Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-159/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, “əvvəlki dövr üçün nəzərdə tutulmuş pensiyanın hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 2533/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir.
2. Tibbi-Sosial Ekspert Komissiyasının İddiaçı xx.xx.2021-ci il tarixli müayinəsi ilə bağlı xx.xx.2021-ci il tarixli cavabından görünür ki, «Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyə olunur» səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.
3. Tibbi-Sosial Ekspert Komissiyasının İddiaçı xx.xx.2022-ci il tarixli müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixli cavabından görünür ki, «Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyə olunur» səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********4 nömrəli, xx.xx.2022ci il tarixli məktubunda bildirilir ki, əlillik təyinatı müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin X1 sisteminin «Əlillik» altsisteminə göndəriş daxil olmamışdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MİHO/1.3-2- 2022-1797 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın təmin edilməsinə, qabaqcıl beynəlxalq standartların tətbiqinə yönəldilmiş islahatlar aparılır, əliliyin yeni meyarlarla müəyyən olunmasına keçidlə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bu səbəbdən tibb müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyasına göndərişlərin (forma 088) müvafiq elektron sistemə daxil edilməsində müvəqqəti çətinliklər yaranmışdır. Hazırda mövcud problemin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 fevral 2023-cü il tarixli, 3- 17-4/2-298310/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0479003AACCC nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 fevral 2023-cü il tarixli, 3-17-1/2-35387/2023 nömrəli məktubundan görünür ki, İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən xx.xx.2007-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. X1 sisteminin “əlillik” altsisteminə əsasən İddiaçı təkrar əlillik müddəti xx.xx.2022-ci il tarixdən bərpa edildiyindən vətəndaşın pensiyası həmin tarixdən ödənilməyə başlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona verilməmiş 11 ay 10 gün üçün pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 2007-ci il tarixdən İİ qrup əlil olmaqla Gəncə şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. 2021-ci ilin iyun ayında növbəti TSEK-dan keçməli olduğu halda həmin dövrdə Gəncə şəhər Psixiatriya xəstəxanası tərəfindən verilən məlumata görə yalnız Qarabağ Müharibəsi qazilərinin sənədləri göndərildiyindən, onun sənədləri həmin ilin avqust ayında sonuncu tərəfindən TSEK-ə göndərilmiş, lakin bir qədər sonra ona sənədlərinin həmin xəstəxanadan deyil şəhər Mərkəzi xəstəxanasından göndərilməli olduğu bildirilmiş və bu səbəbdən sənədləri geri qaytarılmışdır. Sonradan dəfələrlə Gəncə şəhər Psixatriya xəstəxanasına və Bakı şəhər 1 saylı Psixatriya xəstəxanası ilə əlaqə saxlamış, orada stasionar müalicə və müayinə olunmuş, dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində TSERA-ya müraciətlər etmiş, lakin ona kompyuter sisteminin bağlı olduğu, bu sahədə islahatlar və tədbirlər həyata keçirildiyi və bu səbəbdən tibb müəssisələri tərəfindən TSEK-ə göndərişlərin müvafiq elektron sistemə daxil edilməsində müvəqqəti çətinliklər yarandığı bildirilmişdir. Elektron sistem 2021-ci ilin sentyabr ayından 2022-ci ilin may ayının sonuna kimi bağlı qalmış, yalnız 2022-ci ilin iyun ayının 3-də sənədləri sistemə daxil edilmiş və 2022-ci ilin iyun ayının 10-dan əlilliyi ömürlük təsdiq edilmişdir. Bundan sonra iddiaçı əvvəlki dövr üçün ödənilməli olan pensiyanın hesablanıb ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.
10. Cavabdeh inzibati orqanın 11 noyabr 2022-ci il tarixli, **********1 nömrəli iddia ərizəsinə etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2533/2022 nömrəli nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin dövrdə yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyinin qiymətləndirilməməsi iddiaçının deyil, inzibati orqanın səhvi (elektron sistemdə xəta) olmuş və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Agentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir.
13. Məhkəmə mövqeyini “Sosial müavinətlər haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunları və “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 iddiaçı ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, dəfələrlə göndəriş vurulsa da nəzərə alınmadığını, müxtəlif bəhanələrlə əlilliyin vaxtında qiymətləndirilmədiyini bildirdi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
19. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi
20. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
21. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
22. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
23. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
24. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir.
25. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
26. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
27. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
28. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
29. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
30. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
31. 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.
32. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
33. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
34. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
35. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
36. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
37. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
38. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
40. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
41. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
42. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilmişdir.
44. İşin faktiki hallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2007-ci ildə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müddəti bitdikdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndərişlər xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə reyestrə daxil edilmişdir. Lakin hər iki halda müvafiq sitemdə xəta baş verdiyindən göndərişin sistemə daxil edilməsi tövsiyə olunmuşdur. Bundan sonra, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün sənədləri yenidən reyestrə daxil edilmiş və ona xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz İİ dərəcəli əlillik təyin olunmuşdur. Hazırda iddiaçı ötən dövr üçün ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən mürəciəti təmin edilməmişdir.
45. Cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlilləri əlilliyin təkrar qiymətləndirilməsi zamanı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3- 1-ci maddəsində nəzərdə tutulan 6 aylıq müddətin ötürülməsi ilə əsaslandırılmışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi ilə bağlı xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə müraciət olunmuş, iddiaçıdan asılı olmayan texniki səbəbdən- göndərişin qəbulu zamanı xəta baş verməsi səbəbindən bundan imtina edilmişdir. Bundan sonra, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün sənədləri yenidən reyestrə daxil edilmiş və ona xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz İİ dərəcəli əlillik təyin olunmuşdur. Belə olan halda iddiaçının xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi olan dövr ərzində də əlilliyinin olması müəyyən edilir.
47. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
48. Göründüyü kimi məqsəd əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyinin qiymətləndirilməsi ilə bağlı icraatın aparılması və məhz həmin müddət ərzində şəxsin əlil olmasıdır. Qeyd olunan zaman kəsiyinin əlilliyin qiymətləndirilməsi ilə məhdudlaşdırılması əsassızdır və şəxsin sosial təminat hüququna mütənasib olmayan müdaxilədir.
49. Halbuki adıçəkilən Qanununun əsas məqsədi əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlərin tənzimlənməsidir.
50. Hazırki işdə də iddiaçı məhz qanunla müəyyən edilən 6 aylıq müddət ərzində inzibati orqana müraciət etmiş, lakin texniki səbəblərdən əlilik təyin edilməmişdir. Başqa sözlə iddiaçıya əllilik təyin edilməsindən imtina olunmamış, göndərişlərin alt sistemə daxil edilməsi zamanı xəta baş verməsi müəyyən edilmişdir ki, buda iddiaçının məsuliyyət sferasına daxil deyildir. Əksinə xx.xx.2022-ci il tarixdə iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Bu da şəxsin tələb olunan dövrlərdə də əlil olmasını təsdiq edir.
51. Həmçinin qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Ağentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir.
52. Belə olan halda, iddiaçının əlillik müddətinin bitməsi tarixindən 6 aydan çox müddət keçdikdən sonra əlilliyinin qiymətləndirilməsi ona "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun müvafiq maddəsinin tətbiqini istisna etməməlidir.
53. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır, apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2533/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, İslam Həsənov