Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-142/2025 25.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, «ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-320/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə etdiyi müraciətə sonuncunun xx.xx.2023-cü il tarixli 3-17-4/2-A4655/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün o, Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmusunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, onun hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Oynaqların kontrakturası, Sağ-qamış sümüvünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası" diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na və ağırlaşması əlilliyin təyininə əsas uyğun olaraq xx.xx.2022-ci il tarixindən "Diaqnoz əlillik təyin etmir" qərarı verilmişdir.
İşdə olan sənədlər:
2. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1987-ci il tarixli 833 nömrəli qərarına əsasən İddiaçı “Sağ qamış sümüyünün içəri kondilusunun oynaqdaxili hissələrinin yerdəyişməsi ilə sınığından sonra sağ diz oynağının kombinə olunmuş kontrakturası. Konsolidə olunmuş sınıq. Ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
3. Ambulator, stasionar xəstənin tibb kartasından 2144/1075 nömrəli və 1698/614 nömrəli çıxarışlardan görünür ki, İddiaçı “Sağ qamış sümüyünün travmatik sınığından sonra diz oynağının kontrakturası, ağrılar və yerişin pozulması” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Akademik Z.Məmmədov adına X9 Xəstəxanasında stanionar müalicədə olmuşdur.
4. DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-40288/2024 nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışları ilə müəyyən olunur ki, İddiaçı ilkin olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2014cü il tarixədək 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçı əlillik vəziyyətinə X6 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif – Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20- M25 – Oynaqların digər zədələnmələri => M24 – Oynaqların digər spesifik zədələnmələri; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir.
6. X6 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişində (Forma 88) İddiaçı barəsində əsas diaqnoz:- “M24.5 Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması”, Ağırlaşmalar:- “R26 Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəksin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” və “R52.1 Müalicəyə tabe olmayan daimi ağrı sindromu”, Yanaşı xəstəliklər:- “F48.0 Nevrasteniya” kimi müəyyənləşdirilmişdir. Göndərişdə Rengenoqrafiyanın nəticəsi “null, Döş qəfəsinin R/skopiyasında – Ağ ciyərin bronx şəkili güclənib. Ağ ciyər kökü sərtləşib. Sinuslar sərbəstdir. Sağ diz oynağının R/qrammasında-sümük tamlığı pozulmuşdur, böyük qamış sümüyünün metaepifizinin köhnə bitişmiş sınığı, oynaq səthinin sklerozlaşması, oynaq yarığının daralması qeyd olunur, oynaq arası hündürlük qalınlaşıb. Nəticə: sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı, sağ diz oynağının kontrakturası və artrozu” kimi qeyd edilmişdir.
7. İddiaçı Lətif oğlunun hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə etdiyi müraciətə sonuncunun xx.xx.2023-cü il tarixli 3-17-4/2-A7378/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, onun hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Hazırda səhhətidə ağırlaşma əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər.
8. Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli Maqnit rezonans görüntüləmə müayinəsinin protokolunda müayinənin nəticəsi “Hər iki beyin hemisferi subkortikal, periventikulyar dərin ağ maddədə, sentrum semiovalelərdə çox sayda T2, FLAİR hiperintens xroniki mikroangiopmatik işemik qlioz ocaqlar və peritriqonal sahələrdə zəif intensivlikdə leukoaraisosis sahələri (Fazekas grade 2). Sağ alın payında xroniki dövr lakunar işemik insulta aid ətrafında qlioz sahəsi olan subsantimetrik ölçüdə kistik ensefalomalaziya sahəsi izlənilir. Sol alın pay sentrum semiovaledə 5x4 mm ölçüdə yarımkəskin dövr işemiş insut sahəsi” kimi qeyd edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-274487/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən xx.xx.2021-ci il tarixdən adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığı üçün həmin tarixdən pensiyanın ödənişi dayandırılmışdır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-44135/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 202433 nömrəli pensiyaçının uçot vərəqinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-62286/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işi materiallarına əsasən ona xx.xx.1987-ci il tarixdindən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.1995-ci il tarixədək ödənilmişdir. Həmçinin, 202433 nömrəli pensiyaçının uçot vərəqinə əsasən adıçəkilən şəxsə xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Əlavə olaraq, pensiya işi materiallarında vətəndaşın xx.xx.1995-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək əlilliyi və ya əlilliyə görə pensiya alıb-almaması ilə bağlı məlumat aşkar edilməmişdir.
12. “Məhkəmə Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T419/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Gəncə Akad. Z.Məmmədov adına Xəstəxananın poliklinika şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0495003AAMSV saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş "Əsas xəstəlik: M24.5-Oynaqların kontrakturası. Sağ qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması. Ağırlaşmalar: R26- Hərəkətin və yerişin pozulmaları. Sağ ayağın kəskin funksiya pozulması, yeriş funksiyasının pozulması ilə. R52.1- Müalicəyə tabe olmayan daimi ağrı sindromu" diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Qərardadın 2-ci bəndində sualda göstərilən diaqnozla yuxarıda qeyd edilən diaqnoz ümumən eynilik təşkil etsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər (aşağı ətraflarda reflekslər canlı, əzələ gücü 4,5 bal və tonusu dəyişiksiz, diz oynağında hərəkətlər aktiv, tam müəyyən edilmiş, eyni zamanda radikulopatiya əlamətləri izlənməmiş, əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası müəyyən edilməmişdir) əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi.
13. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-10550/2025 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-2872/2025 nömrəli qərardan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ikinci qrup əlil olaraq ona Prezident təqaüdünün verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi, 2-ci qrup əlilliyinin və Prezident təqaüdünün verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1967-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Hal-hazırda Gəncə şəhərində məskunlaşmışdır, ailəlidir, 3 övladı var. O, 1985-ci ildə Daşkəsən Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə yollanmış, X1 şəhərində 6 ay hərbi təlim keçdikdən sonra 1986-cı ildə Əfqanistana yollanılaraq, 1 il 2 ay gedən döyüşlərdə iştirak etmiş, terror hücumu zamanı təcili yerdəyişmə edərkən yüksək qayalıqlardan yıxılmış, həmin zaman ağır bədən xəsarətləri alaraq "sağ qamış sümüyünün travmatik sınığı, diz oynaqlarının kontrakturası və yerişin pozulması", həmçinin sinir əsəb dioqnostikası ilə hərbi xidmətə yararsız hesab olunaraq hərbi xidmətdən təxris olunmuşdur. Onun ambulator, stasionar tibbi kitabçasından çıxarışdan da görmək olar ki, bu günə kimi müayinə və müaliəsi ardıcıl olaraq davam etdirilir. Sonuncu dəfə sinir pozuntusu ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə X7 Xəstəxanasında müayinə olunan zaman "sol alın pay sentrum semiovaldə 5x4 mm ölçüdə yarımkəskin dövr işemik insult sahəsi" aşkarlanmışdır. Komissiya tərəfindən hərbi xidmətə yararsız, əmək qabiliyyətsiz olmağı haqqında qərar verilmiş və o, 2008-ci ildən 2-ci qrup əlili kimi pensiya çıxarılmışdır. Lakin ona pensiya verilişi 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmışdır. Bununla əlaqədar olaraq o, aidiyyatı üzrə müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə olunduqdan sonra xx.xx.2022-ci il tarixli diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi haqqında qərar yanlış qəbul olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair imtinası xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Ailəsi çox kasıb yaşayır, ailəsinin yeganə gəlir mənbəyi onun aldığı pensiyadır. Az təminatlı ailə olaraq onların başqa yerdən gəlir mənbələri yoxdur. Hal-hazırda özü isə sinir və psixotrap dərmanlardan mütəmadi olaraq istifadə edir. Təkrar müayinəsi üçün dəfələrlə rəsmi qaydada aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, onun yenidən təkrar müayinə olunmağından dolayı yollarla imtina edilmişdir.
16. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 37 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Gəncə şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAMSV nömrəli göndərişi qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı SSRİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1987-ci il tarixli 833 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ qamış sümüyünün içəri kondilusunun oynaq daxili, hissələrinin yerdəyişməsi ilə sınığından sonra sağ diz oynağının kombinə olunmuş kontrakturası. Konsolidə olunmuş sınıq. Ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ dizindəki hərəki məhdudluqdan şiakyətlənmiş, aşağı ətraflarda reflekslər canlı, əzələ gücü ~4,5 bal və tonusu dəyişiksiz, diz oynağında hərəkətlər aktiv, tam müəyyən edilmişdir. Eyni zamanda paravertebral nöqtələr ağrılı, Lassek və Neri simptomları müsbət, radikulopatiya əlamətləri izlənilmişdir. Hazırda əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı müddətsiz 2-ci dərəcə əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmiş, daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-320/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən etibarən fasiləsiz olaraq 13 il ikinci dərəcə əlilliyin təyin olunması iş materialları ilə təsdiq olunur. Həmçinin ona sonuncu göndərişdə qoyulmuş diaqnozun əvvəllər əlillik təyinatı üçün əsas olmuş diaqnozla eyni olması, hətta ağırlaşma hallarının olması müəyyən edilir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi lazımi qaydada araşdırmayaraq ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən ona əlillik təyin edilməsinin zəruriliyini vurğulamış, halbuki ekspert rəyi ilə obyektiv həqiqəti aşkar etmək mümkün olmamışdır. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxarmışdır. Sözügedən hal İddiaçı əyani müayinəsi zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97 və 98-ci maddələrinə əsasən məhkəmə mütləq həqiqəti tapmaq üçün məhkəmə tibbi ekspertizanın təyin etməli olduğu halda təyin etməmiş, inzibati oqranın diskresion səlahiyyətini mənimsəmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. İddiaçının apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazın məzmunu birinci instansiya məhkəməsinin qərarının məzmunu ilə eynilik təşkil edir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətində qeyd edilməsə də iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halında da hüquqi qiymət verilməsini, bu əsasla iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işdə olan sənədlərdən də məlum olduğu kimi 2008-ci ildən ona əlillik təyin olunmuşdur və illərdir xəstəlikdən əziyyət çəkir.
25. İddiaçı hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.1.10. Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr - R25- R29 6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları – 65-80% - 2 il;
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
29. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin hallarından məlum olur ki, ilkin olaraq hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixdək 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixli müayinə zamanı göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq xx.xx.2022-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********1 nömrəli qərar qəbul edilmişdir.
32. İşdə olan xx.xx.2021-ci il tarixli müayinə nəticəsinə əsasən İddiaçı “Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması” (X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 – Oynaqların digər zədələnmələri => M24 – Oynaqların digər spesifik zədələnmələri) diaqnozu ilə göndərişin natamam doldurulması (mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun) səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
33. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası” (Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 – Oynaqların digər zədələnmələri => M24 – Oynaqların digər spesifik zədələnmələri => ...) diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
34. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı ilə iddiaçının müayinəsi nəticəsində «Dioqnoz əlillik əlaməti təyin etmir» barədə qərar qəbul edilmişdir.
35. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə “Oynaqların kontrakturası, Sağ qamış sümüyünün tarvmatik sınığından sonrakı diz oynağının kontrakturası” diaqnozunun əlillik təyinatına əsas verib-verməməsinin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə 1 (bir) aylıq müddət təyin edilmiş, bundan sonra iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-2872/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş diaqnozlar tam nəzərə alınmadan əlillik təyinatından imtina edilmişdir. Belə ki, xx.xx.2021ci il tarixli müayinə nəticəsində iddiaçıya ağırlaşma olaraq təyin edilmiş diaqnoz “R26 – Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəskin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” qeyd edilmişdir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10-cu bəndinə əsasən, “Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr (R25- R29)” əlillik təyinatına əsas verən diaqnoz kimi nəzərdə tutulmuşdur.
38. Adı çəkilən Meyarların 6.1.10. Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr - R25-R29 6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları – 65-80% - 2 il.
39. Əlillik vəziyyətinin müayinə nəticələrinə əsasən iddiaçıya ağırlaşma olaraq təyin edilmiş diaqnoz “R26 – Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəskin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” qeyd edilmişdir. Gönründüyü kimi iddiaçının müayinəsi zamanı onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan diaqnozlarla üstü-üstə düşür.
40. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin məzmunundan göründüyü kimi, tibbi göstəriş olan xüsusi hallarda, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda və əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda ikinci dərəcəli əlillik müddətsiz təyin edilir.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda əlavə edilmiş 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
42. 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
44. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
45. Yuxarıda qeyd olunan normaların məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir.
46. İş materiallarında olan sənədlərə əsasən cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdən etibarən 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdən etibarən isə fasiləsiz olaraq 13 il müddətinə ikinci dərəcə əlillik təyin olunması təsdiq edilir. Belə olan halda “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əsasən ona müddətsiz əlillik təyin edilməsi qanuni və əsaslıdır.
47. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.
48. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur
49. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər
51. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
52. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
53. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya məhz cavabdeh orqan tərəfindən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 ildən çox müddətə (13 il) təyin olunduğundan və ağırlaşma olaraq təyin edilmiş diaqnoz - “R26 – Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəskin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan diaqnozlarla üstü-üstə düşdüyündən, həmçinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq ekspertiza keçirildiyindən şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində yenidən ekspert tədqiqatı ilə araşdırılmanın aparılması zərurəti aradan qalxmışdır.
54. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
55. Apellyasiya şikayətinin dəlillərində iddia müddətinə riayət edilməməsi ilə bağlı hər hansı bir qeyd olmasa da, nümayəndə məhkəmə iclasında bu məsələnin araşdırılmasının zəruri olduğunu bildirdiyindən bu istiqamətdə müvafiq sorğular göndərilmişdir. Məhkəməyə daxil olmuş sənədlərdən məlum olur ki, iddiaçıya mübahisələnidirilən imtinanın SMS və ya post vasitəsilə rəsmi çatdırılmasına dair heç bir sübut mövcud deyildir.
56. İnzibati orqan iddiaçıya xx.xx.2023-cü il tarixli məktub vasitəsilə məlumat verilməsini qeyd etsə də həmin məktubun çatdırılmasını sübut edən sənədi məhkəməyə təqdim etməmişdir (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025ci il tarixli, 3-17-4/2-16304/2025 saylı məktubu).
57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil də formal xarakter dayışır və apellyasiya şikayətinin təmin edilməsinə əsas yaratmır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-320/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov