Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-169/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilərək əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3439/2024 saylı qərardadından iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin yaranma səbəbinin “Hərbi travmadır, Azərbaycan Respubliksının müdafiəsi zamanı alınmışdır” kimi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə zamanı dəfələrlə minaya düşmüş, həmçinin ağır yaralanaraq hospitala yerləşdirilmişdir. Həmin vaxt sağ ayağının baş barmağı amputasiya olunmuş, sağ çiyin və sinədən güllə yarası almışdır (xx.xx.1992-ci il tarixdə). Həmin vaxtdan iddiaçı ikinci dərəcəli Qarabağ əlili kimi qeydiyyatdan keçmiş, 2020-ci ildə ona əlilliyinə görə verilən pensiya dayandırılmışdır. Minaya düşdükdən sonra onun sol kəllə sümüyündə şiş əmələ gəlməyə başlamış, şiş tədricən böyümüş və 2022-ci ildə kəllə sümüyünün bir hissəsi - həmin 10 sm-lik şiş başından çıxarılmışdır. Qeyd edilən xəstəlik iddiaçının minaya düşməsi nəticəsində yaranmış və tədricən inkişaf etmişdir. Hazırda iddiaçıya ümumi xəstəliklə əlaqədar üçüncü dərəcəli əlillik verilmiş, halbuki, o qeyd edir ki, əlilliyinin yaranma səbəbi müharibə zamanı minaya düşməsi olmuşdur. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3439/2024 saylı qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli qərarda əlilliyin səbəbinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Gəncə Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış “2.3 üçüncü dərəcə əlillik => 2.5.21. kəllə sümüyünün geniş (3x1sm-dən artıq) qüsuru (S02-S02.1);” barədə qərar verilmişdir. Əlavə olaraq bildirilir ki, Gəncə şəhər sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAKXD nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli, 238 nömrəli qərar verilmişdir. Həmin qərarda “Partlayış travması nəticəsində (xx.xx.1992) sağ yuxarı ətrafın funksiyalarının müvəqqəti pozulması, sağ çiyinin kor qəlpə yaralanması, yuxarı 1/3nin böyük qəlpəli sınığı, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının toxunan qəlpəli yaralanması, çiyinin və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının çoxsaylı metal yad cisimləri. Döş qəfəsinin sağ yarısının toxunan güllə yaralarının birincili cərrahi İşlənməsi əməliyyatından (xx.xx.1992) sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında şiş olduğunu, daha sonra buna görə əməliyyat olunduğunu ifadə etmiş, alında, sol döş qəfəsinin ön və arxa səthlərində, sağ pəncədə, sağ ayağın birinci barmağının amputasiyası, sol təpə-ənsədə trepanasiya çapığı müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-98% olmuş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, hərəki məhdudiyyət aşkar edilməmişdir. Nevroloji statusunda dağınıq mikroocaqlı simptomatika aşkar edilmiş, burun-dodaq bucağı assimmetrik, əzələ gücü, tonusu normal, reflekslər canlı, ətraflarda iflic, parez aşkar edilməmişdir. Təqdim edilmiş İTS TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli 162 nömrəli çıxarışda diaqnoz “Sol gicgah-təpə nahiyəsinin ekstraserebral şişi. (Grade İ meningioma) Cərrahi əməliyyatdan sonrakı vəziyyət” kimi qeyd olunmuş, xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Sol ənsətəpə payı səviyyəsində əməliyyat girişi sahəsi və geniş POSTOP ensefalomalyasiya sahəsi qeyd edilir (64x59x45 mm). Neyrocərrah tərəfindən araşdırılması və ehtiyac olduqda İV kontrastla incələnməsi tövsiyyə olunur” kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, əyani müayinənin və təqdim edilmiş instrumental müayinə nəticəsinə hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlaməti öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.21-ci bəndinə müvafiq olaraq, ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra iddiaçı X4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, xəstə olması ilə bağlı müalicə almışdır. Odur ki, onun qeyd etdiyi səbəbə görə iddia müddətini ötürdüyünü nəzərə alıb, buraxdığı prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3439/2024 saylı qərardadı ilə (hakim R.Tağıyeva) iddiaçı X1 buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı X4 həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3439/2024 saylı qərardadının ləğv olunmasını və iddia vermə müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpa edilməsindən imtina edilməsi səbəbindən iddianın qeyri-mümkün sayılması qanunsuz olmaqla onun hüququnu birbaşa olaraq pozur. Belə ki, məhkəməyə müraciət etmək hüququ konstitusion hüquq olmaqla məhdudlaşdırılması yolverilməzdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən işə başqa cür yanaşma həm milli, həm də beynəlxalq hüquqda nəzərdə tutulan və ədalətli məhkəmə araşdırılmasını təmin edən normaları birbaşa olaraq pozur. Sadalanan yanaşmaları konkret onun işinə ekstrapolyasiya etdikdə görünür ki, onun Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “məhkəməyə müraciət hüququ”nun məhdudlaşdırılması üçün heç bir əsas yoxdur, deməli, mübahisələndirmə iddia qaldırmağı üçün müəyyən edilmiş müddət bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakı təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X2rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, hüquqi marağı cavabdehin xx.xx.2022-ci il tarixli qərarında dəyişiklik edilməsindən ibarətdir. İddiaçı mübahisələndirdiyi qərardadan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüş, ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materialları müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 1 il müddətinə İİİ dərəcə əlillik, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Yenidən qiymətləndirmə zamanı xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, son olaraq xx.xx.2022-ci il tarixdə müddətsiz ümümi xəstəlik səbəbi ilə İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının qeyd olunan əlillikdən xx.xx.2022-ci ildə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi qərardan məlumatı olduğu vaxtdan təxminən bir il yeddi aydan sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı müddətin ötürülməsini xəstə olması ilə bağlı müalicə alması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı buraxılmış müddətin bərpası ilə bağlı ərizəsində göstərdiyi hallarla bağlı, həmçinin müddətin üzürlü hesab edilə bilməsini əsaslandıracaq mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Belə olduqda isə kifayət qədər üzün müddətdə buraxılmış müddətin bərpası heç bir halda əsaslı sayıla bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırmaları zamanı müəyyən olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün yetərli əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3439/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-169/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-169/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver