Məhkəmə qərarları › İş №2-1(104)-164/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-164/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-164/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3263/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2008-ci il tarixdən “çoxsaylı qəlpə yaralanmasına görə laparotomiya qarın boşluğu üzvlərinin bitişməsindən sonrakı xəstəlik. 12 bamaq bağırsağın xr xorası. Xr bağırsaq keçməməzliyi. Qidalanmanın pozulması ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 5 nəfər barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, xx.xx.2023cü il tarixində ona ümumi xəstəlik səbəbindən xx.xx.2008-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləvği barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı Daşkəsən RMX-da “Ağ xətt yırtığı (XBT kodu - K40)” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı X2 “Çoxsaylı qəlpə yaralanmasına görə laparasomiyadan sonrakı vəziyyət (XBT kodu – Y36.2), Q/b bitişmə xəstəliyi (XBT kodu – Z98.8), Hissəvi bağırsaq xəstəliyi (XBT kodu – K91.3), Həzm funksiyasının pozulması (XBT kodu – K91.2) və Qarının ön divarının ventral yırtığı (XBT kodu – K43.9), yanaşı xəstəlik – “bədənin çoxsaylı qəlpələri”” diaqnozları qoyulmuşdur. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyi üzrə ödənişlərin dayandırılmasına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci dərəcəli əlildir. İddiaçı qeyd edir ki, bu əlillik ona 2008-ci ildə, özü də müddətsiz verilmiş, buna baxmayaraq, yəni əlilliyi müddətsiz olduğu halda xx.xx.2023-cü ildən “reabilitasiya olunmusunuz” ilə əlilliyi üzrə ödənişlər dayandırılmışdır. Həmçinin, müddətsiz əlil heç vaxt reabilitasiya oluna bilməz. Aidiyyəti tibb komissiyası iddiaçının səhhətini 2008-ci ildə səhhətini yoxlamış, sağlamlığının bir daha geri qayıtmayacağını müəyyən etmiş, məhz buna görə 2-ci dərəcəli əlillik ona müddətsiz verilmişdir. İddiaçı qeyd edir ki, hələ uşaqlıqdan bağırsaq xəstəliyinə görə o, 2-ci qrup əlillik pensiyası almış, yəni o zamandan şikəstdir. İddiaçı Daşkəsən rayonu, Alaxançallı kəndində yaşayır. (işğal altında olmuş Kəlbəcər rayonu ilə həmsərhəddir). 1998-ci ildə baş verən döyüşlərin (post atışmalarının) birində qumbara atəşi altına düşmüş, qəlpələr bağırsağının 7 yerini dağıtmış, bir çoxu bədəninin başqa yerlərinə girmişdir. Bu qəlpələr iddiaçının mütəmadi sızladır, bağırsaqlarından əlavə mədəaltı vəzində də böyük problemləri var. İddiaçı bildirir ki, bu gün onu hədsiz incidən, gücünü əlindən alan, ağır əşya qaldırmağına imkan verməyən bu qəlpələrin sayını dəqiq bildirən həkim yoxdur. O qeyd edir ki, 3-4 kiloqramdan artıq yük qaldırmaq ölümünə səbəb ola bilər, ona görə də işləməyi, adicə qoyun-quzu saxlamağı mümkün deyildir. İddiaçı 3 nəfərdən ibarət ailə tərkibinə sahibdir, anası ağır formada şəkərdir, cərrah onu operasiya etməlidir, lakin bunun üçün pul yoxdur. Həyat yoldaşı da xəstə olduğu üçün işləmir, ailəsinin əldə etdiyi pullar anasının və arvadının dava-dərmamına sərf olunur. İddiaçı bildirir ki, 220 manat pensiya kəsiləndən sonra tamam zillətə düşmüş, belə ki, o, həqiqətən əlildir. Həmçinin, cavabdeh X4 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məntiqsiz və əsassız rəyinə söykənib, onun əliliyinə xitam verilməsi qanunsuz hərəkətdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və həmin qərar əsasında çıxarılmış xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsi və həmin tarixdən əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsi dövründə almış olduğu travmadan mütəmadi olaraq əziyət çəkmiş, 1994-cü ildə travma almışdır. Lakin, sonrakı Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T80-T88 - Digər rubrikalarda təsnif olunmayan, cərrahi və terapevtik müdaxilələrin ağırlaşmaları => T88 -... X1: Çoxsaylı qəlpə yaralanmasına görə laparotomiya qarın boşluğu üzvlərinin bitişməsindən sonraki xəstəlik. 12 barmaq bağırsağın xr xorası. Xr bağırsaq keçməməzliyi. Qidalanmanın pozulması ilə. (DSMF məlumatlarına əsasən) Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3263/2024 nömrəli qərardadı ilə (hakim R.Əliyeva) ərizə təmin edilməmiş, iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, o, xəstə olmuşdur. Hazırkı iş üzrə iddiaçının qeyd etdiyi iddia müddətini ötürməsinin səbəbi məhkəmə tərəfindən üzrlü hesab edilmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3263/2024 nömrəli qərardadının ləğv edilməsini, iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, o, 2023-cü ilin noyabr ayından hal-hazıradək müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazıb göndərmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu növ məhdudiyyətlərdən biri də iddia tələbi ilə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilməsidir. Hazırki iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya hazırda məhkəmədə mübahisələndirdiyi inzibati akta dair bildiriş xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, sonuncu xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin ərizə təqdim edərək ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış, iddianın verilməsi üçün müddətin ötürülməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktlar «İnzibati icraat haqqında» Qanunun 59.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, həmin aktlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar qeyd olunmamışdır. Bundan başqa iş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ambulator kitabçalardan çıxarışlardan görünür ki, iddiaçı Daşkəsən RMX və X2 müayinədə olmuşdur. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir (cild İ, səh. 154-157). Göründüyü kimi iddiaçının inzibati aktları mübahisələndirmək marağı olmuş, hüquqi müdafiə vasitələri ona məlum olmadığından, müxtəlif orqanlara rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatında xəstə olmasını, bu səbəbdən vaxtında şikayət vermək imkanın olmadığını, mübahisəli məsələnin həlli üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini və iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş müddət barədə məlumatının olmamasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi səbəblərə görə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi ağlabatandır və üzürlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddia tələbinin mümkünlüyünə yenidən hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3263/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları iddia tələbinin mümkünlüyünə yenidən hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar