Məhkəmə qərarları › İş №2-1(104)-169/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-169/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-169/2023 18.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «Əlillik dərəcəsinin təyin edilməsi və alınmayan ayların pensiyasının ödənilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-252/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 31 avqust 2022-ci il tarixli, T 386/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin son göndərişində qeyd edilən "vertebrobazilyar arterial sistem sindromu, baş beyin qan dövranının vertebrobazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması, ensefalopatiya İİ mər., kəllədaxili hipertenziya, boyun fəqərələrinin yayılmış osteoxondrozu, kökcük ağrı sindromları, vegetodamar paroksizmal krizlərlə, kəskin ifadəli asteno-nevrotik sindrom" diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyil Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasına qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ikinci dərəcə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və almadığı aylar üzrə pensiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. xx.xx.2006-cı il tarixdə sol döşünün süd vəzi cərrahiyyə yolu ilə Gəncə şəhəri Onkologiya xəstəxanasında kəsilmiş, həkimlər tərəfindən cərrahiyyə əməliyyatı zamanı sinir sistemi zədələndiyindən mütəmadi olaraq Onkologiya xəstəxanasında müalicə olunmuşdur. Sinir sitemindəki ağrıların ağırlaşması ilə bağlı 2011-ci ilin iyil ayının 12-də Gəncə şəhəri A.Səhhət adına xəstəxananın nevrologiya şöbəsinə müraciət edərək stasionar müalicə almış, xx.xx.2011-ci ildə xəstəxanadan buraxılmışdır. Daha sonra da sinir ağrılarının şiddətləndiyi üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi yenidən stasionar müalicə olunmuşdur. Xəstəliyi ilə bağlı həkimlər məni Gəncə şəhərindəki Tibbi Sosial Ekpert Komissiyasına yönləndirdilər. 2012-ci ilin yanvar ayının 15-də TSEK-dan həkim komissiyasından keçirilmiş və ona ümumi xəstəliklərlə bağlı 2- ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, xəstəliyi ilə bağlı hər il xəstəxanada müayinə və stasionar müalicə olunmuşdur. Sonuncu dəfə 2016-cı ilin yanvar ayının 25-də 5 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, həmin beş il müddətində hər ildə bir dəfə həkim müayinəsində olmaqla, stasionar müalicədə olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh orqan 2021-ci ilin yanvar ayının 15-nə onu növbəti komissiyaya dəvət edərək ona bildirmişlər ki, sistemdə problem olduğundan əlilliyin təyin olunub, olunmaması ilə bağlı telefon vasitəsi ilə cavab veriləcəkdir. O, Gəncə şəhəri Kəpəz rayon Həkim Məsləhət komissiyasından xx.xx.2021-ci il tarixdə keçmiş və həmin komissiya tərəfindən ona həmin tarixli, 0452003AAJL7 nömrəli bildiriş (Forma 88) verilmişdir. Buna baxmayaraq cavabdeh orqan ona Forma 88-in natamam doldurulduğu bildirərək, 3-cü dəfə xx.xx.2021-ci il tarixdə ona cavab vermişlər ki, xəstəliyin diaqnozu ilə əlaqədar Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasında ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür. Ona görə də Gəncə şəhər Səhiyyə İdarəsindən göndəriş alaraq Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasında ixtisaslaşmış müayinədə olmuş və 21 avqust 2021-ci il tarixdə onun xəstəliyi ilə bağlı əvvəllər həkimlər tərəfindən təyin edilmiş diaqnoz təsdiqlənmişdir. Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasından aldığı xəstəlik vərəqəsini də əlavə edərək Forma 88-i təkrar Tibbi-Sosial Ekspert Komissiyasına göndərsələr də xx.xx.2021-ci il tarixdə ona yenidən imtina verilmişdir ki, Baş Nevropatoloqun rəyi vacibdir. Ona görə də Gəncə şəhər Səhiyyə İdarəsindən yenidən göndəriş alaraq Bakı Klinik Tibb mərkəzinə və Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasına getsə də ona belə qurumun olmadığı bildirilmişdir. Həmin xəstəlikdən əlavə həm də sol ayağında, eləcə də onurğasında əyrilik var və bu müvafiq sənədlərdə öz əksini tapır. Bu xəstəliklərlə əlaqədar və yaşına görə işləmək imkanı yoxdur. 4 uşaq anasıdır. O, cavabdehin xəstəliyi ilə bağlı 2-ci qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını əsassız və qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-252/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi və alınmayan ayların pensiyasının ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini iş materiallarında olan 31 avqust 2022-ci il tarixli, T 386/2022 nömrəli ekspert rəyi, «Əlilliyin qiymətləndirilməsi Qaydası» və «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnaməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, şikayətdə qeyd edilən halların nəzərə alınaraq müstəqil təkrar ekspertizanın keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardan göründüyü kimi iş üzrə ekspertiza keçirilmiş və xx.xx.2022-ci il tarixli T 386/2022 nömrəli ekspert rəyi işə əlavə edilmiş və qərarda həmin rəyə istinad edilərək iddia təmin edilməmişdir. İddiaçı cavabdeh orqan Reablitasiya Agentliyini məhkəməyə vermişdir, ekspertiza institunun ekspertləri, cavabdeh orqanın bu sahə üzrə həkimləri gəlmədən fikir bildirmədən müstəqil qərar verə bilməmişlər. Hesab edir ki, iş üzrə öbyektiv, ədalətli qərar qəbul edilməsindən ötrü təkrar ekspertiza keçirilməli və cavabdeh orqanın həkim ekspertləri həmin ekspertizada iştirak etməməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nüməyəndəsinin iştirakı təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan 0452003AAK5V nömrəli cavabında Dövlət səhiyyə müəssisə tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmasını göstərmişdir. Həmin xüsusatla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıda sadalanan qaydalara görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir. Göründüyü kimi, şəxsin, hazırkı halda iddiaçının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh özünü səlahiyyətli hesab etmiş, bu səbəbdən Əsasnamədə vurğulandığı kimi cavabdeh TSEK-in funksiyalarını həyata keçirməli olmuşdur. Belə olan halda TSEK-in vəzifələrini cavabdeh yerinə yetirərək iddiaçı ilə bağlı tibbisosial ekspertiza üçün lazım olan sənədlər barədə X3 adına Xəstəxanaya sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir. Göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilməsi və bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmaması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əsasnamənin 4.9-1-ci bəndinə görə adsızlaşdırılmış göndərişləri dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilir. Göründüyü kimi, cavabdeh orqan ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, reabilitasiya imkanlarının qiymətləndirilməsində özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bundan başqa iddiaçının Vertebrobazilyar arterial sistem sindromu, Baş beyin qan dövranının vertebro-bazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması. Ensefalopatiya İl mərhələ. Kəllədaxili hipertenziya. Boyun fəqərələrinin yayılmış osteoxondrozu kökcük ağrı sindromları. Veqeto-damar paroksizmal krizlərlə. Kəskin ifadəli asteno-nevrotik sindromu diaqnozu ilə xəstə olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin olaraq 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsinə dair inzibati orqana müraciət etmiş, sonuncu əlillik əlamətinin təyin olunmaması barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi təmin olunmamışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) ; 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); İş materiallarında olan T231/2023 saylı ekspert rəyindən müəyyən olunur ki, təqdim edilmiş tibbi sənədlərə əsasən G.H.Səmədova "vertebrobazilyar arterial sistem sindromu, baş beyin qan dövranının vertebrobazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması, ensefalopatiya İİ mərhələ, kəllədaxili hipertenziya, boyun fəqərələrinin yayılmış osteoxondrozu, kökcük ağrı sindromları, vegeto-damar paroksizmal krizlərlə, kəskin ifadəli asteno-nevrotik sindrom, xroniki qastrik, xroniki xolesistit, xroniki pankreatit, hər iki oynağının deformasiyası, sol süd vəzinin kistoz fibroz mastopatiyası cərrahi müdaxilədən sonrakı vəziyyət" xəstəliyindən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-18381/2023 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixində ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2013-cü ilədək) təyin edilmiş ikinci dərəcə ilkin əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildirilir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlillik vəziyyəti A.Səhhət adına Gəncə Şəhər Xəstəxanasının 0452003AAJL7 və 0452003AAJ4Z nömrəli göndərişləri əsasında müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş və əsas diaqnozun ağırlaşmalarına görə xəstənin laborator, instrumental müayinələrinin dəqiqləşdirilməsi məsləhət görüldüyündən, həmçinin diaqnozun təsdiqlənməsi üçün aparılan müayinələr yetərli olmadığından hər iki halda natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə vətəndaşa dair A.Səhhət adına Gəncə Şəhər Xəstəxanası tərəfindən 0452003AAKQB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə müddəti yetərli olmadığından və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ixtisaslaşmış müayinə-müalicə məsləhət görüldüyündən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2021-ci il tarixində 8 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X2-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, X3 adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0452003AAK5V saylı göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.9 və 2.2.11-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks (G45) üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Beləliklə də, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı əlilliyinin 2021-ci ilin yanvar ayından bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsassızdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-252/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı əlilliyinin 2021-ci ilin yanvar ayından bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar