Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-173/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1354/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********2620 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********2620 nömrəli qərarı ilə guya onun tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai 52 ünvanında yerləşən obyektdə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə görə cəlb edildiyinə görə barəsində 2000 manat maliyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki o, Gəncə şəhəri, Ş.İ.Xətai 52 ünvanında yerləşən obyektin mülkiyyətçisi deyil və ya həmin obyektin mülkiyyətçisi ilə icarə müqaviləsi və yaxud hər hansı bir müqavilə bağlamamış, həmçinin onun hər hansı bir işçini işlərin yerinə yetirlməsinə cəlb etmək və ya onunla əmək müqaviləsi bağlamaq səlahiyyəti olmamışdır. Lakin buna baxmayaraq cavabdeh orqan bütün bu halları araşdırmayaraq, onun adına VÖEN olduğu üçün onun barəsində hazırki qərarı qəbul etmişdir. Bundan başqa o, hazırda 3-cü qrup əlildir, ailəlidir, bir övladı var, işsizdir, səhəti ilə bağlı işləyə bilmir, atası ilə birlikdə yaşayır, ona və ailəsinə atası baxır. Belə ağır vəziyyətində cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarda nəzərdə tutulan pulu ödəməyi qeyri-mümkündür. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1354/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti vermiş, təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə yanaşı iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1354/2024 nömrəli inzibati işlə bağlı xx.xx.2024-cü il tarixli qərardadından üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilməmişdir. Belə ki, qərardadın sürətini rəsmi qaydada almamışdır və xeyli müddətdir ki, ünvan 2 ünvanında yaşamır, şəxsi kabinetə girib gələn sənədlərlə tanış olmaq barədə bacarığı yoxdur. Həmçinin, kəllə daxili travma aldığı üçün ona 3-cü qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1354/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdən qanuni qüvvəsini almışdır. İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsini elektron məhkəmə informasiya sistemində yaratmış olduğu elektron kabinet vasitəsi ilə təqdim etmiş, icraatın elektron qaydada aparılmasına seçim etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda artıq xx.xx.2024-cü il tarixli 2- 1(114)-1354/2024 nömrəli qərardadın qanuni qüvvəsini alması qeyd olunmuşdur. İddiaçı 2- 1(114)-1354/2024 nömrəli qərardaddan verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsi üçün müddətin bərpası haqqında ərizə təqdim etmiş, ərizədə ötürülmüş müddətin üzrlü sayılması xahiş edilmiş, bunun səbəbini isə xəstə olması, şəxsi kabinetə daxil olmaq bacarığına malik olmaması ilə əlaqələndirmişdir. İddiaçının dəlilləri ağlabatan və inandırıcı deyil. Sual olunur İddiaçı əgər şəxsi kabinetə daxil olmaq bacarığına malik deyildirsə, iddia ərizəsini, müddətin bərpası haqqında vəsatəti şəxsən özü tərtib edib birinci instansiya məhkəməsinə necə təqdim etmişdir. Həm də nəzərə alınmalıdır ki, sözügedən sənədlərin tərtibində hər hansı hüquq mütəxəssisi iştirak etməmiş və mütəxəssisin elektron kabineti üzərindən məhkəməyə müraciət olunmamışdır. Göstərilən təkzibedilməz faktlar iddiaçının elektron məhkəmə informasiya sistemində işləmək bacarığına malik olmasını göstərir. Bu baxımdan müddətin ötürülməsi ilə bağlı dəlillər qanunvericiliklə ötürülmüş prosessual müddətin bərpası üçün əsas ola bilməz. Eləcə də iddiaçının apellyasiya şikayətində Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2-1(114)-1354/2024 nömrəli qərardadının ləğv edilməsinə dəlalət edən hər hansı dəlil və ya tutarlı sübut göstərilməmişdir. Apellyasiya şikayətinin nəticə hissəsində hansı apellyasiya şikayəti vermiş şəxs hansı qərarın ləğvini istəməsini göstərməmiş, qeyri-dəqiq tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı ərizənin məzmununa uyğun izahat verərək müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, qərarın ona rəsmi təqdim edildiyi vaxtdan apellyasiya şikayətini verdiyi vaxtadək Gəncə şəhəri A.Səhhət adına Xəstəxanada müalicədə olmuşdur və buna dair sübutları məhkəməyə təqdim edəcəkdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək ərizənin təmin olunmamasını, apellyasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin aşağıdakı normalarına əsasən: 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. Qeyd edilməlidir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya inzibati məhkəmə icraatının aparılması qaydası ilə bağlı seçim imkanı verir. İPM-in 9-1.3cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (səh. 40) müəyyən olunur ki, hazırda iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1354/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 gün müddət ötürüldükdən sonra, yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İddiaçı müddətin ötürülməsi səbəbi kimi mübahisələndirilən qərardad barədə gec məlumatlı olduğunu bildirmişdir. Halbuki iş materiallarından görünür ki, sözügedən qərar birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Bundan başqa iddia ərizəsi iddiaçı tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş, məhkəməyə digər müraciətlər ünvanlanmış, həm apellyasiya şikayəti, həm də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Həmçinin, mübahisələndirilən qərardad iddiaçının ünvanına rəsmi qaydada göndərilmiş, xx.xx.2024cü il tarixdə anası A.Məmmədova tərəfindən qəbul edilmişdir (səh. 42). İddiaçı əvvəlki məhkəmə iclasında xəstəliyi ilə əlaqədar olaraq Gəncə şəhəri A.Səhhət adına Xəstəxanada müalicədə olduğundan qanunvericilikdə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verə bilməməsini bildirərək məhkəmə kollegiyasından bunu sübut edəcək sənədlərin təqdim edilməsi üçün vaxt istəsə də, həmin sənədləri ərizəyə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Beləliklə hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. O da nəzərə alınmalıdır ki, iddiaçının elektron sistemdə yaradılmış özünə məxsus kabinetə nəzər yetirməməsi buraxılmış prosessual müddətin bərpasına imkan verən hal kimi dəyərləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Odur ki, apellyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1354/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-173/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-173/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver