Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-156/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3369/2022 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Əhməd Cəmil küçəsində 0.1133 ha torpaq sahəsində yerləşən ümumilikdə 1298.35 kv.m qeyriyaşayış sahəsinin ½ hissəsinə, yəni 649.2 kv.m sahəyə görə- 1 623 000 (649x2500) manat, həmin qeyri-yaşayış sahəsinin içərisində olan avadanlıqların (əmlakların) məhv edilməsinə görə 150 000 (300 000/2) manat və 11.3 sot torpaq sahəsinin ½ hissəsi, yəni 5.65 sot sahəyə görə -113 000 (5.65x20 000) manat, toplam 1.886000 manat kompensasiyanın dövlət büdcəsi hesabına Gəncə Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3369/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, Gəncə Şəhər İcra Hakimiyyətindən dövlət büdcəsi hesabına 974000,0 (doqquz yüz yetmiş dörd min) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Gəncə Şəhər İcra Hakimiyyətindən 100 (bir yüz) manat məhkəmə xərcin tutularaq -“ X3 MMC-nin (VÖEN **********) "xxxx" ASC Ağa Neymatulla şöbəsi, kod: 506957, VÖEN ********** (bankın VÖEN-i), İBAN:AZ94BRES********************, M/h:AZ80NABZ******************** SWİFT BRESAZ22 saylı hesabına ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X2 verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq inzibati iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü araşdırılmalıdır. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus tikili Gəncə şəhər İcra Hakimiyyətinin göstərişi əsasında sökülmüşdür, bu haldan irəli gələrək kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır və qəbul edilmiş qərar onun hər hansı hüquqlarına toxunmur. Belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarı ilə cavabdeh kimi Gəncə şəhər İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 28, 81, 83, 87-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3369/2022 saylı qərarından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-156/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-156/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver