Məhkəmə qərarları › İş №2-1(104)-152/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-152/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-152/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-1296/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gəncə şəhər icra hakimiyyəti icra başçısının 1638 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə anası X2 ölümündən sonra İddiaçı müraciətinə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi 149 saylı binanın 91 saylı mənzilinin şəxsi hesab vərəqəsi onun adına keçirilməsi qərara alınmışdır. İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi 149 saylı binanın 91 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1638 saylı sərəncamının mənzilin özəlləşdirilməsi üçün əsas olmadığını bildirilərək, hüquqların qeydiyyatından imtina etmişdir. İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən 91 saylı mənzili Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 07 iyul 1995-ci il tarixli sərəncamına əsasən anasına verilmiş qeyd olunan mənzilin kirayə müqaviləsini öz adına dəyişdirməklə şəxsi hesab vərəqəsini adına keçirmişdir. Bundan sonra qeyd olunan mənzilə dair xx.xx.2022-ci il tarixdə 029 nömrəli kirayə müqaviləsi bağlayaraq həmin mənzildə doğulduğu müddətdən yaşayır. Qeyd olunan mənzildə özü və 4 nəfər ailə üzvü yaşayır ki, onlardan həyat yoldaşı və iki oğludur, onlar tərəfindən isə mənzilin onun adına özəlləşdirilməsinə heç bir etiraz yoxdur. Belə ki, bu mənzil onun anasının adına əvəzləşdirilməklə, yəni dəyişdirilməklə verilmişdir. Hazırki mənzilin isə kirayə müqaviləsi və mənzilin kirayə müqaviləsi ilə şəxsi hesab vərəqəsinin onun adına açılması barədə sərəncam qeyd olunan mənzili mənim adıma özəlləşdirməyə əsas verir. Cavabdehin isə orderin onun adına verilməməsi səbəbindən mənzilin onun adına özəlləşdirilməsinə dair imtinası əsassızdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, “Şəxsi hesab vərəqəsinin şəxsin adına dəyişdirilməsi haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 07 iyul 1995-ci il tarixli, 1638 saylı sərəncamı və xx.xx.2022-ci il tarixli, 029 nömrəli kirayə müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********13 nömrəli cavab məktubu ünvanlanmışdır. Hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1296/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 91 nömrəli mənzilin özəlləşdirilməsinin əsası kimi şəxsi hesab vərəqəsinin bir addan başqa ada dəyişdirilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 1638 nömrəli sərəncamını və xx.xx.2022- ci il tarixli, 029 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsini təqdim etmişdir, lakin qeyd olunan sənədlər qanunvericiliyin tələblərinə əsasən mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmir. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X8 Filialının xx.xx.2021-ci il tarixli, 290(186)/4 nömrəli arxiv arayışından görünür ki, X8 Filialında mühafizə olunan Kirovabad şəhər X6 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 3 nömrəli trest üzrə 1973-1975-ci illərə aid orderləri yoxlanılmış, X2 adına yuxarıda göstərilən ünvana aid order aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə hər-hansı hüquqmüəyyənedici sənədiorderi olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Fondunun Özəlləşdirilməsi haqqında qanunun 5-ci maddəsinə əsasən Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (payli, birgə) mülkiyyətinə verilə bilər. İş materiallarında olan 1995-ci il tarixli Sərəncamdan da göründüyü kimi həmin sərəncam qıvvədədir. Qeyd olunan orderin əldə olunmamasının əsası isə həmin mənzillər dəyişdirildiyindən buna dair sərəncam verilmişdir. qanunvericiliyin tələbinə görə orderin olması məcburi olmamaqla qanunvericiliyin tələb etdiyi sərəncamda mənzilin özəlləşdirilməsi üçün əsasdır. Hazırda öz halal evimi özəlləşdirə bilməməyim mənim üçün çox acınacaqlı bir hal yaratmışdır.Hazırda şəxsi hesab vərəqəsinin mənim adıma dəyişdirilməsi ilə bağlı sərəncam bu mənzilin özəlləşdirilməsi üçün əsaslardan biridir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Prosessual məsələlər: Tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; (-); 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. İş materiallarından müəyyən edilir ki, Gəncə şəhər icra hakimiyyəti icra başçısının 1638 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə anası X2 ölümündən sonra İddiaçı müraciətinə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi 149 saylı binanın 91 saylı mənzilinin şəxsi hesab vərəqəsi onun adına keçirilməsi qərara alınmışdır. İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi 149 saylı binanın 91 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1638 saylı sərəncamının mənzilin özəlləşdirilməsi üçün əsas olmadığını bildirilərək, hüquqların qeydiyyatından imtina etmişdir. İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, inzibati orqan Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1638 saylı sərəncamının mənzilin özəlləşdirilməsi üçün əsas olmadığını bildirərək, hüquqların qeydiyyatından imtina etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Fililının ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-01991/2023 saylı məktubundan görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və paylanması İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli sorğularına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 3-52/2-1790/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3-52/2-3231/2023 saylı, xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, X2 adına verilmiş evdəyişmə orderi haqqında məlumatın əldə edilməsi üçün həmin orderin düzgün tarixi və nömrəsi barədə məlmat təqdim olunduqdan sonra müraciətə baxılması mümkündür. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X1nin M-429 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhər Şah İsmayıl Xətai (indiki Heydər Əliyev prospekti) 149 nömrəli binanın 91 nömrəli mənzilinə dair xx.xx.1973-cü il tarixində 051462 nömrəli order verilmiş, Kirovabad şəhər X6 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar tresti arxiv fondunun sənədlərindən məlum olur ki, Kirovabad şəhər Mənzil Təmir İstismar Trestinin 11 nömrəli MİS üzrə 1993-cü il tarixli kirayənişinlərin şəxsi hesablarında Ş.İ.Xətai küçəsi, ev 149, mənzil 91-də yaşayan X2 adına 197 nömrəli şəxsi hesab vərəqəsi açılmış, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1638 nömrəli sərəncamı ilə həmin mənzilin şəxsi hesab vərəqəsi İddiaçı adına keçirilmişdir. Qeyd edilən order Gəncə Şəhər lcra Hakimiyyətinin arxivində saxlanılmamışdır. Həmin mənzilə dair kirayə müqaviləsi dəyişdirilərkən yeni orderin verilməsi nəzərdə tutulmamışdır. Odur ki, qeyd olunan mənzilin İddiaçı tərəfindən özəlləşdirilməsinə etiraz edilmir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********750 saylı şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 149 saylı bina, 91 saylı mənzilin sahibi İddiaçı olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdən də görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 149 saylı binanın, 91 saylı mənzil xx.xx.1973-cü il tarixli, 051462 nömrəli order verilmişdir. Kirovabad şəhər Mənzil Təmir İstismar Trestinin 11 nömrəli MİS üzrə 1993-cü il tarixli kirayənişinlərin şəxsi hesablarında Ş.İ.Xətai küçəsi, ev 149, mənzil 91-də yaşayan X2 adına 197 nömrəli şəxsi hesab vərəqəsi açılmış, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1638 nömrəli sərəncamı ilə həmin mənzilin şəxsi hesab vərəqəsi İddiaçı adına keçirilmişdir. Sözü gedən order isə Gəncə Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmamış və həmin mənzilə dair kirayə müqaviləsi dəyişdirilərkən yeni orderin verilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1296/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən 3 otaqdan ibarət mənzil İddiaçı adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar