Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-141/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi ilə, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, üçüncü şəxslər X11 və X3 iştirakları ilə, “reyestr qeydinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2340/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 və 0.1578 ha torpaq sahəsinə dair X11, X12 və X3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-Q-003435/24 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahəsinə dair X5 və digər ailə üzvlərinin adına verilmiş xx.xx.2023-cü il tarixli **********/ ********** qeydiyyat və **********54, **********55 reyestr nömrəli çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir.
2. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 91 nömrəli qərarı ilə kəndin ərazisində yerləşən 1.95 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X8 və ailə üzvləri X9, X11, X7 verilmiş, bu barədə xx.xx.2002-ci il tarixli JN-480 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Torpaq sahəsi 2841,09 kv.m, 1578,02 kv.m və 15106,04 kv.m olmaqla 3 sahədə verilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********54 reyestr nömrəli 0.2841 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X11, X12 və X3 adına qeydə alınmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********55 reyestr nömrəli 0.1578 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X11, X12 və X3 adına qeydə alınmışdır.
5. Reyestrdə 4Ə-02-214 nömrəsi ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11, X12 və X8 tərəfindən xx.xx.2013-cü il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli, Seriya RX 0248258, ******* və ******* olan çıxarışlar əsasında onlara məxsus olan Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha, 0.1578 ha və 1.5106 ha torpaq sahələri İddiaçı satılmışdır. X1, X12 və X3 adından xx.xx.2013-cü il tarixli, 7E-04- 2847 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X22, İddiaçı adından isə xx.xx.2012-ci il tarixli, 7E-13-11237 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X19 bağlamışdır.
6. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********54 reyestr nömrəli 0.2841 ha torpaq sahəsi üzərində X11, X12 və X3 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə B № 188757 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.
7. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Xuluf kəndində yerləşən **********55 reyestr nömrəli 0.1578 ha torpaq sahəsi üzərində X11, X12 və X3 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə B № 188756 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.
8. İddiaçı xx.xx.2013-cü il tarixdə 4Ə-214 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin qüvvədə olub-olmaması barədə Şəmkir rayonu 1 saylı notariat ofisinə müraciət etmiş, sonuncunun xx.xx.2023-cü il tarixli, 2223 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariusa məlumat daxil olmamışdır.
9. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, 3-21-3-4012- 958/24 nömrəli arayışlara əsasən Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.1578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11, X12 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 12 sentyabr 2013-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsinə yuxarıda qeyd edilən mülkiyyətçilərin adlarına təkrarən 28 oktyabr 2023-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11, X12 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 12 sentyabr 2013-cü il tarixli, **********54 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsinə yuxarıda qeyd edilən mülkiyyətçilərin adlarına təkrarən 28 oktyabr 2023-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir.
10. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Xuluf kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-76-46/2-18/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şəmkir rayon Xuluf kəndində yerləşən **********54 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.2841 ha torpaq sahəsini uzun müddətdir kənd sakini X4 istifadə etmiş və hal-hazırda həmin torpaq sahəsini kənd sakini X10 istifadə edir. Həmçinin, **********55 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.1578 ha torpaq sahəsini uzun müddətdir ki, kənd sakini X23 istifadə edir.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X12 və X8) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestrində Şəmkir rayonu Xuluf kəndində yerləşən 0.2841 ha torpaq sahəsinə dair X5, X6 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********54 nömrəli reyestr qeydinin və 0.1578 ha torpaq sahəsinə dair X5, X6 və X3 adına aparılmış xx.xx.2023-cü il tarixli, **********55 nömrəli reyestr qeydinin ləğv edilməsi, vəkil xidmət haqqı olaraq ödənilmiş 500 (beş yüz) manat xərcin üçüncü şəxslərdən tutularaq iddiaçıya ödənilməsi və üçüncü şəxslərin etdikləri qanunsuz hərəkətlərə görə barələrində xüsusi qərardad çıxarlaraq Şəmkir rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon 1 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-02- 214 saylı alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Xuluf kəndində yaşayan X11, X12 və X2 rayonu Xuluf kəndində yerləşən xx.xx.2013-cü il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli, Seriya RX 0248258, ******* və ******* olan çıxarışlar əsasında onların mülkiyyətində olan 0.2841 ha, 0.1578 ha və 1.5106 ha torpaq sahəsini iddiaçıya satmışlar. Həmin tarixdən hazırkı vaxta kimi həmin torpaq sahələri iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahələrindən 1.5106 ha torpaq sahəsinə dair öz adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Digər torpaq sahələrinə dair isə hələ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almamışdır. 2023-cü ilin sonlarında satın aldığı digər, yəni 0.2841 ha və 0.1578 ha torpaq sahələrinə dair çıxarış almaq üçün cavabdehə müraciət etdikdə bildirilmişdir ki, Şəmkir rayonu Xuluf kəndində yerləşən torpaq sahələrinə dair təqdim etdiyi xx.xx.2013-cü il tarixli, 40-02-214 saylı alqı-satqı müqaviləsində qeyd olunan torpaq sahələrinə dair X11, X12 və X8 ümumi birgə qaydada xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********55 reyestr nömrəli "Çıxarış"lar almışlar. Ona görə də torpaq sahəsinə çıxarış almaq barədə iddiaçının ərizəsinin icrası mümkün olmamış və ərizənin icrasından imtina edilmişdir. İddiaçı qeyd olunan çıxarışların ləğv edilməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, cavabdeh çıxarışların ləğv edilməsinin onun səlahiyyəti xaricində olduğunu və aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Göründüyü kimi, üçüncü şəxslər qanunsuz olaraq alqı-satqı müqaviləsinə əsasən iddiaçının satın aldığı torpaq sahələrinə yenidən elektron çıxarış almışlar. Bu səbəbdən də üçüncü şəxslərin adlarına verilmiş xx.xx.2023-cü il tarixli, **********54 nömrəli reyestr qeydi və xx.xx.2023- cü il tarixli, **********55 nömrəli reyestr qeydi ləğv edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni sahibliyində olan torpaq sahələri üzərində mülkiyyət hüquqları başqa şəxslərin adına qeydiyyata alınmışdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2340/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı zaman, artıq həmin torpaq sahəsi iddiaçıya satılmışdı və sonuncunun torpaq sahəsinə mülkiyyət hüququnun tərkib hissələri olan sahiblik və istifadə hüququ mövcud idi. Mübahisə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın əsassız olması ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
15. Üçüncü şəxs X11 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər tərəfindən iddiaçıya yalnız bir torpaq sahəsi satılmış, iddiaçı isə qanunsuz şəkildə digər iki torpaq sahəsini də almış, 11 il sonra həmin torpaq sahələrinə çıxarış almaq istəmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər, əlavə olaraq bildirdilər ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi tərəflərindən mübahisələndirilməmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, satılan torpaq sahəsi 3 ədəd olsa da iddiaçı yalnız birinə çıxarış almış, sonradan hazırki torpaq sahələri üzrə qeydiyyatın aparılması ilə bağlı müraciət etsə də üçüncü şəxslərin adlarına elektron çıxarış və plan-ölçü sənədi verildiyindən hüquqların qeydə alınmasının mümkün olmaması bildirilmişdir.
20. İş üzrə cavabdehə hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasınıən Mülki Məcəlləsi: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
25. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»: 3.0. Xidmətə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.2. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmiş; 3.0.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; 3.0.4. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək.
26. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşin hallarından müəyyən olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 91 nömrəli qərarı ilə kəndin ərazisində yerləşən 2841,09 kv.m, 1578,02 kv.m və 15106,04 kv.m olmaqla 1.95 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X8 və ailə üzvləri X9, X11, X7 verilmiş, bu barədə xx.xx.2002-ci il tarixli JN-480 KOD 50411018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlarla Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841, 0.1578 və 1.5106 ha torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixdə X11, X12 və X3 adına qeydə alınmış, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11, X12 və X2 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 91 nömrəli qərarı ilə onlara verilmiş Şəmkir rayonu, Keçili kəndində yerləşən 2841,09 kv.m, 1578,02 kv.m və 15106,04 kv.m olmaqla 1.95 ha torpaq sahəsini İddiaçı satmışlar.
30. İddiaçı ona satılmış 3 müxtəlif torpaq sahəsindən birini- 1.5106 ha torpaq sahəsini öz adına rəsmiləşdirmiş, digər ikisini rəsmiləşdirməmiş, həmin torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdehə müraciət etsə də, sonuncu tərəfindən bildirilmişdir ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.1578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11, X12 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 12 sentyabr 2013-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsinə yuxarıda qeyd edilən mülkiyyətçilərin adlarına təkrarən 28 oktyabr 2023-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X11, X12 və X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə 12 sentyabr 2013-cü il tarixli, **********54 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsinə yuxarıda qeyd edilən mülkiyyətçilərin adlarına təkrarən 28 oktyabr 2023-cü il tarixli, **********55 reyestr nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir.
31. Bundan sonra iddiaçı Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.2841 və 0.1578 ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışın ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-Q- 003435/24 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahəsinə dair X5 və digər ailə üzvlərinin adına verilmiş xx.xx.2023-cü il tarixli **********/********** qeydiyyat və **********54, **********55 reyestr nömrəli çıxarışın ləğv edilməsi cavabdehin səlahiyyətləri xaricindədir.
32. Məhkəmə kollegiyası iddianın əsaslı hesab edilərək təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mübahisə predmeti olan 0.2841 ha və 0.1578 ha torpaq sahələrinin iddiaçıya satılmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-241 reyestr nömrəli alqı-satqı müqaviləsinin qüvvədə olmasına baxmayaraq, həmin torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına qeydiyyata alınmışdır.
33. Göründüyü kimi, mübahisəli torpaq sahələri xx.xx.2013-cü il tarixində üçüncü şəxslər tərəfindən iddiaçıya satılsa da, üçüncü şəxslər həmin torpaq sahələrinə dair 2023cü ildə yeni elektron çıxarış almışlar.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaransa da, sahiblik və istifadə hüququ üçüncü şəxslərlə alqı-satqı müqaviləsi bağlandığı andan yaranmış və faktiki olaraq da sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur.
35. Hazırda iddia tələbi ilə ləğv edilməsi tələb olunan reyestr qeydləri aparıldığı zaman həmin torpaq sahələri iddiaçıya satılmışdı və sonuncunun torpaq sahəsinə mülkiyyət hüququnun tərkib hissələri olan sahiblik və istifadə hüququ mövcud idi.
36. Mübahisələndirilən torpaq sahələrinin iddiaçıya satılması barədə alqı-satqı müqaviləsi mövcuddur və qüvvədədir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı hazırki vəziyyətdə həmin torpaq sahəsindən sahiblik və istifadə hüquqlarına malikdir, mülkiyyət hüququnun digər hissəsi olan sərəncam hüququnu isə üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olduğu üçün həyata keçirə bilmir. Belə olan halda o nəticəyə gəlinir ki, cavabdeh orqan alqı-satqı müqaviləsinin qüvvədə olduğu halda mübahisəli torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına qeydiyyata alaraq bu barədə onlara müvafiq çıxarışlar verməkdə haqlı olmamış və iddiaçının əmlak hüquqlarını pozmuşdur.
37. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2340/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov