Məhkəmə qərarları › İş №2-1(104)-150/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-150/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-150/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X1 iştirakları ilə, “Əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2092/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 201 nömrəli Hərbi Hissə komandirinin “Hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə qəbulu zamanı yol verilmiş nöqsanlar və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 116 nömrəli əmrinin surətindən görünür ki, tərcümeyi-halında təhrifə yol verərək özünün və yaxın qohumlarının məhkum olunmaları barədə məlumatları gizlətdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.3-cü bəndini rəhbər tutaraq əsgər İddiaçı, N nömrəli hərbi hissənin 2-ci tank taborunun, tank bölüyünün, tank taqımının mexanik-sürücüsü müqaviləsinə xitam verilməsi üzrə qanunamüvafiq tədbirlər görülməsi və xx.xx.2022-ci il tarixədək məruzə edilməsi əmr edilmişdir. Təqdimatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ əsgər İddiaçı N nömrəli Hərbi Hissənin 2- ci tank taborunun tank bölüyünün tank taqımının mexanik-sürücüsü “Hərbi vəzifə və hərbi hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) müvafiq olaraq ehtiyata buraxılmışdır. N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, 138 nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 2-ci tank taborunun 4-cü tank bölüyünün 1-ci tank taqımının 3-cü tankının mexanik-sürücüsü “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) müvafiq olaraq, N nömrəli Hərbi Hissə komandirinin 26 aprel 2022-ci il tarixli, N əç nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 2022-ci ilin növbəti məzuniyyət hesabından 26 (iyirmi altı) təqvim günü müddətinə məzuniyyət verilməklə xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 2022-ci ilin fevral ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 22 nömrəli 19 oktyabr 2017-ci il tarixli qərarının 27-ci maddəsinin bütün tələblərini rəhbər tutaraq birdəfəlik pul mükafatını almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım, məzuniyyət pulu ödənilib. Samux Rayon Polis Şöbəsinin 17 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh 3-cü Ordu Korpusuna (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 3-cü Ordu Korpus komandirinin 26 aprel 2022-ci il tarixli, 035 nömrəli əmrinin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə komandirinin 26 aprel 2022-ci il tarixli, N əç nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Samux rayonu, Qovlarsarı kəndində doğulmuşdur. xx.xx.2010-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2012-ci il tarixli, 342 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə mexanik-sürücü kimi N saylı hərbi hissədə işə başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin komandirinin 26 aprel 2022-ci il tarixli, 035 nömrəli əmrinə əsasən işdən çıxarılmışdır. Onun xx.xx.2022-ci il tarixə kimi adı işdə gedibdir. xx.xx.2022-ci il tarixdə hansı əsasla işdən çıxması bu günədək ona qaranlıqdır. İşdən çıxarılması qanunsuz və əsassızdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2092/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin 17 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və onunla birlikdə 11 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə daxil olarkən təqdim etdikləri sənədlərdə təhrif edilmiş məlumatlar qeyd edərək özünün və ya yaxın qohumlarının məhkum olunmalarını gizlətmişlər. Daxili Təhlükəsizlik İdarəsində keçirilən xüsusi yoxlama zamanı bu aşkar edilmiş və bu barədə Quru Qoşunlarına məlumat verilmişdir. X3 xx.xx.2022-ci il tarixli, 116 nömrəli əmri ilə həmin hərbi qulluqçuların ehtiyta buraxılmalarına dair tədbir görülməsi üçün birləşmə komandirlərinə göstəriş vermişdir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə daxil olarkən təqdim etdiyi sənədlərdə təhrif edilmiş məlumatlar verdiyinə görə N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Elman Mikayılovun vəsatəti əsasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) ehtiyata buraxılmışdır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edildiyinə görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılma aparılmamış, əgər aparılmış araşdırma varsa, o da cavabdeh orqanın mənafeyinə uyğun araşdırmadır. Sual yaranır məhkəmə hansı sənədə və hansı məntiqə əsasən bu qənaətə gəldi ki, İddiaçı özü və yaxın qohumları barəsində təhrifedilmiş məlumatlar-məhkum olunmaqlarını bildirməmişdir. İs materiallarında İddiaçı və onun yaxın qohumlarının məhkum olunmaları barədə hər hansı sənəd yoxdur. Bir neçə dəfə keçirilən məhkəmə iclasları zamanı da, cavabdeh orqanın nümayəndəsi tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Onda belə qənaətə gəlmək olur ki, hakim iddia tələbini təmin etməyərkən ya cavabdeh orqanın etiraz ərizəsini, yadaki Samux Rayon Polis Şöbəsinin 17 may 2022-ci il tarixli qərarını əsas götürmüşdür. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 41.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:

3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11-ci maddəsində qanunçuluq prinsipi müəyyən edilərək göstərilmişdir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, 201 nömrəli Hərbi Hissə komandirinin “Hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə qəbulu zamanı yol verilmiş nöqsanlar və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 116 nömrəli əmri ilə tərcümeyihalında təhrifə yol verərək özünün və yaxın qohumlarının məhkum olunmaları barədə məlumatları gizlətdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.3-cü bəndini rəhbər tutaraq əsgər İddiaçı, N nömrəli hərbi hissənin 2-ci tank taborunun, tank bölüyünün, tank taqımının mexaniksürücüsü müqaviləsinə xitam verilməsi üzrə qanunamüvafiq tədbirlər görülməsi və xx.xx.2022-ci il tarixədək məruzə edilməsi əmr edilmişdir. İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Həmçinin N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ əsgər İddiaçı N nömrəli Hərbi Hissənin 2- ci tank taborunun tank bölüyünün tank taqımının mexanik-sürücüsü “Hərbi vəzifə və hərbi hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin “z” bəndinə (bağlaşma ləğv edilərək) müvafiq olaraq ehtiyata buraxılmışdır. Daha sonra N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, 138 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 2-ci tank taborunun 4-cü tank bölüyünün 1-ci tank taqımının 3-cü tankının mexanik-sürücüsü “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) müvafiq olaraq, N nömrəli Hərbi Hissə komandirinin 26 aprel 2022-ci il tarixli, N əç nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 2022-ci ilin növbəti məzuniyyət hesabından 26 (iyirmi altı) təqvim günü müddətinə məzuniyyət verilməklə xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə göndərilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd olunan əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, İddiaçı və onunla birlikdə 11 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə daxil olarkən təqdim etdikləri sənədlərdə təhrif edilmiş məlumatlar qeyd edərək özünün və ya yaxın qohumlarının məhkum olunmalarını gizlətmişlər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən işin bu hallarını araşdırmamış, ümumiyyətlə gəldiyi nəticəni əsaslandırmamışdır. "Kuznetsov və digərlərinin işi üzrə" 21 yanvar 2007-ci il tarixli, "Hiro Bilani işi üzrə" 09 dekabr 1994-cü il tarixli Qərarlarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul etmişdir. Avropa Məhkəməsinin həmin qərarlarında qeyd edilir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. Kollegiyanın məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissənin 2-ci tank taborunun, tank bölüyünün tank taqımının mexanik-sürücüsü vəzifəsinə təyin edilmişdir. Daha sonra İddiaçı və onunla birlikdə 11 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun kimi xidmətə daxil olarkən təqdim etdikləri sənədlərdə təhrif edilmiş məlumatlar qeyd edərək özünün və ya yaxın qohumlarının məhkum olunmalarını gizlətmələri əsası ilə N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) ehtiyata buraxılmışdır. İddiaçının ehtiyata buraxılmasının əsası kimi özünün və ya yaxın qohumlarının məhkum olunmalarını gizlətmələri göstərilmişdir. Lakin iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 may 2022-ci il tarixli qərardan da müəyyən edilir ki, iddiaçının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Kollegiya qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin 156-cı maddəsində hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmalarının əsasları qeyd olunmuşdur. Belə ki, qeyd olunan əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Lakin, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini pozmuş və iddiaçı N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmr ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə əsasən (bağlaşma ləğv edilərək) ehtiyata buraxılmışdır. İlk növbədə kollegiya qeyd edir ki, “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.3-cü maddəsinə əsasən təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Yəni, cavabdeh iddiaçı ilə bağlaşma müqaviləsi imzalamazdan əvvəl təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların olub-olmamasını araşdırmalı olduğu halda bunu etməmişdir. Bundan başqa həmin dövrdə iddiaçının barəsində hər hansı cinayət işi olmadığı təqdirdə cavabdehin iddiaçının özü və yaxın qohumları ilə bağlı təhrif olunmuş məlumatlar verməsi qənaətinə gəlməsi tamamilə əsassızdır. Göründüyü kimi iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə əsasən (bağlaşma ləğv edilərək) ehtiyata buraxılması ilə bağlı N nömrəli hərbi hissə komandirinin N əç nömrəli, 26 aprel 2022-ci il tarixli əmri qanunsuz olmuşdur. Beləliklə də, iddiaçının barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 17 may 2022-ci il tarixdə qəbul edilmişdir. Yəni iddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə daxil olarkən qeyd olunan qərar mövcud deyildi. Belə olan halda iddiaçının təqdim etdiyi sənədlərdə özünün və ya yaxın qohumlarının barəsində təhrif edilmiş məlumatlar verməsi ilə bağlı cavabdehin gəldiyi nəticə tamamilə əsassızdır. Çünki, cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələri üzrə xitam verilməsi o demək deyildir ki, şəxs məhkum edilmiş hesab edilir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə komandirinin 26 aprel 2022-ci il tarixli, N əç nömrəli əmri maddi hüquq normalarının pozulması ilə verilmişdir. Ona görə də «İnzibati icraat haqqında» Qanunun 67.1-67.3-cü maddələrinə əsasən ləğv olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hisəsində də təmin olunmalıdır. Çünki «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İddiaçının dövlət qulluğundan azad edilməsinin hüquqi nəticəsi kimi ona əmək haqqı ödənilməmişdir. Həmin əmr ləğv olunduğuna görə bu hüquqi nəticə aradan qalxmalı, ona məcburi işburaxdığı dövr üçün ödənilməli olan əmək haqı verilməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2092/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə komandirinin 26 aprel 2022-ci il tarixli, N əç nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki xidmətə bərpa olunsun və məcburi işburaxma müddəti üçün ona əmək haqqı verilsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar