Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-139/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X7, vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4093/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********5902 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 tarixi də daxil olmaqla) operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.
2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat və Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 03193 nömrəli aktının etibarsız hesab edilməsi və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarının qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində fəaliyyət göstərən "Fuad" şadlıq sarayı ona məxsusdur. xx.xx.2023-cü il tarixdə həmin obyektdə cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib olunmuş akta əsasən "Fuad" şadlıq sarayında çalışan, guya 20 nəfər işçidən 12 nəfərinin əmək müqaviləsinin olduğunu, 8 nəfər işçinin və ya sabit qəzb olamdan işçilərin işə cəlb olunduğu aşkar olunduğu göstərilmişdir. Halbuki, həmin 8 nəfərdən yalnız 3 nəfəri (X8, X12 və X4) iddiaçı tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Aktda adları göstərilən qalan 5 nəfəri isə (X19, X9, X10, Şahid və X5) tanımır, həmin şəxlər ümumiyyətlə şadlıq sarayında işləməmişlər. Ola bilsin ki, həmin şəxslər həimin gün sarayda keçirilən toy mərasimində qonaqlar və ya məclisi keçirən şəxsin yaxını, qohuməqrabası olmuşdur. Bir sözlə, həmin 5 nəfər şəxsin iddiaçı tərəfindən işə cəlb edilməsi sübuta yetirilmədiyi halda, cavabdeh orqan tərəfindən əsassız olaraq Azətbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ona 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanı keçirən cavabdeh orqanın əməkdaşları tərəfindən nə videoçəkiliş aparılmış, nə də həmin tanımadığı şəxslərin izahatları alınmamışdır. Eyni zamanda, Azətbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ona tətbiq edilmiş 16.000 manat məbləğində maliyyə sanksiyasının 6.000 manatını (X8, X12 və X3 münasibətdə) dövlət nəfinə ödəmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 03193 nömrəli aktı etibarsız hesab edilməli və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarı qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməlidir.
5. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, "Fuad" şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi və Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən 7 nəfər fiziki şəxsi işlərin yerin yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək 18 iyun 2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsində olan uçot məlumat bazasına əsasən İddiaçı məxsus "Fuad" şadlıq sarayının sahəsi 520 kvm və əmək müqaviləsi üzrə işçi sayı 9 nəfərdir. Bu da onu deməyə əsas verir ki, 520 kvm sahəsi olan sadlıq sarayını 9 nəfər fiziki şəxslə idarə etmək mümkün deyil. Ona görə də mübahisələndirilən qərar qanuni hesab edilməlidir.
6. İddiaçının müvafiq ərizəsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarının qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4093/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan operativ vergi nəzarətinin nəticəsi haqqında tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçı həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bundan əlavə, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda cavabdeh orqan iddiaçının 5 nəfər fiziki şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilmədiyindən bu hallar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
9. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********5902 saylı qərara əsasən İddiaçı fəaliyyət göstərdiyi ünvan 1i ünvanında yerləşən “Fuad” şadlıq sarayında xx.xx.2023-cü il tarixində operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı məxsus Ağstafa rayonu, Dağ Kəsəmənkəndində yerləşən, “Fuad” şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audiovideo sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 7 nəfər fiziki şəxsi işlərin yerin yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək 18 iyun 2023cü il tarixli DVX 003193 saylı aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi İddiaçı tərtib edilmiş 18 iyun2023-cü il tarixli DVX 003193 saylı aktı imzalamaqdan və bir sürətini almaqdan imtina etmişdir. Bu səbəbdən BayramovYusif İsrafil oğluna məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, “Fuad” şadlıq sarayında keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib edilmiş 18 iyun 2023-cü il tarixli DVX 003193 saylı aktı vergi ödəyicisinə göndərilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyul 2023-cü il tarixli **********3345 saylı Qərarına əsasən, İddiaçı Vergi Məcəlləsinin 58.10-cü maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuşqaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası və Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 7 nəfər fiziki şəxsi işlərin yerin yetirilməsinə cəlb edilməsinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə qərarında dəlil olaraq bildirir ki, aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlüklə həmin şəxslərin sözügedən obyektdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bildirilir ki, İddiaçı 16 iyun 2023-cü il tarixli **********5972 saylı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnaməni” almaqdan imtina etmiş, vergi orqanının əməkdaşlarına operativ vergi nəzarətinin keçirilməsinə şərait yaratmamış və yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsindən imtina etmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı sənədlərin yoxlamaya təqdim edilməməsinə, yazılı izahatların verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən protokol tərtib edilmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabadehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, atasına məxsus olan şadlıq sarayı yalnız kirayəyə verilir. Belə ki, toy sahibi həmin sarayı kirayə götürür və bütün yeməkləri və xidməti özü təşkil edir. Həmin gün aparılan vergi yoxlaması zamanı yalnız xadimə və digər iki şəxs onların işçisi olduğundan üç şəxsə münasibətdə iddianın həcmi azalmışdır. Aktda qeyd olunan 5 nəfər toy sahibinin adamları idi və onlar şadlıq sarayının işçisi olmamışdır. Dəfələrlə inzibati orqana buna dair məlumat versə də və video görüntünün təqdim edilməsini təklif etsə də hər dəfə cərimə olunmayacağı barədə məlumat verilmişdir. Hazırda müddət keçdiyindən mühaşidə kameralarından görüntünün təqdim edilməsi mümkün deyildir.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili nümayəndə ilə eyniməzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
43. Əmək müqaviləsinin məzmunu …….
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin hallarından müəyyən edilmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********5902 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və sözügedən akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərar qəbul edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə iddiaçının vergi ödəyicisi kimi fəaliyyətindən yaranan və onun tərəfindən pozuntulara yol verilməsinə əsaslanan qərarın ləğvi ilə bağlı irəli sürülən iddia tələbidir.
22. İlkin olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən 3 nəfər şəxsin (X12, X8 və X4) əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi etiraf olunmuş, qərar həmin şəxslərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində mübahisələndirilməmişdir.
23. Odur ki, hazırki araşdırılmanın predmeti “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarın digər 5 nəfər şəxsə münasibətdə qanuniliyinin yoxlanılmasıdır.
24. Göründüyü kimi mübahisələndirilən qərarda 5 nəfər şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunmuş, vergi ödəyicisi barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.
25. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
26. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
27. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, o, həmin gün atasının dostunun toyuna getmişdir. Sadəcə atası gedə bilmədiyi üçün o getmişdi və sözügedən tarixdə «Fuad» şadlıq sarayında qonaq olmuşdur. Yoxlama aparılan zaman ad soyadını soruşdular, lakin ona izahat verməsi təklif edilmədi. Yoxlama aparan şəxslər formada deyildilər, mülki geyimdə idilər. Həmin gün toya qara şalvar, qara köynək geyinmişdi və üzərində heç bir forma olmamışdır.
28. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, o, DOST mərkəzində bağban vəzifəsində çalışır. 7 ay olar ki, orada fəaliyyət göstərir. O, toya qonaq kimi getmişdi. Yoxlama zamanı ondan adını soruşdular, o, da içkili olaraq adını demişdir. Həmin gün qara şalvar, ağ köynək geyinmişdi və üzərində heç bir forma olmamışdır.
29. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X17 ifadəsində qeyd etmişdir ki, aktda adları qeyd olunan şəxslərin üzərində eyni qırmızı rəng jilet olmuşdur. Yəni onlar forma geyinmişdilər və faktiki iş başında idilər. Toydan təxmini bir saat əvvəl yoxlama keçirilmişdi. Yoxlama zamanı video və ya foto çəkiliş aparılmamışdır. Belə ki, adətən çəkilişlərə toy sahibləri narazılıq edirlər. İşəgötürən aktda qeyd edilənlərin izahat vermələrinə icazə vermədiyindən şəxslərin izahatları alınmamışdır.
30. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, ara qapıdan restorana daxil olaraq iş görənlərdən kim olduqlarını soruşmuşlar. Bəziləri ev sahibi olduqlarını demişlər. Zalda qızılı sapla işlənmiş jiletlər geyinən işçilər vardı. Çəkiliş üçün vəsait yalnız mobil telefon olduğundan və adətən çəkilişlərə toy sahibləri narazılıq etdiyindən aparılmamışdır. Toydan qabaq hazırlıq prosesi gedəndə zala daxil olmuşlar, yoxlama aparılmasına iddiaçı tərəfindən heç bir mane olmamışdır.
31. X10 məhkəmə kollegiyasına göndərdiyi teleqramda tələbə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, yoxlama aparılan toyda xidmətçi kimi yox toy sahibinin qohumu kimi iştirak etdiyini bildirmişdir.
32. Vergi ödəyicisi İddiaçı tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş məlumat da qeyd olunur ki, şadlıq sarayında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə aparılan çəkilişlərinin qeydə alınması müddəti cəmi 20 gün təşkil edir. Bu səbəbdən sarayda quraşdırılmış müşahidə kameraları vasitəsi ilə xx.xx.2023-cü il tarixdə aparılan çəkilişlərin qeydə alınmasına dair videogörüntülərin təqdim olunması mümkün deyildir.
33. İş materiallarında olan sənədlərdən məlum olur ki, aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bundan əlavə, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda cavabdeh orqan iddiaçının 5 nəfər fiziki şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişlər.
34. Halbuki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.
35. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.
36. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmə hallarının cavabdeh vergi orqanı tərəfindən yoxlanılması onun vergi nəzarət tədbiridir ki, bu tədbir nəticəsində də cavabdeh inzibati orqanın əməkdaşları vergi ödəyicisi olan iddiaçıya məxsus şadlıq sarayına gələrək pozuntu aşkar etmişdilərsə, bu zaman protokolla rəsmiləşdirdikləri kimi, foto və ya video çəkilişdən də istifadə etməli və hazırda həmin çəkilişlər sübut qismində məhkəməyə təqdim edilməli idi. Lakin cavabdeh inzibati orqan qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni qismən icra etmiş, akt tərtib etmiş, lakin foto və ya video çəkiliş aparmamışdır.
37. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan vəzifəsini yerinə yetirməməsini toyda iştirak edən şəxslərin narazılığı ilə çəkiliş aparılmaması ilə əsaslandırsa da, qanunvericilikdə vergi nəzarəti yoxlamalarının foto və ya video çəkilişlə qeydə alınması ilə bağlı istisna və ya zəruri hallar müəyyən edilməmiş, çəkilişin aparılması birmənalı olaraq bütün hallara aid edilmişdir. Əgər mane yaradan hallar müəyyən edilmiş olsaydı belə, cavabdeh hazırki mübahisə üzrə foto və ya video çəkili aparılmasından imtinasını sübut etməlidir. Çünki mübahisə predmeti olan qərarın əsaslılığını sübut etmək üçün cavabdeh inzibati orqanın aktdan başqa heç bir sübutu yoxdur (izahat və s.).
38. Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə edilsin ki, vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələrinin qorunmasına diqqətlə yanaşsınlar. Vergi yoxlanması zamanı – vergi münasibətlərində bilavasitə vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirak etməsi, onların vergi yoxlamasına dair aktın məzmununa yazılı izahatlarının aparılması, vergi yoxlamasının qanunvericiliyin tələblərinə tam uyğun aparılması, vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək və vergi borclarından azad edilməsi, vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün imkan verilməsi və bütövlükdə Vergi Məcəlləsinin tələblərinə əməl olunması məsələlərinə diqqət yetirsinlər. Məhkəmələrə izah edilsin ki, vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür (“Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 27 noyabr 2003-cü il tarixli qərarın 1,4,8-ci bəndləri).
39. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
40. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısada, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən dəyişdirilmədən qüvvədə salanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4093/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov