Məhkəmə qərarları › İş №2-1(104)-14/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-14/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-14/2025 04.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrliyi və məruzəsi ilə), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-156/2022 nömrəli qərarından cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(114)-156/2022 nömrəli qərarı ilə (hakim Ü.Osmanov) iddia qismən təmin edilmiş, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 213.000 (iki yüz on üç min) manat dövlət büdcəsi hesabına tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi qərara alınmış, tələb qalan hissədə rədd edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(104)-376/2022 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-691/2023 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-376/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi (Xanlar şossesi) 1 A ünvanında istifadədə olan 0.03118 ha torpaq sahəsində yerləşən 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasıın (istehsal sexi) Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyü üçün, əldən çıxmış fayda kimi 72000 ( yetmiş iki min ) manatın və 243.600 (iki yüz qırx üç min altı yüz) manat təşkil edən əmlakın bazar qiymətinin, ümumilikdə isə 315.600 (üç yüz on beş min altı yüz) manat onlara vurulmuş maddi ziyana görə kompensasiyanın cavabdeh tərəfindən onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək cavabdehi əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmasını, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmuş və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin işdə iştirakına xitam verilmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi (Xanlar şossesi) 1A ünvanında istifadələrində olan 0,03118 ha torpaq sahəsində yerləşən 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (istehsal sexi) ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış, həmin əmlaka dair hüquqları 17 iyul 2008-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Daşınmaz əmlakın AN-İ № alqı-satqı müqaviləsində əmlakın satış qiyməti 12.285 (on iki min iki yüz səksən beş) manat göstərildiyinə baxmayaraq, obyektə görə real olaraq 74.000 (yetmiş dörd min) ABŞ dolları ödəmişlər. Qeyri-yaşayış obyektini alarkən tam bərbad və istifadəyə yararsız vəziyyətdə olmuş, binanın əsaslı şəkildə təmir və bərpa işlərini öz vəsaitləri hesabına həyata keçirərək mebel istehsalı üçün müasir avadanlıqlar gətirmiş, obyekti mebel istehsalı sexi kimi icarəyə verərək hər ay 600 manat pul gəlir əldə etmişlər. Ancaq mülkiyyətlərində olan obyekt onların razılığı olmadan və əvəzi ödənilmədən, zor gücünə və hakimiyyət səlahiyyətlərinə arxalanan Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci ilin əvvəlində sökülmüşdür. Obyekt sökülərkən hər iki mülkiyyətçi Gəncə şəhərində olmamışlar. Həmin vaxtdan sonra bir çox yerlərə müraciətlər etmiş, onlara dəyən zərərin əvəzinin ödənilməsini və və ya binanın əvvəlki yerində qanuni istifadələrində olan torpaq sahəsində bərpa edilməsinə razılıq verilməsi haqda xahiş və tələb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişlər. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti əmlakı faktiki olaraq Gəncə şəhər İcra Hakimiyyətinin göstərişi əsasında sökmüşdür. Bunun Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən onlara ünvanlanmış 179 nömrəli xx.xx.2021-ci il tarixli məktub təsdiq edir. Qeyd edilən məktubda sübut olunur ki, əmlak inzibati orqan olan yerli icra hakimiyyəti məhv edib və bu qeyrirəsmi olsa da Gəncə Şəhər İcra Hakimiyyətinin tapşırığı və ya razılığı ilə olub. Yəni əslində əmlakın sökülməsinə dair hüquqi əsas kimi heç bir inzibati akt qəbul olunmayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin cavabından görünür ki, onlara verilməsi haqda deyilən Azərbaycan Bayrağı meydanındakı torpaq sahəsi Kəpəz Rayonu ərazisidir. Sökülmüş əmlak isə Nizami Rayonu ərazisində olub. Bu fakt da onu təsdiq edir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin bilavasitə icazəsi və ya göstərişi ilə əmlakları məhv edilib. Cavabdehin məktubunda əvəz olaraq torpaq sahəsi verilməsi haqda deyilənlər həqiqəti əks etdirmir. Çünki “Azərbaycan Bayrağı (keçmiş Tağı Arani) küçəsində inşası nəzərdə tutulan ticarət cərgəsində tikinti sahəsi 66.0 kv.m olan iki mərtəbəli mağaza”nın tikilməsi heç cür mümkün deyil. Orada guya ticarət cərgəsi olacağı adı ilə bəlkə onlarla əmlakı uçurdulmuş vətəndaşların adları müxtəlif nömrəli sərəncamlara yazılmış, amma heç kimə faktiki olaraq tikinti işlərinin aparılmasına icazə verilmir. Ona görə ki, həmin ərazi sosial mənzillərin tikilməsi üçün bütövlüklə birbaşa Nazirlər Kabinetinin göstərişi əsasında ünvan 4 ünvanında olan Mənzil İnşaatı Dövlət Agentliyinə ayrılıb. İddiaçılar bu sahədən imtina etməmişlər. Bu icra oluna bilməyən sərəncamlardır, çünki torpağın bu cür ayrılması mümkün deyil. Bundan başqa, onların əmlakının ümumi sahəsi 243.6 kv.m olmuşdur. Bu məqam da nəzərə alınmır və mülkiyyətlərində olan hazır əmlaklarının əvəzində onlara yalnız layihə çəkmək üçün icazə verən sərəncamlar verilib. Halbuki, sənədləşməyə çəkilən xərclərdən başqa, torpaq sahəsi lazımı qaydada ayrılmadığından başqa, hələ tikintini də öz hesablarına etməlidilər. Hesab edirlər ki, cavabdeh tərəfindən onlara maddi ziyan vurulmuşdur. Belə ki, 2012-ci ildən bu günə qədər faktiki olaraq hər ay sabit pul məbləğində 600 (altı yüz) manat icarə haqqından məhrum olmuşlar. Həmin məbləğ 120 (yüz iyirmi) ay ərzində 72000 (yetmiş iki min) manat təşkil edir. Qeyri-yaşayış obyektinin qiyməti hər kv.m. üçün hesab edirlər ki, 1000 (min) manat olmaqla 243.6 kv.m görə 243.600 (iki yüz qırx üç min altı yüz) manat təşkil edir. Hesab edirlər ki, ümumilikdə, cavabdeh onlara 315.600 (üç yüz on beş min altı yüz) manat maddi ziyan vurub və bu məbləğdə kompensasiya onlara ödəməlidir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti qərardan verdiyi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Həm iddiaçılar öz iddia ərizəsində həm də birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində qeyd ki, qeyri-yaşayış sahəsi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür və dolayı yolla o nəticəyə gəlinir ki, guya rayon icra hakimiyyəti bu əməli Gəncə Şəhər İcra Hakimiyyətinin tapşırığı əsasında həyata keçirib, halbuki bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim olunmayıb. Cavabdeh qismində Gəncə Şəhər İcra Hakimiyyətinin cəlb edilməsi və kompensasiyanın İcra Hakimiyyətindən tələb edilməsi qanunauyğun hesab edilə bilməz, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə qərarında söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini vurğulasa da, buna dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdırıb, habelə kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbi, habelə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçının verdiyi iddia tələbi mümkün tələbdir, iddianın qeyri-mümkün sayılması üçün əsaslar yoxdur. Həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti də qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də cavabdehin apellyasiya şikayəti qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan AN-l ******* nömrəli, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, **********88-06301 nömrəli çıxarış əsasında X1 mülkiyyətində olan ümumi sahəsi 243.6 kv.m, əsas sahəsi 232.0 kv.m, köməkçi sahəsi 11.6 kv.m olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi 1 A ünvaında 0.03118 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 satılmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Xanlar şossesi 1 A ünvanında istifadədə olan 0.03118 ha torpaq sahəsində yerləşən 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (istehsal sexi) ümumi birgə mülkiyyət hüquqi üzrə İddiaçı1 və İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış, 179 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 2012-ci ildə Gəncə şəhəri, Gülüstan yaşayış ərazisi, Gəncə-Göygöl şossesi, 1A ünvanında İddiaçı2 ilə birgə İddiaçı1 mülkiyyətində olan qeyri-yaşayış binası yolun genişləndirilməsi ilə əlaqədar sökülmüşdür. Əvəzində Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 309 və 310 nömrəli Sərəncamları ilə İddiaçı2 ilə İddiaçı1 Azərbaycan Bayrağı (keçmiş Tağı Arani) küçəsində inşası nəzərdə tutulan ticarət cərgəsində tikinti sahəsi 66.0 kv.m olan ikimərtəbəli mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmiş, lakin Rövşən Səylyəim oğlu və İddiaçı1 bundan imtina etmişlər. Hazırda inşası davam edən Gəncə-Toğana-Kəlbəcər avtomobil yolunun strateji əhəmiyyətini və ərazinin abadlaşdırıldığını nəzərə alaraq qeyriyaşayış obyektinin əvvəlki yerində bərpa edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-58/2024 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/9476 nömrəli rəydən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Xanlar şossesi 1A ünvanında 1 mərtəbəli, qeyri-yaşayış binasının bərpa edilməsı üçün aparılmalı təmir işlərinin qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(104)-14/2025 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl (əvvəlki Xanlar) şossesi 1A ünvanmda İddiaçı1 və İddiaçı2 Səyliyəim oğlunun istifadəsində olmuş, 0,03118 ha torpaq sahəsində yerləşmiş 4 girişli, 243,6 kv.m ümumi, 232 kv.m əsas, 11,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış bmasının texniki pasportunda göstərilmiş göstəricilər üzrə (2012-ci il üzrə qiymətlər əsas götürülməklə): bərpa dəyəri 124.000,0 (bir yüz iyirmi dörd min) manat təşkil etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(104)-14/2025 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli qiymətləndirmə rəyi ilə Gəncə şəhəri, Nizami rayoııu, Gülüstan qəsəbəsi, Göygöl (əvvəlki Xanlar) şossesi 1 A ünvanında X2 və İddiaçı2 Səyliyəim oğlunun istifadəsində olmuş 0.03118 ha torpaq sahəsində yerləşmiş 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş göstəricilər üzrə həmin ərazidə digər eyni ölçülü qeyri-yaşayış binasının 2014-cü il üzrə bazar dəyəri: 188.000,0 (bir yüz səksən səkkiz min) manat,10 fevral 2026-cı il üzrə bazar dəyəri: 267.000,0 (iki yüz altmış yeddi min) manat təşkil edir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi ( Xanlar şossesi) 1A ünvanında istifadələrində olan 0,03118 ha torpaq sahəsində yerləşən 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (istehsal sexi) ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış, həmin əmlaka dair hüquqları 17 iyul 2008-ci il tarixdə qeydiyyata alınaraq və çıxarış verilmiş, lakin həmin obyekt iddiaçıların (mülkiyyətçilərin) razılığı olmadan və əvəzi ödənilmədən, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci ilin əvvəlində sökülmüşdür. Həmin vaxtdan sonra bir çox yerlərə müraciətlər etmiş, onlara dəyən zərərin əvəzinin ödənilməsini və ya binanın əvvəlki yerində qanuni istifadələrində olan torpaq sahəsində bərpa edilməsinə razılıq verilməsi haqda xahiş və tələb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişlər. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 309 və 310 nömrəli Sərəncamları ilə İddiaçı2 ilə İddiaçı1 Azərbaycan Bayrağı (keçmiş Tağı Arani) küçəsində inşası nəzərdə tutulan ticarət cərgəsində tikinti sahəsi 66.0 kv.m olan ikimərtəbəli mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmiş, lakin onlara tikintinin yerləşdirilməsi üçün torpaq sahəsi ayrılmadığına görə Rövşən Səylyəim oğlu və İddiaçı1 bundan imtina etmişlər. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti əmlakı faktiki olaraq Gəncə şəhər İcra Hakimiyyətinin göstərişi əsasında sökmüş və iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 55.1-ci maddəsinə əsasən, bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: - bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; - torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Həmin Qanunun 55.2-ci maddəsinə əsasən, bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Göründüyü kimi, milli qanunvericilik şəxsin mülkiyyət hüquqlarına dövlət ehtiyacları tələb etdiyi hallarda qanunda nəzərdə tutulmuş qaydada müdaxilənin hüquqi prosedurlarını aydın formada müəyyən etmişdir. Mülkiyyətə xitam verilməsi mülkiyyətçiyə həmin əmlaka münasibətdə onun ədalətli bazar dəyərinin ödənilməsi yolu ilə mümkündür. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Yuxarıda sadalanan normaların mahiyyəti, Avropa Məhkəməsinin president hüququndan və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçılar özlərinə məxsus əmlakdan istifadə, sahiblik və sərəncam hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyətli olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç sərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmus sərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai maraga” uygun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıgı müəyyən etməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmin Qanunun torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətlərindən bəhs edən 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 23-cü maddəsinə əsasən salınan torpağın qiymətləndirilməsi bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası komissiyası tərəfindən həyata keçirilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmin Qanunun 58.4-c maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Həmin Qanunun 58.4-cü maddəsinə əsasən torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçılar mülkiyyətindən məhrum olmuşdur. Beləliklə də cavabdeh inzibati orqanın təqsiri nəticəsində iddiaçılara maddi ziyan vurulmuşdur. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarına görə cavabdehin iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıması müəyyən olunmuşdur. Şəxsin mülkiyyətinə vurulmuş ziyan isə əgər ziyanın vurulması sübut olunarsa, ödənilməlidir. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən iddiaçılara məxsus olmuş obyektə yaxın ərazilərdə edilmiş alğı-satqılarla bağlı notariat ofislərinə sorğular göndərilmiş olsa da, müsbət cavab əldə olunmamış, o səbəbdən də müvafiq rəy alınması üçün ekspertiza təyin edilmişdir. Məhkəmə kollegiyası cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini münasibətdə qeyd edir ki, sübuta ehtiyacı olmayan haldır ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırma, yenidənqurma tədbirləri müvafiq şəhər və ya rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. Həmin hal işdəki cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış, 179 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla da təsdiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Şəmkir rayon İcra Hakimiyyəti rayon ərazisində mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyəti orqanıdır. Odur ki, qeyd edilən əsasa görə iddia tələbinin təmin edilməməsi qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(104)-14/2025 saylı qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli qiymətləndirmə rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayoııu, Gülüstan qəsəbəsi, Göygöl (əvvəlki Xanlar) şossesi 1 A ünvanında X2 və İddiaçı2 Səyliyəim oğlunun istifadəsində olmuş 0.03118 ha torpaq sahəsində yerləşmiş 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş göstəricilər üzrə həmin ərazidə digər eyni ölçülü qeyri-yaşayış binasının 2014-cü il üzrə bazar dəyəri: 188.000,0 (bir yüz səksən səkkiz min) manat,10 fevral 2026-cı il üzrə bazar dəyəri: 267.000,0 (iki yüz altmış yeddi min) manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy”lə razılaşdığını və həmin rəyə müvafiq olaraq maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsinə etirazlarının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddia tələbini qismən təmin edərək qeyri-yaşayış binasının sökülməsinə görə 213.000 (iki yüz on üç min) manat məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası qiymətləndirmə rəyinin əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edildiyi hissədə dəyişdirilməli, iddia tələbinin təmin edilmiş hissəsi üzrə müəyyən edilmiş ziyan məbləği nəzərə alınmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan ümumi sahəsi 243.6 kv.m, əsas sahəsi 232.0 kv.m, köməkçi sahəsi 11.6 kv.m olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi 1 A ünvanında 0.03118 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinin sökülməsinə görə 188000 (bir yüz səksən səkkiz) manat müəyyən edilməldir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, dəymiş zərərin əvəzini düzgün müəyyən etməmişdir. Beləliklə birinci instansiya məhkəməsinin qərarı - əmlaka vurulmuş zərərin əvəzi olaraq 213000 manat vəsaitin dövlət büdcəsi hesabına tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən ümumi sahəsi 243.6 kv.m, əsas sahəsi 232.0 kv.m, köməkçi sahəsi 11.6 kv.m olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi 1 A ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsinə görə 188.000 (bir yüz səksən səkkiz) manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(114)-156/2022 nömrəli qərarı - cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 213.000 (iki yüz on üç min) manat dövlət büdcəsi hesabına tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 188.000 (bir yüz səksən səkkiz) manat dövlət büdcəsi hesabına tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar