Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-147/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “medalla təltif olunma” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3883/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə medalla təltif olunma ilə əlaqədar etdiyi müraciətə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-25-14/2-H-121xxxx/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-25-14/2-H-688/3-39/24 nömrəli imtina məktubları ilə bildirilmişdir ki, onun xidmət etdiyi hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur, əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır.
2. İddiaçı məxsus SX ******* nömrəli hərbi biletdə aparılmış qeydlərdən görünür ki, o, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
3. N nömrəli hərbi hissənin N nömrəli Travma haqqında arayışında qeyd edilmişdir ki, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə “Kəllənin alın nahiyyəsinin, yumşaq toxumalardan dəlib-keçən, kəllə boşluğuna nüfuz etməyən güllə yaralanması (xx.xx.2020), açıq kəlləbeyin travması, baş beyin silkələnməsi alın sümüyünün cüzi içəri basılmış sınığından sonrakı vəziyyət” xəsarəti almışdır. Döyüş Tapşırığını yerinə yetirən zaman xəsarət almışdır.
4. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” vətəndaş İddiaçı medallar ilə təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Gələcəkdə vətən müharibəsi iştirakçılarının medallarla təltif edilməsi barədə göstəriş olarsa, bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılacaqdır.
5. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1386 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. “Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və digər işğaldan azad olunmuş rayonların adlarını daşıyan medallar Azərbaycan Respiblikasının Prezidentinin 2020-ci il tarixində müvafiq sərəncamları əsasında təsis edilmişdir. 2020-ci il tarixindən etibarən hərbi qulluqçuların işğaldan azad olunmuş rayonların adlarına təsis edilmiş medallarla yenidən təlitif olunmaları barədə heç bir adlı siyahı təqdimat və ya digər rəsmi sənədlərin yuxarı komandanlığa təqdim olunması hərbi hissədən istənilməmişdir. Gələcəkdə yuxarıda adı göstərilən sənədlərin hərbi hissə tərəfindən göndərilməsi tələb edilərsə vətəndaş İddiaçıda “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarla təltif olunması barədə hərbi hissədə təyin olunacaq komissiya tərəfindən baxılacaqdır.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 283 nömrəli əmrinə əsasən, MAHHXHQ əsgər Heydərov X1 rayonu istiqamətində döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə getmiş hesab edilmişdir.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 306 nömrəli əmrinə əsasən, MAHHXHQ əsgər İddiaçı müalicə üçün Füzuli Rayon Mərkəzi Xəstəxanasına getmiş hesab edilmişdir.
8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 313 nömrəli əmrinə əsasən, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən müalicədən- Füzuli Rayon Mərkəzi Xəstəxanasından hərbi hissəyə gəlmiş hesab edilmişdir.
9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 335 nömrəli əmrinə əsasən, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən xəstəliyə görə məzuniyyətə getmiş hesab edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vətən müharibəsi zamanı işğaldan azad olunmasında yaxından iştirak etdiyi üçün Füzuli və Qubadlının azad olunmasına görə təsis edilmiş “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarla təltif olunması ilə bağlı qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, torpaqların işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharibəsi başlayan gündən, 27 sentyabr 2020-ci il tarixdən döyüş əməliyyatlarında N saylı hərbi hissənin tərkibində iştirak etmiş, Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmiş və Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Onun 44 günlük Vətən müharibəsində iştirakına görə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Həmçinin "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda işğaldan azad olunmuş hər bir rayonun azad olunmasına görə ayrıca medal təsis edilmiş, belə ki, həmin medallarla rayonların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. O hesab edir ki, qanunun tələbinə əsasən hər bir rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular həmin rayonun azad olunmasına görə müvafiq medalla təltif edilməlidir. O, üç rayonun işğaldan azad olunmasında yaxından iştirak etmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, üç rayonun işğaldan azad olunmasında canıyla, qanıyla iştirak etməyinə baxmayaraq yalnız bir rayonun - Cəbrayıl rayonunun işğaldan azad olunmasına görə medalla təltif olunmuşdur. Hətta Qubadlı rayonunun azad olunması uğurunda gedən döyüşlərdə iddiaçının ağır yaralanmağına, bu barədə məlumatların müvafiq hərbi-tibbi sənədlərdə, hərbi biletdə qeyd olunmasına baxmayaraq o, həmin rayonun azad olunmasına görə medalla təltif olunmamışdır. İddiaçı üç rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında yaxından iştirak etdiyi üçün həmin rayonların azad olunmasına görə təsis edilmiş medallarla təltif olunmaq haqqının təmin edilməsini istəyir. Bu məqsədlə o, 20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək Vətən Müharibəsi zamanı işğaldan azad olunmasında yaxından iştirak etdiyi Füzuli və Qubadlının azad olunmasına görə təsis edilmiş medallarla təltif olunmağının təmin edilməsini xahiş etmiş, 04 sentyabr 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən verilən 3-25-14/2-71-121xx-xx/2023 saylı cavab məktubunda bildirilmişdir ki, hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş, onun əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Qaynar xətti”nə zəng edərək xidmət keçdiyi hərbi hissədən qeyd olunan rayonların Füzuli və Qubadlının azad olunmasına görə medallarla təltif olunmağı ilə bağlı təqdimatın verilib-verilməməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən N nömrəli hərbi hissəyə sorğu verilməsini xahiş etmiş, 20 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilən 674 nömrəli məktubda bildirilmişdir ki, daxil olmuş müraciət araşdırılmış, yuxarıda adları qeyd olunan medallar ilə onun təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. 07 iyun 2024-ci il tarixdə o, yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək Vətən Müharibəsi zamanı işğaldan azad olunmasında yaxından iştirak etdiyi Füzuli və Qubadlının azad olunmasına görə təsis edilmiş medallarla təltif olunmağının təmin edilməsini xahiş etmiş, 13 iyul 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən verilən 3-25-14/2-71-688/3-38/2023 saylı cavab məktubunda əvvəl verilən cavabı təkrarlayaraq bildirilmişdir ki, onun əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyat Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır.
12. Cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-25-4/2-6882/2024 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, “Füzuli və Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2020- ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən, “Füzuli və Qubadlının azad olunmasına görə Azərbaycan Respublikasının medalı haqqında” əsasnaməyə əsasən “Füzuli və Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmçinin, qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, hərbi qulluqçular vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər, müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Eyni zamanda qeyd olunmalıdır ki, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi ilə bağlı sənədlərin hazırlanması qaydaları və proseduru, təltif edilmə ilə bağlı təqdimatın verilməsi və təltif edilmə ilə bağlı qaydalar müvafiq Təlimatda öz əksini tapmışdır. Belə ki, ilk öncə müvafiq təltif sənədlərin hazırlanması və tərtibi həyata keçirilir ki, bununla bağlı ümumi rəhbərliyi müvafiq cavabdeh inzibati orqanın kadrlar idarəsi tərəfindən həyata keçirilir. Daha sonra həmin sənədlərə müvafiq komissiyada baxıldıqdan sonra müsbət qərar qəbul olunduğu halda, həmin təltif sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirinə təqdim olunur, haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında medal ilə təltif olunma barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə Nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respublikasının orden və medalları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir. Təltiflə bağlı Müdafiə Nazirliyinin təqdimatı tövsiyə xarakteri daşıyır. Göründüyü kimi, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi məhz Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə aid olmuş, yalnız həmin təltif sənədlərinin hazırlanması və bununla bağlı təqdimat verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda isə iddia tələbinin predmeti məhz müvafiq medalın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyumasından ibarət olduğundan, həmin tələbin predmeti mahiyyət etibarilə cavabdeh inzibati orqanın səlahiyyətinə aid deyil və nəticə etibarilə cavabdeh inzibati orqan məhz həmin tələbə cavab verməli şəxs qismində çıxış etməmişdir. İddiaçı xidmət etdiyi hərbi hissə tərəfindən təqdim olunmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. İddiaçı əlavə olaraq hər hansı bir medalla təltif olunması barədə Şəxsi Heyət Baş İdarəsinə təqdimat daxil olmamışdır. Həmçinin cavabdeh inzibati orqanın yuxarı icra orqanına iddiaçının arzuladığı tələbə uyğun təqdimat verməsi onun diskresion səlahiyyətidir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3883/2024 nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddia mümkün sayılmamışdır.
14. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Başqa sözlə, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd olunan medallarla təltif etmə səlahiyyətinə malik deyil. Bundan başqa, müvafiq təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İnzibati orqanın üzərinə belə vəzifənin qoyulması cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3883/2024 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, qanunvericilik hərbi qulluqçuların qeyd olunan medalla təltif olunması ilə bağlı təqdimatın verilməsində inzibati orqana heç bir diskression səlahiyyət müəyyən etməyib. Rayonun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş bütün hərbi qulluqçuların birmənalı olaraq təltif edilməsi nəzərdə tutulub. Əsasnamədə hərbi qulluqçuların təltif edilməsi üçün hər hansı əlavə şərtlər yoxdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymış, hüquqi yardımla bağlı normanı ümumiyyətlə tətbiq etməmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
18. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti: 23) dövlət təltifləri ilə təltif edir;
20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 16.2. Xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər.
21. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.
22. Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə:
1. Təltif edilən şəxslər “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
2. Təltif edən orqan “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
23. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə:
1. Təltif edilən şəxslər “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
2. Təltif edən orqan “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
24. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimat:
3. Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikası orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusu və medalları haqqında əsasnamələrə uyğun olaraq (Əlavə №1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir.
7. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. X2 səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur.
10. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiyada baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. ...hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. ...təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. ...kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.
30. İddia ərizəsindən məlum olduğu kimi, İddiaçı “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medallarla təltif edilmişdir və hazırki tələbi “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarla təltif edilməsinə dair təqdimatın göndərilməsinin təmin olunmasıdır.
31. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən görünür ki, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204- VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
32. Qanunvericilikdə nəzərdə tutulan qaydada, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər.
33. Həmin Qanuna əsasən göstərilən medallar müvafiq rayonların işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmçinin, qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən hərbi qulluqçular vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər, müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir.
34. Eyni zamanda qeyd olunmalıdır ki, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi ilə bağlı sənədlərin hazırlanması qaydaları və proseduru, təltif edilmə ilə bağlı təqdimatın verilməsi və təltif edilmə ilə bağlı qaydalar müvafiq Təlimatda öz əksini tapmışdır. Belə ki, ilk öncə müvafiq təltif sənədlərin hazırlanması və tərtibi həyata keçirilir ki, bununla bağlı ümumi rəhbərliyi müvafiq cavabdeh inzibati orqanın kadrlar idarəsi tərəfindən həyata keçirilir. Daha sonra həmin sənədlərə müvafiq komissiyada baxıldıqdan sonra müsbət qərar qəbul olunduğu halda, həmin təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə təqdim olunur, haqqında müsbət qərara qəbul edilmiş təqdimatlar əsasında medal ilə təltif olunma barədə Azərbaycan respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respublikasının orden və medalları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir.
35. Göründüyü kimi, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi Azərbaycan Respublikasının Prezidentinin, həmin təltif sənədlərinin hazırlanması və bununla bağlı təqdimat verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur ki, hazırki işin halarına görə iddiaçının təltif olunması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən Əsasnamənin tələblərinə görə hərbi qulluqçuların təltif edilməsinə əsas həmin rayon uğrunda gedən döyüşlərdə iştirak etməsi halı ilə yanaşı, həmçinin, onların göstərdiyi igidlik, şücaət göstərilməsi halları olmuşdur. Eyni zamanda hərbi qulluqçuların medalla təltif edilməsi ilə bağlı qaydalarda da şəxsin medalla təltif olunması onun xidməti vəzifələrinin icrası zamanı göstərdiyi rəşadət, fədakarlıq və digər xidmətlərinin olması kimi hallarla əlaqələndirilmişdir. Bu halda, hərbi qulluqçuların həmin medalla təltif edilməsi əsası kimi çıxış edən hərbi qulluqçunun şücaət və igidlik göstərməsi halı məhz cavabdeh inzibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməklə, onun xüsusi diskression səlahiyyət forması kimi qiymətləndirmə azadlığı ilə ehtiva olunur.
37. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda özü doğru hesab etdiyi qərarı qəbul edə, inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3883/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov