Məhkəmə qərarları › İş №2-1(104)-166/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-166/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-166/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3327/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1005 nömrəli həkim rəyinə əsasən, İddiaçı həkim psixiatrlar tərəfindən müayinə olunmuş, “F07.0 baş beynin Üzvi xəstəliyi nəticəsində yaranan üzvi şəxsiyyət və davranış pozuntusu. F43.1 postravmatik stress pozuntusu” təyin edilmişdir.

2. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 449 nömrəli sənədinə əsasən, İddiaçı müayinə həmin tarixdə olunmuş, “Üzvi (müharibəi zamanı alınmış qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla F 07.0 depressiv əlamətlərlə F33.3” diaqnozu təyin edilmişdir.

3. Mərkəzi Hərbi Həkim Komissiyasının 25 yanvar 2023-cü il tarixli, 515 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv əlamətlərlə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik strezz pozuntusu. Kəllədaxili travma nəticəsi (xx.xx.2020). Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sol əlin İİ daraq falanqa oynağı səviyyəsindən amputasion (xx.xx.2020) güdülü. Sol saidin aşağı 1/3-nin ön səthinin bərkimiş dəri çapığı. Soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.

4. İddiaçı xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə. Barotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə. Hər iki gözün miopik astiqmatizmi” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

5. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2284/2023 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

6. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 18328/2023 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

7. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2742 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Əliyev X2 tərəfindən müayinə olunmuş, “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, depressiv əlamətlər, anamnezində psixotik epizodlar F 07.0” diaqnozu təyin edilmişdir.

8. X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Göndəriş-Forma 88 haqqında məlumat qrafikindən görünür ki, xəstəliyə görə ambulator müraciətlər xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərdə olmuş, hər bir yoxlama nəticəsində “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” təyin edilmiş, Gəncə Psixiartik xəstəxana xx.xx.2023-cü il tarixində daxil olmuş, xx.xx.2023-cü il tarixində çıxmış, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu təyin edilmiş, Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinə xx.xx.2023-cü il tarixində daxil olmuş, xx.xx.2024-cü il tarixində çıxmış, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu təyin edilmiş, həkim müayinəsinin nəticəsi “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Bələdliyi saxlanılıb. Danışıq əlaqəsinə həvəssiz qoşulur. Verilən sualları hissəvi cavablandırır, natamam məlumatlar verir. Fikrini cəmləşdirməkdə çətinlik çəkir, diqqəti dağınıqdır. Tez əsəbləşir, səbəbsiz dava-dalaş salır, konfliktlər yaradır. Özünə qapanır, tək qalmaq istədiyini başıın səs-küy götürmədiyini bildirir. Günlərlə evdə bir otaqdan çıxmır, yeməyini ailəsinin təkidi ilə yeyir. Meyl və maraq dairəsi daralıb, “heç nə mənə maraqlı deyil, heç nə ürəyimi açmır”. Emosional labildir. Əhval-ruhiyyə fonu enlikdir. Küt, bədbindir. Yaddaşı zəifləyib, mexanikdir. Yeni məlumatları yadda saxlamaqda çətinlik çəkir” kimi qeyd edilmiş, yekunda əsas diaqnoz - F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, depressiv əlamətlər, anamnezində psixotik epizodlar; yanaşı xəstəliklər - S06.0, Baş beyin silkələnməsi, Qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya; T70.0 Qulağın barotravması, Soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə; F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu; H52.2 Astiqmatizm, Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozları təyin edilmişdir.

9. İddiaçı xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, depressiv əlamətlər, anamnezində psixotik epizodlar. Posttravmatik stress pozuntusu. Qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Astiqmatizm. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

10. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024cü il tarixli qərarına əsasən, İddiaçı əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, imtinanın səbəbi “Diaqnoz öz təsdiqini tapmaması” olmuşdur.

11. İddiaçı Vətən müharibəsində aldığı yaralarla əlaqədar müalicəsinin və əlillik dərəcəsinin təyin olunmasına köməklik göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətə Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 baxılmış və xx.xx.2024-cü il tarixli, 18-1/2-Ə-78xxxx-14462/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, bununla əlaqədar Gəncə Şəhər Psixiatriya Xəstəxanasının rəhbərliyindən müalicəsinin nəzarətə götürülməsi xahiş olunmuşdur.

12. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ə-20077/2024 nömrəli məktubunda bildirilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə müraciəti əsasında qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik təyininə əsas vermədiyindən xx.xx.2024-cü il tarixində diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra müraciətinə əsasən, xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsi haqqında cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, həmin tarixdən müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdam rayonu istiqamədində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində «partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, posttravmatik ensefolopatiya, soltərəfli koxlear nevrit, sol əlin İİ daraq falanqa oynağı səviyyəsində amputasision güdülü və sol saidin aşağı 1/3-nin ön səthinin qəlpə yarası » diaqnozu ilə xəsarət almış, dəfələrlə stasionar və ambulator müalicədə olmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının 515 saylı, xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən, « mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, depressiv əlamətlərlə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Kəllədaxili travma nəticəsi (xx.xx.2020). Qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sol əlin ll daraq falanqa oynaöl səviyyəsindən amputasion (xx.xx.2020) güdülü. Sol saidin davamlı neyrosensor ağıreşitmə, pıçıtlı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi, « Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır » diaqnozu qoyulmuşdur.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3327/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyasının əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, ona xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir.

16. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilən etirazın məzmununda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın rəhbərin şəxsin (nazir müavini) qəbuluna müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 515 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv əlamətlərlə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Kəllədaxili travma nəticəsi (xx.xx.2020). Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sol əlin İİ daraq falanga oynağı səviyyəsindən amputasion (xx.xx.2020) güdülü. Sol saidin aşağı 1/3-nin ön səthinin bərkimiş dəri çapığı. Soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik astigmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,5- ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, 26, 46-cı dişlərin ikincili adentiyası. 35-ci dişin kökləri” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 11029639 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növəti epizod. Baş-beyin silkələnməsi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 11095163 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi məni şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yaddaşın pozulmasından, hər şeyə qıcıqlanmadan şikayətlənmiş, ətrafa və özünə xəsarət yetirməsini bildirmişdir (laqonda ilə barmağını kəsmə şəklində). Zahirən gərgin, ünsiyyətə həvəsli, nitqi çoxsözlü, emosional dəyişkən və konfliktə meyilli olmuşdur. Düçüncəsi aydın, bələdliyi və tənqidi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu, şəxsiyyətin patoloji inkişafı istisna olunmur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Vətəndaş barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli müraciətinə dair qərardan 6 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Vətəndaş barəsində xx.xx.2024-cü il tarixli qəbul edimiş qərar ona ********** nömrəli mobil telefona SMS bildiriş vasitəsilə göndərilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3327/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2742 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə, Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1005 nömrəli həkim rəyinə, “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 449 nömrəli sənədi ilə İddiaçı üzvi şəxsiyyət pozuntusu, F07.0 diaqnozu qoyulmuşdur. İddiaçı 25 yanvar 2023-cü il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçının xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində uyğun gəlir. Eyni zamanda iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş xx.xx.2024-cü il tarixdə verilmişdir. Ona görə də iddiaçının əlilliyinin başlanması həmin tarixdən müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə dair təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin olunmamış, şəxsin əyani müayinə edilməsi barədə aralıq qərardad qəbul edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Diaqnozun əlillik əlaməti təyin etməməsi halı İddiaçı əyani müayinəsi zamanı cavabdeh tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən təqdim edilən etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

22. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, cavabdehin qəbul etdiyi qərardan verilmiş şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- 35-60% - 2 il

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı əlilliyin təyin edilməsi tarixinə münasibətdə dəyişdirilməlidir.

31. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, depressiv əlamətlər, anamnezində psixotik epizodlar. Posttravmatik stress pozuntusu. Qapalı kəlləbeyin travması, baş beynin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Astiqmatizm. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

32. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, imtinanın səbəbi “Diaqnoz öz təsdiqini tapmaması” olmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 27-ci bəndində qeyd olunan normalara əsasən iş materiallarına əlavə edilmiş xəstəlik tarixlərindən çıxarışlarda qeyd olunan diaqnozlardan-“Əsas diaqnoz – “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

34. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 515 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməsi qanuni və əsaslıdır.

35. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.

36. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

39. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

40. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

41. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

43. Bundan başqa, apellyasiya şikayətində birinci instansiya məhkəməsində araşdırma zamanı diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin edilməməsi və şəxsin əyani müayinə edilməsi barədə aralıq qərardadın qəbul edilməməsi qeyd olunmuşdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün aralıq qərardad qəbul edilməklə iş üzrə ekspert rəyinin alınması zərurəti yarandığını qeyd etsə də, həmin zərurətin nədən yarandığını (qaynaqlandığını) qeyd etməmişdir. Bundan başqa inzibati orqan inzibati icraat zamanı müvafiq qərarın qəbul edilməsində səlahiyyətli olmuş, heç bir araşdırılma aparılmadan, gəlinən nəticə əsaslandırılmadan imtina barədə inzibati akt qəbul edilmişdir.

45. Qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.

46. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıya oranizmin funksiyalarının 35-60% pozulması səbəbindən 2 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçıya əlilliyin təyin olunması tarixi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

47. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin əlilliyin təyinin başlanğıc tarixi ilə bağlı müəyyən etdiyi müddət inzibati aktın qəbul edildiyi deyil, göndərişin verildiyi tarixdir.

48. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

49. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya göndəriş verilmiş, imtina qərarı isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir.

50. Başqa sözlə cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş əlverişsiz xarakter daşıyan inzibati akt xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçıya təyin ediləcək əlilliyin təyinatı da həmin tarixdən aparılmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı əlillik dərəcəsinin təyin edilməsi tarixi hissəsində dəyişdirilməlidir.

Nəticəvi hissə:

51. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3327/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 31 yanvar 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar