilməsi, ya da qanunsuz inzibati qərarları alan inzibati orqanların Konstitusiyaya zidd qərarlarının mahiyyətindəki məhdudiyyətlərin, bərabərsizliklərin aradan qaldırılmaq surətilə müsbət yöndə dəyişdirilməsinə nail olmaqdır.

19. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

20. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

21. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlərin hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmədiyindən onlar İPM-in tələblərinə əsasən müştərək hüquqi maraqlara malik deyillər və hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Həmçinin, həm Nazirlər Kabineti, həm də mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ hüquqi aktları olan qərarlar qəbul edirlər ki, onların da xüsusi ləğvi hazırki qərarın 13-cü bəndində nəzərdə tutulan qaydada müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarını ləğv etmək səlahiyyətinə yalnız həmin orqan və Azərbaycan Respublikasının Prezidenti malikdir.

22. Göründüyü kimi iddiaçı qeyd olunan hissədə normativ hüquqi aktların ləğv edilməsinə nail olmaq istəyir ki, onların da məhkəmədə mübahisələndirilməsi yolverilməzdir.

23. Məhkəmə kollegiyası cavabdeh "xxxx" Azərbaycan Əməliyyat Şirkətinə münasibətdə qeyd edir ki, həmin şirkət Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli, 4264 nömrəli Sərəncamı ilə məhz BMT-nin İqlim Dəyişmələri üzrə X3 Konfransının 29-cu sessiyasının (COP29), X5 Görüşünün 19cu sessiyasının və X7 Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmışdır və şirkət adıçəkilən Sərəncamın icrasından irəli gələn məsələlərə dair qərarlar qəbul etsə də, inzibati orqan olmadığından onun qərarları inzibati akt hesab oluna bilməz. Belə ki, tərəflər arasında inzibati hüquq münasibətinin olmadığı halda inzibati mübahisənin olmasından söhbət gedə bilməz. Hazırki işdə mübahisələndirilən akt iddiaçıya münasibətdə yekun hüquqi nəticələr yaratmır, yəni iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişiklik baş vermir. Beləliklə, mübahisələndirilən akt inzibati aktın əlamətlərinə malik deyildir və ondan irəli gələn məsələlərə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

24. “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsas inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.

25. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibatı məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.

26. Bundan başqa, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmamasının əsasını "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin inzibati orqan tərəfindən yaradılması, icraedici funksiyanı yerinə yetirən inzibati təşkilat olması ilə əlaqələndirmişdir.

27. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Azərbaycan Əməliyyat Şirkətinin inzibati orqan tərəfindən yaradılması və icraedici funksiyanı yerinə yetirməsi ilə əlaqədar həyata keçirdiyi fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul edilən aktlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın izibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4850/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar