Məhkəmə qərarları › İş №2-1(104)-18/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-18/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-18/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, “əri X5 adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 2322/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. N saylı hərbi hissənin N nömrəli arayışında qeyd olunur ki, İddiaçı həyat yoldaşı X7 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda həlak olmuşdur.

2. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə sıravi X5 adı 1-ci motoatıcı taborun şəxsi heyətinin siyahısından çıxarılmış, bütün təminat növlərindən silinmiş, ailəsinə müəyyən edilmiş qaydada yardım edilməsi əmr edilmişdir.

3. 12 yanvar 2019-cu il tarixli 2V-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 qanun üzrə vərəsəsi İddiaçıdır.

4. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Prezidentinin «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanına əsasən təqaüdlərin ancaq qanuni əsaslarla verilməsini təmin etmək məqsədilə xx.xx.2007-ci il tarixdə şəhid statusu verilməsinə əsas verən sənədlərin qanunauyğunluğu təhlil edilərkən Qazax rayon hərbi komissarlığında nöqsanların olduğu müəyyən edilmişdir. Belə ki, Qazax rayon hərbi komissarlığının « şəhid » statusu verilməsinə əsas verən sənədlər araşdırarkən adları göstərilən (siyahıda X5 adı var) hərbi qulluqçuların sənədləri “şəhid” hesab edilməsinə əsas vermədiyi halda “şəhid” kimi qeydiyyata alınmışdır.

5. Qazax rayon Hərbi komissarı Akif Muradov tərəfindən Qazax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət edilərək siyahıda adı çəkilən şəxslərin şəhid statusunun ləğv olunması barədə göstəriş verilməsi xahiş edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Nazirliyə təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X5 adı aşkar olunmamışdır.

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, V/652 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 №- li Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manai məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli 782 nömrəli bildirişinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-16168 nömrəli məktubuna əsasən, 1965-ci il təvəllüdlü Vəliyev llqar Şəhraz oğlu xx.xx.1994-cü il tarixdə Qazax-Tbilisi şosse yolunun 15-ci km-də (Qazaxbəyli ərazisində) naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilmişdir. Hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş şəxslərin adının bu Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün, mərhum həyat yoldaşınız - İlqar Vəliyevin adının müvafiq siyahıya əlavə edilməsi mümkün deyil. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindər Xidmətin Aparatına təqdim edilmiş "1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərb əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı"nda xx.xx.1994-cü i tarixdə N saylı hərbi hissədə həlak olması barədə müvafiq məlumatlar əsasında llqar Vəliyevir adı ümumi siyahıya əlavə edilmiş, lakin həlak olmasının səbəb və şəraitinə aydınlıq gətirildiyi üçün (Qazax-Tbilisi şosse yolunun 15-ci km-də (Qazaxbəyli ərazisində) naməlum şəxslər tərəfindər qətlə yetirilmişdir) adı ümumi siyahıdan çıxarılmışdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 24 fevral 2023-cü il tarixli, 3-17-1/2-38062/2023 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısının müəyyən edilməsi və həmin hərbi qulluqçuların adlarının siyahıya əlavə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aid edilməmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 13 aprel 2023-cü il tarixli, 3-17-1/2-79661/2023 nömrəli məktubunda qeyd olunur ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “sosial ödənişlər” altsistemində İddiaçı hər hansı müavinət və ya təqaüd təyin edilməsi barədə məlumat aşkar edilməmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 aprel 2023-cü il tarixli, 3-25- 1/2-2079/23 nömrəli məktubunda qeyd olunur ki, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən hazırlanmış “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı”nda mərhum X5 adı qeyd olunmuşdur. Əlavə olaraq qeyd edilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. 1965-ci il təvəllüdlü X5 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu üçün onun şəhid statusuna malik olubolmaması dair Müdafiə Nazirliyində məlumat yoxdur.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12 may 2023-cü il tarixli, 4/2-2439 nömrəli məktubunda qeyd olunur ki,Qazax RHK-dan göndərilmiş X7 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 10 nömrəli əmrilə 1-ci batalyonun şəxsi heyətinin siyahısına daxil edilərək bütün təminat növlərinə yazılmışdır. xx.xx.1992-ci il tarixdə Qazax RHK-dan göndərilmiş X7 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 06 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün təminat növlərinə yazılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 05 nömrəli əmrilə sıravi X71-ci PDM taborunun siyahısında hesab edilərək bütün növ təminatlara yazılmış və 3-cü motoatıcı tağımda tağım komandiri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli əmrilə çavuş X7 1-ci bölüyün 3-cü tağımının komandiri vəzifəsindən 1-ci bölük komandirinin müavini vəzifəsinə keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 98 nömrəli əmrində xx.xx.1993cü il tarixdən döyüş tapşırığını yerinə yetirmək üçün Ağdərə bölgəsinə ezam olunan 1-ci PDM taborunun hərbi qulluqçularının siyahısında sıravi X5 adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 112 nömrəli əmrilə 1-ci PDM taborunda bölük komandirinin sosial-siyasi işlər üzrə, komandir müavini X7 vəzifəsindən azad edilərək 10 mart 1993-cü il tarixdən 1-ci bölüyün tağım komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.1994-cü il tarixdə Qazax-Tbilisi şosse yolunun 15-ci km naməlum şəxslər tərəfindən qətlə yetirilmiş, sıravi X7 N nömrəli hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli N nömrəli əmrilə hərbi hissənin 1-ci motoatıcı taborunun şəxsi heyətinin siyahısından çıxarılaraq bütün təminat növlərindən silinmişdir.

12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin 16 oktyabr 2023-cü il tarixli, 3-43-35/2-882/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli, 782 nömrəli bildirişinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2- 16168 nömrəli məktubuna əsasən 1965-ci il təvəllüdlü X7 xx.xx.1994-cü il tarixdə Qazax- Tbilisi şosse yolunun 15-ci km-də naməlum şəxslər tərəfindən güllənərək qətlə yetirilmişdir. Hərbi xidmət dövrü müxtəlif səbəblərən həlak olmuş şəxslərin adının bu Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün mərhum X5 adının müvafiq siyahıya əlavə edilməsi mümkün olmamışdır. Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda 16 mart 1994-cü il tarixdə N saylı hərbi hissədə həlak olması barədə müvafiq məlumatlar əsasında X5 adı (Qazax-Tbilisi şosse yolunun 15-ci km-də naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir) adı ümumi siyahıdan çıxarılmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qaydanın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 19 dekabr 2006-cı il tarixli fərmanına əsasən təqaüdlərin ancaq qanuni əsaslarla verilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası keçmiş Hərbi komissarlığının 30 may 2007-ci il tarixli 4168 nömrəli məktubuna əsasən Qazax rayon hərbi komissarlığında aparılmış araşdırma nəticəsində bir sıra hərbi qulluqçularla birlikdə mərhum X5 şəhid statusunun ləğv olunması üçün Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoruna xx.xx.2007-ci il tarixli 5/195 nömrəli məktub göndərilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi filialının 11 oktyabr 2022-ci il tarixli, 3-17-1/2-236539/2023 nömrəli məktubunda qeyd olunur ki, mərkəzi filialın arxivində sosial ödənişlər alt sistemində və elektron informasiya bazalarında vətəndaş İddiaçı sosial müavinət və təqaüd alması barədə hər hansı bir məlumat aşkar edilməmişdir.

14. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin 06 noyabr 2023-cü il tarixli, 3-43-35/2-977/2023 nömrəli məktubuna əlavə edilmiş aktın surətindən görünür ki, Qazax rayon Hərbi komissarlığında “şəhid” və “şəhid ailəsi” statusu verilmiş şəxslərin sənədlərinə yenidən baxılması və bu statusun verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunması barədə araşdırma aparılmış, məsul işçilərin iştirakı ilə akt tərtib edilmiş, mərhum X1 düzgünlüyü ziddiyyət təşkil etdiyi üçün ailəsi verilən müavinət dayandırılmışdır.

15. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 07 mart 2024cü il tarixli, GS/07-146/2024 nömrəli məktubunda qeyd olunur ki, şirkətin elektron informasiya baza məlumatlarına əsasən X5 həlak olması ilə bağlı hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə onun varislərinə şirkət tərəfindən hər hansı sığorta ödənişi edilməmişdir.

16. Qazax Rayon Məhkəməsinin 29 fevral 2008-ci il tarixli, 2-30-2008 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı həyat yoldaşı X5 şəhidlik statusunun bərpa edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin 11 iyul 2008-ci il tarixli, 2(104)566/2008 nömrəli qətnaməsinin surətindən məlum olur ki, ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 29 fevral 2008-ci il tarixli, 2-30-2008 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2008-ci il tarixli, 2(102)3303/08 nömrəli qərarına əsasən ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 11 iyul 2008-ci il tarixli, 2(104)566/2008 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

19. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 16 mart 1994-cü il tarixdə N saylı hərbi hissədə həlak olması barədə müvafiq məlumatlar əsasında ümumi siyahıya əlavə edilmiş və qanunsuz olaraq adı siyahıdan çıxarılmış əri X5 adının ümumi siyahıya bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X7 16 mart 1994-cü il tarixdə hərbiçi olaraq xidməti vəzifəsini yerinə yetirən zaman odlu silahdan açılmış atəş nəticəsində öldürülmüşdür. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hərbi xidmətdə olarkən öldürülmüş əri X5 ölümü üçün birdəfəlik 11 000 manat məbləğin vərəsə olaraq ödənilməsi üçün müraciət etmiş, ilkin vaxtlar adı 18904 nömrə ilə elektron sistemdə qeyd edilsə də sonradan silinmişdir. Mərhum ərinin siyahıya salınması ilə bağlı cavabdeh orqana müraciət etsə də bu mümkün olmamışdır.

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7866/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2322/2022 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanın məzmununa əsasən həmin Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Hazırkı işə baxılarkən isə iddiaçının mərhum ərinin məlum döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak edib həlak olması faktı təsdiqlənməmişdir, iddiaçının təqdim etdiyi sübutlar isə bu halın mövcudluğuna dəlalət etmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

24. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2322/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Apellyasiya şikayətinə qarşı tərəfin yaxılı etirazının məzmunu imtinanın məzmunu ilə eynilik təşkil etmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirdi.

Tətbiq edilən hüquq:

29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

30. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu:

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

32. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı:

1. 1997-ci il avqustun 2- dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5- ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

35. Hazırki tələbdən görünür ki, iddiaçı Qənirə Vəliyevə mərhum həyat yoldaşı İlqar Vəliyevin 16 mart 1994-cü il tarixində Qazax-Tbilisi şosse yolunun 15-ci km-da naməlum şəxslər tərəfindən hərbi xidmət vəzifələrini yerinə yetirərkən qətlə yetirilməsini əsas gətirərək onun adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısına əlavə edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, hüquqi və faktiki marağı şəhid ailəsi olaraq mərhum X5 qanuni vərəsəsi olaraq 11 000 manat birdəfəlik müavinətinin ona ödənilməsi olmuşdur.

36. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 29 fevral 2008-ci il tarixli, 2- 30-2008 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı həyat yoldaşı X5 şəhidlik statusunun bərpa edilməsi tələbinə dair ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 11 iyul 2008-ci il tarixli, 2(104)566/2008 nömrəli qətnaməsinə əsasən Qazax Rayon Məhkəməsinin 29 fevral 2008-ci il tarixli, 2-30-2008 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2008-ci il tarixli, 2(102)3303/08 nömrəli qərarı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 11 iyul 2008-ci il tarixli, 2(104)566/2008 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Göründüyü kimi X6 şəhid statusunun verilməsinə dair iddia təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 29 fevral 2008-ci il tarixli, 2-30-2008 nömrəli qətnaməsinin təsviri əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, İlqar Vəliyev Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yox, Qazax rayonu Qazaxbəyli kəndində naməlum şəxslər tərəfindən törədilən cinayət nəticəsində öldürülmüşdür.

39. Həmçinin, Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Prezidentinin «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü »nün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanına əsasən təqaüdlərin ancaq qanuni əsaslarla verilməsini təmin etmək məqsədilə xx.xx.2007ci il tarixdə şəhid statusu verilməsinə əsas verən sənədlərin qanunauyğunluğu təhlil edilərkən Qazax rayon hərbi komissarlığında nöqsanların olduğu müəyyən edilmişdir. Belə ki, Qazax rayon hərbi komissarlığının « şəhid » statusu verilməsinə əsas verən sənədlər araşdırarkən adları göstərilən (siyahıda X5 adı var) hərbi qulluqçuların sənədləri “şəhid” hesab edilməsinə əsas vermədiyi halda “şəhid” kimi qeydiyyata alınmışdır.

40. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 saylı fərmanına əsasən silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradılmışdır.

41. Həmin Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

42. Hazırki iddia tələbinin qanuni əsasını təşkil edən sözügedən Fərman şəxslərin ölməsi, həlak olması və xəbərsiz itkin düşməsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

43. Göründüyü kimi iddiaçının qeyd olunan Fərmanda nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsi üçün adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına əlavə edilməsini tələb etdiyi mərhum əri Vəliyev llqar Şəhraz oğlu xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda deyil, cinayət nəticəsində qətlə yetirildiyi müəyyən edilən qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur.

44. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

45. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

47. Hazırki halda mərhum X5 şəhid statusunun olmaması qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edildiyindən, onun adının iddia edilən siyahıya salınmasına dair vərəsəsi İddiaçı subyektiv hüququ istisna edilir.

48. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

49. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2322/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar