Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-159/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Muxtarov Teyyub Asif oğlunun, oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2979/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamından görünür ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan ümidsiz debitor borclarının silinməsi qərara alınmış və debitor borcların siyahısında İddiaçı ASC də qeyd olunmuşdur.
2. "xxxx" QSC-nin 12 oktyabr 2022-ci il tarixli, 233602 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamı ilə 1989- 2014-cü maliyyə illəri üzrə 2021-ci il 1 yanvara olan ümidsiz borcları silinmişdir. Sözügedən sərəncama əsasən İddiaçı ASC-nin borc məbləği Azərbaycan Dəmir yollarının uçot məlumatlarından çıxarılmışdır.
3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində İddiaçı ASC-yə 32.669,02 manat vergi borcu hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci il üzrə hesablanmış 30208,32 manat mənfəət vergisinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış, 23 avqust 2022-ci il tarixli, "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" olan məktubda, xx.xx.2022-ci il tarixdə **********727700 bəyamnamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsindən daxil olmuş xidməti məktubun icrası ilə əlaqədar (məlum olduğu kimi "xxxx" ASC-nin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630,38 manat dəyərində ümudsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömərli sərəncamına əsasən silinmişdir.) vergi ödəyicisinin kreditorları tərəfindən silinən borcların onun sahibkarlıqdan əldə etdiyi gəlirə aid edildiyi üçün 2021-ci il üzrə 151041,32*20%=30208,32 manat 2021-ci il üzrə mənfəət vergisinin hesablanmasının məqsədə müvafiq olduğu bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müraciət olunmuş və qeyd olunan borcməbləğinə aid olan ilkin sənədlərin, üzləşmə aktlarının, işgüzar yazışmaların və sair sənədlərin təqdim olunması xahiş olunmuşdur. Lakin "xxxx" ASC həmin məktuba verdiyi 12.110.2022-ci il tarixli cavabında, qeyd olunan borcun "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömərli sərəncamına əsasən silinməsini bildirərək, ünvanlanmış müraciətdən bir növ yayınmışdır. Həmin cavab bizi qane etmədiyi üçün, vəkil vasitəsi ilə, "xxxx" ASCnə sorğu ünvanlanmışdır. Həmin sorğuda, "X6" ASC ilə "xxxx" QSC arasında hər hansı bir alqı-satqı, xidmət və yaxud da qanunvericilikdə nəzərdə tutulmuş digər mülki hüquqi münasibətlərini tənzimləyən müqavilənin olması və yaxud da həmin müqavilənin icra edilməsinə dair hər hanısı aktların olması barədə geniş məlumatın verilməsi, əgər qeyd olunan sənədlər varsa, onların təsiq olunmuş sürətinin rəsmi qaydada verilməsi "xxxx" ASC-dən xahiş olunmuşdur. Həmin sorğuya cavabında "xxxx" ASC, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, qeyd olunan borclar öz aktuallığını itirdiyindən və borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən, qeyd olunan sənəndələrin təqdim olunması imkan xaricindədir. Həmçinin qeyd olunan borcun araşdırılması üçün "X6" ASC-nin özəlləşdirmə planına (emissiya prospekti) nəzər saldıqda, "X6" ASC-nin kreditor borcları siyahısında qeyd olunan borc məbləğinə rast gəlinmir. Araşdırma nəticəsində məlum oldu ki, ümumiyyətlə "X6" ASC-nin, "xxxx" ASC ilə heç bir əməkdaşlığı və işgüzar münasibətləri olmamışdır. Qeyd olunanları və "xxxx" ASCnin bizə verdiyi cavab məktublarını da əsas götürərək, cavabdeh orqana, 02 fevral 2023cü il tarixdə müraciət ünvanlayaraq, bizə 2021-ci il üzrə hesablanmış borc üzrə olan, 151041,32*20%=30208,32 manat mənfəət vergisinin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı qərar qəbul edilməsi xahiş etmişdik. Lakin cavabdeh orqan hər dəfə bizə verdiyi cavabı təzələyərək, xx.xx.2023-cü il tarixli cavab məktubunda, "xxxx" ASC ilə aramızda olan müvafiq təsdiqedici sənədləri, bağlanmış müqavilələri, təhvil təslim aktlarını, xüsusən gəlirlərin, yeni zamanda xərclərin mənbəyi, məbləği və formalaşması ilə bağlı sənədlərin vergi orqanına təqdim edilməsini bildirmişdir. İddiaçı hesab edir ki, ona 2021-ci il üzrə hesablanmış, 30208,32 manat mənfəət vergisinin, şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
6. İddiaçının vəkili X2 müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 avqust 2023-cü il tarixli, **********222900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.
7. Habelə, iddiaçının vəkili və nümayəndəsi X3 tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qərardad ilə buraxılmış proessual müddət bərpa edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2979/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin adının hər hansı siyahıda borclu kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin müvafiq məktubları ilə müəyyən olunur ki, borc məbləği "xxxx" QSC-nin uçot məlumatlarından çıxarılmışdır və sözügedən borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən sənədlərin təqqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, faktiki olaraq sərəncamda qeyd olunmuş debitor borc məbləğini təsdiq edən sənədlər mövcud deyil. Vergi orqanı isə iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında hər-hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
10. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2001-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”dən ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin 2021-ci il ərzində kreditorlar tərəfindən 151 041,32 manat məbləğində kreditor borcunun silinməsinin müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamənin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********796100 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********049300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu ilə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********163000 nömrəli və **********129400 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Həmin bəyannamə əsasında kameral vergi yoxlaması aparılmışdır. İlk növbədə təqdim olunan bəyannamə üzrə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə xx.xx.2023-cü il tarixli **********540800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş və həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi iddiaçı cəmiyyətə bildirilmişdir. Vergi ödəyicisi tərəfindən bununla bağlı hər hansı bəyannamə təqdim olunmamışdır. Nəticədə xx.xx.2023-ci il tarixli **********2222900 nömrəli qərar qəbul olunmuşdur. NK-nın sərəncamının 2021-ci ildə qəbul edildiyini nəzərə alaraq qeyd olunur ki, həmin il üçün cəmiyyətin əlavə 151041,64 manat məbləğində dövriyyəsi formalaşmış, lakin İddiaçı ASC tərəfindən həmin dövriyyə məlumatları əsasında vergilər hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin olunmamışdır. VM-nin 83.2.4-cü maddəsinə əsasən vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat vergi ödəyicisi barəsində vergi orqanına vergilərin hesablaması hüququ verir. Bu mənada bildirilir ki, Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə” sərəncamı vergi orqanı üçün mənbəyi bəlli olan məlumat kimi çıxış etmişdir. Eləcə də, iddiaçı barəsində qanunvericilikdə əks olunmuş hüquqi şərt tam ödənildiyi üçün ləğvi istənilən inzibati akt qanuni akt kimi qəbul olunmalıdır. İddiaçının nümayəndəsi ərizəsində cəmiyyətin kreditor borcları siyahısında qeyd olunan borc məbləği mövcud olmadığını bildirmişdir. İddia tələbi üzrə göstərilən dəlilin əsassız olmasını Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli sərəncamındakı göstərilmiş xüsusatlar da təsdiq edir. Sözügedən sərəncamda iddiaçı cəmiyyətin adı və ümidsiz borc kimi silinməli olan məbləğ dəqiq və aydın şəkildə göstərilmişdir. Belə olan halda cəmiyyətin dəlilləri yalnız özünümüdafiə xarakterli dəlillər kimi qəbul olunmalıdır. Eləcə də qeyd edilən hallar İddiaçı ASC-nin inzibati şikayəti üzrə şikayət instansiyasında baxılmış icraat çərçivəsində də təsdiq edilmiş və bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********928200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı qəbul olunmuşdur. VM-nin 77.3-cü maddəsinin tələbləri baxımından qeyd edilməlidir ki, vergi ödəyicisi İddiaçı ASC barəsində verginin ödənilməsini nəzərdə tutan şərait yaranmış və həmin şərait onun vergi öhdəliyinin formalaşması ilə nəticələnmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh inzibati orqan olan 12 saylı ƏVBİ mənbəyi bəlli məlumat olan Nazirlər Kabinetinin müvafiq qərarındakı məlumatlar əsasında iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergi hesablamış və bu cür hesablamanın hüquqi əsasını VM-nin 83.2.4-cü maddəsi təşkil etmişdir. Eyni zamanda hesab edilir ki, məhkəmə maddi hüquq normalarının tələblərini gözləməmiş, cavabdehin mənbəyi bəlli olan məlumatlar əsasında iddiaçı barəsində müəyyən etdiyi vergi öhdəliyini ləğv etməkdə haqlı olmamışdır. Məhkəmə VM-nin 53.3-cü maddəsinə istinad edərək iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsirsiz olduğunu göstərmişdir. Bildirilir ki, məhkəmənin istinad etdiyi VMnin 53-cü maddəsi həmin Məcəllənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət fəsilində əks olunmuşdur. İşin yuxarıda göstərilmiş hallarına əsasən mübahisələndiridilən qərar kameral vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmiş, yəni iddiaçı barəsində yalnız əsas vergi ilə bağlı müvafiq hesablamalar aparılmışdır. Həmin qərarla hər hansı maliyyə sanksiyası iddiaçıya tətbiq edilməmişdir. İşə baxmış məhkəmə prosessual hüquq normalarının da tələblərini gözləməmişdir. Məhkəmə 2-1(114)-2979/2023 nömrəli qərarın qəbulu zamanı təkcə iddiaçının mülahizələrini əsas götürmüş və həmin mülahizələr əsasında yekun nəticəyə gəlmişdir. Halbuki qeyd edilən normaların hüquqi ifadəsindən də görsəndiyi kimi məhkəmə obyektiv həqiqətə nail olması üçün hər tərəfli araşdırma aparmalı olduğu halda onu etməmiş, inzibati mübahisənin düzgün həll edilməsi məqsədi ilə bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd edildiyi kimi, iddiaçı cəmiyyət barəsində qəbul edilmiş inzibati aktın əsasını Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə” sərəncamı təşkil etmişdir. Nazirlər Kabineti ali kateqoriya dövlər orqanı olmaqla Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaiiyyət göstərən orqandır. Belə olduğu halda NK-nın hər hansı məsələni tənzimləyən münasibətlər sistemi ilə bağlı qəbul etdiyi normativ hüquqi aktda yanlış mövqenin əks olunması ehtimalı olduqca aşağıdır. Məhkəmə əgər Nazirlər Kabinetinin sərəncamını sübut kimi qəbul etmirdisə, sözügedən sərəncamın qanunauyğunluğu ilə bağlı əlavə hər hansı araşdırma aparmalı və müvafiq sorğu ilə aidiyyəti orqana müraciət etməli idi. Məhkəmə həmçinin xx.xx.2023-cü il tarixli **********222900 nömrəli qərarın ləğvi tələbinə dair xüsusi mümkünlük şərti ödənilmədiyi halda iddiaya mahiyyəti üzrə baxmışdır. İddianın mümkünsüzlüyü ilə bağlı müvafiq vəsatət birinci instansiyası məhkəməsinə təqdim edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı ASC-nin mübahisələndirdiyi qərar xx.xx.2023-cü il tarixli qərardır. Qərar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə oxunmuşdur. İddiaçı isə xx.xx.2023-cü il tarixdə sözügedən qərarı mübahisələndirmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu baxımdan məhkəmə iddianı mümkünsüz hesab etməli olduğu halda mahiyyəti üzrə baxaraq qanunsuz qərar qəbul etmişdir
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştikrak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, iddiaçı fəaliyyəti olmayan hüquqi şəxsdir və sadəcə VÖEN-i aktivdir. Bununla yanaşı hər hansı bir gəlir məlumatı yoxdur və hazırki mənfəət vergisi Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli “”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə” sərəncamı ilə silinmiş borca görə əldə edilmiş gəlirə hesablanmışdır.
14. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş, teleqram ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işə İPMnin 62.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.11-ci vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyininpozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.1. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.2. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. 97.3. Gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli ""xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə" sərəncamı əsasında "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 57 630 486,38 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli sərəncamın 2-ci bəndinə əsasən isə sərəncamın icrasından irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyinə də tapşırılmış və sərəncamın əlavəsində əks olunmuş siyahıda "X6" ASC-də qeyd olunmuşdur. Siyahı-məlumatda "X6" ASC-nin 151041,64 manat məbləğində "xxxx" QSC-yə olan borcunun ümidsiz borc kimi silinməsi göstərilmişdir. Vergi orqanı iddiaçı cəmiyyətin müvafiq öhdəlik üzrə kreditoruna olan borclarının silinməsi halını onun üçün vergi öhdəliyini yaranması kimi xarakterizə edərək xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarla müvafiq vergi borcu hesablamışdır.
20. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır.
21. İlkin olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan iddianın xüsusi mümkünlük şərtinə, yəni iddia müddətinə riayət olunmaması dəlili ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi mübahisələndirməyə dair iddiadır və qeyd olunan iddia növü üzrə iddia müddətinin riayət olunması mümünlük şərti kimi nəzərdə tutulmuşdur.
22. İlkin iddia ərizəsindən məlum olur ki, iddiaçı hüquqi şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək şəxsi hesab vərəqəsində qeyd olunmuş borcun silinməsini xahiş etmişdir.
23. İş materiallarında olan sənədlərdən görünür ki, “Bəyannamənin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********796100 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********049300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
24. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu ilə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********163000 nömrəli və **********129400 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
25. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, bəyannamə əsasında kameral vergi yoxlaması aparılmış və təqdim olunan bəyannamə üzrə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə xx.xx.2023-cü il tarixli **********540800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Bundan sonra xx.xx.2023ci il tarixli **********2222900 nömrəli qərar qəbul edilmişdir.
26. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunan iddia müddətinin bərpasına dair ərizəsi təmin edilmişdir.
27. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırki mübahisələndirilən qərar məhkəmə icraatı zamanı qəbul edilmiş və iddiaçının ilkin hüquqi marağı da məhz hesablanmış borcun silinməsi olmuşdur.
28. Belə olan halda müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair gəlinən nəticə qanuni və əsaslıdır.
29. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində İddiaçı ASC-yə 32.669,02 manat vergi borcu hesablanmışdır.
30. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamını qeyd etmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamından görünür ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan ümidsiz debitor borclarının silinməsi qərara alınmış və debitor borcların siyahısında İddiaçı ASC də qeyd olunmuşdur.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
33. Hazırki halda vergi orqanının kameral vergi yoxlaması aparması və nəticədə İddiaçı ASC-yə 32.669,02 manat vergi borcu hesablaması inzibati icraatın tərkib hissəsi olmuşdur. Bundan irəli gələrək inzibati orqan səlahiyyəti çərçivəsində apardığı icraatın qanuniliyi və əsaslılığı üçün kifayət qədər sənədlər əldə etməli, irəli sürdüyü halı sübut etməlidir.
34. Lakin hazırki halda vergi orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamının tətbiqindən irəli gələn halları araşdırmamış, sərəncamın icra vəziyyətinə dair hər hansı sənəd təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin adının hər hansı siyahıda borclu kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Belə ki, "xxxx" QSC-nin müvafiq məktubları ilə müəyyən olunur ki, borc məbləği "xxxx" QSC-nin uçot məlumatlarından çıxarılmışdır və sözügedən borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən sənədlərin təqqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, faktiki olaraq sərəncamda qeyd olunmuş debitor borc məbləğini təsdiq edən sənədlər mövcud deyil. Vergi orqanı isə iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında hər-hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan vergi öhdəliyi ilə bağlı qərar qəbul edərkən “inzibati icraat haqqında” qanunun və Vergi Məcəlləsinin normalarının tələblərini pozaraq qərar qəbul etmişdir.
37. Həmçinin İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdehin qərarı əsaslı hesab edilə bilməz.
38. Qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, onun ləğv edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
40. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2979/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Teyyub Muxtarov, Azər Bayramov