Məhkəmə qərarları › İş №2-1(104)-145/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-145/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-145/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı arayışın imtiyazlı iş staji kimi qəbul edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-610/2024 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonu Zağalı kəndində doğulmuşdur. O, xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Daşkəsən rayon "xxxx" ASC-də (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatı) Elektrik avadanlıqlarının təmiri və Enerji sexinin avadanlıqlarının xidməti üzrə elektrik montyoru vəzifəsində işləmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi illərin güzəştli iş staji kimi qəbul edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun tələbi təmin edilməmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışın imtiyazlı iş staji kimi qəbul edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 8.11.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatında (Daşkəsən Dağ-mədən filizsaflaşdırma kombinatı) Elektrik avadanlıqlarının təmiri və Enerji sexinin avadanlıqlarının xidməti üzrə elektrik montyoru vəzifəsində işləmişdir. O, qeyd edir ki, işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1-ci-Dağ-mədən işləri başlığının 2.3. yarım bəndində göstərilən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifələrinə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı hazırkı iddia ilə Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışın imtiyazlı iş staji kimi qəbul edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-610/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı 1999-cu ilin sentyabr ayından 2021ci ilin fevral ayınadək (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışın imtiyazlı iş staji kimi qəbul edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) Daşkəsən rayon "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olması Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-13 RA/2-M-134-1/2023 nömrəli arxiv arayış ilə öz təsdiqini tapmışdır. Yəni İddiaçı 09.09.199-cu il tarixdən xx.xx.2021-ci il tarixədək (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) Daşkəsən rayon "xxxx" ASC-də fasiləsiz olaraq işləmişdir. Bununla yanaşı cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunan iddiaçı tərəfindən təqdim olunan sənələrdə zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməsi mümkün deyildir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdr ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 1 sentyabr tarixli Sərəncamı ilə ləğv edilmişdir və hal-hazırda Cəmiyyətin hüquqi varisi mövcud deyildir. İddiaçının işlədiyi müəssisənin ləğv olunması və müəssisənin hüquqi varisinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Ona görə də məhkəmə iddiaçının iddiaçının 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) Daşkəsən rayon "xxxx" ASC-də işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Beləliklə, iddia tələbi təmin edilməli və İddiaçı ayınadək (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan dövrün sosial sığorta stajına daxil edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(114)-610/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı zərərli əmək şəraitində işləməsi barədə qüzəştli arayışı inzibati orqana təqdim etməmiş, həmçinin iddia ərizəsinə əlavə etməmiş, yəni güzəştli iş stajının olması faktını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi illəri heç bir əsas olmadan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında hansı peşəyə uyğun olduğunu əsaslandırmadan, sadəcə öz mülahizəsinə əsasən güzəştli iş stajı hesab etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

2. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması. 2.1. Aqlomerasiya, briketləşdirmə, kəsəkləmə filizlərin və filiz olmayan qazıntıların yandırılması. a) fəhlələr: elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının olmaması əsası ilə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair iş yeri arayışı təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi illəri heç bir əsas olmadan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında hansı peşəyə uyğun olduğunu əsaslandırmadan, sadəcə öz mülahizəsinə əsasən güzəştli iş stajı hesab etmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən hissə iddiaçının 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi illərin güzəştli iş stajı hesab edilməsi təşkil edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 1999-2021-ci illərdə (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatında) Daşkəsən rayon Filizsaflaşdırma ASC-də işlədiyi illərin güzəştli iş stajı hesab edilməsinə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək pensiyası hüququnun yarandığı dövrə aid maddi hüquq norması tətbiq edilməlidir. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda göstərilməsi. Cavabdeh iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması və tələb olunan ümumi iş stajı ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırmasının predmetini iddiaçının 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi illərin güzəştli iş stajı hesab edilib-edilməməsi təşkil etməlidir. Belə ki, cavabdeh orqanın nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da bildirmişdir ki, iddiaçının işlədiyi qeyd olunan illərin güzəştli iş stajı hesab etməməklərinin əsası kimi onun tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi çıxış edir. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) Daşkəsən rayon "xxxx" ASC-yə 14 sentyabr 1999-cu il tarixli, 58 nömrəli əmrlə İİ dərəcəli köməkçi fəhlə qəbul edildiyi, 19 oktyabr 1999-cu il tarixli, 68 nömrəli əmrlə köməkçi fəhlə vəzifəsindən azad edilib, İV dərəcə telefon rabitə stansiya avadanlıqları üzrə elektrik montyoru keçirildiyi, 28 noyabr 2003-cü il tarixli 30 saylı əmrlə xx.xx.2003-cü il tarixdən həmin sexə avadanlıqların xidməti üzrə V dərəcə ilə elektrik montyoru keçirildiyi, 29 yanvar 2021-ci il tarixli 82 nömrəli əmrlə elektrik avadanlıqlarının təmiri və enerji sexinin növbətçi üzrə elektrik montyoru ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən AR-nın Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilməsi qeyd olunmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 2. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin 2.1. Aqlomerasiya, briketləşdirmə, kəsəkləmə filizlərin və filiz olmayan qazıntıların yandırılması bəndinin a) fəhlələr yarımbəndində qeyd edilən - elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşələrinə uyğun olması öz təsdiqini tapmışdır. "xxxx" ASC məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirmişdir ki, vətəndaş Məmmədov X2 Dağmədən filizsaflaşdırma kombinatında işləmişdir. Daşkəsən Dağmədən filizsaflaşdırma ilə "xxxx" ASC fərqli müəssisələrdir. Bunu nəzərə alaraq qeyd edirlər ki, vəzifə və peşələrin adları eynilik təşkil etməsinə baxmayaraq müəssisələrin vəzifə və peşələrə görə müxtəlif vəzifə təlimatları mövcuddur. Odur ki, müəssisələrdə eyni adlı vəzifə və peşələr üzrə işləyən işçilərin vəzifə və peşə funksiyaları eynilik təşkil etməyə bilir, təlimatlarına görə müəssisələrin iş prinsipləri fərqlənir. İş üzrə müəyyən edilən halları nəzərə alan məhkəmə kollegiyası iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli, 2245 nömrəli Sərəncamı ilə ləğv edildiyindən və onun hüquqi varisi müəyyən edilmədiyindən, eyni zamanda analoji fəaliyyətlə məşğul olması nəzərdə tutulan hüquqi şəxslərə məhkəmə tərəfindən verilmiş sorğular nəticə vermədiyindən, qeyd olunan arayışın təqdim edilə bilinməməsi iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas verməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində İddiaçı 1999-cu ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qeyd etmişdir ki, həmin hal məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməməlidir. Belə ki, işin yuxarıda qeyd edilən hallarından müəyyən olunduğu kimi Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında göstərilən illərdə iddiaçının güzəştli pensiya hüququ verən iş stajına malik olması öz təsdiqini tapmışdır. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən həmin illərin iddiaçının iş stajına daxil edilməsi qərara alınarkən həmin mübahisəli dövrün iddiaçının məhz güzəştli iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşının tamam olduğu – 01 iyun 2023-cü il tarixdən yaranır. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 01 iyun 2023-cü il tarixdən təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-610/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar