Məhkəmə qərarları › İş №2-1(104)-161/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-161/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-161/2023 03.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2105/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.2000-ci il tarixədək Qazax rayon Avtobazasında sürücü, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 315 nömrəli məktubda bildirilir ki, Qazax rayon Sərnişin Avtobazasının sənədləri rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (hərbi xidmət dövrü də daxil edilməklə sığorta stajı 3 il 9 ay 21 gün təşkil edir) səbəbi ilə imtina edilmişdir. Qazax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli aktına əsasən qeyd olunan Qazax rayon «Avto bazası»nın və "xxxx" ASC-nin arxiv sənədləri mühafizə olunmaq üçün təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. Bütün əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası almış, sonradan pensiya əlilliyinin ləğvi ilə əlaqədar dayandırılmışdır. Bundan sonra yaşa görə əmək pensiyasının təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin 23 sentyabr 2022-ci il tarixli, **********2 nömrəli etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərə, yəni əmək kitabçası və hərbi biletin surətinə müvafiq olaraq, xx.xx.1975-ci ildən 1981-ci ilə qədər işlədiyi illər onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir və 3 il 9 ay 21 gün təşkil edir. İddiaçının xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilə qədər "xxxx" MATdə və xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi illərlə bağlı işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədləri tapılmadığı üçün xx.xx.1981-xx.xx.2006-cı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 24 il 8 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. (28 il 6 ay 9 gün). Sözügedən dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyri-mümkündür. Mübahisələndirilən müəsissələrlə bağlı müvafiq dövlət orqanlarına sorğu ünvanlanmış və iddiaçının işləməsinə dair sübutlar müəyyən edilərsə ona yaşa görə əmək pensiyasının verilməsi məsələsinə yenidən baxılacaqdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2105/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil, işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərə, yəni əmək kitabçası və hərbi biletin surətinə müvafiq olaraq, xx.xx.1975-ci ildən 1981-ci ilə qədər işlədiyi illər onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir və 3 il 9 ay 21 gün təşkil edir. İddiaçının xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilə qədər "xxxx" MATdə və xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi illərlə bağlı işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədləri tapılmadığı üçün xx.xx.1981-xx.xx.2006-cı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 24 il 8 ay 18 gün təşkil edir. Mübahisələndirilən müəsissələrlə bağlı müvafiq dövlət orqanlarına sorğu ünvanlanmış və iddiaçının işləməsinə dair sübutlar müəyyən edilərsə ona yaşa görə əmək pensiyasının verilməsi məsələsinə yenidən baxılacaqdır. Göründüyü kimi iddiaçıya qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. b) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh inzibati orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilə qədər "xxxx" MATdə və xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi illərlə bağlı işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədləri tapılmadığı üçün xx.xx.1981-xx.xx.2006-cı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 24 il 8 ay 18 gün təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisəndirilməyən sosial sığorta stajı kimi iddiaçının hərbi xidmətdə olduğu və Qazax rayon Komsomol sovxozunda sürücü vəzifəsində işlədiyi 3 il 9 ay 21 gün hesablanmışdır. Göründüyü kimi inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən iş stajı 25 ildən artıqdır və hazırda mübahisələndirilən illər iddiaçının xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilə qədər "xxxx" MATdə və xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyini dövrdür və məhz həmin illərin sosail sığorta staji kimi nəzərə alınmasının mümkünlüyü məhkəmə araşdırılmasının predmetini təşkil edir. İnzibati orqanın dəlili iddiaçının işlədiyi illərə dair sənədlərin müvafiq sorğu əsasında arxivdə aşkar edilməməsidir. Bununla bağlı apellyasiya icraatı zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 yanvar 2023-cü il tarixli, 3-21-3/2-793/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət praqramı”na uyğun olaraq ləğv edilmiş “Azəravtonəqliyyat” X3 Sərnişindaşıma avtonəqliyyat müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 23 mart 1998-ci il tarixli, 457 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri 18 mart 2008-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Qazax rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-34-60/2-9/2023 saylı məktubundan məlum olur ki, X1 xx.xx.1996-cı ildə, "xxxx" ASC-nin xx.xx.1996-cı ildə qeydiyyatdan keçmələri barədə məlumat mövcuddur. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********985600 nömrəli məktubunda qeyd olunur ki, uçot bazısına əsasən "xxxx" ASC hüquqi şəxs kimi ərazi vergilər idarəsində xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və ona ********** VÖEN verilmiş, vergi uçotuna alındığı tarixdən əvvəlki tarixə məlumat verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi zaman kəsiyində işəgötürən müəssisənin mövcudluğunu istisna edən hal mövcud olmamışdır. Digər tərəfdən iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1981-ci ildən xx.xx.2000-ci il tarixədək Qazax rayon Avtobazasında sürücü kimi, xx.xx.2001-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də sürücü kimi işlədiyi illər öz əksini tapmışdır. Məhkəmə kollegiyası əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 -ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiqj^ edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları’n 117-ci maddəsinin «a» bəndinə əsasən Əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. İddiaçının işləməsini təsdiq edən digər sənədlərin- əmrlərin, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə arxiv arayışının mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi digər sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2105/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Fikrət Mehtiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar