Məhkəmə qərarları › İş №2-1(104)-145/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-145/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-145/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl rayonu Toğanalı Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1179/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Keçmiş Azərbaycan Respublikası DT və XK-nin Xanlar rayon Şöbəsinin xx.xx.2007ci il tarixli, 3162 nömtəli rəyi ilə bildirilmişdir ki, satılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi Toğanalı bələdiyyəsnin mülkiyyətinə aiddir və həmin torpaq sahəsi kənd daxili olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Xanlar (Göygöl) rayonu Toğanalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə Xanlar (Göygöl) rayonu Toğanalı Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı satılmışdır. Daha sonra həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair xx.xx.2008-ci il tarixdə 1448 nömrə ilə qeydə alınmış “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, sonuncusu xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubla iddiaçının ərizəsinə torpaq sahəsinə dair planı və ölçü sənədinin əlavə edilmədiyi, həmçinin ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” Aktının Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazisində yerləşdiyi müəyyən edildiyindən müraciətin icrasından imtina edilmişdir. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl rayonu Toğanalı Bələdiyyəsi) qarşı Göygöl rayonu Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona verilmiş, hazırda sahibliyində və istifadəsində olmaqla Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı iddiasını işdə olan mütəxəssis rəyinə uyğun olaraq 0.926 ha (9 sot 26 kv.m) hissədə təmin edilməsini xahiş etmiş və məhkəmənin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə bələdiyyənin kənd daxili ərazisindəki torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb və satılmışdır. O, torpaq sahəsini alqı-satqı etdikdən sonra orada yaşayış evi tikmişdir və 15 ildir orada ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış evinə kommunal sayğaclar quraşdırılıb və bütün kommunalardan istifadə edir. Torpaq sahəsi 15 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadədədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1179/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə satılmış, Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.926 ha (9 sot 26 kv.m) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Torpaqların alqı-satqısına dair" Aktının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamışdır. Bu isə qeydiyyatından imtina edilməsi üçün əsasdır. Həmçinin, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə veriliydiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin Kadastr məlumat bazasına əsasən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən edilmiş və bu səbəbdən mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərinə ziddir. Habelə, torpaq sahəsinə dair "Torpaq sahəsinin plan və ölçüsü" tərtib edilməmişdir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Göygöl şəhərinin ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda 0.0926 ha (9 sot 26 kv.m) ha torpaq sahəsinin məhz ona bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında işə baxdığından torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin də müəyyən etmək mümkün deyildir. Lakin məhkəmə bu hallara qiymət verməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin, Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələbləri pozulur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. 3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativhüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (-).

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi (-).

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi. Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ...

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. ...

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar (Göygöl) rayon Toğanalı bələdiyyə sədrinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı Toğanalı bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsindən 0.12 hektar ayrılıb fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi alğı-satqı yolu ilə satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan torpaq sahəsinə dair planı və ölçü sənədinin əlavə edilmədiyi, həmçinin ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” Aktının Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazisində yerləşdiyinin müəyyən edilməsini əsas gətirərək iddiaçının müraciətinin icrasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0.14 ha torpaq sahəsi, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və torpaqları elektron kadastr informasiya sisteminə istinadən bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı faktiki istifadəsində olan 0.14 ha torpaq sahəsi, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, örüş sahəsidir. Torpaqları elektron kadastr informasiya sisteminə istinadən, İddiaçı faktiki istifadəsində olan 0.14 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsi üzərində faktiki olaraq fərdi yaşayış evi və tövlə mövcuddur. Sözügedən torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd aşkarlanmamışdır. Qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid əraziyə düşmür. İş materiallarına əlavə edilmiş plana istinadən, İddiaçı satılması nəzərdə tutulmuş Göygöl rayonu Toğanalı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ilə, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları tam hissədə üst-üstə düşmür. Belə ki, mülki iş materiallarına əlavə edilmiş planda qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0974 ha hissəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşür. Məhkəmə kollegiyası yaranmış mövcud mübahisəyə münasibətdə qeyd edir ki, yuxarıda göstərilən normalara əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər. Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarında kənd daxili torpaq sahəsinin iddiaçıya ayrılması barədə, eləcə də DTXK-nin Xanlar rayon şöbəsinin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu barədə 3162 saylı, xx.xx.2007-ci il tarixli rəyində kənd daxili torpaq sahəsinin satılmasının məqsədə uyğun olması qeyd edilsə də, işdə olan mütəxəssis rəyilə müəyyən edilir ki, həmin torpaq sahəsi torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, örüş sahəsidir. Göründüyü kimi hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin hazırda yararlılığının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, bütün hallarda, iddiaçının vəziyyətində heç nə dəyişməyəcək, yəni torpaq sahəsi örüş yeri üçün yararsız olsa belə, yenidən sağlamlaşdırılması üçün dövriyyədən çıxarılacaqdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi üçün satılmış cəmi 0.12 ha torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsidir. Məhkəmə kollegiyası həmçinin, Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən fərdi yaşayış evinin tikintisi məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilə bilməsi istisna olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunduğundan, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1179/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar