Məhkəmə qərarları › İş №2-1(104)-168/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-168/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-168/2025 03.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1869/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən İddiaçı1 AA seriyalı 229403 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçının qanuni nümayəndəsi ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-36-3/2-B-5xx-xx/2024/573 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə “məcburi köçkün” statusunu təsdiq edən vəsiqə verilir. İddiaçı2 anası X1 qeydiyyatı ünvan 3i olduğundan və yuxarıda qeyd olunan Qaydaların 4.2.6. bəndinin tələblərinə uyğun olaraq "məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, övladının doğum tarixindən əvvəl ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İmtina ilə razılaşmayan iddiaçının qanuni nümayəndəsi İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışlar ki, İddiaçı1 xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, 1994-cü ildə valideynləri ilə Ağdam rayonundan məcburi köçkün gələrək Masallı rayonunun Bədəlan kəndində məskunlaşmışdır. 1994-cü ildən məcburi köçkün kimi bütün imtiyazlardan istifadə etmiş, o və ailəsinin qaçqınlıq statusu var. O, X2 ilə 2003-cü ildə ailə həyatı qurmuşdur və Masallı rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər, birgə nikahlarından xx.xx.2006-cı il tarixdə İddiaçı2 adlı övladları anadan olmuşdur və hazırda da azyaşlı uşağa da məcburi köçkün kimi aylıq yemək xərci alır və digər imtiyazlardan da istifadə edir. O, azyaşlı oğlu Qofrana məcburi köçkünlük vəsiqəsinin verilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etsə də, cavabdeh orqan imtina cavabı verilmişdir. Cavabdeh orqan etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013- cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçirilir. İddiaçı2 atası İddiaçı1 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malikdir. İddiaçı2 anası X1 qeydiyyatı ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malik deyildir. İddiaçı2 anası X1 yaşayış yeri üzrə qeydiyyatı "Massalı rayonu" olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. 2. Qaydaların 4.2.6-cı bəndinə əsasən, "məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin aşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Komitənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3- 213-30 /2- 44536/2023 **********36 məktuba əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 38, 56 saylı mənzil xx.xx.2002-ci il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir, lakin 32 saylı DNK-nin 40-3/417 reyestr nömrəli xx.xx.2008-ci il tarixdi alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı1 adına ünvan 4i ünvanında hüquqi qeydiyyata alınan xx.xx.2022 il tarixli ********** qeydiyyat nömrəli fərdi yaşayış evi vardır. Bank Respublika ASC-nin girovudur. Həmçinin eyni ünvanda adına 0.6589 ha kənd təsərrüfatı təyinatli torpaq sahəsi xx.xx.2022 il tarixli ********** qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. X1 adına Masallı rayonu Aşurlu kəndində 0.32 ha torpaq sahəsinə aid (ümumibirgə ləğv edilmiş DTXK-nın JN-169 KOD 80505039 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 anadan olmasından əvvəl atası İddiaçı1 adına Bakı şəhəri Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 38, 56 saylı mənzil xx.xx.2002-ci il tarixdə qeydiyyatdan keçmişdir, 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata olmuşdur. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.2.6-ci bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.Məhkəmənin diqqətinə çatdırırıq ki, "məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini istisna etmir. Odur ki İddiaçı2 Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1869/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hazırkı imtinasının əsası iddiaçıya münasibətdə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anası işğal olunmuş rayonda qeydiyyatda deyildir. Məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi "məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini istisna etməməsi barədə ifadə etdiyi mövqeyinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 38, 56 saylı mənzil xx.xx.2002ci il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir, lakin 32 saylı DNK-nin 40-3/417 reyestr nömrəli xx.xx.2008-ci il tarixdi alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Göründüyü kimi, xx.xx.2006-cı il təvəllüdlü iddiaçı doğulmamışdan əvvəl onun atası Bakı şəhərində bir mənzil əldə edib, orada çox az bir müddətdə xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixdədək qeydiyyatda olmuş, sonradan həmin mənzili özgəninkiləşdirmişdir. Azərbyacan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1422/2024 saylı qərarında ifadə edilmiş mövqeyində də qeyd etdiyi kimi və cavabdehin etirazda da istinad etdiyi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar" iddiaçının atasının məcburi köçkün statusunu aldığından sonra, cavabdehin 23 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiqi ümumiyyətlə qanuni olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqilaktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1869/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı2 “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 atası İddiaçı1 xx.xx.2002-ci il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, həmin ünvanda xx.xx.2002-ci ildən xx.xx.2009-cu ilədək yaşayış yeri üzrə qeydiyyatda olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, "məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə əsas vermir. Beləliklə, iddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 atası İddiaçı1 onun anadan olmasından əvvəl ayrıca yaşayış sahəsi əldə etdiyindən və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.2.6-cı bəndinə əsasən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin 2-1(114)-1869/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarında qeyd olmuşdur ki, "...xx.xx.2006-cı il təvəllüdlü iddiaçı doğulmamışdan əvvəl onun atası Bakı şəhərində bir mənzil əldə edib, orada çox az bir müddətdə xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək qeydiyyatda olmuş, sonradan həmin mənzili özgəninkiləşdirmişdir". Bildirir ki, iddiaçının atası "Bakı şəhəri Nəsimi rayonu" ərazisində yerləşən mənzildə "qısa müddətli" deyil, xx.xx.2002-ci ildən xx.xx.2009cu ilədək qeydiyyatda olmuşdur. Bildirir ki, hazırkı mübahisəyə münasibətdə həll edilməli məsələ məcburi köçkün statusuna malik şəxsin uşaqlarına eyni statusun verilməsi ilə bağlıdır. Sözügedən məsələnin normativ tənzimlənməsi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanunun 9-cu maddəsi və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair" Qaydalarının 4.2.6-cı bəndində həll olunmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunu:

1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanı: "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

2. Müəyyən edilsin ki: ... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; ... 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: ... 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət edilmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilməklə, anası X1 yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən və həmin qaydaların 4.2.6-cı bəndinə istinad etməklə xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 atası İddiaçı1 övladınının doğum tarixindən əvvəl ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etməmiş və maddi hüquq normalarının pozulması ilə iddia tələbini təmin etmişdir. Belə ki, məhkəmə kollegiyası cavabdeh orqanın imtina əsasını təşkil edən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə münasibətdə qeyd edir ki, Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. İş materiallarından göründüyü kimi iddiaçının anası X1 qeydiyyatı daimi yaşayış yeri üzrə Masallı rayon, Bədəlan kəndi olmuşdur. Cavabdeh orqanın imtinasının digər bir əsasının təşkil edən həmin Qaydaların 4.2.6-cı bəndinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların istinad edilən bəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 38, 56 saylı mənzil xx.xx.2002-ci il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir, lakin 32 saylı DNK-nin 40-3/417 reyestr nömrəli xx.xx.2008ci il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bundan əlavə iş materiallarında olan AR DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının atası İddiaçı1 xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 doğularkən atası İddiaçı1 adına Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 38, 56 saylı mənzil qeydiyyata alınmış və xx.xx.2009-cu il tarixədək həmin mənzildə qeydiyyatda olmuşdur. Yuxarıda göstərilənlərdən göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bununla razılaşmayan məhkəmə kollegiyası bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda birbaşa qeyd edilmişdir ki, qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Başqa sözlə qanununda qaçqın statusu verilməsi haqqında vəsatətlərlə bağlı halların qayda vasitəsi ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Həmçinin kollegiya əlavə olaraq qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun hüquqi münasibətin əsasını müəyyən edir, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar isə bu münasibətin tədbiqini və texniki mexanizmini, prosedurunu tənzimləyir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1869/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılsın. İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar