Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-161/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiçı İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2671/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2018-ci il tarixli “Xəstəlik haqqında” şəhadətnamədən görünür ki, İddiaçı diaqnozu “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilərək, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir. İşə əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 163 nömrəli arayışından görünür ki, istefada olan baş gizir İddiaçı həqiqətən o, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə qədər Bakı ABKM-də, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə qədər Zabit HTK-nun “Gizirlərin hazırlanması kursu”nda, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər MN-nin Kadrlar və Hərbi Təhsil üzrə müavininin sərəncamında, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər N nömrəli hərbi hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə X11 — Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.2018-ci il tarixli 0129 gm nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsi ilə (xəstəliyə görə) istefaya buraxılmış və xx.xx.2018-ci iltarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində hərbi qeydiyyatdadır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(095)-105/2011 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə iddiaçı tərəfindən Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hömkü ilə təyin olunmuş 500 manat cərimə cəzası tam şəkildə ödənilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(095)-105-2011 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. işə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, gizir X3 N saylı hərbi hissənin, qərərgah və təhcizat bölüyünün baş texniki vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizamintizamlı, işgüzar bir gizir kimi göstərmişdir. Silahlı Qüvvələrdə tətbiq edilən hərbi nizamnamə və tələbləri bilir və gündəlik xidmətində onlardan düzgün istifadə etməyi bacarır. Keçirilən nəzəri və praktiki dərslərdə iştirak edir. Vəzifə borclarının öhdəsindən layiqincə gəlməyi bacarır. Belə ki, işgüzar gizir kimi təhkim olunmuş silahların, döyüş texnikasının material hissəsini, istifadə edilmə, qorunub saxlanma qaydalarını bilir və onların döyüşə hazır olması üçün əlindən gələni əsirgəmir. Şəxsi gigiyena qaydalarına riayət edir. Zahiri görkəminə, hərbi formanı geymə qaydalarını yerinə yetirilməsinə diqqət yetirir. Fiziki cəhətdən sağlam, mənəviyyatca təmizdir, xasiyyətcə sakit təbiətlidir, hərb işini sevir, öz üzərində yorulmadan çalışır. Yoldaşları arasında hörmət və nüfuza malikdir. Düşdüyü çətin vəziyyətdən düzgün qərar qəbul edərək çıxmağı bacarır. Tənqidi düzgün başa düşür və tənqiddən düzgün nəticə çıxarır. Evlidir, normal həyat tərzi keçirməyi bacarır. Əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasinin dövlət və hərbi sirrlərini qorumağı bacarır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 4404 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanına əsasən 20 ildən artıq xidmət etməyini nəzərə alaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə qədər Bakı Ali Birləşmiş komandirlər məktəbində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə qədər Gizirlərin hazırlıq kurslarında, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər MN-nin Kadrlar bölməsinin sərəncamında, xx.xx.2000-cı il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2007-ci il tarixdən xx.xx.2014cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər xx.xx.2018-ci il tarixə qədər N nömrəli hərbi hissədə xidmət etmiş və fasiləsiz ordu sıralarında xidməti 20 il 9 ay 18 gün təşkil etmişdir. Xidmətini yenə də davam etdirmək istəmiş, lakin xidmət müddəti ərzində əmələ gələn onkoloji xəstəliyi olduğuna görə göstərdiyi müddətlə HHK-nin rəyi əsasında tərxis olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il 9 ay 18 gün xidmət etmiş və bununla bağlı hərbi vəsiqədə və ərizəyə əlavə etdiyi müvafiq sənədlərdə qeydlər var. Ödənilmiş məhkumluğundan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində qüsursuz xidmətlərinə görə 1-ci, 2-ci, və 3-cü dərəcəli medallarla təltif olunmuş və xidmətini davam etdirmişdir. Lakin Silahlı Qüvvələrinin Hərbi Həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararsız bilinib ordu sıralarından ehtiyata buraxılmışdır. Bütün bunlara baxmayaraq cavabdeh bu halları nəzərə almayaraq onun mənzillə təmin olunmağınа maneələr yaradır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təminindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, dövlət vəsaiti hesabına mənzillə təmin olunan Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsini əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2671/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunan Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə və xx.xx.1999-cu il tarixdən xx.xx.2018-ci il tarixə qədər ümumilikdə 20 il 7 ay 11 gün Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Cinayət Məcəlləsinin qeyd olunan tələblərinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək olan müddət (1 il 20 gün) ərzində məhkumluğu olduğundan sözügedən müddət “qüsursuz xidmət” müddəti kimi nəzərə alınmamalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət məhkumluğu olduğu müddətdən çıxıldıqda Ordu sıralarında qüsursuz hərbi xidmət müddəti 20 təqvim ilindən az olduğundan cavabdeh orqan tələbin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsivə iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, müvafiq Fərmanın 3-2-ci, 3-2.3-cü və 3-3-cü bəndlərinə görə məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Və Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin dispozisiyasında dəyişiklik edilmiş və iddiaçının təqsirli bilindiyi əməl hal-hazırda cinayət hesab edilmir. Həmin qanunun 2.2-ci maddəsinə əsasən, bu qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasının çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Bundan başqa iddiaçı ordu sıralarından 22 may 2018-ci il tarixdə tərxis edildiyindən "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1 və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bu barədə məhkəməyə Gəncə Hərbi Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli məktubunu təqdim etmişdir. Bildirir ki, o hərbi xidmətini davam etdirmək istəyirdi. Lakin, xidmət müddəti ərzində əmələ gələn onkoloji xəstəliklə əlaqədar Hərbi Həkim Komissiyasının rəyi əsasında tərxis olunmuşdur. Bundan başqa məhkum ediləndən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz xidmət etdiyinə görə xx.xx.2014-cü il tarixdə 3-cü dərəcəli. xx.xx.2015-ci il tarixdə 2-ci dərəcəli və xx.xx.2018-ci il tarixdə l-ci dərəcəli medallarla təltif olunmuşdur. Eyni zamanda xx.xx.2013-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi Yubiley medalı və xx.xx.2018-ci il tarixdə Azərbaycan Ordusunun 100 illiyi Yubiley medalı və bir neçə fəxri fərmanlarla təltif edilmişdir. Məhkəmə qərarında qeyd edilmiş hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli xidməti xassiyətnamədə iddiaçı müsbət cəhətdən xarakterizə edilmişdir. Bütün bu qeyd etdiklənlər məhkəmə qərar verərkən nəzərə almamışdır. Nəzərinizə çatdırır ki, xəstə olduğu üçün, həm də işləmək qabiliyyəti olmadığı üçün maddi cəhətdən çətinlik çəkir. Ailədə yeganə qazanc gətirməli şəxs iddiaçıdır. Həyat yoldaşı işləmir. İki övladı yetkinlik yaşına çatmamışlar. Biri orta məktəbi bu il bitirib, digəri 9-cu sinifdə oxuyur. Aldığı pensiya və 112 manat 50 qəpik kirayə haqqı bu günkü iqtisadi durumda onların ailəsinin xərcini ödəmir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən onların vəziyyətini nəzərə almamış, sübutlara düzgün qiymət verməmiş, lazım olan araşdırmanı aparmamışdır. Buna görə də əsassız və düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə qeyri-obyektiv qərar qəbul etmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 20 il 09 ay 18 gün hərbi xidmətdə olmuşdur. Xidmət dövründə döyüş əməliyyatlarında iştirak etməmişdir. O, Gəncə Hərbi Məhkəməsinin Hökmü ilə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və məhkumluğu yarandığı üçün cavabdeh həmin dövrü onun qüsursuz xidmət müddətinə daxil etmir. Özü yoldaşı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Anası övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçıya 332.1-ci maddəyə əsasən cərimə cəzasına məhkum edilmişdir və artıq vaxtı ilə iddiaçı tərəfindən törədilmiş əməl cinayət əməli hesab olunmur. Ona görədə həmin bir illik məhkumluğu iddiaçıya münasibətdə nəzərə almaq düzgün deyildir. Eyni zamanda normativ hüquqi aktlar haqqında qanundada göstərilir ki, yüngülləşdirici halın geriyə təsiri vardır. Həmin əməl ki, artıq cinayət hesab olunmur onun yaratdığı məhkumluqda nəzərə alınmamalıdır. Bir il məhkumluqda iddiaçının üzərindən götürülməlidir. Cavabdehin nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətin dəlillərinə münasinətdə bildirmişdir ki, iddiaçının xidməti illəri 20 il 09 ay 18 gün təşkil edir və Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanına əsasən məhkumluq müddəti hərbi qulluqçunun qüsursuz xidməti müddətinə daxil edilmir. Cavabdehin mövqeyinin əsası da məhz elə bu hal olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun: 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanı:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə qədər Bakı ABKM-də, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə qədər Zabit HTK-nun “Gizirlərin hazırlanması kursu”nda, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər MN-nin Kadrlar və Hərbi Təhsil üzrə müavininin sərəncamında, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər N nömrəli hərbi hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı dövlət hesabına mənzillə təmin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının 3-2.3 bəndinə əsasən məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Gəncə Hərbi Məhkəməsinin qərarı ilə 06 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə iddiaçı təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmədiyindən, Azərbaycan Ordusu sıralarında hərbi xidmət müddəti 20 (iyirmi) təqvim ildən az təşkil etdiyi üçün (xx.xx.1999-xx.xx.1999; xx.xx.1999-xx.xx.2018, 20 il 09 ay, 18 gün. Məhkumluq müddəti çıxıldıqda 19 il, 08 ay, 07 gün), bu fərman iddiaçıya şamil olunmur. Məhkəmə kollegiyası ilk öncə cavabdeh inzibati orqanın imtinasının və birinci instansiya məhkəməsinin mövqeyinin əsasına münasibətdə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət illərinin cəmi 19 il, 08 ay, 07 gün olması ilə bağlı qeyd edir ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən daha sonra, yəni 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı həmin əsasla rədd etməkdə haqlı olmamışdır. Göründüyü kimi, hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsinə yönəlmişdir. İddiaçı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğuna istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin uğurluluğunu yalnız yuxarıda qeyd edilən məsələ çərçivəsində yoxlamış, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirlər barədə“ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında nəzərdə tutulmuş digər əsaslara əhəmiyyət verməmişdir. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının (Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilmişdir) 1-ci hissəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması da nəzərdə tutulmuşdur və Komissiyaya tapşırılmışdır ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın və hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı yalnız hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti deyil, habelə onların döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti də nəzərə alınmalıdır. Yəni adının həmin siyahıya salınmasını tələb edən şəxsin qüsursuz hərbi xidmət müddəti ilə bağlı tələbə cavab verməsi yetərli sayıla bilməz, ona münasibətdə həm də həmin normada təsbit edilmiş digər (döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti) tələblər də ödənilmiş olmalıdır. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmamışdır. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatından da döyüş əməliyyatlarında iştirak etmədiyini bildirmişdir. Digər tərəfdən, yuxarıda istinad olunan normaya görə, dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı nəzərə alınmalı olan tələblərdən biri də hərbi qulluqçunun yaşayış (mənzil) şəraiti ilə bağlıdır. Qeyd olunan xüsusatın araşdırılması məqsədilə məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə sorğu verilmiş və məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-0959/2024 saylı məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, ev 30 ünvanında yerləşən 48 saylı mənzil hal-hazırda xx.xx.2012-cü il tarixli, **********06- 05101-093058 reyestr reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına qeyd edilmişdir. Əlavə olaraq Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, ev 30 ünvanında yerləşən 48 saylı mənzil Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edildiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarış ilə ünvan 2, mənzil 48 xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması müəyyən edilir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 160 nömrəli “Alqı- Satqı və İpoteka müqaviləsi”ndən görünür ki, satıcı X1 şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 30 ünvanda yerləşən, 48 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan İddiaçı satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 160 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor ipoteka saxlayana verir. Göründüyü kimi, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evinə malikdir. Bu mənada iddiaçı yuxarıda istinad olunan Fərmanda nəzərdə tutulmuş anlamda yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bütün hərbi qulluqçular deyil, həmin kateqoriyaya aid olan və yaşayış şəraiti baxımından yaşayış sahəsinə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının təsir dairəsinə düşür. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya qismən şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2671/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunan Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.