Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-141/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-57/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya 04 sentyabr 2005-ci il tarixində Fondun Tərtər rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 04 sentyabr 2005-ci il tarixdə Fondun Tərtər rayonu şöbəsi tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, müraciətə əsasən cavabdeh tərəfindən iddiaçıya 1997,08 manat fərq məbləğinin 2021-ci ilin noyabr ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla edilərək müvafiq kart hesabına ödənildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməsi, ona əmək pensiyasının yenidən hesablanaraq, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinə aylıq vəzifə maaşı, il ərzində 3 (üç) aylıq vəzifə maaşı miqdarında mükafat, 1 (bir) aylıq vəzifə maaşı miqdarında müavinət, vəzifə maaşının 15 %-i miqdarında pul ödənişi və qulluq stajına görə əlavəyə əsasən pensiya təyin edilməsi üçün dövlət məvacibi həcmində ödənilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanması və yaşının çoxluğunu və xəstəliyini nəzərə alaraq istisna hal kimi ona çatacaq 32898,00 manat pul vəsaitinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 60 ildən artıq ümumi, o cümlədən 18 il 2 ay dövlət qulluğu stajı mövcuddur. İxtisasca jurnalistdir, ixtisasına uyğun olaraq bir sıra mühüm vəzifələrdə işləmiş, YAP-nin Tərtər rayon təşkilatının, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatıdır. xx.xx.2005-ci ildə ona dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, lakin pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları” rəhbər tutulmamış, bu qanunların tələbləri bilərəkdən pozulmuşdur. Belə ki, Qanunvericilik aktlarında aydın şəkildə qeyd olunmuşdur ki, pensiyanın məbləği pensiyaya çıxanın dövlət qulluğu stajından və həmin vəzifədə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibindən asılı olaraq müəyyən edilir. Yuxarıda göstərilən şərtlərin nəzərə alınmamasının nəticəsidir ki, ona pensiya hesablanarkən xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək olan 51 ay ərzində cəmi 14484 manat, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi cəmi 18 ay ərzində 5513 manat, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan 26 ay ərzində 11076 manat, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan 5 ay ərzində 1825 manat pul vəsaiti olmaqla ümumilikdə 32898.00 manat alacağı pensiya puluna daxil edilməmişdir. Bu fakt aşağıdakı hesablamalarla öz təsdiqini tapır. Əsas vəzifə maaşı - 735 manat, dövlət qulluğu stajına görə 30% əlavə 220 manat, vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə - 245 manat, Prezidentin təyin etdiyi 15% əlavə 110 manat 25 qəpik, cəmi dövlət məvacibi 1310 manat 25 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1048 manat, faktiki ödənilib 764 manat , yəni hər ay üçün 284 manat az ödənilib. Bu 284 manat az ödənilmə xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək olan dövrü, yəni 51 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 51 ayda ona 14484 manat (51 ay x 284 man = 14484 manat) az pul ödənilmişdir. xx.xx.2018-ci ildən sonrakı dövrdə artımlar belə olmuşdur: əsas vəzifə maaşı 810 manat - dövlət qulluğu stajına görə 30% əlavə 243 manat, vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə - 270 manat, Prezidentin təyin etdiyi 15% əlavə 121 manat 50 qəpik, cəmi dövlət məvacibi 1444 manat 50 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1129.00 manat, faktiki ödənilib 822 manat, yəni hər ay üçün 306.50 manat az ödənilmişdir. Bu 306.50 manat az ödənilmə xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövrü, yəni 18 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 18 ayda mənə 5513 manat (18 ay x 306.50 man = 5513 manat) az pul ödənilib. xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan müddətdə artımlar belə olmuşdur əsas vəzifə maaşı 1215 manat - dövlət qulluğu stajına görə 30% əlavə 364 manat 50 qəpik - vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə - 408 manat - prezidentin təyin etdiyi 15% əlavə 182 manat 25 qəpik, cəmi dövlət məvacibi 2166 manat 75 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1561.50 manat, faktiki ödənilib 1135 manat, yəni hər ay üçün 426 manat az ödənilmişdir. Bu 426 manat az ödənilmə xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrü, yəni 26 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 26 ayda ona 11076 manat (26 ay x 426 man = 11076 manat) az pul ödənilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022 olan müddətdə artımlar belə olmuşdur: Əsas vəzifə maaşı 1215 manat, dövlət qulluğu stajına görə 30% əlavə 364 manat 50 qəpik, vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə 408 manat, Prezidentin təyin etdiyi 15% əlavə 182 manat 25 qəpik cəmi dövlət məvacibi 2166 manat 75 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1561 manat 60 qəpik. Faktiki ödənilib 1196 manat 60 qəpik, yəni hər ay üçün 365 manat az ödənilmişdir. Bu 365 manat az ödənilmə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövrü, yəni 5 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 5 ayda ona 1825 manat (5 ay x 365 man = 1825 manat) az pul ödənilmişdir. Pensiya təyin olunandan bu günədək cəmi 32898.00 manat az pensiya ödənilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. O, dövlət qulluqçusu kim pensiyanın düzgün hesablanması barədə dəfələrlə cavabdehə müraciət etsə də, həmişə verilən cavablarda onu maraqlandıran məsələyə toxunulmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-57/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 735,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 220,50 manat olmaqla orta aylıq əmək haqqı 955,50 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 18 il 2 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (955,50 manat) 80 faizi - 764,40 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar adıçəkilən şəxsin 18 il 2 ay dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59,5 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 810,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 243,00 manat olmaqla orta aylıq əmək haqqı 1053,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (955,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1053,00 manat) arasındakı fərq məbləğinin (97,50 manat) 59,5 faizi - 58,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (764,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 822,41 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1215,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 364,5 manat olmaqla orta aylıq əmək haqqı 1579,5 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1053,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1579,50 manat) arasındakı fərq məbləğinin (526,50 manat) 59,50 faizi-313,27 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (822,41 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1135,68 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür.” Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1545 nömrəli rəyindən müəyyən olunur ki, İddiaçı dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1215,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 364,50 manat olmaqla orta aylıq əmək haqqı 1579,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1053,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1579,50 manat) arasındakı fərq məbləğinin (526,50 manat) 59,50 faizi - 313,27 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (822,41 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1135,68 manat müəyyən edilərək müvafiq kart hesabına köçürüldüyü müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının əmək pensiya düzgün hesablanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın əsaslandığı qanunları və normativ hüquqi aktları bilərəkdən və ya bilmədən gözardı etmiş, qərarın əsaslandırma hissəsində “Əmək pensiyaları haqqında” Qanunun iddianın məzmununa aid olmayan maddələrinə, eləcə də uyğun olmayan hüquqi aktlara istinad etmiş, cavabdehin təqdim etdiyi əsassız və qanunsuz müddəalarını əsas götürmüş və bununla da səhv nəticəyə gəlmişdir. Qeyd edir ki, əsaslandırma hissəsində qeyd edilənlər tərəfindən mübahisələndirilmir. İddiada mübahisələndirilən dövlət məvacibinin tərkibində 3 mükafat və 1 müavinətin, 15 faizlik pul əlavəsinin bilərəkdən qanunsuz olaraq nəzərə alınmamasıdır ki, qərarda bu xüsuslara toxunulmur, əsaslandırma hissəsində adı belə çəkilmir. Məhkəməmin istinad etdiyi ekspert rəyi son dərəcədə qüsurludur. Belə ki, rəy natamam və aydın deyildir. Ciddi qanunsuzluğa yol verilmişdir. Ekspert özünün də qeyd etdiyi kimi ekspertizaya maraqlı tərəfin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın mütəxəssisi ilə birgə araşdırmış, ekspert yalnız cavabdehin verdiyi arayışın müddəalarını rəyə qeyd etməklə kifayətlənmiş, heç bir nəticəyə gəlməmiş, qoyulan suallara cavab verməmişdir. Bu isə son dərəcə qanunsuz və tərəfsizlikdən uzaqdır. Bununla əlaqədar məhkəmə baxışından xeyli əvvəl göndərdiyi ekspert rəyinə etiraz və eləcə də məhkəmə baxışı zamanı edilən etiraz müzakirə belə edilmədi. Qanunvericilik dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və ya onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan və ya artan əlavələri nəzərə almaqla pensiyanın yenidən hesablanmasını mümkün və zəruri hesab etmişdir ki, bununla da müxtəlif vaxtlarda olsa da eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatında bərabərliyə nail olunmuşdur. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Qanunun 37.7 maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətdən asılı olmayaraq tam ödənilir. Digər tərəfdən hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə və hazırda eyni vəzifədə işləyən dövlət qulluqçusuna il ərzində 3 mükafat verilməsi fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin artmasına səbəb olduğundan "Dövlət qulluğu haqqında" Qanunun 23.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləğinin artıma müvafiq olaraq, pensiya hüququ yarandığı tarixdən, 04 noyabr 2005-ci il tarixindən yenidən hesablanaraq yaranmış fərq ödənilməlidir. Digər tərəfdən cavabdehin qanunsuz hərəkətləri, qanunvericilik normalarını bilərəkdən tətbiq etməməklə pensiyanın məbləğinin düzgün hesablanmaması nəticəsində xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək olan 51 ay ərzində 14484 manat, xx.xx.2018-ci ildən xx.xx.2019cu ilə kimi 18 ay ərzində 5513 manat, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək 26 ay ərzində 11076 manat, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 5 ay ərzində 1825 manat olmaqla ümumilikdə iddia gününə kimi cəmi 32898 manat az ödənilmiş bununla iddiaçıya külli miqdarda zərər vurulmuşdur və zərəin vurulması bu günə qədər davam edir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normaları təsdiq edir ki, ona pensiya təyin edilərkən fəaliyyətdə olan dövlət qulluqçusun vəzifə maaşı, 3 aylıq vəzifə maaşı miqdarında mükafatlar, 1 aylıq vəzifə maaşı miqdarında müavinət, qulluq stajına görə əlavə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş vəzifə maaşının 15 faizi məbləğində əlavə əsasında dövlət məvacibi müəyyən edilməli və onun 80 faizi miqdarında pensiya məbləği təyin edilməli idi. Lakin cavabdeh bilərəkdən bu qanunvericilik normalarını pozaraq qanunsuzluğa yol vermişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanunun:- 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər;
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1.1. xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur.
xx.xx.2017-ci il tarixinədək qüvvədə olan «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçıya 04 sentyabr 2005-ci il tarixdə Fondun Tərtər rayonu şöbəsi tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, müraciətə əsasən cavabdeh tərəfindən iddiaçıya 1997,08 manat fərq məbləğinin 2021-ci ilin noyabr ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla edilərək müvafiq kart hesabına ödənildiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il 1 iyul tarixədək Qanunun 20-ci maddəsində nəzərdə nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin 1 iyul tarixinə azaldılmamaqla ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il 1 iyul tarixədək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin dövlət qulluğu dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq satjına görə əlavə Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minumum qulluq stajına görə (15 il) əsasən götürülür. Bu zaman minumum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 18 il 2 ay 18 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59,5 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Repsublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əməkhaqqısı -1053,00 manat (vəzifə maaşı-810,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə-243,00 manat) təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (955,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1053,00 manat) arasındakı fərq məbləğinin (97,50 manat) 59,5 faizi - 58,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (764,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 822,41 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1215,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 364,5 manat olmaqla orta aylıq əmək haqqı 1579,5 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1053,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1579,50 manat) arasındakı fərq məbləğinin (526,50 manat) 59,50 faizi-313,27 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (822,41 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1135,68 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür.” Həmçinin birinci instansiya məhkəmə tərəfindən iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi əldə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/1545 nömrəli ekspert rəyindən də görünür ki, İddiaçı dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1215,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 364,50 manat olmaqla orta aylıq əmək haqqı 1579,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1053,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1579,50 manat) arasındakı fərq məbləğinin (526,50 manat) 59,50 faizi - 313,27 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (822,41 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1135,68 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. Qeyd olunanlardan görünür ki, iddiaçıya pensiya hesablanması zamanı cavabdeh qanunvericiliyin tələblərinə əməl etmişdir və birinci instansiyası məhkəməsi də haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-57/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.