Məhkəmə qərarları › İş №2-1(104)-167/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-167/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-167/2023 03.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1385/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubundan görünürki, İddiaçı təqdim etdiyi xx.xx.1974-cü il tarixli, xx.xx.1985-ci il tarixli və xx.xx.2001-ci il tarixli TK-İ№ ******* saylı əmək kitabçaları və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək) 19 il 5 ay təşkil edir. Araşdırma zamanı məlum olub ki, Tovuz rayonu təsərrüfat hesablı «Dəmir-Beton Məmulatı və Konstruksiyalar İstehsal edən Zavod»un xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin əmək haqqı cədvəlləri mühafizə olunmamışdır. İddiaçı məxsus 25 avqust 1974-cü il tarixli, 21 noyabr 1985-ci il tarixli əmək kitabçalarının surətindən görünür ki, xx.xx.1974-cü ildən iddiaçının əmək fəaliyyəti başlamış, xx.xx.1997-ci il tarixdə öz ərizəsin əsasən işdən azad edilmişdir. Tovuz rayon Dövlər arxivinin 05 sentyabr 2022-ci il tarixli, 219 nömrəli və 27 yanvar 2023-cü il tarixli, 5-79 saylı arxiv arayışlarında qeyd olunur ki, saxlanılan sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 15 saylı əmrlə zavoda 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 29 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “X3 və Konstruksiyalar İstehsal edən Zavod” da işlədiyi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində doğulmuşdur. 1974-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif sahələrdə işləmişdir. İşlədiyi illərin hamısı əmək kitabçasında qeyd olunmuşdur. İşlədiyi illər ərzində əmək haqqı almış, həmin illərin üçün sosial sığorta əməliyyatlarının aparılmaması onun səhvindən qaynaqlanmır. Pensiya yaşına çatdığı üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtinada "Dəmir-Beton Məmulat və Konstruksiyalar İstehsal edən Zavod”da xx.xx.1992-ci il tarixdən xx.xx.1997ci il tarixədək işlədiyi dövrlərinin əmək haqqı cədvəllərinin mühafizə olunmadığı qeyd edilsə də, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək həmin müəssisədən hər ay əmək haqqı almışdır. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək işlədiyi illərin sığorta stajına hesablanması və yaşa görə pensiya təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş 18 may 2022-ci il tarixli, **********8 nömrəli iddia tələbinə etiraz ərizəsində bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 25 il sosial sığorta stajı və ya 34560 manat pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Bələ ki, iddiaçının xx.xx.1992xx.xx.1997-ci illər üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd olunsa da, həmin illərə dair əmək haqqı cədvəlləri mövcud olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olduğu vurğulanmış və iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Tovuz rayonu təsərrüfat hesablı "Dəmir-Beton Məmulat və Konstruksiyalar istehsal edən Zavod'un xx.xx.1992-xx.xx.1997-ci il tarixləri olan dövrlərinin əmək haqqı cədvəlləri mühafizə olunmadığından əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənməmişdir. Hazırkı iş üzrə iddiaçının hərbi xidmətdə olduğu dövrlər sığorta stajına daxil edilsə də, tələb edilən staj həddi tamamlanmır. Beləliklə, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı xx.xx.1992-ci ildən xx.xx.1997-cü il tarixədək olan illərdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1385/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “X3 və Konstruksiyalar İstehsal edən Zavod”da işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Dəmir-Beton Məmulat və Konstruksiyalar İstehsal edən” zadodda işlədiyini iddia etsə də qeyd olunan iş illəri iddiaçının əmək kitabçasında qeyd olunmasına baxmayaraq əmək fəaliyyətinə dair əmək haqqı cədvəllərini aşkar etmək mümkün olmamışdır. Belə olan halda 25 il sığorta stajı mövcud olmadığından iddiaçıya pensiya təyin edilməsi mümkün deyildir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh inzibati orqanın imtina qeydində və apellyasiya şikayətində iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə əsas kimi iddiaçının xx.xx.1992xx.xx.1997-ci illər üzrə əmək fəaliyyətinə dair əmək haqqı cədvəllərinin mövcud olmaması qeyd edilmişdir. Göründüyü kimi inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən iş stajı 25 ildən artıqdır və hazırda mübahisələndirilən illər iddiaçının xx.xx.1992-xx.xx.1997-ci illər “X3 və Konstruksiyalar İstehsal edən zavod” işlədiyi dövrdür və məhz həmin illərin sosial sığorta staji kimi nəzərə alınmasının mümkünlüyü məhkəmə araşdırılmasının predmetini təşkil edir. İnzibati orqanın yeganə dəlili iddiaçının işlədiyi illərə dair əmək haqqı kitablarının aşkar edilməməsidir. İşdə olan xx.xx.1974-cü il tarixli, 001001 nömrəli nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “X3 və Konstruksiyalar İstehsal edən Zavod”da işləməsi öz əksini tapmışdır. Habelə, apellyasiya icraatı zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən Tovuz rayon dövlət arxivinin 27 yanvar 2023-cü il tarixli, 5-79-46/2-17/2023 nömrəli arxiv arayışında iddiaçının işlədiyini illərə dair müfəssəl qeydlər, habelə, mübahisələndirilən xx.xx.1992-xx.xx.1997-ci illərə dair müvafiq qeydlər öz əksini tapmışdır. Əmr kitabından təqdim edilən çıxarışdan da görünür ki, İddiaçı xx.xx.1997-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan dəlillərə münasibət bildirərək göstərir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədəməlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qeyd olunmalıdır ki, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Tovuz rayonDövlət arxivi tərəfindən verilmiş arxiv arayışı iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, şəxsin qeyd olunan illər üzrə işləməsi arxiv arayışı və əmək kitabçası ilə tam təsdiq olunur. Bundan başqa, əmək haqqı kitablarının aşkar olunmaması ilə bağlı cavabdehin imtina dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz və bu iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1385/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Fikrət Mehtiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar