Məhkəmə qərarları › İş №2-1(104)-178/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-178/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-178/2024 26.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər X8 (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı1 və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 226/2022 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfındən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Cavbdeh inzibati orqanın imtinası: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 19 oktyabr 2020-ci il tarixli, **********68 nömrəli məktubunda qeyd edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 116F nömrəli şəhadətnamə ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin ümumi mülkiyyətində olmuş, paylı mülkiyyət hüququnun qeydiyyata alınması mümkündür, lakin ailə üzvlərindən Əlİddiaçı3 ərizə ilə müraciət edərək yalnız onun adına qeydiyyata alınmasını bildirmişdir. Bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı bütün hüquq sahiblərinin razılığı ilə aparılır. Qanunvericilikdə nəzərədə tutulmuş sənədlərlə müraciət edildiyi təqdirdə hüquqların dövlət qeydiyyatına alınması məsələsinə baxıla bilər. İddiaçının tələbi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli imtinasının qanunsuz sayılmaqla, Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən ümumi mülkiyyətlərində olan 0.0816 ha torpaq sahəsində yerləşən evinin 1/5 hissə ilə hüquqlarının dövlət qeydiyyatına alınıb, üçüncü şəxsin hüququnun açıq saxlanılmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il qeydiyyat tarixli çıxarışa əsasən Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən 0.0816 ha torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasında 1/5 hissə ilə onlara və üçüncü şəxs qismində göstərilən X4 məxsusdur. Həmin torpaq sahəsi üzərində 1980-ci ildə ailələri tərəfindən tikilmiş, ümumi sahəsi 167.5 kv.m olan yaşayış sahəsi və 100 kv.m olan 2 mərtəbəli ev vardır. Həmin ev 1990-cı ilin fevral ayında ataları X2 adına qeydə alınmış və 414 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra 2001-ci ilin noyabr ayında anaları X5 adına Ağstafa rayon DTİ və MHQİ tərəfindən 354 nömrəli texniki passport verilmişdir. Hazırda valideynlərinin hər ikisi vəfat etmişlər. Atalarının və analarının adına olan hüquqverici sənədlərə dair müsbət məhkəmə qərarları ala bilmədiklərinə görə vərəsəlik qaydasında evlərinin öz adlarına sənədləşdirilməsi mümkün olmamışdır. Mülkün altında olan 0,0816 ha torpaq sahəsinə dair onların adlarına mülkiyyət hüququna dair şəhadətnamə vardır. Həmin şəhadətnamə əsasında onlara məxsus torpaq sahəsinin üzərində yerləşən evlərinin onların adlarına qeydə alınması qanunun tələbinə əsasən mümkündür. Bu məqsədlə onlar 15 saylı Tovuz rayon Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Tovuz Ərazi İdarəsi onlara xx.xx.2020-ci il tarixli, **********68 nömrəli imtina məktubu vermişdir. X1 evin beş nəfərin adına 1/5 hissə ilə qeydiyyata alınmasına razılıq verməmiş, yalnız onun adına qeydə alınmasını tələb etdiyinə görə onların müraciətlərindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, bu əsasla ərizələrinin təmin edilməməsi qanuna ziddir. Çünki, bir nəfərin razılığının olmaması digər dörd nəfərin hüquqlarını məhdudlaşdıra bilməz. Hesab edirlər ki, cavabdeh onların ərizəsini təmin etməklə, onların-dörd nəfərin hüquqlarını qeydə alıb, üçüncü şəxsə aid payı açıq saxlanılmaqla, çıxarış verilə bilərdi. İddiaya qarşı cavabdeh inzibati orqanın yazılı etirazı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən mübahisəli yaşayış evinə aid hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, eyni zamanda torpaq sahəsinin digər mülkiyyətçisi X7 tərəfindən müraciət edilərək sözügedən yaşayış evinin onun tərəfindən inşa edildiyi və onun adına tək mülkiyyətçi kimi qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyat üçün əsas hesab edilən hüquqmüəyyənedici sənəd tam təqdim edilmədiyindən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1216/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsində qeyd edilir ki, mərhum X2 adına qeydə alınmış mübahisəli ev sökülmüş və yeni 2 mərtəbəli ev inşa edilmişdir. Yeni inşa edilmiş yaşayış evi özbaşına tikili kimi qiymətləndirilmişdir. Digər tikili isə yaşayış evi deyil, yaşayış üçün müvəqqəti yararlı hala salınmış tövlə kimi olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir. Apellyasiya instansiyasında birinci icraat: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarından narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 mart 2023-cü il tarixli, 2- 1(104)-41/2023 nömrəli qərarı ilə (hakmlər A.İsgəndərova, A.Bayramov və R.Mamedov) apeııyasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 mart 2023-cü il tarixli, 2-1(104)-41/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, onlar mübahisəli evin atadan qalma miras ev kimi adlarına qeydə alınmasını xahiş etməmişlər. Onların tələbi ondan ibarət olmuşdur ki, nə qədər ki, həmin evin altındakı torpaq sahəsi onların paylı mülkiyyətindədir və buna dair müvafiq şəhadətnamənin olması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən həmin evin onların adına qeydə alınması üçün əsasdır. Cavabdehin imtinası da qanunsuz olmuşdur. Belə ki, bir nəfər payçının razılığının olmaması onların hüquqlarını məhdudlaşdıra bilməz. Hesab edirlər ki, cavabdeh onların ərizəsini təmin etməklə, onların-dörd nəfərin hüquqlarını qeydə alıb, üçüncü şəxsə aid payı açıq saxlanılmaqla, çıxarış verilə bilərdi. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Kassasiya instansiyasında icraat: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 mart 2023-cü il tarixli, 2- 1(104)-41/2023 nömrəli qərarından narazı qalan iddiaçılar kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1783/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 mart 2023-cü il tarixli, 2- 1(104)-41/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan sübutlar: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********54 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Ağstafa rayonu, Zəlimxan kəndidə yerləşən 0,0816 ha torpaq sahəsi Əlİddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 hər birinin 1/5 paylı xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 48 nömərli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********54 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Ağstafa rayonu, Zəlimxan kəndidə yerləşən 0,0784 ha torpaq sahəsi Əlİddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 hər birinin 1/5 paylı xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 48 nömərli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1216/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(015)-2873/2016 nömrəli qətnaməsi qismən, torpağın mülkiyyətə verilməsinə dair JN116F KOD 50205018 nömrəli şəhadətnamə ilə Tahir Abdullayev və Sara Abdullayevanın mülkiyyətinə verilmiş Ağstafa rayonu, Zəlimxan kəndi ərazisində 0,08 ha torpaq sahəsində yeləşən digər tikililərdən ibarət daşınmaz əmlakın (52,42 kv.m yaşayış, 207,65 kv.m qeyri yaşayış sahəsindən ibarət 2 mərtəbəli fərdi yaşayış evi) İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3, X7 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, digər tikililərdən ibarət daşınmaz əmlak üzərində 1/5 hissə olmaqla paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 7558/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1216/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 04 noyabr 2022-ci il tarixli, **********96 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı4 istifadəsi kimi təqdim edilən torpaq sahəsi üzərində tikintialtı sahəsi 189 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evi və tikintialtı sahəsi 86,4 kv.metr olan birmərtəbəli fərdi yaşayış evi yerləşir. Torpaq sahəsində dəyişiklik yoxdur. Ağstafa Rayon Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2(015)-119/2009 saylı qətnaməsindən görünür ki, X5 öz adına və X2 adına mülkiyyət hüququnun tanınmasına dair xahişləri əsassız olduğu üçün rədd edilmiş, X3 qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilmiş, Ağstafa rayonu Zəlimxan kəndində mərhum X2 adına olan 0.16 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 52.42 kvadrat metr, qeyri-yaşayış sahəsi isə 207.65 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evinin mülkiyyət hüququnun X4 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qətnaməsindən görünür ki, Ağstafa rayon məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2(015)-119/2009 saylı qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edilməsi hissəsində - Ağstafa rayonunun Zəlimxan kəndində mərhum X2 adına olan 0.16 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 52.42 kvadrat metr, qeyri-yaşayış sahəsi isə 207.65 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evinin mülkiyyət hüququnun Abdullayev Ələsgər oğluna verilməsi və mülkiyyət hüququnun qeydə alınmasının Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi idarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, həmin ev atalarının sağlığında atasının, onun və digər iddiaçıların vəsaiti və əməyi hesabına inşa edilmişdir. Üçüncü şəxs X3 isə evin yalnız suvağını həyata keçirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iclasında üçüncü şəxs X7 izahat verib bildirmişdir ki, mübahisəli fərdi yaşayış yalnız onun vəsaiti hesabına inşa edilmiş və 40 ildən artıqdır həmin evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və digər iddiaçılara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İdianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarından iddiaçılar tərəfındən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılarla üçüncü şəxs arasında mövcud olmuş miras əmlaka dair mübahisə ilə qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1216/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması tələb olunan fərdi yaşayış evi miras əmlakın kütləsinə daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında isə İddiaçı1 izahatında mübahisəli fərdi yaşayış evinin atasının, onun və digər iddiaçıların vəsaiti və əməyi hesabına inşa edildiyini, üçüncü şəxs X3 isə evin yalnız suvağını həyata keçirdiyini bildirmişdir. Üçüncü şəxs isə X7 isə mübahisəli fərdi yaşayış evinin yalnız onun vəsaiti hesabına inşa edildiyini və 40 ildən artıqdır ki, həmin evdə ailəsi ilə birlikdə yaşamasına dair izahat vermişdir. Göründüyü kimi ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara və üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin kimin tərəfindən inşa edilməsi ilə bağlı, bununla da həmin əmlakın ümumi paylı əmlak və ya tam paylı əmlak kimi ərsəyə gəlməsi ilə bağlı mübahisə mövcuddur. Cavabdeh inzibati orqanın isə tərəflər arasında mövcud olan bu mülki mübahisə üzrə hər hansı bir qərar qəbul etmək səlahiyyəti mövcud olmamaqla, həmin əmlak üzərində iddiaçıların və üçüncü şəxsin ümumi paylı mülkiyyət hüququnu, o cümlədən üçüncü şəxsin tam olaraq mülkiyyət hüququnu qeydə alması da mümkünsüzdür. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsində məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyatı üçün əsas olması qeyd olunmuşdur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsas mülkiyyətdə olan torpaq üzərində inşa edilmiş mübahisəsiz fərdi yaşayış evlərinə aid olan hal olmuşdur. Belə ki, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin mülkiyyətçilərin hamısı, bir neçəsi və ya biri tərəfindən inşa edilməsi mümkün olan hal olmaqla, əmlakın inşası və onun üzərində paylı mülkiyyət hüququnun qeydə alınmasında dair mübahisənin olması halında cavabdeh inzbati orqanın mübahisəli əmlak üzərində ümumi paylı və ya tam mülkiyyət hüququnu qeydə alması dolayısı ilə həmin əmlaka dair hüquqlarının olmasını iddia edən şəxslər arasında mülki mübahisəni həll etməsi anlamına gəlir. Hərçənd ki, həmin mübahisə iddiaçılar arasında Mülki Məcəllənin 157.1-ci və 213.5-ci maddələrinin tələbi baxımından mülki məhkəmə icraatı qaydasında həll edilməli olan məsələ olmuşdur. Həmin icraat çərçivəsində qəbul edilmiş və qanuni qvvəsini almış məhkəmə aktı isə mübahisəli əmlakın ümumi əmlak olubolmaması baxımından cavabdeh inzibati orqan üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinin tələbinə əsasən məcburi olacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana, o cümlədən inzibati orqanın müvafiq hərəkət və ya hərəkətsizliyindən (hərəkətsizlik) məhkəməyə iddia ilə müraciəti qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları baxımından iddiaçıların və üçüncü şəxsin qeyd olunan tələblə bağlı subyektiv hüququ tərəflərin razılaşması və ya yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 157.1-ci və 213.5-ci maddələrinin tələbi baxımından onlar arasında mülki məhkəmə icraatı qaydasında qanuni qüvvəsini almış məhkəmə aktı ilə yarana bilər. Belə ki, iddiaçılar mübahisəli fərdi yaşayış evi üzərində paylarının olmasını iddia etdikləri halda mülki məhkəmə icraatı qaydasında üçüncü şəxsə qarşı Mülki Məcəllənin 157.1-ci və 213.5-ci maddələrinin tələbi baxımından mülkiyyət hüququnun tanınması və əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair və ya əksinə üçüncü şəxs iddiaçılara qarşı mülkiyyət hüququnun tanınması və əmlak üzərində tam payın müəyyən edilməsi tələbinə dair iddia qaldırmaq hüququna malik olmaqla, iddiaları əsaslı hesab edilərək təmin edildiyi və məhkəmə aktı qanuni qüvvəyə mindiyi təqdirdə həmin hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməkdə haqlı hesab oluna bilərlər. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, Ağstafa Rayon Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 2(015)-119/2009 saylı və Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2009-cu il tarixli qətnamələri ilə müəyyən edilmiş hallar həmin iddilar üzrə preyudisial əhəmiyyət də kəsb etməyəcəkdir. Belə ki, həmin qətnamələr üzrə iddiaçıların və üçüncü şəxsin valideynləri olan X5 və üçüncü şəxs Abdullayev Ələsgər oğlunun mülkiyyət hüququnun tanınması tələbinə dair iddiaları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə qarşı yönəlmiş tələblər olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1783/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1216/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qətnamələrlə fərdi yaşayış evinin miras əmlaka aid edilməməsinin səbəbi həmin ev üzərində iddiaçıların və üçüncü şəxsin valideynlərinin hüquqlarının qeydə alınmaması ilə bağlı olmuşdur. Bununla əlaqədar isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar mübahisəli evin məhz ataları tərəfindən inşa edilməsini iddia etdikləri halda isə üçüncü şəxsə qarşı iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi üzrə mübahisəli fərdi yaşayış evinin ataları tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi tələbini irəli sürməklə, iddiaları təmin edildiyi təqdirdə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, müvafiq arayışın və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmək hüququna malik olmaqdadırlar. Belə ki, yuxarıda istinad olunan həmin normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və müvafiq vərəsəlik sənədləri əsasında çıxarış verilir. Yəni hər bir halda ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar mübahisəli əmlak üzərində paylı mülkiyyət hüquqlarının olmasına istinad etsələr də iddialarının əsaslarına dair hər hansı bir hüquqmüəyyənedici sənədə, o cümlədən hər hansı bir qanuni qüvvəsini almış məhkəmə aktına əsaslana bilməməkdədirlər. Ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara və üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ümumi paylı əmlak və ya tam paylı əmlak kimi ərsəyə gəlməsi, o cümlədən mübahisəli fərdi yaşayış evinin iddiaçıların və üçüncü şəxsin atları tərəfindən inşa edilməsi, lakin həmin əmlak üzərində hüqularını qeydə aldıra bilmədən vəfat etməsi ilə bağlı mübahisənin mövcudluğu isə iddiaçılara həmin əmlak üzərində paylı mülkiyyət hüququnun qeydə alınmasını, üçüncü şəxsə isə tam mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilməsinə dair subyektiv hüquq verməməkdədir. Beləlikə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfındən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 226/2022 nömrəli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qə r a r a a l d ı : Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfındən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-226/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar