Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-163/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1096/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 fevral 2024-cü il tarixli, 12/464 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 09 avqust 1999-cu il tarixdən 25 iyul 2003-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, 25 iyul 2003-cü il tarixdən 24 iyun 2004-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində sinləyici, 24 iyun 2004-cü il tarixdən N mart 2008-ci il tarixədək N saylı hərbi hissədə, N mart 2008-ci il tarixdən N iyun N1-ci il tarixədək isə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.
2. N saylı hərbi hissə komandirinin N iyun N1-ci il tarixli, 158 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytinant İddiaçı 1811-ci motoatıcı taborun Qərargah bölüyünün kəşfiyyat tağım komandiri Azərbaycan Resspublikası Müdafiə nazirinin 0185 saylı, xx.xx.N1-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxıldığı üçün xx.xx.N1-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Goranboy HK-na göndərilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsinin xx.xx.N9-cu il tarixli, 1/X-3803 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (yat zabit biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, əlillik vəsiqəsinin və s) hansı hərbi hissədə nə vaxt xidmət etməsi qeyd edilməklə ətraflı ərizə ilə Komissiyaya göndərildiyi təqdirdə baxılaraq müvafiq qərar qəbul ediləcəkdir.
4. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP12/1003 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində əsgər X3 təhqir etdiyinə görə barəsində Füzuli hərbi prokurorluğunda 08 fevral N1-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə cinayət işi başlanmış və 28 aprel N1-ci il tarixdə CPM-nin 39.1.10-cu maddəsinə (anlaqsız vəziyyətdə törətdiyinə görə) əsasən cinayət işinin icraatına xitam verilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 24 noyabr 2022-ci il tarixli, 4/3-12992 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı sənədlərinə müvafiq komissiyada baxılmış, xidməti atəşkəs dövründən (xx.xx.1994-cü il tarixdən) sonra və əlilliyi hərbi xidmət dövründə olduğu, lakin döyüş əməliyyatları ilə bağlı olmadığı üçün barəsində müsbət qərar qəbul olunmamışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 fevral 2024-cü il tarixli, 463 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 0363 №-li əmrinə əsasən, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbini və 2004-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kurslarını bitirmiş, leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 107 №-li əmrilə əsas: §3, sıra-5, səh.-149; qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.2004-cü il tarixdən hərbi hissəyə gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlara qoyularaq, “xüsusi təyinatlı taborun xüsusi təyinatlı bölüyünün xüsusi təyinatlı qrup komandiri” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2008-ci il tarixli 012N №-li əmri ilə N №-li hərbi hissənin 1181-ci motoatıcı taborun “qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi-kəşfiyyat tağımının komandiri (Q2)” vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, 1-ci taborun qərargah zabiti (əməliyyatlar üzrə) baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 97 №-li əmrilə (əsas: §7, səh.-131; qeyd: əmrdə hərbi rütbəsi 'baş leytenant” yazılmışdır) işini və vəzifəsini təhvil vermiş hesab edilərək, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 2008-N1-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı barədə əlavə araşdırma apara bilinməmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 iyun 2024-cü il tarixli, 1817 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 0113 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2008-ci il tarixdən, xx.xx.2008-ci il tarixli 0107 nömrəli əmrində xx.xx.2009-cu il tarixdən, xx.xx.2009cu il tarixli 089 nömrəli əmrində xx.xx.N0-cu il tarixdən, xx.xx.N0-cu il tarixli 099 nömrəliımrində xx.xx.N1-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. Müdafiə nazirinin 2004-2008-ci il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-N1-ci illər ərzində Müdafiə Nazirliyinin 2- ci Ordu Korpusunun N saylı hərbi hissəsində zabit kimi taborun kəşfiyyat rəisi və kəşfiyyat tağımının komandiri kimi xidmət etmişdir. Xidmət vaxtı müxtəlif əməliyyatlarda iştirak etmiş və aldığı mənəvi-psixoloji travmaya görə 2-ci qrup əlil kimi ordu sıralarından ehtiyata buraxılmışdır. Məhz bu səbəblərdən də müharibə veteranı vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-11/2-948/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, araşdırma nəticəsində iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət(travma, kontuziya) alması faktı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1096/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissə xidmət etməsini, həmçinin duçar olduğu xəstəliyə döyüş əməliyyatları nəticəsində xəstələndiyini təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri
13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1096/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlili iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xidmət müddətində hər hansı hərbi əməliyyatlara cəlb edilməmiş, xidmət etdiyi hərbi hissə döyüş şəratində olan hərbi hissə olmuşdur. Bu əsasla hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
17. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
19. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
20. 23 dekabr N1-ci il tarixədək qüvvədə olmuş «Hərbi xidmət haqqında» Qanun:
1. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.
14. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün-hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün-hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün-hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: 1.Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İş matariallarından göründüyü kimi iddiaçı tələbində 2007-N1-ci illər ərzində Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsində zabit kimi taborun kəşfiyyat rəisi və kəşfiyyat tağımının komandiri kimi xidmət etdiyini, xidmət vaxtı müxtəlif əməliyyatlarda iştirak etdiyini və aldığı mənəvi-psixoloji travmaya görə 2-ci qrup əlil kimi ordu sıralarından ehtiyata buraxıldığı bildirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
25. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini, həmçinin duçar olduğu xəstəliyə döyüş əməliyyatları nəticəsində xəstələndiyini təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 fevral 2024-cü il tarixli, 12/464 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 09 avqust 1999cu il tarixdən 25 iyul 2003-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, 25 iyul 2003-cü il tarixdən 24 iyun 2004-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində sinləyici, 24 iyun 2004-cü il tarixdən N mart 2008-ci il tarixədək N saylı hərbi hissədə, N mart 2008-ci il tarixdən N iyun N1-ci il tarixədək isə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.
27. N saylı hərbi hissə komandirinin N iyun N1-ci il tarixli, 158 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytinant İddiaçı 1811-ci motoatıcı taborun Qərargah bölüyünün kəşfiyyat tağım komandiri Azərbaycan Resspublikası Müdafiə nazirinin 0185 saylı, xx.xx.N1-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxıldığı üçün xx.xx.N1-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Goranboy HK-na göndərilmişdir.
28. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 24 noyabr 2022-ci il tarixli, 4/3-12992 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı sənədlərinə müvafiq komissiyada baxılmış, xidməti atəşkəs dövründən (xx.xx.1994-cü il tarixdən) sonra və əlilliyi hərbi xidmət dövründə olduğu, lakin döyüş əməliyyatları ilə bağlı olmadığı üçün barəsində müsbət qərar qəbul olunmamışdır.
29. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 fevral 2024-cü il tarixli, 463 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 0363 №-li əmrinə əsasən, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbini və 2004-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kurslarını bitirmiş, leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli 107 №-li əmrilə əsas: §3, sıra-5, səh.-149; qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.2004-cü il tarixdən hərbi hissəyə gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlara qoyularaq, “xüsusi təyinatlı taborun xüsusi təyinatlı bölüyünün xüsusi təyinatlı qrup komandiri” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2008-ci il tarixli 012N №-li əmri ilə N №-li hərbi hissənin 1181-ci motoatıcı taborun “qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi-kəşfiyyat tağımının komandiri (Q2)” vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, 1-ci taborun qərargah zabiti (əməliyyatlar üzrə) baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 97 №-li əmrilə (əsas: §7, səh.-131; qeyd: əmrdə hərbi rütbəsi 'baş leytenant” yazılmışdır) işini və vəzifəsini təhvil vermiş hesab edilərək, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 2008-N1-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı barədə əlavə araşdırma apara bilinməmişdir.
30. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 iyun 2024-cü il tarixli, 1817 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 0113 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2008-ci il tarixdən, xx.xx.2008-ci il tarixli 0107 nömrəli əmrində xx.xx.2009-cu il tarixdən, xx.xx.2009cu il tarixli 089 nömrəli əmrində xx.xx.N0-cu il tarixdən, xx.xx.N0-cu il tarixli 099 nömrəli əmrində xx.xx.N1-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. Müdafiə nazirinin 2004-2008-ci il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar edilməmişdir.
31. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin iddiaçının xidməti atəşkəs dövründən (xx.xx.1994-cü il tarixdən) sonra lakin döyüş əməliyyatları ilə bağlı olmadığı dəlili “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymətini tapmalıdır.
32. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün yuxarıda qeyd edilən əsaslar olmalıdır. Belə ki, iddiaçının xidmət dövrü 1994-cü il 12 may tarixindən sonrakı dövrdür və həmin illərin qiymətləndirilməsinin xüsusiyyətləri nəzərə alınmalıdır.
34. İstinad olunan Əsasnamənin açıq-aşkar tələbi, atəşkəs dövründə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı statusu verilməsi üçün onların döyüş əməliyyatlarında iştirak etməsi ilə yanaşı, həm də döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasıdır.
35. Hazırki iş üzrə döyüş şəratində olan hərbi hissədə xidmət keçmə faktı mövcud olsa da, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında bilavasitə iştirak etməsini, həmçinin yaralanmasını və ya duçar olduğu xəstəliyə döyüş əməliyyatları nəticəsində xəstələndiyini təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
36. İşdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının 723 nömrəli, xx.xx.N1-ci il tarixli xəstəlik haqqında şəhadətnamənindən məlum olur ki, N saylı hərbi hissə komandirinin 1301.N1-ci il tarixli, 524 nömrəli göndərişinə əsasən İddiaçı qoyulmuş dioqnoza əsasən-Şizofreniya, Paranoid forma, natamam remissiya mərhələsində. Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır kimi qərar qəbul edilmişdir.
37. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması şərtdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən Əsasnamənin dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmədiyindən, iddiaçı ona “müharibə veteranı” adının verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Buna görə də iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni olmuşdur.
39. Odur ki, iddianın təmin olunmaması ilə məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1096/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov