Məhkəmə qərarları › İş №2-1(104)-167/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-167/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-167/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, “qərarların hissəvi ləğvi və İİ dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 2791/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 2001-ci il tarixdən etibarən ümumi xəstəlik səbəbilə İl qrup əlil kimi pensiya təyin olunmuşdur.

2. xx.xx.2009-cu il tarixli müayinə nəticələrinə əsasən İddiaçı “Tez-tez kəskinləşən xr.hepatit ağrı sindormu. Xr.eroziv qastroduodenit. Həzm funksiyasının pozulması (XBT: İ Sinif – Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 – Virus hepatiti => B17 – Digər kəskin virus hepatitləri => B17.8 – Digər dəqiqləşdirilməmiş kəskin virus hepatitləri) diaqnozu üzrə “Ümumi xəstəlik” səbəbindən müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində diaqnozun təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərar qəbul etmişdir.

4. İddiaçı müraciəti əsasında yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3929/2024 qərar qəbul edilmişdir.

5. Gəncə şəhər Z.Məmmədov adına Xəstəxananın radiologiya şöbəsinin xx.xx.2024-cü il tarixli P.O.C.U.S venaların 2 seqmentli tripleks müayinəsinin nəticəsi “Hər iki ətraf səthi və dərin venalarda tromboz əlamətləri izlənmir. Hər iki ətrafda səthi venada varikoz əlamətləri CE (CEAP) Xr. Venoz çatmamazlıq izlənir” kimi qeyd edilmişdir.

6. X7 xx.xx.2021-ci il tarixli X6 Doppleroqrafiyasının nəticəsi “Sağ ümumi bud, səthi bud, sol VSM venalarında ağır dərəcəli, hər iki dizaltı, sol bud, səthi bud venalarında orta ağır dərəcəli qapaq çatışmamazlığı qeyd olunur. Sol ayaqlar arxası səthi dərialtı əlavə venada 6,7 mm ölçüdə tromb var. Hər iki baldırın səthi dərialtı əlavə venaları 5,7-6 mm olmaqla genişlənmişdir. Venoz axın zəifdir. Müayinə olunan arterial damarlarda axın sürəti normaldır. Böyümüş limfa düyünü izlənmir” kimi qeyd olunmuşdur.

7. X8 Mərkəzinin 07/xx.xx.2021-ci il tarixli Rentgen müayinəsinin nəticəsi “Xr. Kolit əlamətləri. Tiflit. Köhnədən çənbər bağırsağın dalaq altı əyriliklərinin transpozisiyası. Koloptez 2-dərəcə. Divertikulit əlamətləri. Dolixokolon 2-dərəcə. Diskineziya. Meterorizm” kimi qeyd edilmişdir.

8. Kəlbəcər rayon X1 bölməsinin Ambulator kitabçadan xx.xx.2024-cü il tarixli çıxarışında diaqnoz “K26 - 12 barmaq bağırsağın xroniki xora xəstəliyi. K44 - Qida borusunun diafraqmal dəliyinin yırtığı. Xoralı. K51 - Kolit. Bitişmə xəstəliyi, kolonoptez Dolixokolon və E11 - Şəkərli diabet tip İİ” kimi qeyd edilmişdir.

9. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-26533/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024-cü il tarixli, 3- 17-4/2-S-8773/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2024-cü il tarixində 08 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-ekspertləri tərəfindən yaşadığı ünvanda Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin müayinə olunmuşdur. Nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ll dərəcəli əlilliyin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ll dərəcəli əlilliyin ləğv olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən etibarən ümumi xəstəlik səbəbilə ona İl qrup əlil kimi pensiya təyin olunmuş, xx.xx.2009-cu il tarixdən isə ümumi xəstəlik səbəbilə müddətsiz İİ dərəcə əlillik təyinatı aparılmış və Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik" Alt Sistemində yerləşdirilmişdir. Lakin 2023-cü ilin oktyabr ayında əsassız olaraq ona heç bir məlumat verilmədən pensiya ödənişi dayandırılmışdır. O, bunun səbəbini öyrənmək üçün aidiyyəti üzrə DSMF-nin X4 və Yerli TSEK- nə müraciət etmişdir. Hər iki qurumdan ona bildirilmişdir ki, pensiya ödənişinin dayandırılması onlar tərəfindən olmamışdır. Daha sonra o, aidiyyatı orqanlara, yuxarı instansiyalara müraciət etmişdir. Müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona göndərilən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarla bildirilmişdir ki, ona 2009-cu ildə təyin edilmiş müddətsiz İİ dərəcə əlillik sistemdə mövcuddur, müraciəti ilə bağlı yerli TSEK-na müraciət etməyi məsləhət görülür. TSEK-ə isə dəfələrlə müraciətində ona bildirilmişdir ki, onun İl dərəcə müddəsiz əlilliyi sistemdə mövcuddur, pensiya ödənişinin nə üçün dayandırılması onlara məlum deyil. Nəticədə ona məlum olmuşdur ki, onun pensiyası əsassız və qanunsuz olaraq dayandırılmışdır. Bundan sonra 2024-cü ilin fevral ayınadak onun pensiyası ödənilməmişdir. Lakin 2024-cü ilin fevral ayının 28-də həmin ay üçün və ödənilməmiş əvvəlki pensiya ödənişləri bərpa olunaraq ona ödənilmişdir.

12. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarının onun barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024cü il tarixli, 3-17-4/3-3-3029/2024 nömrəli qərarının onun barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi” hissəsində ləğv edilməsi, ona xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2791/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət TibbiSosial Ejspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar ləğv edilmədən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Daha sonra isə İddiaçı narazılığı üzrə müraciəti əsasında o, yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3929/2024 qərar qəbul edilmişdir. Halbuki, iddiaçının barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 1796/2024 nömrəli qərar mövcud deyildir. İddiaçının barəsində qəbul edilmiş qərar xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-1796/2024 nömrəli olmuş, o da qanunsuz inzibati akt olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu imtina qərarı və etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin hallarından məlum olur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və ona “Tez-tez kəskinləşən xroniki hepatit ağrı sindormu. Xroniki eroziv qastroduodenit. Həzm funksiyasının pozulması” diaqnozu ilə “Ümumi xəstəlik” səbəbindən müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir.

26. Bundan sonra cavabdeh əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçını məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət etmiş, iddiaçı əyani müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə qiymətləndirmə aparılmış və nəticədə əlilliyin təyininə əsas verən diaqnoz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 1796/2024 nömrəli qərar əsasında xx.xx.2009-cu il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında akt tərtib edilmiş, daha sonra onun yaşadığı ünvanda videoçəkiliş aparılmaqla əyani müayinəsi keçirilmiş, yekunda cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərarına əsasən “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilmiş, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.

27. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-26533/2024 nömrəli məktubuna əsasən, İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2024cü il tarixli, 3-17-4/2-S-8773/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi- sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2024-cü il tarixində 08 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-ekspertləri tərəfindən yaşadığı ünvanda təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin müayinə olunmuşdur. Nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

28. Göründüyü kimi iddiaçıya xx.xx.2009-cu il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2024-cü il tarixli qərarla “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərarla “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilmiş, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.

29. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdehin ona münasibətdə əlverişsiz xarakter daşıyan aktlarının hissəvi ləğvi və ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsinə nail olmaqdır.

30. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir.

32. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

33. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli və 04 may 2024-cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarlarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız müxtəlif risk qruplarının araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müvafiq olaraq “Diaqnozun təsdiqini tapmaması” və “Tam reabilitasiya olunması” barədə qərarlar qəbul edilmişdir.

34. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

35. Cavabdehin mövqeyinə görə xx.xx.2009-cu il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş iddiaçının əlilliyinə şübhə yaradan hal əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasının olmasıdır. Lakin iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair qərarda heç bir əsaslandırılma və ya təyin edilmiş əlilliyin əsassız təyinatını təsdiq edəcək heç bir sübuta istinad olunmamış, qərarda heç bir əsaslandırılma qeyd edilməmişdir.

36. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.

37. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

38. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

40. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

41. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

42. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

43. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, inzibati orqanın əlilliyin ləğvinə yönələn hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələblərinə uyğun olmadığı aşkar olunduğundan hazırki iş üzrə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırılmanın aparılması zərurəti aradan qalxmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan ləğv edilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2791/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar