Məhkəmə qərarları › İş №2-1(104)-165/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-165/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-165/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3149/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. HZ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. xx.xx.1976-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Klara Setkin adına sovxozun şərab zavodunda fəhlə, xx.xx.1979-cu il tarixli 62 nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən X11 spirtçəkmə sexinə 2-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1980-ci il tarixli 200 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən Şərabçılıq tullantılarının emalçısına 3-cü dərəcə verilmiş, xx.xx.1983-cü il tarixli 222 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən Şərabçılıq tullantılarının emalçısına 4-cü dərəcə verilmiş, xx.xx.1996-cı il tarixli 42 nömrəli əmrlə xx.xx.1996-cı il tarixdən Şərabçılıq tullantılarının emalçısına 5-ci dərəcə verilmiş, xx.xx.2008-ci il tarixli 4 nömrəli əmrlə xx.xx.2008-ci il tarixdən zavodun maliyyə və istehsalat çətinliyinin əmələ gəlməsinə görə daşıdığı işdən azad edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli k-1-181 nömrəli arayışında göstərilmişdir ki, Şəmkir Filialında mühafizə olunan “K.Setkin” adına sovxozun əmr kitablarına əsasən İddiaçı sovxozun xx.xx.1975-ci il tarixli 133 nömrəli əmri ilə sovxozun nəzdində olan şərab zavoduna fəhlə qəbul edilmiş və xx.xx.1976-cı il tarixli 138 nömrəli əmrlə hərbi xidmətə çağırıldığı üçün işdən azad olunmuşdur. Sovxozun əmək haqqı kitablarında İddiaçı 1975-1976-cı illərdə işləyərək qazandığı əmək haqqı aşağıdakı kimi müəyyən olmuşdur: 1975-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 1976-cı ilin yanvar, fevral, mart, aprel, mart, iyun, iyul, avqust, sentyabr ayları. Filialda mühafizə olunan Şamxor Konyak zavodunun arxiv sənədlərinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixli 62 nömrəli əmrlə zavodun spirtçəkmə sexinə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. Zavodun xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxılmışdır. Əmr kitablarında işdən azad olunma əmri aşkar edilməmişdir. Şəmkir Konyak zavodunun 1996cı ildən sonrakı illərə dair əmək haqqı kitabları filiala təhvil verilmədiyi üçün İddiaçı 1996-cı ildən sonra işləyərək qazandığı əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır. Şamxor Konyak zavodunun 1984-1988-ci illəri əhatə edən əmək haqqı kitabları filiala təhvil verilməmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, tərəfin təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərinə və arxiv arayışına əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 10 ay 3 gün təşkil edir. Təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli K-1-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitabları X10 Filialına təhvil verilmədiyindən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

5. Şəmkir rayon Dövlət arxivinin 01 fevral 2024-cü il tarixli, k-3-48-13-F/2-20/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şəmkir filialında mühafizə olunan sabiq Şamxor konyak zavodunun əmr kitablarına əsasən İddiaçı xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri uzun müddətə məzuniyyətə buraxılmışdır. Zavodun 1998-ci ildən 2006-cı il tarixədək əhatə edən əmr kitablarında İddiaçı adına əmr aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 08 fevral 2024-cü il tarixli, 3-17-1/2-28465/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndiriiməyən ümumi iş stajı 20 il 2 ay 3 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət X6 xx.xx.2023cü il tarixli k-1-181 nömrəli arayışına əsasən Şəmkir Konyak zavodunun 1996-cı ildən sonrakı illərə dair əmək haqqı kitabları arxivə təhvil verilmədiyindən və X1 sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından əmək ktabçasında qeyd olunan xx.xx.1997-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sözügedən arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci ilədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlərdə əmək haqqı alınmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının 10 fevral 2024-cü il tarixli, 3-17-1/2-30074/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, sığortaedən "xxxx" ASC (SUN **********8, VÖEN **********) Nazirliyin X1 sistemində və iş qovluğunda 2006-2008-ci illərə dair hesabat və ödəniş məlumatları aşkarlanmamışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyiin Şəmkir Konyak zavodunun bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1202 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2008-ci il tarixdə tam özəlləşdirilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 iyul 2024-cü il tarixli, 3-21-3/2-11414/2024 nömrəli mktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramf’na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Konyak zavodunun bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1202 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2008-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) 1 iyul 1998-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus emissiya prospektində (özəlləşdirmə planında) səhmləri güzəştli satın almaq hüququ olan şəxslərin Xidmətin arxivində olan təsdiq olunmuş siyahısı təqdim edilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 may 2024-cü il tarixli, 3-17-1/2-102104/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Fondun keçmiş Şəmkir rayon şöbəsi tərəfindən vətəndaş X2 yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçasına və Dövlət X6 xx.xx.2018-ci il tarixli k-1-165 nömrəli arayışına əsasən Şamxor Konyak zavodunda xx.xx.1978-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilmişdir. Fondun keçmiş Şəmkir rayon şöbəsi tərəfindən vətəndaş X4 yaşa görə əmək pensiyası təyin edilərkən əmək kirtabçasına əsasən Şamxor konyak zavodunda xx.xx.1969-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilmişdir. Fondun keçmiş Şəmkir rayon şöbəsi tərəfindən vətəndaş X5 yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçasında qeyd edilmiş xx.xx.1981 -ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Şamxor Konyak zavodunda olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat.

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1996-2006-cı illərdə Şəmkir (sabiq Şamxor) konyak zavodunda işləməyinə dair illərin sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəmkir (sabiq Şamxor) rayonun «Klara-Setkin» adına sovxozda xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əmək haqqı almaqla fəhlə işləmişdir. xx.xx.1976-cı il tarixdən hərbi xidmətə getdiyi üçün işdən azad olunmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. Hərbi xidməti çəkdikdən sonra, yəni xx.xx.1979-cu il tarixli Şəmkir Konyak zavodunun müvafiq əmri ilə zavodun spirtçəkmə sexinə 2-ci dərəcəli fəhlə qəbul edilərək mütəmadi olaraq əmək haqqı almaqla xx.xx.2008-cı il tarixədək həmin zavodda fəhlə işləmişdir. Odur ki, yaşa görə pensiya almaq üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 2 saylı Qazax-Tovuz regional filialına müraciət etmişdir. Tərəfindən təqdim edilmiş 12 oktyabr 1976-cı il tarixli ******* saylı əmək kitabçasında hərbi biletinin surətlərinə və arxiv arayışına əsasən sığorta stajının (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) 20 il 10 ay 3 gün təşkil etməsinə, həmçinin təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli K-l-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitabları Dövlət arxivinin filialına təhil verilmədiyindən xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamasına görə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Şəmkir konyak zavodunun xx.xx.1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitablarının X10 filialına təhvil verilməməsinə görə o, məsuliyyət daşımır. Mübahisəli müddətdə, yəni xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək onun faktiki olaraq əmək haqqı almaqla Şəmkir konyak zavodunda işləməyini əmək kitabçasında aparılan qeydlər və onunla eyni vaxtda həmin zavodda işləmiş şahidləri, təsdiq edir. Buna baxmayaraq cavabdeh yaşa görə ona əmək pensiyası təyin etməkdən əsassız olaraq imtina etmişdir. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur.

13. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı tarixədək Şamxor konyak zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.

14. Cavabdehin inzibati orqan tərəfindən etiraz olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərinə və arxiv arayışına əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 10 ay 3 gün təşkil edir. Həmçinin, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli K-1-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əməkhaqqı cədvəlləri X10 Filialına təhvil verilmədiyindən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Dövlət X6 xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxıldığı eyni zamanda əmr kitablarında işdən azad olunma əmrinin aşkar edilmədiyi qeyd olunmuşdur. X3 Şəmkir filialınında qarşılıqlı yoxlama kəçirilmiş və qeyd olunan məsələlər öz təsdiqini tapmışdır. İddiaçının əmək kitabçasında xx.xx.2008-ci il tarixdə işdən çıxdığı qeyd olunmuşdur. İddiaçıya xx.xx.2006- cı il tarixdən xx.xx.2008-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçının xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "X1 Sistemi"nin Sığorta Alt Sisteminin X8 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İddiaçının xx.xx.1998-ci il tarixdən uzun müddətə məzuniyyətə buraxıldığı, eyni zamanda əmr kitablarında işdən azad olunma əmrinin aşkar edilmədiyi və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən onun qeyd olunan dövrlərdə işləməsinə əsaslı şəkildə şübhə yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1597/2023 nömrəli qərarının 38-41-ci bəndlərində göstərilmişdir ki, iddiaçının 1997-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsinə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin, həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3149/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, arxiv arayışında iddiaçının zavodun xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxılmasına dair əmr mövcud olsa da, zavodun 1996-cı ildən sonrakı illərə dair əmək haqqı kitabları arxivə təhvil verilmədiyi, həmçinin əmr kitablarında işdən azad olunma əmri aşkar edilmədiyi üçün iddiaçının hansı tarixdən məzuniyyətdən qayıtması müəyyən edilmir. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Apelyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmişdir. b) apellyasiya icraatı iştirakçılarının izahatları.

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını hərətərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı xx.xx.1998-ci il tarixdən uzun müddətli məzuniyyətə buraxılmış, lakin məzuniyyətdən qayıtmaq ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. xx.xx.2008-ci il tarixdə də işdən azad olunması əmək kitabçası ilə öz təsdiqini tapsa da, həmin əmr də arxiv arayışında aşkar edilmir. Bundan başqa xx.xx.2006-cı ildən sonra iddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər edilməsi aşkar edilmir. Belə olan halda başa düşülür ki, həmin tarixdən iddiaçıya əmək haqqı ödənilməyib.

20. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən illərdə işləmişdir və uzun müddətli ödənişsiz məzuniyyətdə olmamış, 2006-cı ildən sonra əmək haqqıda almışdır.

21. İddiaçıya hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməklə yeni qərar qəbul edilməlidir.

26. Hazırki tələb ilə İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, tərəfin təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərinə və arxiv arayışına əsasən sığorta stajı (xx.xx.1976cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 10 ay 3 gün təşkil edir. Təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023cü il tarixli K-1-181 nömrəli arxiv arayışına əsasən Şəmkir konyak zavodunun 1996-cı il tarixdən sonrakı illərə dair əmək haqqı kitabları X10 Filialına təhvil verilmədiyindən xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

27. Birinci instansiya məhkəməsi tərəfindən imtina əsassız hesab olunaraq qərarda qeyd edilmişdir ki, arxiv arayışında iddiaçının zavodun xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxılmasına dair əmr mövcud olsa da, zavodun 1996-cı ildən sonrakı illərə dair əmək haqqı kitabları arxivə təhvil verilmədiyi, həmçinin əmr kitablarında işdən azad olunma əmri aşkar edilmədiyi üçün iddiaçının hansı tarixdən məzuniyyətdən qayıtması müəyyən edilmir. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.

28. Hazırki halda məhkəmə araşdırılmasının predmeti iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyüdür.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinin müddəalarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

30. 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

31. 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

32. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən;

33. 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

34. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına, o olmadıqda işəgötürənin arayışına və ya dövlət arxivinin arayışına əsasən müəyyən edilir.

35. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi).

36. Bununla yanaşı, cavabdeh də öz növbəsində iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun təsdiqi üçün sübutlar təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin ikinci cümləsi).

37. Apellyasiya icraatı zamanı araşdırılmış sənədlərə görə, iddiaçı "xxxx" ASC-də işlədiyi dövr ərzində xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı tarixədək ümumilikdə 09 il 1 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Cavabdeh də məhz həmin müddəti sığorta stajı kimi nəzərə almayaraq müraciətin təmin olunmasından imtina etmişdir.

38. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli k-1-181 nömrəli arayışında göstərilmişdir ki, Şəmkir Filialında mühafizə olunan “K.Setkin” adına sovxozun əmr kitablarına əsasən İddiaçı sovxozun xx.xx.1975-ci il tarixli 133 nömrəli əmri ilə sovxozun nəzdində olan şərab zavoduna fəhlə qəbul edilmiş və xx.xx.1976-cı il tarixli 138 nömrəli əmrlə hərbi xidmətə çağırıldığı üçün işdən azad olunmuşdur. Sovxozun əmək haqqı kitablarında İddiaçı 1975-1976-cı illərdə işləyərək qazandığı əmək haqqı aşağıdakı kimi müəyyən olmuşdur: 1975-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 1976-cı ilin yanvar, fevral, mart, aprel, mart, iyun, iyul, avqust, sentyabr ayları. Filialda mühafizə olunan Şamxor Konyak zavodunun arxiv sənədlərinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixli 62 nömrəli əmrlə zavodun spirtçəkmə sexinə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. Zavodun xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə uzun müddətə məzuniyyətə buraxılmışdır. Əmr kitablarında işdən azad olunma əmri aşkar edilməmişdir. Şəmkir Konyak zavodunun 1996-cı ildən sonrakı illərə dair əmək haqqı kitabları filiala təhvil verilmədiyi üçün İddiaçı 1996-cı ildən sonra işləyərək qazandığı əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır. Şamxor Konyak zavodunun 1984-1988-ci illəri əhatə edən əmək haqqı kitabları filiala təhvil verilməmişdir.

39. Şəmkir Konyak zavodunun 01 avqust 1998-ci il tarixli, 49 nömrəli əmrinə əsasən Zavodun maliyyə və istehsalat çətinliyinin əmələ gəlməsi ilə əlaqədar alaraq adları aşağıda göstərilən işçilər əmək haqqı hesablanmamaq şərti ilə məzuniyyətə buraxılsınlar:

9. İddiaçı.

40. Şəmkir rayon Dövlət arxivinin 01 fevral 2024-cü il tarixli, k-3-48-13-F/2-20/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şəmkir filialında mühafizə olunan sabiq Şamxor konyak zavodunun əmr kitablarına əsasən İddiaçı xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri uzun müddətə məzuniyyətə buraxılmışdır. Zavodun 1998-ci ildən 2006-cı il tarixədək əhatə edən əmr kitablarında İddiaçı adına əmr aşkar edilməmişdir. 41.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının 10 fevral 2024-cü il tarixli, 3-17-1/2-30074/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, sığortaedən "xxxx" ASC (SUN **********8, VÖEN **********) Nazirliyin X1 sistemində və iş qovluğunda 2006-2008-ci illərə dair hesabat və ödəniş məlumatları aşkarlanmamışdır.

42. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 iyul 2024-cü il tarixli, 3-21-3/2-11414/2024 nömrəli mktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramf’na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Konyak zavodunun bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1202 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2008-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) 1 iyul 1998-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus emissiya prospektində (özəlləşdirmə planında) səhmləri güzəştli satın almaq hüququ olan şəxslərin Xidmətin arxivində olan təsdiq olunmuş siyahısı təqdim edilmişdir.

43. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən illər üzrə iddiaçının faktiki əmək fəaliyyətinin olmasına dair heç bir sübut əldə edilməmişdir. Əksinə şəxsin uzun muddətli məzuniyyətdə olması, əmək haqqı kitabları arxivə təhvil verilməsə də, zavodun 1998-ci ildən 2006-cı il tarixədək əhatə edən əmr kitablarında adına əmr aşkar edilməməsi, digər tərəfdən 1 iyul 1998-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında aşkar edilməsinə dair sənədlər təqdim edilmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, hətta işəgötürənin təqsiri üzündən şəxsin əmək fəaliyyətinin olmaması özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur.

45. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

46. Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə:

47. 1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

48. 2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

49. Həmin normaların hazırkı işə tətbiqinə gəldikdə, ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasının müddəti qeyri müəyyən olmasına baxmayaraq kifayət qədər vaxt ərzində Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir.

50. Göründüyü kimi, işdə olan sübutlara əsasən xx.xx.1998-xx.xx.2006-cı illər ərzində iddiaçının əmək fəaliyyəti olmamış, ona əmək haqqı hesablanmamışdır. Bu səbəbdən cavabdeh həmin müddəti iddiaçının iş (sığorta) stajına daxil etməməkdə haqlı olmuşdur və iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

51. Odur ki, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3149/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar