Məhkəmə qərarları › İş №2-1(104)-15/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-15/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-15/2025 03.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə İddiaçı “X13” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (üçüncü şəxslər X2, X6, X7, X4 və X5) üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1553/2023 nömrəli qərarından üçüncü şəxslər X2, X6, X7, X4 və X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı Cavabdehnə müraciət edərək mülkiyyətində olan evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli, 120-42676-1222 nömrəli məktubda «Yaşayış yeri və olduğu yer haqqında» Qanunun 9-cu maddəsinə istinad edilərək iddiaçıya bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı "xxxx" X22 Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X2, X6, X7, X4, X5, X8, X9 və X3 Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 onun mülkiyyətindədir. 1 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin 8İ-5803 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 ünvanında tutma yönəldilmişdir. X2, X6, X7, X4, X5, X8, X9 və X11 evin əvvəlki sakinləridir. İddiaçı üçüncü şəxslərin Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 ünvanından qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1553/2023 saylı qərardadı ilə iddiaçı “X13” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə X2, X6, X10, X4, X11 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1553/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı da Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 iddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun, istifadə hüquqularının olmaması müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən evdən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxs qismində qeyd olunmuş xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X11 azyaşlı olduqlarından onlar, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsələr də, müstəqil olaraq özlərinə yaşayış yeri seçmək hüququ olmadığından, onların da qeydiyyatdan çıxarılması məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər X2, X6, X7, X4 və X5 həmin qərardan apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1553/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, iddiaçının adına Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 120-lə bağlı xx.xx.2012-ci il tarixli, ********** saylı çıxarış yoxdur. İkincisi, hal-hazırda iddiaçıya qarşı qeyd olunan çıxarış verilməsinə səbəb hərrac mərkəzinin verdiyi protokolun ləğvinə dair məhkəmədə iddia qaldırmışlar. Məhkəmə tərəfindən hər tərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixli, ********** saylı çıxarış əsasında iddia tələbinin təmin edilməsi qeyri-mümkündür. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, araşdırma aparmamışdır. Belə ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 120-nin hansı əsasla iddiaçının adına keçməsi ilə bağlı hər hansı araşdırılma aparılmamışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər İş üzrə üçüncü şəxs X6 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İPMnin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1 Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınan Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 ünvanında fərdi yaşayış evindən üçüncü şəxslərin pasport qeydiyyatında çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli, 120-42676-1222 nömrəli məktubda “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək iddiaçıya bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 saylı ünvanda yerləşən fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına yönəlmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara istinad etməklə bildirir ki, iddiaçının mövqeyi qanuni və əsaslıdır. Belə ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 120 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1928/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-5803 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(125)-5411/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddiaçı X1 cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və "xxxx" KB ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1928/2024 saylı qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(125)-5411/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan o, özünə məxsus yaşayış evində qeydiyyatda olan, həmin mənzilə dair istifadə və ya başqa əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı üçüncü şəxslərin mübahisəli yaşayış evinə hər hansı əmlak hüququnun (istifadə, icarə və s.) olduğu müəyyən edilməmişdir. Odur ki, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır və üçüncü şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaması qanuna zidd olduğundan, mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Göründüyü kimi, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçinin həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir. Çünki şəxslərin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1553/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar