Məhkəmə qərarları › İş №2-1(104)-168/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-168/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-168/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1739/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 25 il işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996- cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan illərin sosial sığorta stajına daxil edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1972-ci ildən etibarən əmək fəaliyyətinə başlamışdır. Hazırda yaşla əlaqədar əmək pensiyasına çıxmaq niyyətindədir. Bununla bağlı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdikdə ona bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1997- ci il tarixədək olan əmək haqqı kitablarında adına rast gəlinməyib, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər möhürlə təsdiq edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə mümkün olmaması, həmçinin 12 saylı Mənzil İstismar sahəsinin xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasında göstərilən bu dövrlər əmək stajı kimi təsdiqlənmir. O, cavabdehin bu hərəkətini və cavabını qanunsuz və əsassız hesab edir. Hesab edir ki, onun 25 il müddətdə sosial sığorta stajının müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1739/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1739/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, İddiaçı xx.xx.2023-cü il tarixli qərar ilə pensiya təyin edilmişdir. Odur ki, artıq mübahisə aradan qalxdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı da artıq ona xx.xx.2023-cü il tarixli qərar ilə pensiya təyin edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş elektron qərardan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müddətsiz pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş elektron qərardan çıxarış və tərəflərin məhkəmə kollegiyasında verdiyi izahatları ilə məlum olur ki, iddiaçıya artıq əmək pensiya təyin edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, odur ki, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1974-1977 və 1983-1999-cu illərdə kolxozda işlədiyi 19 il 02 ay iş stajının sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 67.1, 67.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar