Məhkəmə qərarları › İş №2-1(104)-157/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-157/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-157/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vulqar oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv olunması, işə bərpa” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 2093/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/414Ş nömrəli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi/Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, gömrük xidməti mayoru İddiaçı xidmətinə “Gömrük orqanların xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı xx.xx.2022-ci il tarixli “öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə” ərizəsi olmuşdur. İddiaçı daha sonra (texniki səhv olaraq xx.xx.2022 qeyd olunmuşdur) ərizə ilə cavabdeh orqana müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onun növbəti əmək məzuniyyətində olması və məzuniyyətinin başa çatması nəzərə alınmadan əmək müqaviləsinə xitam verilmişdir.Tərəfindən ərizə yazılarkən səhhətində müəyyən problemlər olduğu üçün düşünmədən bu addım atmışdır, ona görə də hal-hazırda təəssüf hissi keçirməklə, peşman olduğunu bildirmişdir. Öhdəsində 3 azyaşlı uşağın olmasını, 2009-cu ildən hal-hazıradək qüsursuz xidmətini nəzərə alaraq işə bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv olunması, işə bərpa və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsini xahiş etmişdir (iddia ərizəsi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir). Daha sonra iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək məhkəmədən xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv olunması və iddiaçının əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük xidmətində müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində gömrük xidməti mayoru olmuşdur. Gömrük Xidmətində işlədiyi 13 illik dövr ərzində rəhbərlik tərəfindən verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirmiş, heç vaxt barəsində intizam tənbeh növü tətbiq olunmamışdır. xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik idarəsində olmuş, ona xx.xx.2022-ci il tarixdə atası Məmmədov Mehirə məxsus Göygöl rayonunun ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektində atası ilə müştəri arasında olan insident barədə suallar verilmişdir. Həmin vaxt iddiaçı iddia edir ki, psixoloji gərginlik altında olduğundan tərəfindən işdən azad olunmağı barədə ərizə yazılarkən səhhətidə müəyyən problemlər olduğu üçün qarşı tərəfin təzyiq və təkidləri qarşısında etik davranış qaydalarına uyğun olaraq dözümlülük göstərmədən və düşünmədən bu addımı atmışdır. Ona görə də hal-hazırda təəssüf hissi keçirməklə peşmandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 6.-cı bəndinin tələbinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. Onun işdən azad olunması barədə ərizə məzuniyyətdə olduğu vaxt yazılmışdır. Məzuniyyət dövründə keçirdiyi psixoloji sarsıntılara görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022- cil daxil olmaqla "arterial hipertoniya diaqnozu ilə ambulator müalicədə olmuşdur. Bu səbəbdən də məzuniyyətimin başa çatacağı gündən 1 gün qabaq Dövlət Gömrük Komitəsinin sədri cənab X1 azad olunması barədə yazdığı ərizəni peşmançılıq keçirdiyi üçün etibarsız hesab olunması barədə məktubla müraciət etmişdir. Lakin ərizəsinə heç bir məhəl qoyulmamış və pozulmuş əmək hüquqları işəgötürən tərəfindən bərpa olunmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 1000- 210/210- 24/018023 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - AR ƏM) 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sabiq gömrük əməkdaşı İddiaçı məzuniyyətdə olduğu vaxt xx.xx.2022-ci il tarixli ərizə ilə Komitə rəhbərliyinə müraciət edərək öz təşəbbüsü ilə gömrük orqanlarındakı xidmətinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-lQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 121-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Belə ki, hazırkı iddia üzrə iddiaçı qismində çıxış edən İddiaçı öz təşəbbüsü ilə gömrük orqanlarındakı xidmətinə xitam verilməsinə dair yazdığı ərizə nəzərə alınmış, Komitənin müvafiq əmri ilə Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Sorğuda qeyd edilən Əsasnamənin 123-cü maddəsinə əsasən gömrük organlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməsi ilə bağlı hissəyə cavab olaraq sabiq əməkdaş müvafiq tələbə riayət etməmiş, tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 6-cı bəndinin tələblərinə əsasən, işdən əxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə bildiriş göndərir. Eyni zamanda əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Yuxarıda qeyd olunan Qərarın tələblərinə cavabdeh orqan tərəfindən xx.xx.2022-ci tarixli, 1000-180 / 180-26 /009698 nömrəli məktubla riayət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR iPMnin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. AR ƏM-nin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün isci hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-2093/2022 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin olunması, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmri ləğv edilməsi və İddiaçı Qərb Ərazi Baş Gömrük İdarəsi - Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, Gömrük xidməti mayoru vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixdən vəzifədən azad edilməsini qeyd etmiş, həmin ərizədə işdən azad edilməsinin səbəbini göstərməmiş, gömrük orqanının vəzifəli şəxsi kimi bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə bu barədə məlumat verməmişdir. Cavabdeh inzibati orqan da iddiaçının işdən azad edilməsi səbəbini araşdırmadan ərizədə göstərilən gün müvafiq əmri vermişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsində göstərilən hallardan (yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər halları) biri olduqda ərizədə göstərildiyi gün əmək müqaviləsinə xitam verilə bilərdi. Başqa sözlə, əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilərkən işçi işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Ərizədə, əmək müqaviləsinə xitam verilməsinin günü konkret göstərildiyi halda işəgötürən xəbərdarlıq müddətini gözləmədən, yəni ərizədə göstərilmiş tarixdə əmək müqaviləsinə xitam verə bilər. Bu zaman, işçi, ərizəsində əmək müqaviləsinə xitam verilməsinin bu qaydada, yəni xəbərdarlıq müddətinin gözlənilmədən xitam verilməsinin səbəbini (məsələn: yeni yaşayış yerinə köçməsini, başqa işəgötürənlə əmək müqaviləsi bağlamasını və s.) göstərməlidir. Lakin tərəflərin istinad etdikləri ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş edən iddiaçı xəbərdarlıq müddətinin gözlənilməməsinin səbəbini ərizədə göstərməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, inzibati orqan əmək münasibətlərinə xəbərdarlıq müddətinin gözlənilmədən xitam verilməsinin səbəbini araşdırmadan iddiaçı ilə xidməti münasibətlərinə xəbərdarlıq müddətini gözləmədən xitam verməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının gömrük orqanlarında xidmətinə öz arzusu ilə xitam verilməsi ilə bağlı bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə yazılı məlumat verməməsinin səbəbləri araşdırılmamışdır. Bundan əlavə Əmək Məcəlləsinin 69.6 və 111ci maddələrinin birgə təhlili ona əsas verir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi saxlanılır və həmin dövrdə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilmir. Odur ki, cavabdeh iddiaçını məzuniyyət müddətinin qurtardığı gündən sonra işə çıxmalı olduğu tarixdə onu tutduğu vəzifədən azad etməli idi. Hazırkı iş üzrə iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmr onun əmək məzuniyyətdində olduğu müddətdə verilmiş, cavabdeh tərəfindən iddiaçının əmr verilən tarixdə onun məzuniyyətdən geri çağrılaraq, işçinin işə çıxması ilə bağlı hər hansı bir əmr verilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək komitə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməklə İddiaçı iddia tələbinin təmin edilməsinə dair Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2093/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iddiaçının iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarın əsaslandırma hissəsində iddianı mümkün saymışdır. Komitə işə mahiyyəti üzrə baxılmadan əvvəl qanunvericiliyə əsasən prosessual müddətin ötürülməsi ilə bağlı mümkünlük məsələsinin həll edilməsini məhkəmədən tələb etsə də, məhkəmə bu məsələni yalnız iddiaçının ərizəsi əsasında mümkün saymışdır. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra AR ƏM) 296.6-cı maddəsinə əsasən həmin maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bu üzrlü səbəblərdən hansının mövcud olması və ya əsas götürülməsi məhkəmə qərarında öz əksini tapmamışdır. Məhkəmə bu halı araşdırmadan prosessual müddətin buraxılmasına dair ərizəni qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Komitə hesab edir ki, yalnız bu prosessual pozuntu belə məhkəmə qərarının ləğv edilməsinə kifayət edən amildir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırıq ki, iş materiallarında mövcud olan prosessual müddətin bərpa edilməsinə dair fərqli tarixlərdə iki ərizə mövcuddur. Həmin ərizələrin mətnində iddiaçının, eləcə də onun vəkilinin bir-biri ilə üst-üsta düşməyən, yəni iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi, eləcə də müvafiq inzibati aktın hansı üsullarla əldə edilməsi, mediasiya prosesinin tətbiqi, o cümlədən bu kimi bir çox xüsusatlar mövcuddur. Məhkəmə qərarında Əsasnamənin gömrük orqanının vəzifəli şəxslərinin xidmətini tənzimləyən bir çox müddəaları sadalansa da, işi mahiyyəti üzrə həll edən əsas müddəanı qeyd etməmişdir, çünki həmin müddəa məhz iddia tələbinin rədd edilməsi üçün növbəti əsasdır. Halbuki məhkəməyə təqdim edilən etirazlarda bu müddəa tərəfimizdən bir neçə dəfə xüsusilə vurğulanmışdır. Belə ki, Əsasnamənin 121-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının (DGK) təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Bu maddənin mətnindən aydın olur ki, təşəbbüskarlıq gömrük orqanı tərəfindən göstərilə bilməz, halbuki sabiq əməkdaş öz təşəbbüsü ilə xidmətinə xitam verilməsi barədə ərizə yazmışdır. Məhkəmə qərarında qeyd edir ki, gömrük orqanının vəzifəli şəxsinin öz arzusu ilə xidmətinə xitam verilməsi qaydası qeyd olunan Əsasnamədə tənzimlənmədiyindən mübahisəyə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən AR ƏM-nin 69-cu maddəsinə uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixdən vəzifədən azad edilməsini qeyd etmiş, həmin ərizədə işdən azad edilməsinin səbəbini göstərməmiş, gömrük orqanının vəzifəli şəxsi kimi bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə bu barədə məlumat verməmişdir. Komitə göstərilənlərə münasibətdə bildirir ki, bu məsələ AR ƏM ilə deyil, Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin birinci bəndi ilə tənzimlənir. Həmin müddəanın tələbinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə öz təşəbbüsü əsasında xitam verilə bilər. Həmin Əsasnamənin 123-cü maddəsinə əsasən gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməlidir. İş materiallarında mövcud olan etirazlarda bu məsələyə tərəflərindən aydınlıq gətirilsə də, məhkəmə Komitə tərəfindən təqdim edilmiş sübutları görməzdən gəldiyi kimi bu xüsusata da əhəmiyyət verməmişdir. İşçinin öz vəzifəsini yerinə yetirməməsi, yəni müvafiq maddənin tələbinə əsasən birbaşa tabe olduğu rəisi işdən çıxmasına dair yazılı surətdə xəbərdar etməməsi, onun xidmətinə xitam verilməsinə mane olmur, çünki bu işəgötürənin deyil, işçinin məsuliyyəti ilə əlaqəli normadır. Əlavə olaraq qeyd edirik ki, AR ƏM-nin 69-cu maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir ki, bu da məhkəmə tərəfindən qeyd edilən normaya istinadın düzgün aparılmadığını sübut edir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Gömrük orqanlarından xidmət haqqında” Əsasnamə

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Həmin qanuna əsasən vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.6-cı maddəsinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. Həmin Məcəllənin 111-ci maddəsinin tələblərinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1600/147E nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən 20 təqvim günü istifadə edilməmiş əmək məzuniyyəti verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə işə çıxmalı idi. xx.xx.2022-ci il tarixdə iddiaçı işdən çıxma barədə ərizə vermiş, həmin tarixdə qeyd edilən ərizə əsasında iddiaçının xidmətinə xitam verilməsi barədə əmr tərtib edilmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, mübahisə üzrə iddia tələbinin iddiaçının xidmətinə xitam verilməsi haqqında 24 may 2022-ci il tarixli, 1000/414Ş saylı əmrin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi təşkil edir. Həmin normaya əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə öz təşəbbüsü ilə xitam verilə bilər. Lakin gömrük orqanının vəzifəli şəxsinin öz arzusu ilə xidmətinə xitam verilməsi qaydası qeyd olunan Əsasnamədə tənzimlənmədiyindən mübahisəyə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun hüquqi qiymət verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Belə ki, apellyator şikayətinin əsas dəlili kimi göstərmişdir ki, bu məsələ Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə deyil, Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin birinci bəndi ilə tənzimlənir. Həmin müddəanın tələbinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə öz təşəbbüsü əsasında xitam verilə bilər. Həmin Əsasnamənin 123-cü maddəsinə əsasən gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməlidir. İş materiallarında mövcud olan etirazlarda bu məsələyə tərəflərindən aydınlıq gətirilsə də, məhkəmə Komitə tərəfindən təqdim edilmiş sübutları görməzdən gəldiyi kimi bu xüsusata da əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4 və 5-ci maddəsində Əmək Məcəlləsinin tətbiq edildiyi iş yerləri və qulluqçular qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmçinin həmin Məcəllənin 5-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Doğrudur, “Gömrük orqanlarından xidmət haqqında” Əsasnamənin 120-ci maddəsində gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilmə əsasları qeyd olunsa da, həmin əsaslar üzrə xitam verilmə qaydaları tam əhatəli qeyd olunmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-cü maddəsinin 2-ci bəndinə görə bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Bundan başqa, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsində qeyd edilir ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Kollegiya qeyd edir ki, işçi və işəgötürən arasında olan əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir və əsasnamə ilə işəgötürənə əmək qanunvericiliyində müəyyən edilmiş hüquq və vəzifələrdən daha geniş səlahiyyətlər verilə bilməz. Göründüyü kimi, əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilərkən işçi işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Ərizədə, əmək müqaviləsinə xitam verilməsinin günü konkret göstərildiyi halda işəgötürən xəbərdarlıq müddətini gözləmədən, yəni ərizədə göstərilmiş tarixdə əmək müqaviləsinə xitam verə bilər. Bu zaman, işçi, ərizəsində əmək müqaviləsinə xitam verilməsinin bu qaydada, yəni xəbərdarlıq müddəti gözlənilmədən xitam verilməsinin səbəbini (məsələn: yeni yaşayış yerinə köçməsini, başqa işəgötürənlə əmək müqaviləsi bağlamasını və s.) göstərməlidir. Lakin tərəflərin istinad etdikləri ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş edən iddiaçı xəbərdarlıq müddətinin gözlənilməməsinin səbəbini ərizədə göstərməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, inzibati orqan əmək münasibətlərinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilməsi tələbinin səbəbini araşdırmadan iddiaçı ilə xidməti münasibətlərinə xəbərdarlıq müddətini gözləmədən xitam verməkdə haqlı olmamışdır. Xüsusən də bu məsələninn 12 ildən artıq müddət ərzində gömrük orqanlarında xidmət keçən, gömrük xidməti mayoru rütbəsində olan bir əməkdaşa aid olmasına əhəmiyyət verilməməsi normal hal sayıla bilməz. Eyni zamanda iş materiallarından da müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının növbəti əmək məzuniyyətində olması nəzərə alınmadan və məzuniyyətinin başa çatması gözlənilmədən əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1600/147E saylı məzuniyyət haqqında əmrindən də görünür ki, iddiaçıya 20 təqvim günü müddətində istifadə edilməmiş əmək məzuniyyəti verilmişdir (başlama tarixi xx.xx.2022-ci il, bitmə tarixi xx.xx.2022-cil il). Həmçinin iş materiallarından müəyyən edilir ki, iddiaçının məzuniyyət müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, lakin o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar əmək qabiliyyətsiz olmuş, nəticədə məzuniyyət müddəti xx.xx.2022-ci il tarixədək uzanmışdır. Həmin tarixli ərizə ilə iddiaçı cavabdehə müraciət edərəkişdən azad olunması barədə verdiyi ərizəsinin etibarsız sayılmasını və işinə bərpa olunmasını xahiş etmişdir. Ərizə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə sifarişli – xəbərnaməli məktubla cavabdehə göndərilmişdir. İddiaçının yerinə işə qəbul edilən olmadığı və həmin iş yeri hələ də boş olduğu halda cavabdeh əsaslı səbəb göstərmədən iddiaçını öz işinə qaytarmaqdan imtina etmiş və xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya yenidən ümumi əsaslarla gömrük orqanlarına xidmətə qəbul olunması üçün mövcud qaydalar barədə izah vermişdir. Halbuki, iddiaçını öz işinə qaytarmaq (bərpa etmək) üçün heç bir maneə olmamışdır. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2093/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar