Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-153/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-290/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, adı “Səday”, doğulduğu tarix isə “xx.xx.1964” kimi qeyd edilmişdir. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının Qaraqollar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.1964-cü il tarixli 59 nömrəli doğum haqqında akt qeydində adı “Səyad” kimi qeyd edilmişdir. İddiaçı adına olan fərdi uçot kartoçkasından görünür ki, adı “Səday”, doğum tarixi isə “xx.xx.1964” kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamə verilərkən adının “Səday” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun doğum haqqında akt qeydində adı “Səyad” kimi yazılmış, ona məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində isə adının “Səday” kimi yazılmışdır. Doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daşkəsən rayon Qaraqollar kənd soveti tərəfindən barəsində verilən xx.xx.1964-cü il tarixli, 59 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək arxivdən alınmış doğum aktı qeydində olduğu kimi adının “Səday” kimi, doğum tarixinin isə xx.xx.1959-cu il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023 tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-290/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının doğum akt qeydində qeyd edilməsini arzuladığı “03 sentyabr 1959-cu il” tarixin onun anadan olması tarixi və onun akt qeydində qeyd edilmiş şəxslə eyni olması iddiaçı tərəfində sübuta yetirilə bilməmiş, məhkəmə araşdırması nəticəsində bu hal öz təsdiqini tapmamışdır. Həmçinin doğum akt qeydində iddiaçının təvəllüdü xx.xx.1964-cü il və ona məxsus bütün sənədlərdə də onun təvəllüdü “01 noyabr 1964-cü il » kimi qeyd edilmişdir. İddiaçı xx.xx.1964-cü il tarixli, 59 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək arxivdən alınmış doğum aktı qeydində olduğu kimi adının “Səday” kimi, doğum tarixinin isə xx.xx.1959-cu il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəsə də, yuxarıda qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi bu mümkün deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, o, xx.xx.1959-cu il təvəllüdlü mərhum qardaşı Xaqay ilə əkizdir. Lakin onun doğum tarixi və adı səhv qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, o, xx.xx.1959-cu il təvəllüdlü mərhum qardaşı Xaqay ilə əkiz qardaşdır. Lakin valideynləri sonradan ona doğum akt qeydi yazdırmaqla adını və doğum tarixini səhv qeyd etdiriblər. O, qardaşı ilə eyni vaxtda pensiya çıxmalı olduğu halda hazırki səhvə görə pensiya hüququndan istifadə edə bilmir. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: … vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İşin hallarından görünür ki, iddiaçı doğum haqqında akt qeydi ilə ona məxsus rəsmi sənədlərdə adı və doğum tarixinin uyğunsuz olması əsasını qeyd edərək doğum akt qeydində müvafiq düzəlişlərin aparılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və onunla əsaslandırılmışdır ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun doğum tarixi “xx.xx.1964-cü il”, adı isə “Səyad” kimi qeyd edilmişdir. İddiaçının sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi akt qeydində düzəliş edilməsinə əsas vermir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydində edilməsini arzuladığı dəyişikliklərin əsaslılığı iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının Qaraqollar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1964-cü il tarixli 59 nömrəli doğum haqqında akt qeydində adı “Səyad” və təvəllüdü “01 noyabr 1964cü il” kimi qeyd edilmişdir. İddiaçının adına olan fərdi uçot kartoçkasından görünür ki, adı “Səday”, doğum tarixi isə “xx.xx.1964” kimi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı mübahisələndirilən doğum akt qeydində adının “Səday” kimi, doğum tarixinin isə xx.xx.1959-cu il kimi qeyd edilməsinə nail olmaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi doğum akt qeydində onun adı və doğum tarixi hazırki vəziyyətdəkindən fərqli olsa da, sözügedən aktın iddiaçı barəsində tərtib edilməsi həm iddia ərizəsində, həm də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə etiraf edilmişdir. İddiaçının mübahisələndirilən doğum akt qeydində dəyişdirilməsinə nail olmaq istədiyi qeydlərin əsaslılığı iş materiallarında olan heç bir sənədlə öz təsdiqini tapmamış, doğum akt qeydində qeyd edilməsini arzuladığı “03 sentyabr 1959-cu il” tarixin onun doğum tarixi və onun akt qeydində qeyd edilmiş şəxslə eyni olması, həmçinin, iddiaçının apellyasiya şikayətinin məzmununda qeyd etdiyi xx.xx.1959-cu il təvəllüdlü qardaşı Xaqay ilə əkiz olması halı da iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. İş materiallarında olan 1 saylı Gəncə «ASAN Xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X1 aid xx.xx.2024cü il tarixədək daxil edilmiş bütün vətəndaşlılıq vəziyyəti aktlarında yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. -oğlu X2 (xx.xx.1959), oğlu İddiaçı (xx.xx.1964), oğlu X3 (xx.xx.1964), qızı X4 (xx.xx.1971). Göründüyü kimi iddiaçı xx.xx.1959-cu il təvəllüdlü qardaşı ilə əkiz olduqlarını və adının səhv qeyd edildiyini bildirsə də, təqdim olunan sənədlərlə tələbdə qeyd olunan hallar təkzib edilmişdir. Odur ki, iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-290/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov