Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-16/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(114)-1002/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-414C KOD 61000108 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı Cəlal oğluna və onun ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. “Torpağa mülkiyyət hüququna dair” JN-0018, KOD 61000108 nömrəli, xx.xx.1999- cu il tarixli Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı Cəlal oğluna və onun ailə üzvlərinə 1.25 ha torpaq sahəsi verilmişdir. 3.“Torpağa mülkiyyət hüququna dair” JN-157, KOD 61000108 nömrəli, xx.xx.2005ci il tarixli Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005- ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Cəlal oğluna və onun ailə üzvlərinə 1.59 ha torpaq sahəsi verilmişdir. 4.Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3248/2019 nömrəli qətnaməsindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0157, KOD 61000108 nömrəli Dövlət aktının İddiaçı məxsus olması faktı təsdiq edilmişdir. 5.Bərdə rayon İcra Hakimiyyətinin Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, həqiqətən 1998-ci ildən 0.40 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. 6.Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 22 nömrəli arxiv arayışında fondda mühafizə edilən Bərdə rayon Əmirli İnzibati Ərazi Vahidi üzrə 04 saylı təsərrüfatbaşına kitabın 274 saylı şəxsi hesabına əsasən İddiaçı istifadəsində olan torpağın 1995-1996-cı illərdə 0.08 ha olduğu, 1998-ci ildə 0.40 ha yazıldığı, 2001-2005-ci illər üzrə 2 saylı təsərrüfatbaşına kitabın 122 saylı şəxsi hesabında 2001-ci ildə təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində, icarəsində olan torpağın 0.39 ha olduğu və vətəndaşın Sumqayıt şəhərinə köçdüyü qeyd olunmuşdur. 7.Bərdə rayonun Əmirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı Cəlal oğlunun və onun ailə üzvləri X1, X3, X4 adına 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. 8.Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********04 nömrəli məktubundan görünür ki, aparılan araşdırma nəticəsində Bərdə rayonu Əmirli kəndi üzrə İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin pay torpaq sahəsi ilə əvəz edilməsinə dair məlumat aşkar edilməmişdir. 9.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********40 nömrəli məktubunun surətindən görünür ki, slahat zamanı təsərrüfatbaşına kitabda iddiaçıya verilmiş həyətyanı torpaq sahəsinin ölçüsünün 0.39 ha olmasına baxmayaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-414C KOD 61000108 nömrəli şəhadətnamə ilə mülkiyyətə 0.09 ha verilmişdir. 10.Dövlət arxivində 161 saylı fondda mühafizə olunan Bərdə rayon Əmirli İnzibati Ərazi Vahidi üzrə 1995-2005-ci il təsərrüfatbaşına kitablara əsasən İddiaçı istifadəsində 1990-1995-ci illər üzrə 0,08 ha, 1996-cı ildə 0,08 ha, 1998-ci ildə 0,40 ha, 2001-ci ildə 0,39 ha torpaq sahəsi olmuşdur.
Birinci instansiya məhkəməsində icraat: 11.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, faktiki istifadəsində olan 0,40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş torpaq sahəsinin ölçüsü yanlış olaraq 0,09 ha qeyd edilmişdir. Bərdə “ASAN xidmət” mərkəzinin xx.xx.2019-cu il tarixli, 22 saylı arayışında qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi müxtəlif illərdə müxtəlif cür qeyd edilsə də, 2001-ci il tarixdə təsərrüfatbaşına kitabda 0.39 ha göstərilmişdir. xx.xx.2020-ci il tarixdə Bərdə RİH-nin Əmirli kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 83 saylı arayışa əsasən 1998-ci il tarixdən iddiaçının istifadəsində 0,40 ha torpaq sahəsi olduğu bildirilmişdir. Sözügedən torpaq sahəsi faktiki olaraq onun və ailə üzvlərinin mülkiyyətindədir, üzərində heç bir mübahisə yoxdur. İddiaçı həmin torpaqsahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. 13.Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bərdə rayon Əmirli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 14.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1002/2020 nömrəli qərarına əsasən (hakim F.Hüseynov) iddia təmin edilməmişdir. 15.Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-414C KOD 61000108 nömrəli şəhadətnamədə Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd olunsa da, iddiaçı Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 22 nömrəli arxiv arayışına istnad edərək faktiki istifadəsində olduğunu iddia edir. İstinad olunan arxiv arayışında iddiaçı istifadəsində olan torpağın 1995-1996-cı illərdə 0.08 ha olduğu, 1998-ci ildə 0.40 ha yazıldığı, 2001-2005-ci illər üzrə 2 saylı təsərrüfatbaşına kitabın 122 saylı şəxsi hesabında 2001-ci ildə təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində, icarəsində olan torpağın 0.39 ha olduğu qeyd edilsə də, müvafiq dövlət orqanlarından əldə olunmuş məlumatlarda iddiaçıya 0,39 ha (və yaxud 0,40 ha) torpaq sahəsi verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, Bərdə rayonun Əmirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə həmin torpaq sahəsinin ölçüsü 0.08 ha göstərilmişdir. Bundan əlavə islahat aparılan zaman iddiaçının istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinin onun payı kimi ayrılmamasını bilsə də bu halı mübahisələndirməmişdir
Apellyasiya instansiyası məhkəməsində birinci icraat: 16.İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 17.Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-120/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim: R.Mamedov, hakimlər: Ə.Məmmədov və A.Bayramov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 18.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
Kassasiya instansiyası məhkəməsində birinci icraat: 17.İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. 18.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1296/2021 nömrəli qərarına əsasən (sədrlik edən N.Rəsulbəyova, hakimlər İ.Hüseynov və K.Bədəlov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-120/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 19.Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarını hərtərəfli araşdırmamış, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli,
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. 20.İddiaçı Cəlal oğlu apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək şəhadətnamədə qeyd olunan torpaq sahəsindən əlavə faktiki istifadəsində olan 0,40 ha torpaq sahəsinin 0,2277 ha torpaq sahəsi olaraq dəyişdirilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. 21.İddiaçı məhkəmə kollegiyasının iclasında iddia ərizəsi və apellyasiya şikayətinə uyğun izahat verərək müdafiə etdiyini bildirdi və təmin olunmasını, faktiki istifadəsində olan 0,2277 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi. 23.Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
24.Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25.Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 26.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
27.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış.
28.İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
29.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 30.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. 31.İşin hallarından müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 414C KOD 61000108 nömrəli şəhadətnaməyə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı Cəlal oğluna və onun ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mübahisəsizdir. 32.İddiaçı apellyasiya icraatı zamanı iddia tələbini dəqiqləşdirərək istifadəsində olan və xx.xx.2001-ci ilədək təsərrüfatbaşı kitabda qeydə alınan 0,2277 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. 33.İddiaçının tələbinin maddi əsası kimi apellyasiya icraatı zamanı müvafiq sorğuya cavab olaraq Bərdə rayon Dövlət arxivinin 14 və 29 mart tarixli məktubu ilə təqdim edilən təsərrüfatbaşına kitabdan çıxarışlar nəzərə alınmışdır. 34.Belə ki, Dövlət arxivində 161 saylı fondda mühafizə olunan Bərdə rayon Əmirli İnzibati Ərazi Vahidi üzrə 1995-2005-ci il təsərrüfatbaşına kitablara əsasən İddiaçı istifadəsində 1990-1995-ci illər üzrə 0,08 ha, 1996-cı ildə 0,08 ha, 1998-ci ildə 0,40 ha, 2001-ci ildə 0,39 ha torpaq sahəsi olmuşdur. 35.İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən məlum olur ki, Bərdə rayonu İmirli kənd sakinləri İddiaçı Cəlal oğlu və onun ailə üzvlərinin adına 0,09 ha torpaq sahəsinin verilməsi haqqında Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-414C KOD 61000108 nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin sərhədləri İddiaçı Cəlal oğlunun faktiki istifadəsində olan 0,3177 ha torpaq sahəsinin xüsusi mülkiyyətə aid olan hissəsi ilə üst-üstə düşür, İddiaçı Cəlal oğlunun hazırda “Torpağın mülkiyyətə verilməsinə dair” JN-414C KOD 61000108 nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsindən əlavə faktiki istifadəsində 0,2277 ha torpaq sahəsi vardır, İddiaçı Cəlal oğlunun əlavə faktiki istifadə etdiyi 0,2277 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi, yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olmaqla həyətyanı məqsədilə perespektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq sahəsidir. 36.Göründüyü kimi iddiaçının istifadəsində onu və ailə üzvlərinin adına qeydə alınan və Bərdə RİH-nin Əmirli kənd İƏD üzrə nümayəndəliyində təsərrüfatbaşına kitabda əks olunan 0,40 ha torpaq sahəsinin 0,3177 hissəsinin faktiki mövcudluğu təsdiq edilmişdir. 37.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. 38.Adıçəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin dairəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə müəyyən edilmişdir. 39.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. 40.Məhkəmə kollegiyası qeyd edir ki, təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, iddiaçının istifadəsində olan və təsərrüfatbaşına kitabda qeyd edilən 0,2277 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması əsaslıdır. 41.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1002/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar çıxarılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1002/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı Cəlal oğlunun Bərdə rayon İcra Hakimiyyətinin Əmirli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeyd olunan və Bərdə rayonu, Əmirli kəndində yerləşən 0,2277 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Şamil Rzaquliyev, İslam Həsənov