Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-144/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1718/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16 mart 2022-ci il tarixli, **********3 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında” məktubunda qeyd edilir ki, iddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 8 il 3 ay 12 gün təşkil etmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Habelə, əmək kitabçasında qeyd olunan xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, Fondun 1 saylı Qazax-Tovuz regional filialının sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinq nəticəsinə əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayonu 1 nömrəli toxumçuluq sovxozunun əmək haqqına dair şəxsi hesabın kitablarında iddiaçının adı qeyd olunmamışdır. 2.xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayonu 1 saylı toxuculuq sovxozunda işlədiyi dövr əmək kitabçasında öz əksini tapmışdır. 3.Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk peşə-təhsil müəssisəsi, Tovuz peşə liseyi tərəfindən verilmiş arayışda İddiaçı 1980-1986-cı illərdə sabiq 155 saylı peşə məkəbində işlədiyi qeyd edilmişdir. 4.Tovuz rayonu Dövlət arxivinin 48 nömrəli, 04 aprel 2022-ci il tarixli arxiv arayışında İddiaçı 1 nömrəli alakol toxumçuluq sovxozunda 1987-1997-ci illər üzrə işləyib əmək haqqı almasına dair cədvəl qeyd edilmişdir. 5.Tovuz rayonu Dövlət arxivinin 91 nömrəli, 07 iyun 2022-ci il tarixli arxiv arayışında 1 saylı Alakol toxumçuluq sovxozunun Tovuz rayonu dövlət arxivində mühafizə olunan sənədlərində vətəndaş İddiaçı 1 saylı Alakol toxumçuluq sovxozunun 01 noyabr 1986-cı il tarixli 195 nömrəli əmri ilə sovxozun 5 saylı briqadasına fəhlə qəbul edilmiş, 06 fevral 1987-cı il tarixdə 27 saylı əmrlə müvəqqəti olaraq sovxozda toxum anbardarı vəzifəsinə təyin edilməsi göstərilmişdir. Habelə, qeyd kimi bildirilmişdir ki, müəssisənin 30 dekabr 1997-ci il tarixdən sonrakı sənədləri Tovuz rayonu dövlət arxivinə təhvil verilmədiyinə görə vətəndaşın işdən azad edilməsinə dair əmrini yazmaq mümkün olmamışdır. 6.Dövlət Statistika Komitəsinin Tovuz rayon statistika idarəsinin 30 dekabr 2022-ci il tarixli, 119 nömrəli məktubunda qeyd olunur ki, Tovuz rayonu toxumçuluq sovxozu 1986- 2008-ci illərdə fəaliyyət göstərmişdir. 2009-cu ildən müəssisənin balansında KTN tabeliyində olan "xxxx" MMC yaradılıb və 2018-ci ilədək fəaliyyət göstərmişdir. 7.Tovuz rayonu Dövlət arxivinin 03 nömrəli, 09 yanvar 2023-cü il tarixli arxiv arayışından İddiaçı 1 nömrəli Alakol toxumçuluq sovxozunun 01 noyabr 1986-cı il tarixli, 195 nömrəli əmri ilə sovxozun 5 nömrəli briqadasına fəhlə qəbul edildiyini, 06 fevral 1987ci il tarixdə, 27 nömrəli əmrlə müvəqqəti olaraq sovxoza toxum anbardarı vəzifəsinə təyin edildiyi qeyd edilmiş, bununla bağlı 01 noyabr 1986-cı il tarixli, 195 nömrəli əmrin surəti arayışa əlavə edilmişdir. 8.Dövlət Vergilər Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 10 fevral 2023-cü il tarixli, **********570300 nömrəli məktubunda "xxxx" MMC-nin (ləğv prosesindədir, VÖEN **********) hüququ ünvanı kimi ünvan 1üfat Nazirliyinin 16 fevral 2023-cü il tarixli, 3-22/2- 400/2023 nömrəli məktubunda qeyd olunur ki, “Dövlət mülkiyyətində saxlanılan və Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli, 74 nömrəli qərarına əsasən “Tovuz rayonu 1 nömrəli sovxoz” Azərbaycan Respublikası KTN tabeçiliyinə verilmişdir.“Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatların ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası NK-nin 2015-ci il 17 aprel tarixli, 111 nömrəli qərarının 17-ci hissəsinə əsasən Tovuz rayonundakı “1 nömrəli tərəvəz-bostan və kartof toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-nin adı dəyişdirilərək AR KTN-nin "xxxx" MMC adlandırılmışdır. Azərbaycan Respublikası NK-nin 2015-ci il 17 aprel tarixli, 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə NK-nin 2018ci il 25 sentyabr tarixli, 414 nömrəli qərarının 1-ci hissəsinə görə KTN tabeliyində olan MMC-lər, eləcə də "xxxx" MMC birləşdirilərək Azərbaycan Respublikası KTN tabeliyində "xxxx" MMC yaradılmışdır. Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı Tovuz Regional Ərazi Filialı) qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11.Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, onun xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 iyul 1980-ci il tarixdə 1 nömrəli toxumçuluq sovxozunda işə qəbul edilmiş və 05 sentyabr 1980-ci il tarixdə həmin işdən azad edilmişdir. Sonradan yəni, 01 sentyabr 1980-ci il tarixdən 1986-cı ilin 26 oktyabrınadək 155 nömrəli peşə məktəbində müxtəlif vəzifələrdə işləmişdir. 01 noyabr 1986-cı il tarixdən Tovuz rayonu 1 nömrəli toxumçuluq sovxozuna işə qəbul olunmuş və 01 aprel 2009-cu il tarixədək orada da müxtəlif vəzifələrdə çalışmışdır. Ona yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Tovuz rayon üzrə 20 saylı Regional Ərazi Filialına müraciət etsə də, bildirilmişdir ki, təqdim etdiyi sənədlərin araşdırılması zərurəti vardır. Bir müddət sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona ünvanlanmış 16 mart 2022-ci il tarixli, **********3 saylı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda qeyd edilmişdir ki, Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun əmək haqqına dair şəxsi hesab kitablarında onun adı qeyd edilməmişdir. Lakin onun təqdim etdiyi Tovuz rayon Dövlət Arxivinin 04 aprel 2022-ci il tarixli, 48 saylı arxiv arayışında onun aylıq əmək haqqı almağı öz əksini tapmışdır. Həmin arxiv arayışının qeyd hissəsində göstərilmişdir ki, 1987ci ilin şəxsi hesab kitabında “İsmayılov” qeyd edilib, kitabda ad cırılıb qarşısında toxum anbarı sözü qeyd edilib. Hesab edir ki, bu da onun günahı ucbatından baş vermədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona ünvanlanmış 16 mart 2022-ci il tarixli, **********3 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında imtinası əsassızdır. 13.Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində bildirilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1980-ci il tarixli, İT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən 05.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981xx.xx.1986-cı il tarixlərdə işlədiyi dövrlər) 8 il 3 ay 12 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. xx.xx.1980-ci il tarixdə tərtib olunmuş İT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. 1 saylı Qazax-Tovuz regional filialının sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2006cı il tarixədək (19 il 2 ay) Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun əmək haqqına dair şəxsi hesab kitablarında İddiaçı adı qeyd olunmadığı üçün mübahisələndirilir. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021- ci il tarixədək əlilliyə görə pensiya təyin edilmişdir. Həmçinin, iddiaçının adına aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006- 2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından, ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. 14.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1718/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. 15.Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb Qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. İddiaçı isə həmin tarixədək ona yaşa görə əmək pensiyasına çıxmaq üçün tələb olunan staja malik olmuşdur. Belə ki, qanun dəyişilənədək iddiaçı artıq 25 il sığorta stajı qazanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 16.Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi xx.xx.1980-ci il tarixli, İT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən 05.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1986-cı il tarixlərdə işlədiyi dövrlər) 8 il 3 ay 12 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. xx.xx.1980-ci il tarixdə tərtib olunmuş İT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. 1 saylı Qazax-Tovuz regional filialının sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (19 il 2 ay) Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun əmək haqqına dair şəxsi hesab kitablarında İddiaçı adı qeyd olunmadığı üçün mübahisələndirilir. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021- ci il tarixədək əlilliyə görə pensiya təyin edilmişdir. Həmçinin, iddiaçının adına aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006- 2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından, ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 18.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları 19.Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. 20.İddiaçı məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 21.12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 22.38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 23.1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 24.7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 25.21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 26.1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 27.3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 28.11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 29.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 30.16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 31.17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 32.2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 36.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 37.87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 38.87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 39.87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının baxılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddia tələbinin xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi hissəsindən imtina olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-144/2023 nömrəli, 22 fevral 2023-cü il tarili qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1718/2022 nömrəli qərarı qismən- İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. 42.Odur ki, hazırki məhkəmə arışdırılmasının predmeti Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1718/2022 nömrəli qərarı ilə təmin edilmiş İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyüdür. 43.Cavabdeh inzibati orqanın imtina qeydində və apellyasiya şikayətində iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilməsinə əsas kimi iddiaçının xx.xx.1986cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin yerində yoxlanılması zamanı əmək haqqına dair şəxsi hesab kitablarında adının olmaması qeyd edilmişdir. 44.Belə olan halda müəyyən edilir ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən iş stajı 25 ildən artıqdır və hazırda mübahisələndirilən illər xx.xx.1986-xx.xx.2006-ci illər Tovuz rayonu 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi dövrdür. İnzibati orqanın qeyd olunan illər üzrə yeganə dəlili isə əmək haqqına dair şəxsi hesab kitablarında iddiaçının adının aşkar edilməməsidir. 45.İşdə olan xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayonu 1 saylı toxuculuq sovxozunda işlədiyi dövr öz əksini tapmışdır. 46.Habelə, Tovuz rayonu Dövlət arxivinin 03 nömrəli, 09 yanvar 2023-cü il tarixli arxiv arayışından İddiaçı 1 nömrəli Alakol toxumçuluq sovxozunun 01 noyabr 1986-cı il tarixli, 195 nömrəli əmri ilə sovxozun 5 nömrəli briqadasına fəhlə qəbul edildiyini, 06 fevral 1987-ci il tarixdə, 27 nömrəli əmrlə müvəqqəti olaraq sovxoza toxum anbardarı vəzifəsinə təyin edildiyi qeyd edilmiş, bununla bağlı 01 noyabr 1986-cı il tarixli, 195 nömrəli əmrin surəti arayışa əlavə edilmişdir. 47.Eyni zamanda Dövlət Statistika Komitəsinin Tovuz rayon statistika idarəsinin 30 dekabr 2022-ci il tarixli, 119 nömrəli məktubunda qeyd olunur ki, Tovuz rayonu toxumçuluq sovxozu 1986-2008-ci illərdə fəaliyyət göstərmişdir. 2009-cu ildən müəssisənin balansında KTN tabeliyində olan "xxxx" MMC yaradılıb və 2018-ci ilədək fəaliyyət göstərmişdir. 48.Təqdim olunan məlumatlara əsasən Tovuz rayonu 1 saylı toxuculuq sovxozunun mübahisə olunan illər üzrə fəaliyyət göstərməsi işin mübahisəsiz halıdır. Cavabdeh orqanın imtina dəlili də müəssisəsinin fəaliyyəti ilə bağlı deyildir. 49.İmtina dəlili olan əmək haqqına dair şəxsi hesab kitablarında iddiaçının adının aşkar edilməməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Tovuz rayon Dövlət arxivi tərəfindən təqdim edilən və iş materiallarında olan bütün arayış və məktublarda 1 nömrəli Alakol toxumçuluq sovxozunun xx.xx.1997-ci il tarixdən sonra sənədlərinin arxivə təhvil verilmədiyindən vətəndaşa dair məlumatın təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. 50.Göründüyü kimi arxiv məlumatına əsasən qeyd olunan müəssisənin sənədləri arxivdə mövcud olmadığından tələb olunan sənədlərin təqdim edilməsi mümkün olmamışdır. 51.Məhkəmə kollegiyası bildirir ki, iddiaçının inzibati orqana müraciəti zamanı qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı norma nəzərdə tutulmuşdır. 52.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 53.Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 54.Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 55.Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. 56.İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir və hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edir. 57.Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən olunmamış, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. 58.Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. 59.Beləliklə məhkəmənin qəanətinə görə iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1718/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov,Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-144/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-144/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver