Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-153/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrliyi və məruzəsi ilə), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh1nə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-350/2020 saylı qərarından iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-350/2020 saylı qərarı ilə (hakim A.İsgəndərova) İddiaçı Cavabdeh1nə qarşı 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı X3 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-350/2020 saylı qərarını ləğv edərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 ərizəsi təmin edilmiş və o, iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(104)-287/2022 saylı qərarı ilə (hakimlər R.Mamedov-sədrlik edən və məruzəçi, A.Bayramov və Ə.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-350/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1555/2022 nömrəli qərarı ilə (hakimlər R.Nəbizadə - məruzəçi, X.Məmmədov və S.Kərimov) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)- 287/2022 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 işdə üçüncü şəxs kimi iştirakına xitam verilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısına yazdığı xahiş ərizəsinə əsasən Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 saylı sərəncamı ilə Xaqani küçəsində yerləşən 100,0 kv.m torpaq sahəsində tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Sərəncam əsasında həmin torpaq sahəsində fərdi yaşayış evinin yerləşdirilməsi üçün öz hesabına Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən fərdi evin layihəsi hazırlanmışdır. Zibilxanaya çevrilmiş torpaq sahəsini təmizləyib hamarlayıb, əraziyə barı çəkmişdir. Əraziyə xeyli ağaclar əkmiş, su çəkdirmişdir. Azərişıq İdarəsi tərəfindən sahəyə elektrik sayğacı qoydurmuşdur. Beləliklə, böyük vəsait hesabına görülən bərpa hazırlıq işlərinə baxmayaraq Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 saylı sərəncamı ilə əvvəlki 529 saylı, 17 mart 2017-ci il tarixli sərəncamı ləğv edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ədalətsizdir, ona görə də ləğv edilməlidir. Məhkəmə qərarında göstərilmişdir ki, DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş məktubda göstərilmişdir ki, həmin torpaq sahəsi dövlət reyestri qeydiyyatına alınmadığından hansı orqanın balansında olması məlum deyildir. Həmin torpaq sahəsi dövlət fondunda olaraq Kəpəz rayonunun balansında olduğu üçün sərəncamın ləğv edilməsində həmin torpağın onların balansında olmadığı səbəb olduğu göstərilirdi. Belə ki, əvvəl verilən 529 saylı 17 mart 2017-ci il tarixli sərəncamı ləğv edən sərəncam arasında iki il altı ay keçməsinə baxmayaraq görüntü üçün göstərilən qanunlarla əsaslandırılmışdır. Sərəncamın ləğvinin səbəbi olaraq qərarda göstərilir ki, ona sərəncam əsasında ayrılmış 100 kv.m torpaq sahəsindən əlavə olaraq 200 kv.m torpaq sahəsi zəbt etdiyi göstərilmişdir. Həmin torpaq sahəsi dövlət fondunda olaraq boş sahəsir və ona ayrılmış torpaq sahəsinə bitişikdir. Həmin istifadəsiz sahəyə müvəqqəti olaraq bəzi tikinti işləri ilə əlaqədar iştifadə edirdi. Bu işlər görüldükdən sonra həmin sahəni boşaldacaqdı. O, ilk sərəncama əsasən tikinti-quraşdırma işlərinin aparılması üçün lazımı sənədlərin əldə edilməsinə xeyli vəsait xərcləmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddiasının təmin edilərək Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdırıb, habelə kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbi, habelə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçının verdiyi iddia tələbi mümkün tələbdir, iddianın qeyri-mümkün sayılması üçün əsaslar yoxdur. Həmçinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamında inzibati icraat haqqında hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsini nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsini rəhbər tutaraq Gəncə şəhət Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 10 mart 2020-ci il tarixli, **********02 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Xəqani küçəsində yerləşən və İddiaçı istifadəsində olan 100,0 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün həmin torpaq sahəsinin hansı orqanın balansında olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh1 06 may 2020-ci il tarixli, 03/218 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Xəqani küçəsində yerləşən və İddiaçı istifadəsində olan 100,0 kv.m torpaq sahəsinin hansı orqanın balansında olmasını müəyyən etmək mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin sorğusuna əsasən məhkəməyə daxil olmuş Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavininin xx.xx.2023-cü il tarixli 5-1/2-03/1379/2023 saylı məktubunda Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamının verilməsi üçün əsas olmuş sənədlər qismində Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamı və X2 ərizəsi göstərilmişdir. 19 aprel 2023-cü il tarixdə iddiaçı X1 və üçüncü şəxs X2 iştirakı ilə Gəncə şəhəri, Xəqani küçəsində yerləşən və İddiaçı istifadəsində olan torpaq sahəsinə yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahəsi 3-cü şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə qonşu torpaq sahəsi olsa da, lakin həmin torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, yəni aralarında arakəsmə daş hasar vardır. İşin hallarından göründüyü kimi Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. X4 qeyd olunan sərəncamın ləğv edilməsi ilə bağlı Cavabdeh1 başçısına ərizə (şikayət) ilə müraciət etmişdir. Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamı ilə Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamı ləğv edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamı ilə Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamı inzibati icraat haqqında hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsini nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsini rəhbər tutaraq ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: Həmin Qanunun 21.3.1-ci maddəsinə əsasən maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; Həmin Qanunun 21.3.2-ci maddəsinə əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; Həmin Qanunun 21.3.3-cü maddəsinə əsasən dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; Həmin Qanunun 21.3.4-cü maddəsinə əsasən ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; Həmin Qanunun 21.3.5-ci maddəsinə əsasən barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; Həmin Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs dedikdə inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. İş materiallarından göründüyü kimi inzibati orqan iddiaçı barəsində qəbul etmiş olduğu 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamı (əlverişli inzibati aktı) ləğv edərkən həmin inzibati aktın qəbul edilməsində maraqlı olan iddiaçını məlumatlandırmamış, onu dinləməmişdir, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamı qanunvericilikdə göstərildiyi kimi inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt kimi qanunsuz sayılmış və həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilmişdir. Lakin inzibati orqan inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir. Digər tərəfdən məhkəməyə daxil olmuş Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavininin xx.xx.2023-cü il tarixli məktubunda Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamının ləğvinin əsası kimi X2 ərizəsinin (şikayətinin) olduğu göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə görə maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 78.1-ci maddəsində göstərilmişdir ki, Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. (İnzibati şikayətlər üzrə icraat müddəti). İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun İV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir. Şikayət inzibati aktı qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin orqan şikayəti və icraatla bağlı materialları şikayət instansiyasına göndərməyə borcludur. Şikayət maraqlı şəxs tərəfindən birbaşa şikayət instansiyasına təqdim olunduqda, həmin orqan şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqandan icraatla bağlı materialları tələb edə bilər. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-79.5-ci maddələri). Qanunun qeyd olunan müddəalarının mənasına görə inzibati aktdan şikayət həmin inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə və ya bilavasitə şikayət instansiyasına verilə bilər. Şikayət instansiyası inzibati aktın qanunauyğunluğu və məqsədəuyğunluğunu araşdırır. Bu zaman həmin şikayətə inzibati aktı qəbul etmiş inzibati orqan və ya onun vəzifəli şəxsləri baxa bilməz. Göründüyü kimi Cavabdeh1 başçısı X2 şikayətinə əsasən 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamını ləğv etmişdir. Halbuki qeyd olunan vəzifəli şəxsin bu cür səlahiyyəti olmamışdır. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh1 başçısı 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamı qəbul edərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət etməmiş, inzibati icraat aparılmasını təmin etmədən inzibati akt qəbul etmişdir. Belə ki, məhkəmənin sorğusuna əsasən Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamının ləğv edilməsi üçün əsas olan sənədlərin surətləri tələb edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini tərəfindən qeyd olunan sərəncamın ləğvi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Lakin həmin sənədlərə inzibati aktı qəbul etmiş vəzifəli şəxs tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar fiziki və ya hüquqi şəxsin ərizəsi (28.1.1); inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi (28.1.2); inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1.3) hesab olunur. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır (Qanunun 28.3 və 28.4-cü maddələri ). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamı qanunsuzdur və ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini kifayət qədər nəzərə almamış, düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-350/2020 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilərək Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-350/2020 saylı qərarı ləğv edilsin və yeni qərar çıxarılsın. İddia təmin edilsin. Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamı ləğv edilsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə və ya verilmiş kassasiya şikayəti geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov Afiq Hüseynzadə
Məhkəmə qərarları › İş №2-1(104)-153/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-153/2023
26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver