Məhkəmə qərarları › İş №2-1(104)-145/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-145/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-145/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və soyadının Məmmədov, adının isə Aydın kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3582/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: X2 xx xxxx 1987-ci il tarixdə Şəmkir rayonun Çinarlı qəsəbəsində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 132 nömrə ilə qeydiyyat aparılmış, ata qrafasında “X3”, ana qrafasında “X4” qeyd edilmişdir. İddiaçı soyadının sonluğunu “Məmmədov”dan “Məmmədli”yə düzəliş etdirmişdir. Daha sonra iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2021-ci il tarixli 63 nömrəli akt qeydi tərtib edilərək ona AZ-İ 032146 seriya nömrəli şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən onun soyadı “Məmmədli”dən “Rzazadə”yə və adı “Aydın”dan “Qasım”a dəyişdirilmişdir. İddiaçı əvvəlki soyadına və adına qayıdılması məqsədilə yenidən cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli “adın və soyadın növbəti dəfə dəyişdirilməsinin mümkün hesab edilməməsi barədə” qərarına əsasən iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsi mümkün hesab edilməmişdir. Odur ki, iddiaçı qərarla razılaşmayaraq iddiayla məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “soyadının Məmmədov, adının isə Aydın kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması”nı xahiş etmişdir. Bundan sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və soyadının Məmmədov, adının isə Aydın kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, hazırda Gəncə şəhəri,Məhsəti qəsəbəsi, Ələddin Abbasov küçəsi 12 saylı evdə qeydiyyatda olmaqla, Şəmkir rayon Çinarlı qəsəbəsi, Rəşid Behbudov küçəsində yaşayır. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək əvvəlki soyadının "Məmmədov", adının isə əvvəlki adı "Aydın" kimi qeyd edilməsini xahiş etmişdir. Lakin Cavabdeh ona xx.xx.2023-cü il tarixli adın və soyadın növbəti dəfə dəyişdirilməsinin mümkün hesab edilməməsi barədə qərar vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3582/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Hazırkı işdə isə məhz sözügedən Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. Digər tərəfdən, iddiaçının övladları ilə bağlı gətirdiyi arqumentlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrdə soyadları “Rzazadə”, ata adları “İddiaçı” qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası əsaslı və qanuni olmuşdur. Sözügedən imtina həm qanunvericilikdə nəzərdə tutulmuş, həm də legitim məqsədə yönəlmişdir. İddiaçı tərəf isə tələbi ilə bağlı ağlabatan, tutarlı, inandırıcı səbəblər irəli sürməmiş, konkret hansı çətinliklərlə qarşılaşdığını və onları dəf edə bilmədiyini təsdiq edən heç bir sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində soyadı Məmmədov, adı isə Aydın kimi qeyd edilmişdir. Sonradan soyadının sonluğunu Məmmədovdan Məmmədliyə düzəliş etdirmişdir. xx.xx.2021-ci il tarixdə məcburiyyətdən adının, ata adının və soyadının dəyişdirilərək, Məmmədlidən Rzazadəyə, adının Aydından Qasıma dəyişdirmişdir. Yəni bu dəyişmələrdə yaranmış vəziyyətlə əlaqədar məcburiyyətdən olmuşdur. Hal-hazırda həyatında olan vəziyyətin sabitləşməsi nəticəsində öz həqiqi soyadına, adına və ata adına qayıtmağa ehtiyac olduğundan ilk doğum haqqında şəhadətnaməsində soyadının, adının və ata adının ilkin vəziyyətə qaytarılmasını istəyir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdəfiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ilk dəfə 2021-ci ildə ad və soyadının dəyişdirmişdir. O, 17 yaşından Rusiya Federasiyasına gedib-gəlir. Onun Rusiya Federasiyasına girişi qadağan edildiyindən ad və soyadını dəyişdirmişdir. Lakin Rusiya Federasiyasına yenidən gedərkən onu ölkəyə buraxmamışlar. Belə ki, Bakıdan Rusiyaya getmiş, lakin Vnukova hava limanına daxil olarkən orada ondan şüpələnilmiş və barmaq izi yoxlanıldıqda onun ölkəyə girişinin qadan edildiyi müəyyən edilmiş və 1 gün orada saxlanıldıqdan sonra geri qaytarılmışdır. Prosessual məsələlər Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-16-518-103 saylı məktub ünvanlayaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndəsinin işitirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. ...

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsinə dair müraciətinə Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsi mümkün hesab edilməmişdir. Ona görə də, hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının ad və soyadının dəyişdirilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda əks olunmuş qanunvericilik normaları ilə adın, ata adının və soyadının növbəti dəfə dəyişdirilməsinin konkret olaraq hansı hallarda yol verilən olması təsbit edilmişdir. Həmin hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də, hazırkı işdə həmin Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcud olmaması qiymətləndirilərək iddiaçının tələbini təmin etməkdən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının ad və soyadının ikinci dəfə dəyişdirilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3582/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar