Məhkəmə qərarları › İş №2-1(104)-17/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-17/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-17/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Tikililərin dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) “Tikililərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1337/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

3. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Təhlil qrupunun xx.xx.2022-ci il tarixli, 1178 nömrəli rəyindən görünür ki, fiziki şəxs İddiaçı məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binaları təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir və bu baxımdan binanın istismara yararlı olması barədə qərar qəbul edilmişdir.

5. xx.xx.2022-ci il tarixli, 005756 nömrəli istismara hazırlıq aktından görünür ki, bu akt İddiaçı tərəfindən inşa edilmiş obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir.

6. Gədəbəy Rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli, 301/8-8 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən Gədəbəy rayonu, Poladlı kəndində inşa olunmuş talvar və köməkçi binanın istismarına icazə verilməsi barədə müraciətinə RİH-də baxılmış, icraat çərçivəsində sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq obyektin tikintiyə icazə sənədi təqdim olunmadığından Komitə tərəfindən tikinti barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2647 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan torpaq sahəsində tikilmiş meyvə və müalicə otlarının qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binanın tikinti-texniki tələblərə uyğun inşa edildiyi müəyyən edilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-6609/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən inşa etdirilmiş meyvə və müalicəvi otların qurudulması və qablaşdırılması üçün talvar və köməkçi bina ona məxsus çıxarışların və Gədəbəy rayonu, Poladlı kəndində yerləşən torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Poladlı kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində inşa edilmiş meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binanın tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsində “Meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina” inşa etdirmişdir. Qeyd olunan talvar və köməkçi binanın Dövlət reyestrinə daxil edilməsi və müvafiq kodun verilməsini təmin etmək üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Gədəbəy Rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli, 301/8-8 saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikililərin dövlət reyestrinə salınması və müvafiq kodun verilməsində imtina edildiyi göstərilmişdir. İmtinanın səbəbi kimi o göstərilmişdir ki, tikililər barədə icazə sənədi təqdim olunmadığından komitə tərəfindən tikinti barədə məlumatlar Tikililərin dövlət reyestinə daxil edilərək müvafiq kodun verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində tikilmiş talvar və köməkçi bina kənd təsərrüfatı fəaliyyəti ilə bağlıdır. Köməkçinin binanın mərtəbə sayı 1, hündürlüyü dam örtüyü ilə birlikdə 6 metr, tikilinin sahəsi isə 100 kv.m-dən artıqdır. Cavabdeh orqan tərəfindən imtina məktubu verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 4 saylı nömrəli qərarının 3.1.1-ci yarımbəndinə istinad edilməklə də, səhvə yol verilmişdir. Çünki, həmin tikililərlə bağlı icazə sənədinin verilməsi tələb edillmir. Yalnız məlumatlandırma icraatı tətbiq edilir.

11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tikili 2014-cü ildə inşa olunmuşdur.

12. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iddianı qəbul etdiklərini bildirmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1337/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı tərəfindən Gədəbəy rayonu, Poladlı kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində inşa edilmiş “meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina”nın dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikilinin tikintisinə icazə tələb olunmur. Odur ki, cavabdeh həmin tikiliyə dair müvafiq kodun verilməsindən tikiliyə icazənin olmaması səbəbindən imtina etməkdə haqlı olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1337/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı icazə icraatı qaydasında aparılmalı olduğu üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinin tələblərinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə Respublika üzrə rəy tərəflərindən verildiyi üçün Komitəyə müraciət etməli idi. Məhkəmə sözü gedən qərarı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.2.7-ci bəndinin tələbinə görə tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən sənəd olaraq istismara hazırlıq aktı təqdim edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti- quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra - qeyri-yaşayış binası) istismarına icazə verilməsi proseduru sadələşdirilmişdir. Fərmana əsasən qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilməsi üçün koda dair şəhadətnamə tələb olunmur. Mövcud tikintiyə Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədi verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədi olmadığından, inşası başa çatmış mövcud tikinti obyekti özbaşına tikinti sayılır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1337/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu bildirdi, odur ki, təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1337/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

22. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 2.1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 5.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 74.1 bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 79.1 mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: Maddə 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; Maddə 79.2-ci maddəsinə bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən həmin Məcəllənin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları: Maddə 1.1. Tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. Maddə 1.3. Bu Qaydalar aşağıdakıları müəyyən edir: 1.3.1. Reyestrə qeydiyyat və uçot məqsədilə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini; 1.3.2. məlumatların Reyestrə təqdim edilməsini; 1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini; 1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını. Maddə 1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. Maddə 2.1. Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X5 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. Maddə 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazə; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi Maddə 4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir. Həmin məlumatlar 3 iş günü ərzində Komitənin internet səhifəsində yerləşdirilir. Maddə 4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir. Sifarişçi öz arzusu ilə həmin məlumatı Reyestrə göndərə bilər. Maddə 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Maddə 4.7 Tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydaların 3.1.2-ci yarımbəndində və 4.2-2ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir.

25. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

27. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

32. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

33. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

34. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

37. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Bununla belə, birinci instansiya instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir.

43. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı Gədəbəy rayonu, Poladlı kəndində yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində “Meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina” inşa etdirmişdir. Qeyd olunan talvar və köməkçi binanın dövlət reyestrinə daxil edilməsi və müvafiq kodun verilməsini təmin etmək üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Gədəbəy Rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli, 301/8-8 saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikililərin dövlət reyestrinə salınması və müvafiq kodun verilməsindən imtina edildiyi bildirilmişdir. İmtınanın dəlili ondan ibarət olmuşdur ki, obyektin tikintisinə icazə sənədi təqdim olunmadığından komitə tərəfindən tikili barədə məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsi mümkün olmamışdır. İddiaçı inzibati orqan tərəfindən tətbiq edilmiş prosedurla razılaşmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir.

45. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan anlayışı yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarını, onların yerli (struktur) və digər qurumlarını, bələdiyyələri deyil, həm də qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsləri də ehtiva edir. Nəzərə almaq lazımdır ki, bu zaman qurumun inzibati orqan kimi Nazirlər Kabinetinin istinad olunan siyahısında nəzərdə tutulub-tutulmaması, eləcə də onun hüquqi şəxs statusuna malik olub-olmaması deyil, qurumun konkret məsələnin həlli ilə bağlı suveren hakimiyyət daşıyıcısı qismində çıxış edib-etməməsi əhəmiyyət kəsb edir. Başqa sözlə, qurumun hüquqi şəxs statusuna malik olub-olmaması, qeyd olunan siyahıda nəzərdə tutulub-tutulmaması, qanunla səlahiyyət veridiyi hallarda onun konkret məsələyə münasibətdə inzibati orqan statusunda və dövlətin adından inzibati fəaliyyət göstərməsini istisna etmir. Nəzərə alınmalıdır ki, şəhərsalma və tikinti fəaliyyətinin tənzimlənməsi və həmin sahəyə nəzarət dövlətin məsuliyyət sferasına aiddir və onun preroqatividir.

46. Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmumuna görə şəhərsalma və tikinti qanunvericiliyi mahiyyəti baxımından şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini, həmçinin bu münasibətlərin subyektlərinin hüquq və vəzifələrini müəyyən edir. Bu institutunun mahiyyət etibarı ilə şəhərsalma fəaliyyətinin məqsədlərinə xidmət etdiyi nəzərə alınmalıdır. Belə yanaşma həm də səmərəli idarəçilik prinsipinə və inzibati yükləmənin minimuma endirilməsi ilə bağlı tələblərə əsaslanır.

47. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, 005756 nömrəli istismara hazırlıq aktı ilə iddiaçı tərəfindən inşa edilmiş obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Təhlil qrupunun xx.xx.2022-ci il tarixli, 1178 nömrəli rəyi ilə iddiaçıya məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binaların təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir və həmin tikililərinin istismara yararlı olması barədə qərar qəbul edilmişdir.

48. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab ki, həmin tikili barəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2022-ci il tarixli, 005756 nömrəli “İstimara hazırlıq aktı” mövcuddur. Həmin aktda göstərilir ki, “Obyektin əsas göstəriciləri; Talvar 2 girişli, 1 mərtəbəli + zirzəmilidir; binanın ümumi həcmi V=9511,80 m3, tikinti sahəsi S=1437,14 m2, ümumi sahəsi S=1571,3 m2, o, cümlədən; 0.00-dan aşağı S=250,65 m2, 0.00-dan yuxarı S=1320,65 m2; köməkçi bina; tikinti sahəsi S=151,30 m2, ümumi sahəsi S=305,50 m2, həcmi V=1216,60 m3, sanitar qovşağı 1 ədəd; sanitar qovşağı (2,2 x 7m) 1 ədəd. Bu akt obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir.”

49. Göründüyü kimi, iddiaçının inşa etdiyi tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuş tikililər kateqoriyasına aiddir. Belə vəziyyətdə yuxarıda qeyd edilən normativ hüquqi aktların müvafiq normalarına əsasən iddiaçı tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikilinin tikintisinə icazə tələb olunmur. Odur ki, cavabdeh həmin tikiliyə dair müvafiq kodun verilməsindən tikiliyə icazənin olmaması səbəbindən imtina etməkdə haqlı olmamışdır.

50. Məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən inşa edilmiş tikililərin şəhərsalama, tikinti-texnki qaydalara uyğun inşa edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizasının aparılması qərara alnmış, təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2647 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı məxsus olan torpaq sahəsində tikilmiş meyvə və müalicə otlarının qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binanın tikinti-texniki tələblərə uyğun inşa edildiyi müəyyən edilmişdir.

51. Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisəli tikililərinin iddiaçıya məxsus torpaq sahəsində inşa edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis tədqiqatı keçirilmiş və təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2- 6609/2024 saylı mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı tərəfindən inşa etdirilmiş meyvə və müalicəvi otların qurudulması və qablaşdırılması üçün talvar və köməkçi bina ona məxsus çıxarışların və Gədəbəy rayonu, Poladlı kəndində yerləşən torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir.

52. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən lahiyəyə və tikinti-texniki tələblərə uyğun inşa edilmiş, öz mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərin dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsini istisna edən hallar mövcud deyildir.

53. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1337/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat iddiaçıya aid edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar