Məhkəmə qərarları › İş №2-1(104)-146/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-146/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-146/2024 24.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2299/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Gəncə şəhər Nizami bələdiyyəsinin 04 saylı, 03 mart 2022-ci il tarixli qərarı ilə borclu X1 Gəncə şəhəri, Nizami küçəsində “Karvansaray” yeməkxanası yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 15 382 manat 37 qəpik vergi borcu tutularaq kreditor Gəncə şəhər Nizami bələdiyyəsinin büdcəsinə ödənilməsi üçün müraciət olunması qərara alınmışdır. İddiaçı cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ondan əmlak və torpaq vergisinin tutulması barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Gəncə şəhəri, Nizami küçəsində 5000 kv metr torpaq sahəsində yerləşən 391,9 kv metr tikili vardır. Tikilidən “Karvansaray” adı ilə yeməkxana kimi istifadə edir. Lakin həmin yeməkxana 2019-cu ilin baharından, yəni ölkəni “Covid-19” pandemiyası bürüyəndən sonra bütün yeməkxanalar kimi fəaliyyətinə qadağa qoyulmuş, bir müddətdən sonra qadağa azaldılıb nəhayət tamamilə ləğv edilsə də müştərilər dağıldığından uzun təmirdən sonra yeməkxananı bir aydır ki, yenidən açmışdır. Həmin vaxta da Gəncə şəhər Nizami bələdiyyəsi ondan 2015- 2021-ci illər üçün 15 382,37manat əmlak və torpaq vergisi tutulması barədə 03 mart 2022ci il tarixli 04 nömrəli qərar verilmişdir. O, qərarın verilməsindən xəbərdar olmamış, qərar yeməkxananın olduğu ünvana göndərilmiş, lakin ora işləmədiyindən heç kim məktubu qəbul edib ona təqdim edə bilməmişdir. O isə pasport qeydiyyatında Gülüstan qəsəbəsi, bina 20A, mənzil 4-də qeydiyyatdadır. Hal-hazırda isə Göygöl rayonu Üçtəpə kəndində yaşayır. Vergi Məcəlləsinin 84-85-ci maddələrinə əsasən alınmamış vergi 3 il müddəti üçün alına bilər. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən də belə tələblər üzrə iddia müddəti 3 ildən artıq deyidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2299/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda mübahisələndirilən qərar cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı hazırki iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə xx.xx.2023-cü il tarixdə vermişdir. Göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün qanunla müəyyən edilmiş prosessual müddəti (1 ildən artıq) ötürmüşdür. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli sərəncam göndərilərək prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuş, əks təqdirdə Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan sərəncam iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq müvafiq ərizə məhkəməyə təqdim olunmamış, eləcə də iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar ona çatdırılmamış, tərəfindən imza edilərək qəbul edilməmişdir. Məhkəmə hazırki qərardadında qeyd edir ki, mübahisələndirilən qərar tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Elədirsə cavabdeh orqan həmin qərarın tərəfindən alınmasını sübuta yetirməlidir. Məhkəmə isə sərəncamında götürmədiyi qərarla bağlı müddətin buraxılmasının üzürlü hesab edilməsinə dair ərizə verməyini bildirir. Həmin qərarı götürmədiyi təqdirdə nə üçün müddətin buraxılmasının üzürlü hesab dilməsinə dair ərizə verməlidir. Hüquq normasının dispozitiv şərtindən də aydın olur ki, qanunla qorunan maraqların pozulduğu hallarda iddia mümkün sayılmalıdır. Sözügedən xx.xx.2022-ci il tarixli 04 nömrəli qərarı almadığı aşkar məsələdir və bunun üçün iddia mümkün sayılaraq baxılmalıdır. Məhkəmə tərəfindən buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin verilməsinə dair təklifin edilməsi isə əsassızdır. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qərarın birbaşa iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən sənəd yoxdur. İş üzrə bütün sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası inzibati işə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndlərində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi hazırki mübahisənin predmeti Gəncə şəhər Nizami bələdiyyəsinin 04 saylı, 03 mart 2022-ci il tarixli qərarıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın iddiaçı tərəfindən qəbul edilməsindən 1 ildən artıq müddət ötməsini və bu müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair tərəfin ərizəsinin icraata daxil olmamasını əsas gətirərək iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunamüvafiq deyildir. Belə ki, iddiaçı ərizəsində mübahisələndirilən inzibati aktdan məlumatlı olmadığını, aktın ona təqdim edilmədiyini qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12 və 58-ci maddələrinin tələbinə əsasən mübahisələndirilən inzibati aktın iddiaçı tərəfindən qəbul edilməsinə dair araşdırma aparılmamış, birbaşa ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə müraciət olunması təkif edilmişdir. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qanunvericilikdə müddətin axımı məhz inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın-qərarın İddiaçı təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşsə də bu halı təsdiq edən heç bir sübut mövcud deyildir. Yaranmış qeyri-müəyyənlik isə iddiaçının ziyanına şərh olunmamalıdır. Mübahisələndirilən inzibati akt birbaşa X1 barəsində qəbul edilmiş, lakin sonuncunun qeydiyyatda olduğu ünvana deyil, hüquqi şəxsin ünvanına göndərilmişdir. Hüquqi şəxsin ünvanına göndərilən məktub isə müvafiq vəzifəli şəxs tərəfindən qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə qəbul edilməmişdir. Belə ki, qəbul edən şəxsin həmin hüquqi şəxslə bağlılığı məlum deyildir. Belə ki, iş materiallarında olan xəbərnamədə X2 ünvanlanmış məktubun 29 noyabr 2022-ci il tarixdə qəbul edilməsi qeyd edilsə də qəbul edən qrafasında “digər qaydada Abdullayev.N” qeyd olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.7.2-ci maddəsinə görə, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş materialları iddianın yenidən araşdırılması üçün birinci instasiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2299/2023 nömrəli nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar