Məhkəmə qərarları › İş №2-1(104)-151/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-151/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-151/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “hüquqi sənədlərin hazırlanması, maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 918/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Torpağa mülkiyyət hüququna dair JN №231 KOD 50302018 nömrəli dövlət aktı X4, X7, X11, İddiaçı, X14 və X19 Tovuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 199ci il tarixli 23 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.33 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

2. Azaflı kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1996- 2000-ci il tarixli 01№-li təsərrüfatbaşına kitabın 83-cü şəxsi hesabında X12 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1964-cü ildə tikilmiş yaşayış evi ümumi sahəsi 104 kv.m, o cümlədən yaşayış sahəsinin 48 kv.m olması göstərilmişdir (Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-cü il tarixli 18 nömrəli məktubu).

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh Tovuz rayonu Azaflı bələdiyyəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 qanuni istifadəsində olmuş həyatyanı 0,70 ha həyatyanı torpaq sahəsinin təqdim edilən hüquqmüəəyyənedici və təsdiq edici sənədlər əsasında fizikicoğrafi koordinatlarının müəyyən etməklə əlavə pay torpağı almaq hüququ nəzərə alaraq torpaqların keyfiyyəti nəzərə alınmaqla, qanuni istifadəsində və zəbt torpaqlarının torpaq sahəsinin sərhədləri dəqiq göstərilməklə pay torpağından zəbt torpağı çıxılmaqla X1 onun həyat yoldaşı olmuş X2nın eləcədə torpaq payı almaq subyekti olmuş ailə üzvlərinin hüquqlarının Daşınmaz Əmlakın reyester xidmətində qeydiyyata alınması üçün təsdiqlənmiş plan cizgilərinin verilməsi, torpaq islahatı çərçivəsində həmin dövrə 1981-ci ildə tikilmiş fərdi yaşayı evinə qeydiyyatda olmuş şəxslərin, eləcədə 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olmuş ailə üzvləri müəyyən edilməklə təsərrüfatda sovxoz kolxozlardan pay almaq hüququ olan subyekləri düzgün müəyyən edilməklə, bir subyektə düşən 0.25 ha pay torpağının hesablanması, hesablama zamanı arada yaranan fərq miqdarında torpaq payının ayrılması və qeyd olunan işlərin texniki və hüquqi sənədlərin hazırlanması və daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması üçün çəkilən xərclərin Tovuz rayon bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il Tovuz rayon Azaplı kəndində anadan olmuş, atası X8 1922-ci il Tovuz rayon Azaplı kəndində anadan olmuş, xx.xx.2004-cü il vəfat etmişdir. X2 05 mart 1932-ci il Tovuz rayonu Azaplı kəndində anadan olmuş xx.xx.2018-ci il vəfat etmişdir. X34 müharibəsi iştirakçısı olmuşdur. Ailəsinin Torpaq islahatı keçirilənə qədər Tovuz rayon Azaplı kəndində İki yerdə təsərrüfatı (həyatyanı torpaq sahəsi) olmuşdur. Hər iki təsərrüfatda (çoxuşaqlı ailə olduğuna görə) fərdi yaşayış evi olmuşdur. Bunlar arxiv arayışlarında və digər hüquqmüəyyəedici (ərizəyə əlavə olunur) sənədlərdə öz əksini tapmışdır. Torpaq islahatı keçirilən zaman Tovuz rayon Azaplı kənd YAİK Tovuz rayon Azaplı kəndində X1 fərdi yaşayış evinə qeydiyyatda olan və təsərrüfatda olanlarlar ailə tərkibi müəyyən etmişdir. X1 fərdi yaşayış evinə qeydiyyatda olanlar həyat yoldaşı X15, oğlu X18, oğlu İddiaçı olmuşdur. Təsərrüfatda isə Tovuz rayon Bayramlı kəndində qeydiyyatda olan X9 həyat yoldaşı X20, oğlu X22 ( valideyin himayəsində olan 1993-cü il anadan olmuş) və onun həyat yoldaşı X16 olmuşdur. ( 07 noyabr 20220 arxiv arayışı). Onun həyat yoldaşı X16 atası X13 fərdi yaşayış evində qeydiyyatda olsada, təsərrüfatda (arxiv arayışı əlavə olunur) olmamışdır. X17 ilə o 1995-ci il ailə həyatı qurmuş, rəsmi nigahları isə 23 sentyabr 1997-ci Tovuz rayon Azaplı kənd icra nümayəndəliyi tərəfindən (nigah şəhadətnaməsi işə əlavə olunur) qeydiyyata alınmışdır. O və həyat yoldaşı sovxoz və kolxozlar pay torpağı alan subyekt kimi tanınmışlar. Torpaq islahatı keçirildikdən və yekunlaşdıqdan sonra X1 vəfatından sonra xx.xx.2005-ci ildə X1 heç bir vərəsəlik işi açılmadan Tovuz rayon AİK 28 avqust 1998-ci il 23 nömrəli qərarını qeyd etməklə JN-162A səhadətnaməsi verilmişdir. Bu şəhadətnamədə qeyd olunan fərdi yaşayış evi 1960-cı ildə inşa edilmişdir. Lakin bütün təsərrüfatbaşı kitablarda X1 0.25 ha həyatyanı torpaq sahəsi və 1981-ci ildə tikilmiş fərdi yaşayış evi göstərilmişdir. Bu necə ola bilər ki, 1981-ci ildə tikilmiş yaşayış evi başqa bir ərazidə JN-162A şəhadətnamə isə başqa bir coğrafi koordinatdadır. O, 2020 oktyabr ayından başlayaraq sənədlərin əldə edilməsi üçün müxtəlif dövlət orqanlarına müraciət etmiş, həmçinin Tovuz rayon AİK -nın 28 avqust 1998-ci il 23 nömrəli qərarının ona, X1 və digər ailə üzvlərinə dair hissəsindən çıxarış verilməsini xahiş etsə də onlarda olmadıqlarını bildirmişlər. Nəhayət 2020-ci ildən ƏMDX DƏK və RX publik hüquqi şəxsin LTİ-dan tam olmayan məlumatlar əldə edə bilmişdir. Həmin səsnədlərə baxdıqdan sonra ona məlum olmuşdur atası X5 (qanuni istifadəsində) 0.70 ha torpaq sahəsi olsada ancaq dəfələrlə Tovuz rayon Azaplı kənd bələdiyyəsinə, eləcədə yerli icra nümayəndəsinə müraciət edərək X1 qeydiyyata alınmış mülkiyyətlərinə dair məlumat almaq istəsə də ancaq xx.xx.2005-ci il tarixli şəhadətnaməsindən başqa mülkiyyət sənədinin olmadığını bildirmişdir və əksər hallarda susqunluq göstərmişdir. Lakin LTİ-nin təqdim etdiyi vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyatyanı torpaq sahələrinə dair cədvəldə X1 162 və 210 xəritə və sıra nömrəsində hər birində 0.25 ha olmaqla həyatyanı torpaq sahəsi göstərilsədə və həmin sənədlər Tovuz rayon Azaflı kənd Bələdiyyəsi və Yerli icra nümayəndəsi tərəfindən imzalansada bu günə qədər hüquqmüəyyəedici sənəd verilməmişdir. 30.08 2023-cü ildə Tovuz rayon Azaflı kənd bələdiyyəsinə müraciət edərək o. ailə başçısı olmaqla ona və həyat yoldaşı X10 ayrıca subyekt kimi pay torpağı verilməsini xahiş etmişdir. Lakin bu günə qədər Tovuz rayon Azaflı kənd bələdiyyəsi heç bir cavab verməmiş və susqunluq göstərmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz rayon Azaflı kəndində yerləşən atası X4 və ailə üzvlərinini qanuni istifadəsində olmuş kənd daxili həyatyanı torpaq sahələrinə kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün X9 onun oğlu X22 və digər ailə üzləri ilə bağlanmış icarə istifadə eyni (162 və 231) vergi uçotuna alınması dair bütün müqavilələrin, müqavilədən irəli gələn nəticələrin, bu müqavilələrə dair notarial hərəkətlərin Tovuz rayon Azaflı kənd sakini olmuş X1 qanuni istifadəsində olmuş həyatyanı 0,55 ha həyatyanı torpaq sahəsinin təqdim edilən hüquqmüəəyyənedici və təsdiqedici sənədlər əsasında (hüquqmüəyyənedici sənədlər qismində arxiv arayışları, qaytanlanmış kitablar təsdiqlənmiş 340 qeydiyyat 503-2/4) fiziki -coğrafi koordinatlarının müəyyən etməklə əlavə pay torpağı almaq hüququ nəzərə alaraq torpaqların keyfiyyəti nəzərə alınmaqla, qanuni istifadəsində və zəbt torpaqlarının torpaq sahəsinin sərhədləri dəqiq göstərilməklə pay torpağından zəbt torpağı çıxılmaqla X1 onun həyat yoldaşı olmuş X6 hüquqlarının Daşınmaz Əmlakın reyester xidmətində qeydiyyata alınması üçün təsdiqlənmiş plan cizgilərinin verilməsi barədə,Torpaq İslahatı çərçivəsində həmin dövrə 1981-ci ildə tikilmiş fərdi yaşayı evinə qeydiyyatda olmuş şəxslərin, eləcədə 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə qeydiyyatda olmuş ailə üzvləri müəyyən edilməklə təsərrüfatda sovxoz kolxozlardan pay almaq hüququ olan subyekləri düzgün müəyyən edilməklə, bir subyektə düşən 0.25 ha pay torpağının hesablanması, hesablama zamanı arada yaranan fərq miqdarında torpaq payının ayrılması barədə, qeyd olunan işlərin texniki və hüquqi sənədlərin hazırlanması və daşınmaz əmlakın reyester xidmətində qeydiyyata alınması üçün çəkilən xərclərin Tovuz rayon bələdiyyəsinin büdcəsi hesabına həyata keçirilməsi və ona dəyən maddi mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-918/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbləri müxtəlif olduğundan bütün tələbləri üzrə cavab verməli olan orqan qismində Tovuz rayonu Azaflı bələdiyyəsi çıxış etməməlidir. Digər tərəfdən iddiaçı hazırki tələblər üzrə cavab verməli olan orqanlara ilkin müraciət etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-918/2024 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, hazırki tələblə bağlı bütün qurumlara müraciət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəfindən quurmlara şikayət ərizələri göndərilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

16. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

17. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

18. Birinci instansiya məhkəməsi hazırki tələblə cavabdeh orqana ilkin müraciətin olmaması səbəbi ilə iddianı mümkün hesab etməmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

20. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.

21. İş üzrə apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçıya iddia tələbinin sonuncu dəqiqləşdirilməsi ərizəsində göstərilən tələblə cavabdeh orqana müraciəti olduğu təqdirdə təqdim edilməsi təklif olunmuş, iddiaçı belə bir müraciətinin olmasını bildirsə də, bunu təsdiq edən sübutu təqdim edə bilməmiş, belə bir sübut iş materiallarına əlavə edilməmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının cavabdehə müraciətləri və müvafiq cavab məktubları olsa da, hazırki iddia tələbi ilə eynilik təşkil edən müraciət iş materiallarında öz əksini tapmamış və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

23. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.

24. Həmin Qanunun 30-cu maddəsinə əsasən ərizə yazılı formada tərtib olunmalıdır. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: ərizəçinin müraciət etdiyi inzibati orqanın adı; ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar; ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı; tələbin qısa məzmunu; ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası; hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

25. Hazırki halda iddiaçı hüquqi marağına uyğun iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana ilkin müraciət etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

Nəticəvi hissə:

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-918/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar