Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-151/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Təhsildə X1rşı diplomun tanınması tələbinə dair iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-i il tarixli, 2-1(114)-1627/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Ukrayna Təhsil və Elm Nazirliy Milli Aviasiya Universitetinin Uçuş akademiyası tərəfindən verilmiş B18 233994 nömrəli diplomdan görünür ki, İddiaçı 2018-ci ildə Ukraynanın Milli Aviasiya Universitetinin «Uçuş akademiyası»nı bitirmiş və menecment hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir. Diplomun tnınmasına dair İddiaçı müraciətinə cavab olaraq ünvanlanmış məlumatdan görünür ki, iddiaçının Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın Milli Aviasiya Universitetinin Uçuş Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhədkeçmə barədə elektron məlumat bazasından görünür ki, iddiaçı Ukraynada təhsil aldığı illər ərzində 2017-ci ildə 15 gün, 2018-ci ild müvafiq olaraq 17 və 18 gün orada olmuşdur. Milli Aviasiya Akademiyasının 06 mart 2023-cü il tarixli, 92 nömrəli məktubunda qeyd olunur ki, Ukrayna Milli Aviasiya Universitetindən olan müəllimlərin 2014-2018-ci illər üzrə səyyar dərlərinin Milli Aviasiya Akademiyasında təşkil olunmasına, İddiaçı isə iştirak etməsinə dair Akademiyada heç bir məlumat yoxdur. Milli Aviasiya Akademiyasının 12 aprel 2023-cü il tarixli, 136 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı haqqında heç bir məlumat olmamış, Ukrayna Milli Aviasiya Universitetinin müəllimləri səyyar sessiyalar təşkil etməmiş, oşmadakı sənədər isə Akademiyaya aid deyildir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci il tarixdə Ukrayna Respublikası Milli Aviasiya Universitetinin "Uçuş akademiyasının" bakalavr dərəcəsinin ali təhsil üzrə Menecment fakültəsinə daxil olmuş, 17 oktyabr 2018-ci il tarixdə həmin ali məktəbi bitirmişdir. Həmin tarixli B18N233994 saylı bakalavr diplomu verilmişdir. Sözügedən Universitetdə 2015-2018-ci illərdə, qiyabi əsasla təhsil almışdır. Lakin 2014-cü ildə isə Azərbaycan Respublikası Bakı şəhərinə qəbul imtahanlarını distant formada akademiya rəisinin xx.xx.2014-cü il tarixli, 241 saylı "Kontengentinin seçilməsi, sessiya dərslərinin keçirilməsi” qiyabi tədris formasında təhsil almışdır. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmiş, ekspertlərin yoxlanışından sonra həmin qurum tərəfindən ona tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında müvafiq ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə olan tədris yükünün yerində yetirməsinin qeyri-mümkün olması səbəbindən imtina cavabı vermişdir. Lakin o, oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə universitetin tələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Diplomumun tanınmasında heç bir qadağa olmadığı halda diplom üzrə aldığı ixtisasın tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Həmçinin diploma əlavədən də görünür ki, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Hətta xarici passportumdan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Ukrayna Respublikasına getdiyi və uzun müddət orada qaldığı açıqaydın görünür. Onun ölkədə qısa müddət ərzində olduğundan Azərbaycan Respublikasında müəyyən olunan səviyyə ilə uyğun gəlmədiyi hissəsi ilə əlaqədar isə qeyd edir ki, Milli Aviasiya Universitetinin Uçuş Akademiyası beynəlxalq standartlara cavab verən təhsil verir və həmin universitet Azərbaycan Respublikasında rəsmi olaraq tanınır. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi halları tam araşdırmadan qərar qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2014/2015-ci tədris ili üzrə- getməyib, 2015/2016-cı tədris ili üzrə - 15 gün, 2016/2017-ci tədris ili üzrə - 14 gün, 2017/2018-ci tədris ili üzrə- 1 ay 18 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2020-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın Vİ hissəsinin 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş "Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr"in V hissəsinə (Qiymətləndirmə Meyarları) və lzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmunununuyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qeyd olunan işin hallarından isə müəyyən olunur ki, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1627/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəalları ilə əsaslandrmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1627/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, təhsil aldığı dövr üzrə 1-ci kurs və 2-ci kursun 1-ci semestrndə Ukraynaya getməmiş, müəllimlər Bakı şəhərinə gəlməklə Milli Aviasiya Akademiyasında dərs keçmişlər. Digər illərdə isə Ukraynaya getmiş və orada təhsil almışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı təhsil aldığı dövr üzrə 1-ci kurs və 2-ci kursun 1-ci semestrndə müəllimlərin Bakı şəhərinə gəlməklə Milli Aviasiya Akademiyasında dərs keçmələrini bildirsə də bununla bağlı tərəflərindən araşdırılma aparılmış və heç bir sənəd aşkarlanmamışdır. İşdə olan sənədlərdə müəllimlərin Bakı şəhərinə göndərilməsi qeyd olunsa da bunu təsdiq edən heç bir sübut və ya dərsin keçirildiyi yerlə bağlı məlumat aşkarlanmamışdır. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə əsasən isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli, 919-İQ №-li Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Rusiyada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Rusiya Federasiyası verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Rusiyada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7.2-ci bəninə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6-cı bəndinə əsasən təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın: 3.2.2-ci maddəsinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin hallarından görünür ki, İddiaçı 2014-2018-ci illərdə Ukraynanın Milli Aviasiya Universitetinin «Uçuş akademiyası»nda təhsil aldığını bildirmiş, bununla bağlı bakalavr diplomunu və müvafiq sənədlərini cavabdeh inzibati orqana təqdim edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət tədris yükünü yerinə yetirməsi üçün kifayət deyildir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Bununla belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhədkeçmə barədə elektron məlumat bazasından görünür ki, iddiaçı Ukraynada təhsil aldığı illər ərzində 2017-ci ildə 15 gün, 2018-ci ild müvafiq olaraq 17 və 18 gün orada olmuşdur. Qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu həmin müddət tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Digə tərəfdən iddiaçının birinci kurc və ikinci kurcun ilk semestrində dərslərin Milli Aviasiya Akademiyasında keçilməsi dəlilləri də sübutlarda öz əksini tapmamışdır. Belə ki, Milli Aviasiya Akademiyasının 06 mart 2023-cü il tarixli, 92 nömrəli məktubunda qeyd olunur ki, Ukrayna Milli Aviasiya Universitetindn olan müəllimlərin 2014- 2018-ci illər üzrə səyyar dərslərinin Milli Aviasiya Akademiyasında təşkil olunmasına, İddiaçı isə iştirak etməsinə dair Akademiyada heç bir məlumat yoxdur. Milli Aviasiya Akademiyasının 12 aprel 2023-cü il tarixli, 136 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı haqqında heç bir məlumat olmamış, Ukrayna Milli Aviasiya Universitetinin müəllimləri səyyar sessiyalar təşkil etməmiş, oşmadakı sənədər isə Akademiyaya aid deyildir. Beləliklə, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, iddiaçının diplomunun tanınmasından imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1627/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-151/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-151/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver