Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-155/2023 27.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X1 ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iştirakları ilə, «əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1564/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 29 avqust 2013-cü il tarixli, 537 nömrəli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Şəmkir rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnozu “sağ diz oynağın güllə yarası” hərbi travma kimi qiymətləndirilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 oktyabr 2016-cı il tarixli, xxxxxxx0005 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq sağ diz oynağının deformasiyaedici artrozu, sağ diz oynağının güllə yaralanmasından sonrakı vəziyyəti, ağrı sindromu, yeriş funksiyasının pozulması qanartroz diaqnozu ilə ikinci dərəcəli əlillik təyin olunmuşdur.
3. Stasionar xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu tarixlər arası A.Səhhət adına xəstəxanada sağ diz oynağının güllə yarasından sonrakı incə görünüş, sağ diz oynağının deformasiyaedici artrozu, aşağı ətrafın parezi, dayaq-hərəkət və yeriş deformasiyasının pozulması diaqnozu ilə müayinə və müalicə almışdır.
4. "xxxx" MMC tərəfindən verilmiş epikrizdə xx.xx.2020-xx.xx.2020-ci il tarixdən İddiaçı stasionar sanitar-kurort müalicə alması qeyd olunmuş, sağ diz oynağının artrozu diaqnozuna yaşayış yerində terapevtik-revmatoloqun nəzarəti altında müalicə məsləhət görülmüşdür.
5. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 12 avqust 2021-ci il, **********/474g nömrəli arayışında İddiaçı diaqnozu kimi odlu silahdan yalaralanmadan sonra sağ diz oynağının ön səthində kobud kellaid dartıcı çapıq toxuması, ağır dərəcəli artrozu, ani-büküsü kəskin kontrak (açma 165 dərəcə, bükmə 135 dərəcə) oynağın qeyri-stabilliyi, əzələ artrofiyası, daimi ağrı sindromu və dayaq hərəkət funkiyasının pozulması qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının TQS 088 nömrəli, 0346003AARN0 göndərişindən görünür ki, İddiaçı müayinəsi zamanı sağ diz oynağın deformasiya olunmuş artrozu sümük-əzələ sistemi xəstəliyi qrafasıda və rentgen müayinə qrafasında qeyd edilmişdir.
7. 22 noyabr 2021-ci il tarixli qiymətləndirməyə dair məlumatda əliliyin təyin edilməsindən imtina edilmiş və səbəb olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər təyin olunmuş İİ dərəcə əlilliyinin yenidən təyin edilməsi, əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə pensiya ödənişlərinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməklə yenidən təyin olunması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardad ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ayağından güllə yarası almışdır. Bunun nəticəsi olaraq sağ diz oynağının incik dönüş sinirinin neyropatiyası, sağ diz oynağının deformasiyası, ağır dərəcəli artroz, əzələ atrofıyası, daimi ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması MMS-nin üzvü xəstəliyi kəllə beyin travması nəticəsində şəxsiyyət dəyişikliyi ilə intelektual mnestik funksiyalarının zəifləməsi diaqnozu qoyulmuşdur. Xəstəliklərin siyahısı bitmir. Nəticədə ona 2-ci dərəcəli əlillik təyin olunmaqla əlilliyə görəpensiya təyin edilmişdir. Ona əlilliyə görə təyin olunmuş pensiya ödənişləri heç bir bildiriş və məlumat göndərilmədən kəsilmiş və pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır. Pensiya ödənişləri dayandırılarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən barəsində müayinə komissiyası təşkil olunmamış və belə bir komissiya təşkil olunmadan onun pensiya ödənişləri kəsilmişdir. Daha sonra dayandırılmış pensiya ödənişlərinin verilməsi üçün müraciət etdikdən sonra tibbi sənədlərini və epikrizlərini yenidən TSEK-ə təqdim etmişdir. 2021-ci ilin noyabr ayında göndəriş əsasında müayinədən keçmiş, lakin ona cavab gəlməmişdir. 2022-ci ilin aprel ayında Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və ona əlillik pensiyasının təyin olunmasından imtina cavabının göndərilməsini bildirmişlər və sənədləri ona vermişlər. Ona İİ dərəcə əlillik təyin olunan 2016-cı il tarixdən bugünə kimi onsuz da səhhəti ilə bağlı kifayət qədər müalicə almışdır. Bununla bağlı sənədləri təqdim etmişdir. Ayaqdan alınan güllə yarası sağalan yara deyildir. Əgər səhhətində qoyulan diaqnozun reabilitasiyası və müalicə olunaraq sağalması ehtimalı var idisə, qeyd olunan uzun müddət ərzində aldığı müalicə hər hansı bir müsbət nəticə göstərərdi. Ona görə də hesab edir ki, qeyd olunan imtinanın verilməsi faktiki olaraq onu qanunsuz və əsassız olaraq əlilliyə görə pensiya təminatından məhrum edir. Ona 1992-ci ildə həmin diaqnozla tibbi rəy verilmiş, sonuncu dəfə 2016-cı ildə faktiki olaraq məhz göstərilən diaqnoza əsasən 2-ci qrup əlillik verilmişdir. Belə olan halda 2021-ci ildə həmin diaqnozun qoyulması əlilliyinin olmasını sübut edir və xəstənin tam reabilitasiya olunmasını istisna edir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1564/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan 29 iyul 2022-ci il tarixli, T 334/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün «Şəmkir Rayon Mərkəzi Xəstəxanası» PHŞ-də tərtib edilmiş 034603AARN0 nömrəli göndərişdə (088 Saylı Formada) qeyd edilən: «hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanmadan sonra sağ diz oynağının ön səthində kobud kelloid dartıcı çapıq toxuması, ağır dərəcəli artrozu, açıçı-bükücü kəskin kontrakturası, oynağın qeyri-stabilliyi, əzələ atrofiyası, daimi ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması, MSS-nin üzvi xəstəliyi, kəllə-beyin travması nəticəsində şəxsiyyət dəyişkənliyi ilə intellektual mnestik funksiyaların zəifləməsi» diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən, xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. O, həmin xəstəliklərdən əziyyət çəksə də diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə hal-hazırda ona 413 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyildir.
13. Məhkəmə mövqeyini “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsində hərbi əməliyyatlar nəticəsində odlu silah atəşi nəticəsində ayağından yaralanmışdır. Nəticədə sağ diz oynağının deformasiyası, ağır dərəcəli artrozu, qan artroz, yeriş funksiyasının pozulması və sair diaqnozlar qoyulmuşdur. Bunun nəticəsi olaraq 2016-cı ildə ona 2-ci dərəcə əlillik verilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015 il tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.8-ci bəndinə uyğun olaraq etiologiyasından asılı olmayaraq, aşağı ətrafları parezi, çanaq orqanlarının funksiyalarının pozulması kimi xəstəliyinin olması nəzərə alınmışdır. Bundan sonra o, mütəmmadi olaraq müayinələrdən keçsə də nəticəsi olmamışdır. Hazırda ayağı qatlanmır. Gecə ağrılardan yuxuya gedə bilmir. 2021-ci ildə isə onun pensiyası heç bir əsas olmadan kəsilmişdir. Qiymətləndirmə nəticəsində diaqnozun əlillik əlaməti müəyyən edilməməsi əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinə müraciət etsə də məhkəmə ekspertiza təyin etmiş və ona 2016cı ildə təyin olunan pensiya zamanı qoyulmuş diaqnozlar öz əksini tapsa da pensiya təyin üçün əsasların olmaması qeyd edilmişdir ki, bunu da birinci instansiya məhkəməsi əsas götürmüşdür. Ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir. Bundan başqa inzibati orqanın işçisi də ekspert kimi çıxış edərək rəyə imza etmişdir ki, bu da rəyin mötəbərliyini şübhə altına alır. Ümumiyyətlə, ekspert qarşısına əlilliyin təyin edilməsi barədə sualın qoyulması təcrübəsizlikdir. Bununla bağlı Ali Məhkəmənin qərarları da mövcüddur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, inzibati orqan ona qoyulmuş diaqnozun əlilliyin təyini üçün əsas verməməsi kimi göstərsə də, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, ona ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 05 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia etmişdir. Halbuki, "İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Nəzərə almaq lazımdır ki, ağır dərəcəli artroz və ümumiyyətlə artroz sağalan xəstəlik deyildir. Sadəcə müalicə olmaqla onun ağrılarının müvəqqəti qarşısını almaq mümkündür. Ekspertiza zamanı da həkimlər ayağında nəzilmə getdiyi, yəni daha da ağır fəsadların ortaya çıxdığını qeyd etmişlər. Əlavə olaraq qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, "qanuni gözlənti" və "hüquqi müəyyənlik" prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən ona 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarının 2.2.8-ci bəndinə əsasən əlillik təyin edildiyini, həmin xəstəliyin davam etdiyini, bununla bağlı ambulator və stasionar müalicələrdə olmağını, "Forma" 88 arayışda həmin xəstəliklərin diaqnozunun diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq nəzərə almamış, yuxarıda sadalanan Qanunun tələblərini düzgün şərh etməmişdir.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, illərdir artroz xəstəliyindən əziyyət çəkir və ağrılardan azad ola bilmir. Maddi imkanı çox aşağıdır və dərmanları almağa belə maddi imkanı yoxdur.
17. İddiaçının vəkili X5 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 19.Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
20. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
21. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
22. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
23. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
25. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
26. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir.
27. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
28. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
29. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
30. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
31. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
32. 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.
33. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
34. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
35. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
36. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
37. 2.2. Ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); ağır formalı bədxassəli qan xəstəlikləri (C80- C96.9); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15- A16.9,J96-J96.9); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boyçəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); ikinci və üçüncüdərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); E23.2, E23.7, E2424.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47- H47.5, H52- H53.9); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri hallarında ikinci dərəcə əlillik təyin edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
38. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
40. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
42. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
43. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
44. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
46. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə düzgün baxmamış əlliyin bərpa edilməsinin mümkün olmamasına dair nəticəyə gəlmişdir.
47. Halbuki, iddia tələbində ərizəçi təyin edilən əlillik dərəcəsinin bərpa edilməsinə deyil, əlillik dərəcəsinin təyin edilməsinə dair tələbə hüquqi qiymət verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iddia tələbinə uyğun olmayan tələbə mahiyyəti üzrə baxmışdır.
48. İşin hallarından görünür ki, İddiaçı sağ diz oynağının deformasiya olunmuş artrozu xəstəliyindən əziyyət çəkir. X8-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 oktyabr 2016-cı il tarixli, xxxxxxx0005 nömrəli qərarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmiş, 22 noyabr 2021-ci il tarixdə xəstəliyin təkrar qiymətləndirilməsi və müvafiq əlilliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirmə aparılmış, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin dərəcəsinin təyinindən imtina edilmişdir.
49. İş materiallarında olan 0346003AARN0 nömrəli göndərişdə müayinə nəticəsi olaraq sağ diz oynağının deformasiya olmuş artrozu öz təsdiqini tapmış, habelə, qiymətləndirmə üzrə məlumat olan Forma 88-də diaqnoz olaraq “hərbi əməliyyat nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələmələr, odlu silahla yaralanmadan sonra sağ diz oynağının ön səthində kobud kelloid dartıcı çapıq toxması. Ağır dərəcəli artrozu. Açıcı-bükücü kəskin kontrakturası. Oynağın qeyri stabilliyi, əzələ atrofiyası. Daimi ağrı sindromu. Dayaq-hərəkət funksiyasının pozulması MSS-nin üzvü xəstəliyi kəllə beyin travması nəticəsində şəxsiyyət dəyişkənliyi ilə intelektual mnestik funksiyaların zəifləməsi” qeyd edilmişdir.
50. Məhkəmə tərkibi hesab edir ki, şəxsə təyin edilmiş əliliyə səbəb olan xəstəlik müalicə olunaraq sağalan xəstəlik qrupuna aid deyildir və iddiaçı müxtəlif vaxtlarda Stasionar xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, A.Səhhət adına xəstəxanasında, "xxxx" MMC-də, TƏBİB publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə və müayinələrinin nəticələrində də şəxsin aşağı ərtafının artrozu olması və müalicəyə daimi ehtiyacının olması qeyd edilmişdir.
51. Həmçinin, qeyd edilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.2-ci bəndində qeyd edilən xəstəliklərin siyahısında da müəyyən edilmişdir.
52. Bundan əlavə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipindən çıxış edərək iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə həvalə olunmuşdur. Sonuncu tərəfindən verilmiş ekspert rəyində ekspert komissiyasında cavabdeh inzibati orqanın nümayəndəsi olan X2 da iştirak etmişdir.
53. Ekspert rəyinin təhlili zamanı müəyyən olunur ki, cavabdeh orqanın əliliyin təkrar təyininə dair imtina qərarı ilə rəy eynilik təşkil etmişdir.
54. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh orqanın nümayəndəsinin ekspert aparılmasında iştirakı ekspertizanın qərəzsizliyinə və obyektivliyinə şübhə yaradır. Bundan başqa ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir.
55. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliyi ona əliliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır və həmin xəstəlik-aşağı ərtafların artrozu bütün müayinə və müalicə aktlarında sağalmayan və daimi müalicəyə ehtiyacı olan xəstəlik kimi qeyd edilmişdir.
56. Odur ki, İddiaçı əliliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1564/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı əliliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.